TOP 10

Qurban Qurbanovun “sağ əli”: “16 yaşımda pasport alarkən bilmişəm ki, atamın adı Ələkbərdi”

Futbol
Tarix: 2018-04-24 20:00

“GÖRÜNMƏYƏN QÜVVƏ” rubrikamız bir müddətlik fasilədən sonra yenidən qonağınızdı. Budəfəki müsahibimiz Qurban Qurbanovun “sağ əli” Elçin Rəhmanovdu. Bəli, bu gənc mütəxəssis 10 ilə yaxındı “Qarabağ”da Qurban müəllimin əsas köməkçisidi. Bu işbirliyi artıq milli komandamızda da var. Qurbanov millimizin baş məşqçisi təyin olunandan sonra əsas köməkçisi kimi tərəddüd etmədən Elçin Rəhmanovu götürdü. Bununla da uğurlu duet artıq iki cəbhədə çalışır. Azərbaycan futbolu tarixində ən yaxşı oyunçulardan olmuş Əli Rəhmanovun davamçısı olan həmsöhbətimizi daha yaxından tanıyaq.

 

“Atamdan elə bir şey hiss etməmişəm ki, futbolçu olmağıma qarşı çıxsın”

- Mətbuatda çox az görünürdünüz. Bu, hələ futbolçu karyeranız dövründən belə olub. Hərçənd, maraqsız persona deyilsiniz. Mediadan kənarda qalmağınızı nə iləəlaqələndirərdiniz?
- Yəqin ki, xasiyyətimlə bağlıdı. Ümumiyyətcə, ünsiyyətə açıq adamam. Sadəcə, müsahibəyə çox meylli deyiləm.

 

- Bəlkə ola bilər ki, nə vaxtsa hansısa müsahibənizdə anlaşılmazlıq olub, fikriniz düzgün çatdırılmayıb, bu üzdən jurnalistlərdən incikliyiniz olub?
-  Yox. Heç vaxt elə şey olmayıb. Onsuz da az müsahibə verirəm (gülür). Jurnalistlərdən heç vaxt incikliyim olmayıb, heç kimdən də pislik görməmişəm, əksinə, müsbət fikirlər olub. 

 

- Tanınmış futbolçu, “Neftçi”nin kapitanı da olmuş Əli Rəhmanovun oğlusunuz. Bu da böyük məsuliyyət deməkdi...
- Ailədə 3 övlad olmuşuq. İki böyük bacım var, mən son beşiyəm. Uşaqlıqdan futbolla yaşamışıq. Çünki futbolçu ailəsində böyümüşəm. Mən də uşaqlıqdan top qovmuşam. İstər evdə, istər həyətdə. Topla çılçırağı, qab-qacaqları sındırmışıq. Belə topla böyümüşük. Atam 1965-ci ildə artıq “Neftçi”yə gəlib. 

 

- Çox futbolçular deyir ki, övladımın futbolçu olmağını istəmərəm. Əli müəllim bu baxımdan istəyinizə qarşı çıxmayıb ki?
- Yox. Əksinə, istəyib ki, yaxşı futbolçu olum. Həmişə də futbol ətrafında söhbətlərimiz olub. Atamdan elə bir şey hiss etməmişəm ki, futbolçu olmağıma qarşı çıxsın. Mən özüm də istəyərəm ki, övladım futbolçu olsun. Təbii ki, həqiqətən yaxşı futbolçu olarsa.  Üç oğlum böyüyür. Alınsa yaxşı futbolçu olması, əlbəttə, istəyərəm. 

 

- Əli müəllim olduqca çılğın, emosional, sözünü deməkdən çəkinməyən insan olub. Siz isə əksinə, olduqca təmkinli, sakit təbiətlisiniz. Bu, bəlkə ana tərəfinizdən gəlir?
- Ola bilər. Ancaq məndə də ola bilər elə həddə çatım ki, çılğınlıq göstərim. Ancaq düz qeyd etdiniz ki, daha çox təmkinli, sakit olmağa çalışıram. 

 

- Ancaq atanızla ampluanız eyni olub – hər ikiniz yarımmüdafiəçi olmusunuz...
- Atam daha çox universal olub. Yarımmüdafiəçi olub, ancaq müdafiədə də oynayıb. Ancaq ümumilikdə universal futbolçu olub. 

 

- Atanızın adı sənəddə Əli yox, Ələkbər olub. Buna aydınlıq gətirərdiniz...
- Vallah, mən 16 yaşımda pasport alarkən bilmişəm ki, atamın adı Ələkbərdi (gülür). Əslində, adı Əli idi, nəyəsə görə pasportda Ələkbər yazmışdılar.

 

 

“Mənimlə Zaur Tağızadəni “Kür-Nur”a Böyükağa Ağayev apardı”

- Futbolçu karyeranıza 16 yaşında “Kür-Nur”dabaşlamısınız. Mingəçevirə necə gedib çıxmışdınız?
- O vaxt uşaq futbolunda şəhər birinciliyindən çıxdıq. İndiyədək yadımdadır, “Neftçi”nin köhnə bazasında mən, Zaur Tağızadə, Vaqif Sadıqov, Böyükağa Ağayev və “Kür-Nur”un prezidenti olan Məmmədrəhim müəllim idi. Vaqif müəllim dedi ki, bizi “Neftçi”yə götürür. Onda Bəxtiyar Musayev, Mirbağır İsayev gənc idilər, biz isə yeniyetmə. Böyükağa müəllim isə “Kür-Nur”u çalışdırırdı. Atam dedi ki, mən onları komandama götürəcəm, oynaya bilsələr, özlərini sübut etsələr, oynatdıracağam. Çünki Sadıqov demişdi ki, komandamızda rəqabət böyükdür, ola bilər ki, bizləri yavaş-yavaş kubokda buraxsın. Milli çempionatda ilk dəfə oynayanda 16 yaşımız var idi. Biz də özümüzü yaxşı tərəfdən göstərdik ki, Böyükağa müəllim bizə şans verirdi. Zaurla əsas heyətdə oynayırdıq, qollar da vururduq. O gün Zaurla birgə elə bu məqamları yada salırdıq. Bakı “İnşaatçı”sına 2:0 hesabıyla qalib gəldik, qollardan birini mən vurmuşdum, birini də Zaur. 

 

- Bu, milli çempionatımızda ilk qolunuz idi?
-  Dəqiq yadımda deyil. Ancaq həmin qolumu yaxşı xatırlayıram. Mingəçevirdə “Qarabağ”la oynayırdıq, “Kür-Nur” da bu komandaya qalib gələ bilmirdi. 2:0 hesabıyla qalib gəldik, Zaur həmin oyunun ən yaxşı futbolçusu adını qazandı. Mən də həmin matçda iştirak etmişdim. 

 

 

- “Kür-Nur” üçün həmin 1994/95 mövsümü uğurlu idi və finalda “Neftçi”yə 0:1 hesabıyla uduzaraq son anda kuboku qazana bilmədi...

- Həmin finalda əsas heyətdən kənarda qalmışdıq, ehtiyatda idik. Gənc idik, yəqin ki, Böyükağa müəllim təcrübəlilərə şans vermişdi. Samir Ələkbərov də bizim komandada idi. Ancaq elə oldu ki, Fuad Musayev onu Respublika stadionunun tunelində qoymadı ki, meydana çıxsın. Bu zaman Ağayev dərhal Tağızadəyə əsas heyətdə şans verdi. Sonra isə mən əvəzləmədən meydana çıxdım. Məncə, onda kuboku qazansaydıq, “Kür-Nur” növbəti mövsümdə daha da yüksək yerlərə oynayardı. Kuboku almağa çox böyük ümidlər bəsləyirdilər. Son dəqiqələrdə 2-nin 1-ə çıxdıq, “Neftçi”nin də qapıçısı indi “Qarabağ”da bizimlə birgə işləyən Elxan Həsənov idi. Yarımmüdafiəçimizin zərbəsi dirəkdən qayıtdı. Ondan sonra qapımıza hücum etdilər, cərimə zərbəsi oldu və qol buraxdıq. 

 

 

“Dardanelspor”un baş məşqçisi bizi bəyənmişdi, sadəcə, qala bilmədik, qayıtdıq”
 

- Sizi də “Şəfa” klubunun yetirməsi saymaq olar. Fuad Musayevin yaratdığı bu klub haqda fikir birmənalı deyildi. “Şəfa”nınfutbolçularımızın xaricə gedişinə mane yaratmasıyla bağlı fikirlər səslənirdi. Sizcə, bu klubun futbolumuzda hansı yeri olub?
- Şəfa”dan çox futbolçu çıxdı. İndi “Sumqayıt” klubu var ki, orda yalnız azərbaycanlı futbolçular oynayır. Ümumiyyətlə, klubdan asılı olmayaraq hansısa futbolçu oynayırsa, onun potensialının açılması üçün daim çıxış etməlidir. O vaxt da bizim kimi gənclər “Şəfa”da yığışırdı, çempionatda iştirak edirdi, yüksək liqada oynayaraq təcrübə qazanırdılar. “Şəfa”nın çox yetirməsi sonradan digər klubların əsas heyətində oynayırdı. 

 

- Cəmi 18 yaşında legioner həyatı yaşamısınız, Zaur Tağızadəylə birgə Estoniyada oynamısınız. Siz orda 2 klubda oynamısınız. Bu, necə baş vermişdi və niyə uzunmüddətli olmadı?
- AFFA-nın sabiq prezidenti, mərhum Fuad Musayev bizə yardımçı oldu. Onun təşəbbüsü ilə Estoniyaya getdik. Bilmirəm, yəqin ki, qalmamaq söhbətləri bizim mentalitetlə bağlıdır. Biz bacarmırıq gedib başqa yerdə qalmağı. Bu, indinin özünün də problemidir ki, azərbaycanlı futbolçular gedib xaricdə qala bilmirlər. Hətta bizdən böyüklər haqda eşitmişik ki, gedib ölkədən kənarda qala bilməyiblər. Hətta 15-16 yaşımız olanda Zaur Tağızadə, Ruslan Musayev və mən Estoniyadan qabaq Türkiyə klubuna getdik.

 

- Hansına?
- “Dardanelspor”a. Həmin vaxt Super Liqada oynayırdı. Özümüz də hiss edirdik ki, baş məşqçimiz bizi bəyənir, komandalarında görmək istəyir. Qala bilməmişdik, qayıtmışdıq. 

 

- Belə çıxır ki, indi futbolçuları ölkədən kənarda qala bilmədiklərinə görə çox da qınaya bilmirsiniz?
- Yox. Əksinə, futbolçularda o mentaliteti dəyişməyə çalışırıq ki, daim irəli gedə bilsinlər, daha peşəkar olsunlar, legioner həyatı yaşasınlar, başqa çempionatlarda oynasınlar, təcrübə yığsınlar. Bu, həm milli, həm də ümumən futbolumuz üçün çox yaxşı bir haldır. Ancaq bu cür şeyləri gərək inkişaf etdirək. Futbolçunun mentalitetini, ağlını dəyişək ki, burdan çıxıb daha da irəli getmək fikirləri olsun. Keçmişdən başlayan bu xoşagəlməz tendensiya indiyədək davam edir ki, futbolçularımız az legioner həyatı yaşayırlar.

 

- Zaur Tağızadə-Ruslan Musayev-Elçin Rəhmanov. “Qızıl trio” idiniz. Bunun sirri nə idi?
- Uşaqlıqdan dost olmuşuq. Şükür Allaha ki, bu, indiyədək davam edir. Düzdü, Ruslan neçə vaxtdır Moskvada yaşadığına görə onuna elə də sıx əlaqəmiz yoxdur. Ancaq Zaurla həmişə bir yerdə olmuşuq, indi də bir yerdəyik. Sirrə gəlincə, yəqin nə isə istedad olub bizdə. Məşqçilərimiz həmişə bizi “qızıl trio” kimi qeyd ediblər. Ancaq yenə deyirəm ki, futbolumuzun bir dövrü var idi, biz də düşmüşdük o araya. Bu üzdən parlaya, o qədər uğurlu nəticələr əldə edə bilmədik. 

 

 

“Heç vaxt can atmamışam ki, birincilərdən olum”

- Karyeranızı 30 yaş çatmamış bitirməli oldunuz. Niyə belə erkən? Və sizcə, futbolçu karyeranız niyə uğurlu alınmadı?
- Futbolçu karyeramı 28 yaşımda bitirmişəm. Bir az çətin dövrə düşdük. Gah 1 il futbol olmadı, gah 1 il əsgərliyə getdim. Sonra da atam dünyasını dəyişdi. Bu cür hallardan sonra açığı, özüm də ruhdan düşmüşdüm. Qərara gəldik ki, karyeramı bitirim, məşqçiliyə başlayım. 

 

- Atanızla fərq ondadır ki, o, uzun illər “Neftçi”də oynayıb, kapitan, meydanda lider olub. Sizin futbolçu karyeranız bu cür uğurlu olmayıb. Məşqçilik karyeranızda isə daim Qurban Qurbanovun köməkçisi funksiyasını yerinə yetirmisiniz. İkinci olmaqla bir növ barışırsınızmı, yoxsa ürəyinizdən keçirmi ki, nə vaxtsa hansısa komandanı çalışdırasınız? Belə bir ideyanız varmı ki, Elçin Rəhmanov komandada artıq “1 nömrə”li şəxs olsun?
- Ümumiyyətlə, belə şeylərə can atan insan deyiləm. Bir işi görürüksə, birinci və ya ikinci ol, fərqi yoxdur, əsas işin nəticəsidir. Ona görə də çalışırıq maksimum bacardığımız qədər kömək göstərək ki, uğurlu nəticə olsun. Ancaq heç vaxt can atmamışam ki, birincilərdən olum. Əsas ona görə ki, komandama maksimum qədər bacardığım köməyi edim. 

 

 

“Qurban müəllim hələ “Neftçi”nin baş məşqçisi olanda, onun köməkçisi ola bilərdim”

- “Qarabağ”a gəlişiniz, Qurban Qurbanovdan dəvət necə baş tutdu?
-  Qurban müəllim hətta “Neftçi”də baş məşqçi olanda da belə fikrimiz var idi ki, onun köməkçisi olum. Onda hələ oynayırdım. Futbolçu karyeramı bitirəndən sonra məşqçiliyi oxumağa başladım. Sonra elə oldu ki, Qurban müəllim “Neftçi”dən çıxdı.”Qarabağ”a gələndən 6 ay sonra məni komandaya məşqçi kimi dəvət etdi. Bu, 2008/09 mövsümünün qışı idi. Demək olar 10 ildir bir yerdəyik. 

 

- Bu müddətdə Qurban müəllimdən nələrdən faydalana, yaxşı mənada oğurlaya bilmisiniz?
- Çox şeyi. Qurban müəllimin həm məşqçi, həm də insan kimi müsbət keyfiyyətlərini Allaha şükür ki, hamı bilir. Mən də çox şadam ki, belə bir insanla bir yerdə çalışıram. 

 

- Məşqçilik baxımından Elçin Rəhmanovun sirri nədədir ki, Qurban Qurbanov kimi mütəxəssisin uzun illərdir ən etibarlı kadrıdır?
- Sirrinin nədən ibarət olduğunu bilmirəm. Yəqin ki, bunu Qurban müəllim məndən daha yaxşı bilər. Qurbanovla həm də bir yerdə oynamışıq. Bu, “Neftçi”də olub. Həmin vaxtdan Qurban müəllimlə fikir mübadiləmiz olub. Hərtərəfli yaxın olmuşuq. Ola bilər ki, futbol baxışımız üst-üstə düşdüyünə görə məni özünə yaxın bilib. 

 

- “Qarabağ” və artıq milli komanda da oynayanda Qurban müəllim daim Elçin Rəhmanovla nə isə pıçıldaşır. Bunlardan bir-iki epizod danışardınız ki, oxucu də nədən söhbətləşdiyinizi bilsin...
-  Həmişə oyunun gedişatından, sırf peşəkar şeylərdən danışırıq ki, nə etmək, nələri dəyişmək olar. Yəni xüsusi bir şeylər deyil. Oyunun içində olan şeylərlə bağlı daim məsləhətləşirik. 

 

- Olubmu ki, siz yaxınlaşıb Qurban müəllimədemisiniz filan oyunçunu, yaxud cinahlarını dəyişsəniz, daha effektiv olar? Yoxsa baş məşqçi deyib ki belə etsək, yaxşı olar, siz öz fikrinizi bildirirsiniz?
- Həm belə olur, həm də elə. Oyun elədi ki, hər şeyi görmək, tək idarə etmək olmur. Bir şeyi o, bir şeyi də mən görüb deyərəm. Bu cür oyunun içində həmişə fikir mübadiləsi aparırıq. Qurban müəllim özü də tapşırıb ki, daim izləmək olsun, oyunun içində olaq, gedişatlarla bağlı bir-birimizlə fikir mübadiləsi aparaq. 

 

 

“Qurbanovla aramızda 180 dərəcə əks fikir heç vaxt olmayıb”

- Ümumiyyətlə, “Qarabağ”da baş məşqçinin əsas köməkçi məşqçisi olan Elçin Rəhmanovu konkret funksiyaları nədən ibarətdir?
-  (gülür) Qurban Qurbanova hərtərəfli kömək etmək. Nəyi bacarırıqsa, bunu maksimum edək. Çünki baş məşqçinin işi çoxdur və ona yaxın olan insan kimi bunu görürük. Baş məşqçilik həqiqətən çox ağır işdir. Ona görə də bu işdə çalışırsan hətta bacardığından da bir az artıq edəsən ki, Qurban müəllimin işini bir qədər yüngülləşdirəsən. 

 

- Start heyətini müəyyənləşdirəndə aydındır ki, yekun qərarı Qurban müəllim verir. Bəs məsləhət baxımından sizin faydalı iş əmsalınız neçə faiz olur?
- Bəllidir ki, “11-liy”i Qurban müəllim təyin edir. Ancaq əlbəttə, fikirlərimi soruşur, fikir mübadiləsi aparırıq. Həmişə mənim fikrimi soruşur. Videotəhlil, taktiki düzülüşlər, bu kimi işlərin hamısında əlbəttə, Qurban müəllimin yanında oluram. Həmişə bir yerdə müzakirələr aparırıq. Sağ olsun, həmişə imkan verir fikir söyləməyə. Bu, Qurban müəllimin ən böyük üstünlüyüdür. Həmişə məsləhətləşir, sənin fikrini öyrənmək istəyir, səni dinləyə bilir.

 

- Maraqlıdır, bu 10 ildə elə bir əvəzetmə olub ki, məhz sizin intuisiyanız işə yarayıb və heyətdəki dəyişiklik faydalı olub?
- Bəlkə olub ki, fikrim Qurban müəllimin ağlına batıb. O da həmin dəyişikliyin zəruriliyini görüb. Çox vaxt Qurban müəllimlə fikirlərimiz üst-üstə düşür. Tutaq ki, mən bir söz deyirəm, o da cavab verir ki, mən də onu gördüm. 

 

- Heç mübahisəniz olmayıb?
- Yox. Cüzi fikir ayrılığı olub. Ancaq 180 dərəcə əks fikir heç vaxt olmayıb. Bunu dəqiq sizə söyləyə bilərəm.  


- Son 1-2 ayda Elvin Yunuszadə, Araz Abdullayev, Mahir Mədətov Qurban Qurbanovun cəzalandırdığı futbolçular siyahısına düşüb. “Od və su” deyimi sizin də aranızda olubmu? Yəni Qurban müəllim kimisə cəzalandırmaq istəyib, siz isə demisiniz, bu dəfə keçin. Sülhsevər missiyanızı işəsalırsınızmı?
- Bəxtimizdən belə şeylər olur. Ancaq istənilən halda, Qurban müəllimin fikri daha önəmlidir. O, daha yaxşı görərək düzgün qərar verir. Onun baxış bucağı başqa olur. Ancaq elə hallar olur ki, deyirəm, bəlkə bir az yumşaldaq (gülür).

 

- Qurban müəllim sizi dinləyir? Olurmu ki, fikrinizi qəbul edir, deyir, bu dəfə keçək kiməsə?
- Olur. Ancaq çox da belə hallar olmayıb ki, daim mən deyim. Ümumən 1-2 hal olub ki, bir az yüngülləşdirilib. Ancaq cəza olaraq qalıb. Futbolçunun cəzasını verib, mən də onun tərəfdarı olmuşam. Ancaq nisbət baxımından bir az yüngül, necə deyərlər, “endirim paketi” olub (gülüb).

 

- “Qarabağ”da oynamaq hər bir futbolçumuzun arzusudur və bu klub zirvə nöqtəsidir. Ancaq oyunçular, konkret olaraq Elvinlə Mahir daha da irəli getməkdənsə idmançıya yaraşmayan hərəkətləri ilə yadda qalırlar. Niyə belə edirlər?
- Görün, başqa yerlər nə edirlər (gülür). Deməzdim ki, onlar həddən artıq intizamsız hərəkət edirlər. Ancaq bu, xasiyyətlə bağlıdır. Ailədə çılğın olurlar, ərköyün böyüyürlər. Elə olur ki, tək oğlan olurlar. Ancaq ümumi götürəndə, onlarda qlobal problem olmur. Özüm də bunu kənardan müşahidə edirəm. Hiss edirəm ki, adını çəkdiyiniz futbolçuların hər biri intizama riayət etməyə çalışır. Bunun üzərində işləyirlər. Biz də həmişə nəzarətdə saxlayırıq. Qurban müəllim intizam məsələsində çox həssasdır. Hərdən intizamsızlıqla bağlı şeylər olur ki, bu da futbolun içində olan hallardı. 

 

- Həmin nizam-intizam məsələlərinə toxunsaq, öz dövrünüzdəkilərləindiki futbolçuları necə müqayisə edərdiniz?
- Biz bir az başqa dövrdə olmuşuq. Özümün etdiyim səhvləri istəmirəm ki, indiki futbolçular etsin. Bu, həm peşəkarlıq, futbola olan baxışlar, həm də şəxsi həyat baxımındandı. Qurban Qurbanovla birgə bu haqda fikirlərimiz eynidir və istəyirik ki, biz etdiyimiz səhvləri indiki futbolçular etməsin. Yaxud biz nəyisə düz etməmişiksə, çalışırıq bunlara əvvəlcədən başa salaq ki, həmin yola getməsinlər. Daha ayıq olsunlar, daha düzgün yanaşsınlar. İstəyir futbolda, istərsə də futboldankənar həyatda. Əsas səhvlər şəxsi həyatla bağlıdır. Təbii ki, futbola olan tərəfdən. İstər düzgün qidalanma olsun, istər asudə vaxtlarını harada, necə keçirirlər, nə vaxt yatırlar. Bu cür şeylərə böyük önəm vermək lazımdı və onunla bağlı futbolçularla çox söhbət edirəm. Məqsəd düzgün peşəkar futbol həyatı qurmaqdı. Təkcə məşqlə iş bitmir, ondan sonrakı proseslərin də düzgün olması vacibdir. 

 

“Millətlər Liqasında bizə hamının fikirləşdiyi kimi asan olmayacaq”

- Məşqçilik səhifənizdə milli komandayla yeni mərhələ açıldı. İki yerə parçalanmaq ağır deyil?
-  Çalışırıq ki, idarə edək. Əlbəttə, çətinlikləri var. Ancaq ümumən götürəndə, çalışırıq ki, bu çətinlikləri aradan qaldıraq, düzgün iş quraq.

 

- Millətlər Liqası prizmasından yanaşsaq, bu gün azarkeş kütləsi deyir ki, yığmamız bu turnirin qalibi olaraq Avropa çempionatının final mərhələsinə çıxmalıdır. Bu, nə dərəcədə realdır? Millətlər Liqasının iştirakçısı olduğu 16 komanda arasında millimizin potensialını necə görürsünüz?
- Onu deyə bilərəm ki, çətin olacaq. Hamının fikirləşdiyi kimi asan olmayacaq. Qurban müəllim məni qrupdakı rəqiblərimizin həm Kosovo, həm də Farer adalarının oyunlarına baxmağa göndərmişdi. Heç biri asan rəqib deyil. Turnirə hamılıqla çox ciddi yanaşmalıyıq. Kim deyir ki, asan olacaq, doğru deyil. Əlbəttə, şans var. Ancaq bu, hamıda var. Deyək ki, oyunlarımızı rahat udacağıq, bu, qətiyyən belə deyil. Bizi çox çətin qarşılaşmalar gözləyir.

 

- Kosovo yığmasının vizit vərəqi nədir? Hansı futbolu oynayırlar? Hansı üstünlükləri, hansı zəif cəhətləri var?
- Çox intizamlı, xarakterli, nəticəyə oynayan komandadır. Meydanda işgüzarlığı ilə seçilir. Həm fiziki, həm də taktiki cəhətdən yüksək səviyyədə komandadır. Heyətində usta futbolçuları, yaxşı ifaçıları da var. Ümumilikdə Kosovo yığmasının üstün cəhətləri çoxdur.

 

- Qapalı futbol oynayırlar, yoxsa? Əsas ona görə soruşuruq ki, Azərbaycan millisinə qapalı futbol oynayan komandaların müdafiəsini yarmaq həmişə çətin olub...
-  Kosovo Madaqaskar yığmasıyla oynayırdı. İndi futbolun elə bir dövrüdür ki, hər bir komanda qapalı da, əks-hücumda da oynaya bilir. Rəqibimiz də istisna deyil. Kosovo müdafiədə də yaxşı oynayırdı, əks-hücumlarda da. Üstün cəhətləri kimi onu qeyd etmək olar ki, əks-hücumları çox təhlükəlidir. 

 

- Millimizin son olaraq Belarus və Makedoniya yığmaları ilə yoldaşlıq görüşlərini izlədik. Belarusla böyük üstünlüyə malik Azərbaycan rəqib müdafiəsini yara bilmədi, ancaq Makedoniyayla bunu bacardı. Səbəbi də odu ki, makedonlar özü də oynayırdı, rəqibinə də imkan verirdi. Biz təxmini hansı oyun üslubuna köklənək? Daha böyük qüvvəylə müdafiə olunacaq, yoxsa rəqibə də oynamağa imkan verəcək?
- Bir oyunla bunu demək çətin olar. Yəqin ki, daha çox matçlarını izləyəcəyik. Belə deyək ki, açıq futbol da oynamırlar. Müdafiəyəmeyilli, rəqibi oynamağa qoymayan komandadır. 

 

- Yəni dağıdıcı komandadır...
- Bəli, amma təkcə dağıtmaqla kifayətlənmirlər. Dağıdıb nə edəcəklərini, əks-hücumları necə quracaqlarını çox yaxşı bilirlər. 

 

- Farer yığması isə tam fərqli futbol oynayır...
- Elədi. Onların baş məşqçisi neçə ildirkomandayla işləyir. Taktiki planda fikirlərini yeridə bilməsi görünür. Farer adaları taktiki cəhətdən çox düzgün futbol oynayır. Ağıllı komandadır, həm müdafiədə, həm də hücumda çox xoş təsir bağışladı. Bu da bir məşqçinin 6-7 ildir eyni komandaylaişləməyinin nəticəsidir. Komandanın meydanda nə etməli olduğunu çox yaxşı bildiyi görünürdü. 

 

- Qurban müəllim “Qarabağ”ı bir həftəyə qurmayıb və millidə qısa zamanda işlədiyinə görə həmkarına uduzur. Necə hesab edirsiniz, Millətlər Liqasının startınadək Qurbanovun futbol fəlsəfəsini tam istədiyi kimi futbolçulara aşılamaq nəsib olacaqmı?
- Çalışırıq ki, hər oyundan-oyuna, hər toplanışdan-toplanışa qeyd etdiyiniz komponentlərdə qabağa gedək. İnşallah, çalışacağıq ki, maksimum dərəcədə bunu əldə edək. Əlimizdə olan futbolçulardan elələri var ki, “Qarabağ”da oynayıblar. Çətin olsa da, Millətlər Liqasının startınadək hazırlıq səviyyəmizi daha da artırmağa çalışacağıq. 

 

 

“Qıraqdan çempionluğumuz asan görünür, ancaq içində olsan, elə düşünməzsən”

- Çempionluqdan bezməmisiniz?
- (gülür) Yox. Həmişə yüksək nəticəyə çalışmaq lazımdı. Hər çempion olduqca tarixdə qalır. Qurban müəllim demişkən, gərək həmişə zirvədə qalmağa çalışasan. 

 

- Ancaq builki çempionluq kənardan çox asan görünür...
- Belə görünsə də, çətinliklər də oldu. Yəni asan olmağı xal fərqinin böyük olmasına əsasən görünə bilər. Ümumiyyətcə, hər bir oyun, hər bir çempionat asan olmur. Qıraqdan asan görünür, ancaq içində olsan, bəlkə elə düşünməzsən. Əlbəttə, hər bir oyunun arxasında böyük zəhmət durur. 

 

 

“Kubokun finalında şansları bərabər dəyərləndirirəm”

- “Qarabağ” kubokdan kənarda qalandan sonra da final cütü bir qədər qəribə göründü. Hər halda, ilk oyundan sonra “Neftçi”nin final şansı yüksək dəyərləndirilirdi. 7-ci pillədə olan “Keşlə”nin isə şansı az idi. Hazırkı final cütlüyü sizi nə qədər təəccübləndirdi?
- Düzünü desəm, çox da təəccübləndirmədi. “Keşlə” ötən yay hansı çətinliklərlə Avropa Liqasında necə oyun keçirdiyinibizə göstərdi. Komandanın özəyi, oyun sistemi neçə ildir qalıb. Eləcə də “Qəbələ”nin finala çıxması təəccüblü olmadı. Çox təşkilatlanmış komandadır. “Qəbələ”dən belə qələbə gözləmək mümkün idi. Hərçənd, “Neftçi” son vaxtlar yaxşı formadadır, yüksəlişdədir. Ancaq “Qəbələ” də elə bir rəqib deyil ki, asanlıqla məğlub edəsən. 

 

- “Neftçi” cavab oyununda hesabı açanda da “Qəbələ”ningeridönüş edə biləcəyini düşünürdünüz?
-  “Qəbələ” onsuz da 2 qol vurmalı idi. Start heyətinə baxanda da hiss olunurdu ki, komanda oyuna hansı fikirlərlə çıxıb. Çox yaxşı oynadılar və layiqli qələbə qazandılar. 

 

- Sizcə, kuboku kim qazanacaq?
-  Həm futbolçu, həm də məşqçi kimi finallarda çox olmuşam. Orda fikir söyləmək düzgün deyil. Hər bir nəticə ola bilər. Çünki bir oyundur. Şansları 50-50-yə dəyərləndirirəm. 

 

-  Baxmayaraq ki, oyun Qəbələdə olacaq? Bu, böyük üstünlükdü...
-  Bəli, oyunun bu məkanda keçirilməsi “Qəbələ” üçün üstünlük sayıla bilər. Çünki evdə, doğma azarkeşləri qarşısında oynayacaq. Ancaq bu, futboldur. 

 

- Komanda “yana bilməz”? İlk dəfə titul qazanmaq imkanı var, üstəlik, doğma publika qarşısında oynayacaqlar, həddən artıq emosiyalar...
-
 Hər bir şey ola bilər. Yəqin ki, məşqçilər final matçınadək bu baryerləri aradan qaldırmağa çalışacaqlar. Roman Qriqorçuk təcrübəli mütəxəssisdir və məncə, maneələri dəf edə bilər. 

 

 

“Bir neçə transfer etmək istəyirik, ancaq həmişəki kimi keyfiyyətli”

- “Qarabağ”ın transfer məsələsində Dino Ndlovu mövzusu çox çeynəndi. Məsələ Ndlovuda deyil. Yəqin, razılaşarsınız ki, komandada yeni nəfəsə kifayət qədər ehtiyac var. İcarədə olan Pedro Enrikenin gedişi gündəmdədir, hücum xəttində bəlli problemlər var. Transfer yönündə işlər hansı səviyyədədir? Çoxsaylı transferlər gözlənilir, yoxsa minimumla kifayətlənəcəksiniz?
- Çalışırıq ki, transferlərimiz keyfiyyətli olsun və bu yöndə işlər gedir. Qurban müəllim də qeyd etmişdi ki, nəzarətimizdə bir neçə futbolçu var. Hansıları ki, izləyirik. Görək necə olacaq. Bir neçə transfer etmək istəyirik. Ancaq həmişəki kimi keyfiyyətli, faydalı olsun.

 

- Ramil Şeydayevin “Qarabağ”da potensialını tam aça bilməməsinin, ümidləri doğrultmamasının əsas səbəbini nədə görürsünüz?
- Hər bir futbolçunun adaptasiya dövrü var. “Qarabağ” da elə komandadır ki, gələn kimi bacardığını yüz faiz ortaya qoymaq asan deyil. Bunun üçün vaxt lazımdı. Ramilin də müsbət cəhətləri var. Özü də çalışqandır. Ancaq futbolda adaptasiya dövrü mühümdür. Yeni kluba gələn kimi bacardığını yüz faiz ortaya qoymaq çətindir. 

 

- Şeydayev mövsümün əvvəlindən “Qarabağ”dadı. Sizcə, onun adaptasiya bir qədər uzun çəkmədimi?
- “Qarabağ”da dərhal uyğunlaşmaq çətin olur. Kimdə bu, 1 il çəkir, kimdəsə 5 ay, kimdəsə heç alınmır. Belə hallar da olur. Tarix boyu da olub ki, hətta dahi futbolçularda bir klubda alınmayıb, ancaq gedib o biri klubda parlayıblar. 

 

- Ola bilər ki, Ramil sadəcə, “Qarabağ” modelinə uyğun gəlmir?
- Çalışırıq ki, futbolçunu komandaya dəvət edəndə hansısakeyfiyyətlərindən istifadə edək. 

 

- Şeydayevin gələn mövsümdə qalmaq ehtimalı nə dərəcədə yüksəkdir?
-
 (gülür) Yaxşı olardı ki, bu suala Qurban müəllimin özü cavab versin. 

 

- "Qarabağ”ın ötən mövsüm Çempionlar Liqasının qrupuna düşmək ehtimalı daha yüksək idi, nəinki  bu il yeni formatda. Transfer baxımından buna uyğun plan cızılacaq ki, çox da dərinə getməyəsən, yoxsa maksimum hədəf üçün yenə cəhd göstərəcəksiniz?
- Əlbəttə, cəhd göstərməliyik vəedəcəyik də. Düzdür, bunun asan-çətin olmasını zaman göstərəcək. Ümumiyyətlə, qrupa düşmək çox çətindir. Çünki Çempionlar Liqasında komandaların səviyyəsi yüksəkdir. Ancaq həmişə çalışmışıq ki, hansı turnirdə iştirak ediriksə, maksimum nəticə əldə edək. Ancaq necə olacaq, Allah bilir. 

 

 

CEYHUN ƏLİYEV, MEHMAN SÜLEYMANOV

 

21 Sentyabr 2018
20 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB