TOP 10

"Sumqayıt"ın kapitanı baş məşqçiyə məsləhət verdi: "Qolda səhvim yox idi"

Futbol
Tarix: 2018-04-12 20:04

"Sumqayıt"ın qapıçısı Fərhad Vəliyev Azərbaycan Kubokunun yarımfinal mərhələsində səfərdə "Keşlə"yə 0:1 hesabı ilə yenildikləri matçdan sonra Sport24.az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb. Komandanı meydana kapitan kimi çıxaran 38 yaşlı qolkiper əvvəlcə matçı dəyərləndirib.

 

- Çempionat oyunundan sonra futbolçularımızda yorğunluq hiss olundu. Ümumi götürsək, ilk hissə "Keşlə"nin üstünlüyü şəraitində keçdi. İkinci hissədə də qol buraxmaya bilərdik. Lakin 90-cı dəqiqədə cərimə zərbəsindən sonra qapımızda top gördük. Lakin əlimizi yanımıza salmırıq. Öz meydanımızdakı cavab görüşündə mərhələ adlamağa çalışacağıq.

 

- Buraxdığın qolu necə şərh edərdin? Sanki zərbənin hansı istiqamətə vurulacağını bilirdin...

- Rəqib futbolçunun həmin istiqamətə zərbə endirəcəyini də, ötürmə verə biləcəyini də gözləyirdim. Mövqeyimi də seçmişdim. Lakin zərbə güclü idi. Topu qaytarmaq üçün əlimdən gələni etsəm də, dəf edə bilmədim.

 

- "Sumqayıt" çempionatda inamlı çıxış etsə də, kubok matçında "Keşlə"nin qapısına doğru normal hücum edə bilmədi. Bunun səbəbini nədə görürsən?

- Ola bilsin, bu, yorğunluqdan irəli gəlir. Çünki 3 gündən bir oyunlar keçiririk. Əsas heyətimizin 3-4 oyunçusu da bu gün çıxış etmirdi. Bəziləri zədəli, bəziləri cəzalı idi. Doğma meydanda qələbə qazanıb mərhələni keçməyə çalışacağıq.

 

- Qol epizodunda etdiyin səhv səndə inamsızlıq yaratmır?

- Qolda səhvim yox idi. Güclü zərbə idi. Qarşısını almaq üçün əlimdən gələni etdim. Amma rəqib futbolçu fərqlənə bildi.

 

- Komanda daha çox 5 müdafiəçi ilə oynayır. Bu gün isə 4 müdafiəçi ilə oynadı. Bu "Sumqayıt"ın oyununa təsir göstərə bilərmi?

- Bəli. Çoxdandır 4 müdafiəçi ilə oynamırdıq. Amma baş məşqçi hər bir taktika ilə oynaya bilər. Futbolçular buna hazır olmalıdı. Ola bilsin ki, taktiki dəyişikliklər də oyunçulara təsir eləsin.

 

- 0:1 hesabı da sizin üçün pis nəticə hesab oluna bilər. Çünki evdə 1 qol buraxsanız, 3 qol vurmaq məcburiyyətində qalacaqsınız. Komanda o gücü tapa bilərmi?

- İnanırıq ki, finala vəsiqə qazanacağıq. Sona kimi mübarizə aparacağıq. Səfərdə uduzdaq da, hələ evdəki matçımız qalıb. Çalışacağıq ki, qapımızı toxunulmaz saxlayaq. Qol vurub mərhələni keçə bilərik.

 

- Baş məşqçiniz Samir Abasovun etirazına necə şərh verərdiniz?

- Çılğın məşqçidi. Ona səbrli olmağı tövsiyyə edirəm. Hakim də səhv edə bilər. Hamı səhv edir. Bir az səbrli olsa, daha yaxşı olar. Emosionallıq içindən gəlir. Özünü saxlaya bilmədi.

 

- Baş məşqçinin texniki zonada olmamağı cavab qarşılaşmasına təsir edə bilərmi?

- Samir müəllim olsa, əlbəttə, daha yaxşı olardı. Ancaq digər tərəfdən, o, məşqçilik kurslarıyla əlaqədar ölkə xaricində olanda məhz kubokda "Qarabağ"ı məğlub etdik. Digər məşqçilərimiz - Seymur Rəhimovla Vəfadar Quliyev bizə öz tövsiyyələrini verəcəklər. 

16 Iyul 2018
15 Iyul 2018
B.eÇ.aÇC.aCŞB