TOP 10

Rəfiyev estafetinin davamçısı: “Neftçi” – Braziliya – AFFA – “Sumqayıt”

Futbol
Tarix: 2018-04-11 16:59

Riad Rəfiyev – “Sumqayıt”ın yeni prezidenti. Gənc olmasına rəğmən, futbolda yeni sima deyil. Nəzərə alsaq ki, bu insan futbol ailəsinin artıq ikinci nəslini təmsil edir (mərhum atası Rasim Rəfiyev “Neftçi”nin prezidenti olub), Rəfiyevin bu idman növünün peşəkarı adlandırsaq, yanılmarıq. Elə söhbətimizə də məhz uşaqlıq xatirələrindən başladıq.

 

"Atam Rasim Rəfiyev məni "Neftçi"nin demək olar hər oyununa aparırdı"

 

- Futbol ailəsində dünyaya gəlmək necə bir hissdi?
- Özümü futboldan başqa heç bir yerdə təsəvvür etmirəm. Halbuki, başqa sahələrdə də işləməyimə imkan olub. Amma futbola sırf sevgimdən, futbol ailəsində anadan olduğumdan, futbolla yaşadığımdan, özümü bu sahədən savayı başqa heç bir yerdə təsəvvür etmirəm. Mənim üçün futbol hər şeydi. Futbolla yatıb-dururam. 

 

- Atanız Rasim Rəfiyev sizi tez-tez stadiona aparırdı? Hansı xatirələr qalıb?
- Bəli, atam məni futbola tez-tez aparırdı. "Neftçi"nin, demək olar, hər oyununa gedirdik. Bundan əlavə, özü də hər gün "Neftçi"nin bazasında olurdu, məni də aparırdı. O vaxt uşaq olsam da, hər şeyi çox yaxşı xatırlayıram.  Həftədə ən azı 5 dəfə "Neftçi"ylə birlikdə idim. 

 

- 1995-ci ildə “Neftçi” Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən ölkə kubokunun final matçında qalib olandan sonra qarşısında "Riad" yazılan formada komanda şəklini çəkdirəndə siz də fotoda varsınız. Həmin xatirə şəkli yadınızda qalıb?
- Bəli-bəli! Həmin ildə çəkilən şəkillər məndə də var. Atamla ikimizin kubokun qarşısında çəkdirdiyimiz foto var. Yadımdadı, həmin arenada finalda "Kür-Nur"a 1:0 hesabıyla qalib gəlmişdik. 

 

"Ən çox sevdiyim futbolçu Samir Ələkbərov idi"

 

- Uşağın stadionda 2 saat tab gətirməsi müşkül məsələdi. Hər halda, karusel daha cəlbedici görünər…
- Yox-yox, o vaxt 7-8 yaşım vardı. Artıq hər şeyi dərk edirdim, bilirdim. Düzdür, bir az utancaq uşaq idim. Ancaq o vaxt futboldan ləzzət alırdım.  Artıq futbolun xəstəsi idim. İmkan düşəndə hər gün "Neftçi"nin bazasındakı meydançada futbol oynayırdım. 

 

- Elə bir futbolçumuz var idimi ki, ona pərəstiş edərək futbolçu olmağa daha çox can atırdınız?
- Heç kəsin xətrinə dəyməsin, açığını deyim ki, ən çox sevdiyim futbolçu Samir Ələkbərov idi. Ancaq, əlbəttə ki, hamısını tanıyırdım, hamısına simpatiyam vardı. Sadəcə, dediyim kimi, həmin vaxt ən çox xoşuma gələn futbolçu Samir Ələkbərov olub. 

 

"İndi öz-özümə deyirəm ki, kaş, indiki ağlım o vaxt olaydı, Braziliyadan heç qayıtmazdım, orda oynamaqda davam edərdim"

 

- Futbolda ilk addımlarınızı Braziliyada atdınız, 2 ilə yaxın orda oldunuz...
- Bəli, ilyarım orda oldum. Bakıda orta məktəbi bitirəndən sonra qərara aldım ki, gedib Braziliyada Futbol Akademiyasına daxil olum. Bir il həmin akademiyada oynadım, sonrakı 6 ayı isə 3-cü liqa təmsilçisi "Kampenos"da keçirdim. 

 

- 17 yaşlı Riad Rəfiyev uzaq ölkəyə düşür və bir çox çətinliklərlə üzləşir. Bunları necə aradan qaldırdınız? Uzaq Braziliyaya adaptasiyanız necə keçdi?
- Düzünü deyim, adaptasiya çətin keçdi. İlk zamanlar çox çətin idi. Braziliyada heç kəs ingiliscə danışmır. Hamı ancaq portuqal dilində ünsiyyət qurur. Buna görə məcburiyyətdən portuqalca öyrənərək artıq 6-7 aydan sonra bu dildə sərbəst danışırdım. Çünki ətrafımda ancaq portuqal dillilər idi. Buna qədərki dövr isə çox çətin keçdi. Bəlkə də gənc idim, ev üçün darıxırdım. İndi bizim futbolçuların çoxunda olan problem o vaxt məndə də bir az var idi. İndi öz-özümə deyirəm ki, kaş, indiki ağlım o vaxt olaydı. Olsaydı, bəlkə də o vaxt heç qayıtmazdım da, Braziliyada oynamağı davam edərdim, tam hazır olandan sonra Azərbaycana qayıdardım. Ancaq, necə deyərlər, hər bir işdə xeyir var. 

 

- Maraqlıdı, həmin vaxt Braziliyada Azərbaycan futbolu haqda nə bilirdilər?
-  Mən ora gedəndə, braziliyalı mütəxəssis Karlos Alberto Torres milli komandamızın baş məşqçisi postuna yeni gəlmişdi. Bu, 2004-cü ilin əvvəli idi. Həmin vaxt Braziliyada artıq ajiotaj vardı.  Televiziyada xəbərlərdə danışırdılar ki, bəs, Karlos Alberto Torres Azərbaycanda məşqçi işləyir. Belə-belə məlumatlar televiziyada tez-tez çıxırdı. Məndən soruşurdular ki, Torres artıq sizdə işləyirmi? Mən də bu xəbəri təsdiqləyirdim. 

 

"Futbolçu karyeramı xroniki zədəyə görə erkən bitirməli oldum"

- Və Azərbaycan karyeranız başladı. “Karvan”da Yunis Hüseynovun rəhbərliyi altında çıxış etdiniz. Həmin Yunis Hüseynov ki, o vaxtkı “Neftçi”nin kapitanı idi...
- Bəli. Yunis müəllim uşaq vaxtından məni tanıyırdı. “Karvan” UEFA Kubokunda çıxış edərək mərhələ adladığı dövrdən sonrakı mövsüm idi. Yenə də heyətimiz yaxşı idi. Kamal Quliyev, Vadim Vasilyev, gürcü futbolçular - Qoça Trapaidze, Aleksandr İntskirveli, Roman Axalkatsi bizdə oynayırdı. Türkmən Nazar Bayramov çox güclü futbolçu idi. Millimizə də cəlb olunan braziliyalılar Ernari Pereyra, Markos Fereyra həmin vaxt komandamızda çıxış edirdilər. Sadəcə, “Karvan”ın nəticəsi UEFA Kubokuna çıxdığı ildəkindən zəif idi. Həmin çempionatı turnir cədvəlinin ortalarında başa vurduq. Yəni əvvəlki mövsümlə müqayisədə nəticəmiz zəif idi. Hücumçu idim, mövqeyimdə güclü futbolçular oynayırdı. Elə götürək Vasilyevi. Altı ay “Karvan”ın futbolçusu oldum, sonrakı 6 ayı isə “Standard”da keçirdim. Məni komandaya gürcü baş məşqçi Kaxaber Tsxadadze dəvət etmişdi. 

 

- Karyeranızı erkən bitirməli oldunuz. Buna əsas səbəb nə oldu?
-  Ayağımda xroniki zədə vardı. Bu, mənə problem yaradırdı. Futbolda karyeramın istədiyim kimi getmədiyini görərək belə qərara gəldim ki, ondansa, çıxışımı başa vurum və futbolun başqa sahəsində çalışım. Moskva Dövlət İdarəetmə İnstitutunda futbol menecmenti fakültəsinin magistr diplomunu aldım. Bakıda isə Qərb Universitetində işgüzar inzibatçılıq ixtisası üzrə təhsil almışam. 
   

- Futbolda menecment sahəsində ilk addımlarınızı necə atdınız?
- O vaxt CV-mi AFFA-ya göndərdim. Məni 2012-ci ildə Bakıda keçiriləcək U-17 qızlar arasında dünya çempionatının Təşkilat Komitəsinə qəbul etdilər. Orada koordinatorun köməkçisi vəzifəsində işləməyə başladım. Həmin komitədə 200-dən artıq insan çalışırdı və həmin dünya çempionatı bitəndən sonra 6-7 nəfəri AFFA-da işləməyə dəvət etdilər. Onlardan biri mən idim və beləcə, seleksiya işləri üzrə koordinator vəzifəsində çalışmağa başladım. Xaricdə oynayan Azərbaycan əsilli bütün futbolçuları axtarıb tapmaq və onları milli komandalarımıza dəvət etmək məqsədilə fəaliyyətə start verdim.

 

- Ardından milli komandamızda inzibati işlər üzrə menecer vəzifəsinə dəvət oldunuz...
- Bəli, bu, 2014-cü ildə olub. Həmin vaxt bu vəzifədə işləmiş Kamal Tağızadə başqa işə getdi və onun yerində çalışmaq mənə təklif olundu. Mən də razılaşdım və AFFA-da artıq iki işi icra edirdim. Həmin vaxt milli komandamızı artıq Robert Prosineçki çalışdırırdı. Milliyə onunla eyni vaxtda gəldik. 

 

- Azərbaycan əsilli hansı futbolçuları axtarıb taparaq milliyə cəlb edilməsinə müvəffəq oldunuz?
-  Həmin vaxt xaricdə tapdığımız ilk futbolçu Rüfət Dadaşov idi. Ondan sonra kiçik qardaşı Renat Dadaşovu cəlb etdik. Renat U-17 yığmamıza dəvət olundu və Bakıda keçirilən “Caspian Cup”da iştirak etdi. O, daha sonra Almaniya yığmasına keçdi. Murad Xaçayevi də yığmamıza biz cəlb etdik. Yeri gəlmişkən, Murad əslən azərbaycanlıdı, dağıstanlı legioner deyil. Futbolçu əslən Zaqataladandı, atası oralı avardı, anası isə azərbaycanlıdı. Mənim dönəmimdə milli komandamıza Ramil Şeydayev, Emin Mahmudov, Pavel Paşayev və Dəniz Yılmaz cəlb olundu. Dəvət etdiklərimiz əsasən aşağı yaş qruplarından ibarət yığmalarımızda idi. 

 

"Bura gələndə başa düşmüşəm ki, "Sumqayıt"da hansısa bir mənfi nəticə olsa, artıq hər kəs deyəcək ki, bu, Riad Rəfiyevə görə oldu"

 

- Nəhayət, “Sumqayıt” dönəminizə keçək. Tarixində gözəl günlərini yaşayan klubun prezidenti olmaq çətin deyil? 
- Məsuliyyət doğrudan da çox böyükdü. Bunu dərk edib bu vəzifəyə gəlmişik. Qeyd etdiyiniz kimi, “Sumqayıt” avrokuboklara heç vaxt bu qədər yaxın olmayıb. Bura gələndən əvvəl də başa düşmüşəm ki, hansısa bir mənfi nəticə olsa, artıq hər kəs deyəcək ki, bu, Riad Rəfiyevə görə oldu. Bunu bilə-bilə bu işə gəlmişəm. Ancaq onu da qeyd edim ki, öz gücümüzə inanaraq bu işə gəlmişik. Bu üzdən əlimizdən gələni edəcəyik ki, komanda bu yolda uğurlu nəticələrini verməkdə davam etsin.

 

- İş prinsiplərinizdə əsas nəyə diqqət yetirirsiniz? İlk növbədə nəyə fikir verirsiniz ki, qurulan piramida dağılmasın?
- Hal-hazırda komanda uğurlu çıxış edir və qazanılan nəticələrdə hamının böyük rolu var. Bu, ilk növbədə baş məşqçimiz Samir Abasova aiddi. O, çox güclü kollektiv yaradıb. Klubun ofis əməkdaşlarının, menecerlərin böyük rolu var. Sabiq prezident Kamran Quliyevin çox böyük əməyi var ki, komanda bu nəticəni göstərir. Hesab edirəm ki, hal-hazırda “Sumqayıt”da hansısa böyük, radikal dəyişikliklər etməyə gərək yoxdu. Çünki əsas komanda uğurlu oynayır, nəticələr verir.   

 

- Ali təhsilli idarəedici üçün klubu idarə etmək üstünlükdü, yoxsa güclü nəzəriyyəyə üstünlük verərək işi korlamaq olar?
-  Hər kollektivə fərdi yanaşma var. Xaricdə aldığım təhsil mənə həqiqətən böyük üstünlüklər verir. Mokvada aldığım biliklərdən də klubda istifadə etməyə çalışacağıq. Təbii ki, lazım olanda. 

 

- “Sumqayıt” Avroliqaya düşsə, hamının maraqlandıran sual budu ki, heyətdə yenə ancaq yerli futbolçular olacaq, yoxsa legionerlər cəlb olunacaq?
-  Bu gün komandamız uğurlu çıxış edir. Çempionatda 3-cü yerdə gedir, ölkə kubokunda yarımfinalın iştirakçısıdı. Buna sırf yerli futbolçularla, öz məşqçilərimizlə nail olunub. Əvvəldən hansı strategiya qoyulubsa, hal-hazırda onunla da davam edirik. Bu dəqiqə bir dəyişiklik gözlənilmir. İnşallah, Avropa Liqasına çıxsaq, onda bu haqda ümumi danışmaq olar. Ancaq indi bunu heç fikirləşmək də istəmirəm. Çünki komandanın strategiyası, ideyası var və bununla da yolumuza davam edirik. Sonrasını isə zaman göstərəcək. 

 

"Mənə Samir Abasovla işləmək çətin deyil, əksinə, çox rahatdı"

- Samir Abasovu artıq bir neçə yerə “nişanlayıblar”. Gah “Neftçi”, gah da U-21 yığmasına göndərirlər. Bu mütəxəssisin “Sumqayıt”dan getmək ehtimalı nə dərəcədə realdı?
- Çox istəyirik ki, baş məşqçimiz komandada qalsın. Çünki bütün bu nəticələr onun beyninin məhsuludu. Hər şeyi o edib. Samir Abasov bu gün “Sumqayıt”a lazımdı. Təkcə bizim kluba yox, bütün Sumqayıt futbol ictimaiyyətinə, futbol ailəsinə. Onunla cəmi bir aydı tanış olmuşuq. Bundan əvvəl şəxsən tanış deyildik. Samir Abasovla az vaxtda tanış olmağımıza baxmayaraq, inanıram ki, çox böyük məşqçi olacaq, bu sahədə çox uğurlu karyera quracaq, Avropanın aparıcı ölkələrində də öz sözünü deyəcək. Abasovda bunun üçün hər şey, məşqçiyə lazım olan bütün xüsusiyyətlər var. 

 

- Samir müəllim çılğınlığı ilə seçilən mütəxəssisdi, sözünü deməkdən çəkinmir. Belə bir xarakterli baş məşqçiylə işləmək sizin üçün çətin deyil ki?
- Yox, əksinə, çox rahatdı. Samir Abasov bu gün çox gözəl nəticə verir. O, Sumqayıt futbolunu yüksəldib, onu burda çox sevirlər. Heç kəs bu cür mütəxəssislə yolları ayırmaq istəməz.

 

- “Sumqayıt”ın əvvəlki rəhbərliyi dövründə yeni futbolçularla bağlı danışqlar hələ mövsüm bitməmişdən aparılırdı. Bu strategiyanı davam etdirmək fikrindəsiniz, yoxsa konservatorluğa üstünlük verərək indiki heyəti qorumağa çalışacaqsınız? 
- Hansı futbolçunun komandaya gəlməsi, hansının göndərilməsi ilə bağlı bütün qərarları baş məşqçi verir. İdman tərəfiylə bağlı bütün qərarları baş məşqçi Samir Abasov verir. O, necə lazım bilsə, elə də edəcəyik.       

 

- Yəni bu mövzuda baş məşqçiylə hələ söhbətiniz olmayıb?
- Hələlik yox, çünki hazırda qarşıda vacib qarşılaşmalarımız var. Buna görə hələ bu haqda ətrfalı danışmamışıq.

 

"İstər kubokdan olsun, istərsə də çempionatdan, bizim üçün əsas Avropaya çıxmaqdı"

- Vacib oyunlardan söz düşmüşkən, “Sumqayıt”ın finala çıxıb kuboku götürmək, çempionatda isə 3-cü yeri tutmaq, ilk dəfə medalçı olmaq şansı var... 
- Məqsədimiz hər iki turnirdə nəticə qazanmaqdı. Hər ikisində də oynayırıq. Əlbəttə, həm kubokda uğur qazanmaq istəyirik, həm də çempionatda. Ancaq əsas məqsədimiz Avropa Liqasına çıxmaqdı. İstər kubokdan olsun, istərsə də çempionatdan, əsas Avropaya çıxmaqdı.

 

- Avropaya qapı hardan yaxın görünür? 3-cü yeri tutsanız, kuboka ehtiyac qalmayacaq, Avropa Liqasına birbaşa vəsiqə qazanırsınız...
- Ancaq kuboku da udsaq, birbaşa gedirik. Çempionatda 5-ci yeri tutsaq belə.

 

- Kuboku qazanmaq çətin olacaq. “Qəbələ” daha şanslı görünür...
-  Bundan əvvəl də “Qarabağ” favorit sayılırdı. Ancaq həmin “Sumqayıt” onu mübarizədən kənarlaşdırdı. Futbolda hər şey ola bilər. Hər iki cəbhədə mübarizə aparacağıq. Məqsədimiz Avropa Liqasına getməkdi.

 

"Zamiq Hüseynovun "Sumqayıt"da bizə çox böyük köməyi dəyəcək"

- Hələ ki, yeganə təyinatınız PFL-dən gətirdiyiniz Zamiq Hüseynov olub. Bu şəxs uzun illər həmin quurmda Texniki-Tərəqqi Departamentinə rəhbərlik edib. Onun “Sumqayıt”da idman direktoru vəzifəsinə təyinatı necə reallaşdı?
-  Zamiq Hüseynov öz işinin peşəkarıdı.10 il PFL-də işləyib, çox böyük təcrübəsi var, futbol adamıdı. AFFA-da işlədiyim 5 ildə onunla tanışam. Hüseynova bu vəzifəni təklfi etdik, o da razılaşdı. İnşallah, bizə çox böyük köməyi dəyəcək.

 

- “Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov yaxında saytımıza müsahibəsində bildirdi ki, “Sumqayıt”ın futzal klubunun da olmasını Riad Rəfiyevlə müzakirə etmişik...
-    Çox sağ olsun Zaur müəllim ki, bizə öz tövsiyələrini verir. Bunlar bizim üçün çox vacibdi. Axundovun təkliflərinə böyük önəm veririrk. Planımızda doğrudan da futzal klubu yaratmaq var. Bununla bağlı Zaur müəllimlə söhbətimiz olub. Çox gözəl bir ideyadı. İnşallah, bunu gerçəkləşdirmək fikrimiz var. İstəyirik ki, Sumqayıtda öz futzal klubumuz da olsun. Niyə də yox?!

 

CEYHUN ƏLİYEV, MEHMAN SÜLEYMANOV
 

09 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB