TOP 10

Kubok öncəsi vacib qələbə: ancaq bu hesab cavab matçında yetərli olmayacaq....

Futbol
Tarix: 2018-04-16 17:00

Topaz Premyer Liqasında XXIII tura Sumqayıtda yekun vurulub. "Kimyaçılar"ın bu dəfəki rəqibi 3 gün əvvəl ölkə kubokunda məğlub olduğu, həmçinin 3 gün sonra da qəbul edəcəyi "Keşlə" idi.

 

Həmişəki dolu tribunlar qarşısında baş tutan matç gərginliyi ilə yadda qaldı. Üstəlik, "Qəbələ"nin doğma meydanda "Səbail"lə matçda geri düşməsi xəbəri gərginliyi daha da artırırdı. Hadisələr bu cür davam edəcəyi halda "Sumqayıt"ın qazanacağı qələbə "Qəbələ" ilə fərqin 3-ə enməsi demək idi.


Küləkli hava şəraitində baş tutan matçda qonaqlar fəallığı ilə seçilirdi. Xüsusilə meydanda hərəkətli olan Andre Klennonu qeyd etmək olar. İlk təhllükəli epizod da məhz meydan sahiblərinin qapısı önündə yarandı. Nemanya Stoyanoviç uzaqdan zərbə ilə bəxtini yoxlasa da, top qapıdan azca aralı keçdi. Matçda bir neçə dəfə paytaxt klubu uzaqdan zərbələrlə "kimyaçılar"ı narahat etməyə çalışdı. Bəlkə də bu, qapıçı dəyişikliyi ilə əlaqədar idi. Kubok maçtından fərqli olaraq dünən qapı Mehdi Cənnətova həvalə olunmuşdu. Bilmədik bu, Fərhad Vəliyevin son matçda yol verdiyi kobud səhvlə əlaqədar idi, yoxsa 3 gün sonra baş tutacaq cavab matçı üçün istirahət xarakterli daşıyırdı. İstənilən halda, Yuri Maksimovun komandası Cənnətovun sayıqlığını tez-tez yoxlayırdı. Belə epizodların birində Tçami tirin möhkəmliyini yoxlayınca yerli azarkeşlər dərin ah çəkdilər. Bu epizod ikinci hissənin əvvəllərində yaşandı. Ümumiyyətlə, ilk hissəyə nəzərən ikinci hissə daha dinamik və canlı keçdi. Bu da fasilədə Abbasovun komandası ilə yaxşıca məşğul olması ilə əlaqədar idi. Çünki "gənclik şəhər"in təmsilçiso ilk hissədə özlərini matçın favoriti kimi aparmırdı.

 

İkinci hissəyə 2 əvəzləmə ilə başlayan  Samir Abbasov Cavid Tağıyevlə Amil Yunanovu müvafiq olaraq Ehtiram Şahverdiyev və Nicat Qurbanovla əvəzlədi ki, ötən "Neftçi" matçında olduğu kimi yenə bu əvəzetmələr komandanın dadına çatdı. "Keşlə"yə qol vurmağı sevən Amil Yunanovun meydanı belə erkən tərk etməsi bəlkə də kubokla əlaqədar idi, amma bir məsələ diqqətimizi cəlb edir. Ötən tur "Neftçi" ilə matçın 2-ci hissəsində 20, "Keşlə" ilə kubok matçının 2-ci hissəsində isə 10 dəqiqə ona meydanda olmaq şansı yaradan Abbasov dünən ümumiyyətlə, fasilədəcə 25 yaşlı futbolçunu əvəzlədi. Son qolunun 19-cu tur "Səbail"ə vuran Yunanovun formada olmaması gün kimi aydındı. Belə getsə, kubokun cavab matçında Samir Abbasov start heyətində ona yer verməyərək Cavid İmamverdiyevi onun mövqeyində oynatsın və əvəzetmələr zamanı etdiyi dəyişikliyi start "11-liy"ində tətbiq etsin.

 

Fasilədən sonra özünə gələn meydan sahibləri yavaş-yavaş Kamran Ağayevi oyuna qoşmağa başladı. Belə hücumların birind Stoyanoviçin geriyə güclü ötürməsini meydanda saxlamağa çalışan təcrübəli qolkiper onu Cavid İmamverdiyevin qarşısına uzaqlaşdırması sonda 2 gözəl epizod izləməyimizə səbə oldu. "Sumqayıt"ın "10 nömrəsi"nin aşırma zərbəsinə "Keşlə"nin "1 nömrə"si super seyvlə reaksiya verdi. Küncdən zərbə ilə davam edən hücumun sonu yerli tribunaları sevincə qərq etdi. Eyyubovun hava ötürməsinə başla toxunmağa çalışan kapitan Bəxtiyar Həsənalızadənin zərbəsi Klennonun qarşısına düşüncə topu uzaqlaşdıra bilməyən futbolçunu digər bir mərkəz müdafiəçisi Bəhlul Mustafazadə cəzalandırdı - 1:0.

 

Qonaqlar növbəti hücumda "status-kvo"nu bərpa edə bilərdilər, lakin Klennonun gözəl ötürməsini Tçami Cənnətovun üzərinə göndərməklə bərabərlik qolunu bir neçə dəqiqəlik təxirə saldı. Qoldan sonra təşəbbüsü ələ alan Maksimovun komandası haqq etdiyi qolu vurdu. Stoyanoviçin ötürməsi zamanı Ehtiram Şahverdiyevin süni ofsayd tələsinə düşməyən, cinahdan əla açılan Məqsəd İsayev fərqləndi - 1:1.

 

Şahverdiyevin buna cavabı isə ağır oldu.Bir  dəqiqə ərzində Məqsədi iki qaydanı pozmağa məcbur edən Ehtiram onu meydandan qovulmasına səbəb olması azmış kimi, 3 dəqiqə sonra fərqlənərək həm buraxılan qoldakı "günahını yudu", həm də "Qəbələ"nin xal itirdiyi turda komandasına vacib qələbə gətirərək matçın qəhrəmanı oldu. Az sonra 21 yaşlı futbolçu rəqibin 3 futbolçusunu geridə qoyaraq bizə Messini xatırlatsa da, zərbəsini gözəl qolla sonlandıra bilmədi. İstənilən halda, bu, onun matçın adamı seçilməsinə mane olmaz.

 

Bu qələbə "kimyaçılar" üçün ikiqat əlamətdar oldu, çünki ən yaxın izləyiciləri xal itirdi. "Qəbələ" sona 8 dəqiqə qalmış 1 xalı əldə etdisə, "Zirə" də "Neftçi"yə 0:3 uduzmaqla "Sumqayıt"la fərqin 4-ə qalxmasına mane ola bilmədi. Qarşıda "Sumqayıt"ı "Qarabağ"la doğma meydanda oyun gözləyirsə, "Keşlə" də "Sumqayıt"ın 4 xal qabaqladığı "Zirə"ni sınağa çəkəcək. Bunadəksə həmin "Keşlə"ylə Sumqayıtda bu dəfə kubok sınağı var ki, onda 2:1 hesablı qələbə finala çıxmaq üçün yetərli olmayacaq. Axı Yuri Maksimovun komandası evdə 1:0 hesabıyla qalib gəldiyindən səfər qoluyla cütün qalibi olacaq...
 

ƏKBƏR AĞAZADƏ

18 Iyul 2018
17 Iyul 2018
B.eÇ.aÇC.aCŞB