TOP 10

Ramin Musayevlə “qalstuksuz”: “Heç kim deyə bilməz ki, Raminin sözünə qulaq asıb xeyir tapmamışam”

Futbol
Tarix: 2018-04-06 15:07

Ramin Musayev. Futbol sahəsində onu tanımayan var? Elə hey futboldan danışırıq Ramin müəllimlə. Bəs, Musayevin futboldankənar dünyası necədi? Heç bilirdiniz ki, şeir yazır, saz çalır? Yəqin bilərsiniz, axı, gürcüstanlıdı... Heç bilirdiniz ki, aerofobiyası var? Heç bilirdiniz ki, bir sıra yeməkləri özü bişirir? 20 gündən sonra 55 yaşını qeyd edəcək həmsöhbətimizlə 1 saata yaxın davam edən müsahibə bəlkə də tanımadığı(m)nız Musayevi göstərəcək. Monitora yaxın əyləşin, PFL prezidenti ilə “qalstuksuz” müsahibəmizin dünyasına siz də baş vurun. 

 

“Onu da gərək özüm hazırlayım”

 

-    PFL prezidenti səhər yuxudan duranda idman edir?
-    Yüngül gimnastika edirəm. Təqribi 7 dəqiqə. Qaça bilmirəm, səhhətim imkan vermir.

 

-    Üzmək necə?
-    Xlora qarşı allergiyam olduğu üçün hovuza girə bilmirəm. Bakıda yox, amma Türkiyədə olanda dənizə gedirəm. Sonuncu dəfə təqribən 6 ay əvvəl dənizə baş vurmuşam.

 

-    Türkiyədə tez-tez olursunuz?
-    Ən yaxın məsafədi. Uzaq uçuşlardan qorxuram, fobiyam var.

 

-    Yunis Hüseynov praktikasından istifadə etmək fikrinə düşməmisiniz?
-    Ürəyimi oxudunuz. Gələn il qışda getməli olsaq, İstanbuldan Antalyaya avtomobillə gedəcəm. Qış aylarında təyyarə yaman pis silkələnir.

 

-    Türkiyədən söz düşmüşkən, oranın mətbəxinə münasibətiniz necədi?
-    Bəyənmədiyim mətbəx yoxdu. Elə kaprizli insan deyiləm. Ancaq nə gizlədim, bizim milli xörəkləri hər zaman daha çox bəyənmişəm.

 

-    Bəyəndiyiniz yeməklər?
-    Vallah, sadalasam, bilməyəcəksiniz. Çünki spesifik hazırlanma qaydaları var. Milli yemək adlarına yaxın əriştəni göstərə bilərəm. Xəmir xörəkləri sevirəm, gürcü xəngəlini xoşlayıram, pomidor-yumurta da ürəyimcədi. Bir də özüm hazırladığım kartof qızartmasını xoşlayıram. Bir yemək də var. Onu da heç kimə etibar etmirəm, ancaq gərək özüm hazırlayım.

 

-    Reseptini deyərsiz?
-    Dananın quyruq hissəsinin yuxarısından hazırlayıram həmin yeməyi. Adı yoxdu, amma çox dadlı olur.

 

“Axırıncı aşırım”

 

-    Orta məktəb...
-    Orta oxmuşam. 8-ci sinifə qədər yaxşı oxuyurdum. Elə hey deyərdim ki, ya polis, ya hərbçi, ya da kinoaktyor olacam. Heç birinə razılıq vermədilər. Rəhmətlik qardaşım İnşaat Mühəndisləri İnstitutunda dərs deyirdi. Dedi ki, inşaatçı ol, çünki nə qədər həyat var, tikintiyə həmişə ehtiyac olacaq. Ancaq taledən qaçmaq olmaz, yenə də polisdə işlədim. Davalı, indi “Boevik” deyilən filmləri çox sevirdim. “Axırıncı aşırım” filminə yəqin mənim qədər baxan ikinci insan yoxdu. O qədər gözəl çəkiblər ki...

 

-    Subay olarkən çox yemək bişirmisiniz?
-    Yox əşi, ancaq son vaxtlar. Tələbə vaxtı kartof qızartmışam.

 

-    Yataqxanada qalırdınız? 
-    Xeyr, qardaşımgillə qalmışam. Ona görə də yemək bişirmirdim.

 

-    Paltar yumaqla da “dost” deyilsiniz?
-    Yox, amma bacarıram. Əsgərlik görmüşəm axı.

 

-    Bayaq söylədiyiniz kimi “Axırıncı aşırım” filmini çox sevirsiniz. Özünüzü hansı obrazda görmək istəyərdiniz?
-    O filmdə Qəmlo rolu çox xoşuma gəlir və çox təbii oynayır. Bir də Abbasqulu bəy rolunu deyərdim. Abbasqulu bəy deyir ki, “Gücünü arvadlara göstərirsən. Səni kişi bilirdim. Kişilərin heyfini arvaddan çıxmazlar”. Bu sözlər hamısı həyat tərbiyəsidir və mentalitetimizə uyğundur. Bəlkə başqa millətlərdə belə bir şey yoxdur. O obrazları çox bəyənmişəm.

 

-    Qəmlo ilə Abbasqulu bəyin qarşı-qarşıya gəldiyi epizodda qapı döyüləndə Qəmlo “kim lazımdır?” soruşarkən Abbasqulu bəy “evin kişisini soruşarlar” cavabını verir. Hər iki obrazı bəyənirsinizsə, bəs burada kimin tərəfindəsiniz?
-    Hər ikisi müsbət rol oynayır. Qəmlo Abbasqulu bəyin evə daxil olmaması üçün belə edirsə, qonaq “gəlmişəm və geri dönməyəcəm” mesajını verir. 

 

Şair...

 

-    Ramin müəllim, şeir yazmısınız?
-    Yazmışam.

 

-    Yəqin subay vaxtlarınızda yazmısınız.
-    Yooox (gülür).

 

-    Sizin bölgə saza və sözə həmişə həssas yanaşıb. Saz çalmısınız?
-    Çox olub.

 

-    Bəlkə yaxın insanların toyunda ifa da etmisiniz?
-    Yox, ancaq özüm üçün qəmlənəndə ifa etmişəm. 

 

-    Ümumiyyətlə, peşəkar olaraq saz ifaçısı olmaq istəyərdiniz?
-    İnanmıram, çünki böyük yığıncaqlar olanda utanıram.


-    Sirr deyil ki, Azərbaycanda müxtəlif vəzifəli şəxslər öz şeirlərini başqa imza altında dərc etdirirlər. Bəs sizin elə bir fikriniz olubmu? Məsələn, Aslan Şahgəldiyevin imzası ilə...
-    Yox, elə bir fikrə düşməmişəm. Nə kitab buraxmaq fikrim olub, nə də kiminsə imzası ilə bu şeirləri dərc etmək.

 

-    O şeirlərdən kimlərəsə oxumusunuz, yoxsa özünüzdə saxlamısınız?
-    Ara-sıra yaxın dostlarla hansısa məclisdə toplaşanda bəzilərini oxumuşam.

 

-    Təzadlı məqam ondan ibarətdir ki, sizin bölgənin insanları saz, söz və ədəbiyyata meyilli olan insanlardır, amma ictimai fiqur olmağa elə də meyilli deyilsiniz...
-    Heç vaxt ictimaiyyətdən qaçmıram, amma tam sərbəst də ola bilmirəm. İstər toylar olsun, istərsə də yığıncaqlar, həmişə istəyirəm ki, tez gedim oradan. Təbiətim belədi.

 

“Kənək qoz”

 (Ramin Musayev)


-    Belə bir məsəl var ki, övlad qoz ləpəsidisə, nəvə kənək qozdu. Onu çətinliklə çıxartdığına görə daha şirin olur. O “kənək qozunuz”a münasibətiniz necədir? Hiss edirsinizmi ki, o həqiqətən daha şirindi?
-    İnsan belə şeyləri valideynləri, nənə-babalarından eşidir. Nənə-babamı görməmişəm, amma rəhmətlik anamdan eşidərdim ki, nəvə şirindir. Bir dəfə sual verdim ki, nəvələrini çox istəyirsən, yoxsa məni? Dedi, səni.

 

-    Sizdə də elədir?
-    6 uşaqlı evin sonbeşiyi olmuşam. Hazırda nəvəm var. Ən çox istədiyim oğlan uşağıdır, amma yaman dəcəldi. Sadəcə, övladımı da ondan az istəmirəm. Belə bir fikrə gəlmişəm: nəvə ona görə şirindir ki, insan cavanlığında çox əziyyət çəkir, yəni ailə dolandırmaqla bağlı, evdə az olur. Nəvə olan vaxtda isə insan yaşlaşır və uşağa meyilli olur, cavan olarkən görmədiyi uşaq dadını yaşlaşanda çıxarır və buna görə də ona nəvə daha şirin olur. Nəvə nə qədər şirin olur-olsun, baladan şirin ola bilməz. Bu, şəxsi fikrimdir.

 

-    Geyim baxımından konservatorsunuz?
-    Bəli (gülür...). Müasir dövrə qalanda yaş da o yaş deyil, amma cavanlığımda da dar və gödək geyimləri xoşlamamışam. Həmişə rus demiş “solidnıy” geyinməyi xoşlamışam. Bəzən cins geyinirəm, amma onun da öz yeri var.

 

-    Övladlarınızın işinə çox müdaxilə edirsiniz? Bir deyim var ki, valideyn üçün övlad həmişə uşaqdır. Siz bu deyimlə razısınız? Yoxsa hesab edirsiniz ki, insan müəyyən dövrdən sonra müstəqil yaşamalıdır?
-    Əvvəldən həmişə seçim şansı vermişəm. Məsələn, qızım jurnalist olmaq istəyirdi. Qənirə Paşayevadan ilhamlanaraq ona həvəs gəlmişdi. Qızıma söylədim ki, seçim sənindir, amma çətin sənətdir. Yəqin ki, mənimlə razılaşarsınız. Xüsusilə qadın üçün daha da çətindir, çünki qadın sabah ailə həyatı quracaq. Ailə başçısı razı olacaqmı kimdənsə müsahibə almağına? Xarakteri fərqli olduğu üçün ona hüquq-mühafizəni yaraşdırdım. O da hüquqa qəbul oldu, amma onu məcbur etmədim, sadəcə, məsləhətləşmişdik. Həmçinin də oğlum. O, futbol oynayırdı. Bir gün ona dedim ki, futbolun sonu bilirsən nə olacaq? Məşqçilik. O da məşqçi işləməyəcəyini deyib futbolu bitirdi. Oğluma başqa sahəni məsləhət gördüm. Yəni heç birini məcbur etməmişəm, məsləhətləşib qərar vermişik. Bu gün də hansısa mürəkkəb məsələ olanda məsləhətləşirlər. Ümumiyyətlə, ətrafımda çox insana məsləhət vermişəm və heç biri də indiyədək uduzmayıb. Bu müsahibəni sonradan oxuyacaq olan tanışlardan heç kim deyə bilməz ki, Raminin sözünə qulaq asıb xeyir tapmamışam. Bu, mümkün deyil. Həmişə çalışmışam ki, doğru yol göstərim. 

 

-    Həddən artıq imkanlı şəxslər dəbdəbəni çox sevir. Söhbət azərbaycanlılardan gedir. Bu, nədən qaynaqlanır?
-    Yenə keçəcəyəm rus məsəlinə: “Аппетит приходит во время еды” (gülür).

 

- Azərbaycanca da versiyası var: “İştaha diş altındandır”.
- Müsahibəni oxuyanlar deyəcəklər ki, “pişiyin əli ətə çatmayanda deyir iylənib”. Şükürlər olsun ki, özümə görə imkanım var. Ətrafımızdakı insanlar sağ olsunlar, şərait yaradıblar, amma hər kəsin özünə görə dünyaya baxış bucağı və özünə görə fərqli zövqləri var. Məsələn, mən kimisə sevindirməyi xoşlayıram. Bir insan sevindirəndə 1 günü 1 il kimi sayıram. Xoşbəxt oluram ki, kimisə sevindirdim. Qaldı ki, insanların dəb məsələsinə, hamısı boş şeylərdir. Ona görə yox ki, mən o həddə çatmamışam. İstər varlı, istərsə də kasıbın o dünyaya özü ilə aparacağı kəfəndir. Qaldı ki, məndən sonra övlada qalacaqlara... Övladın bacarığı varsa, onun mənim var-dövlətimə ehtiyacı yoxdur. Ən yaxşısı hörmət və rəhmət qazanmaqdır. Xeyirxahlıqdan xoşum gəlir.

 

“200 nəfərlə İrəvanda oturmasam...”


-    İctimai nəqliyyatdan sonuncu dəfə nə vaxt istifadə etmisiniz?
-    Buyaxınlarda.

 

-    Avtobus, metro?
-    Türkiyədə tramvaya minmişdik.

 

-    Bəs Azərbaycanda?
-    Azərbaycanda təyyarə. (gülür)

 

-    Yəqin xatırlamırsınız...
-    Yox, yalan deyərəm.

 

-    "Qara kütlə"dən sanki ayrılmısınız. Hansısa vəzifəli məmurun ictimai nəqliyyatdan istifadə etməsi çox qəribə görünür. Sizə elə gəlmirmi stadionlardakı boşluqlar da bundan qaynaqlanır? Futbol məmurları kütlə arasında olmur. Məsələn, avtobusa minən şəxs baxacaq ki, Rövnəq Abdullayev, Ramin Musayev, Elxan Məmmədov avtobusdadır. Belə şeylər bizdə niyə baş vermir?
-    Lazım olarsa, mən avtobusdan istifadə edərəm. Əgər bilsəm ki, mənim ictimai nəqliyyatdan istifadə etməyim azarkeş sayının artmasına gətirib çıxaracaq, onda biz minərik. Amma bir dəfə ASAN-Xidmətə gedərkən avtobusdan istifadə etmişəm.

 

-    Tanıyan olub?
-    Hə, olub. Bəlkə də simam yaddaqalandır deyə elə bir məclis olmayıb ki, məni tanımasınlar. Əgər Rövnəq Abdullayev avtobusa minsə, gərək o mühafizə olunsun. Çünki ona çox insan yaxınlaşıb sual verə bilər. Ürəyiaçıq və mehriban insan olduğu üçün heç kimlə saymazyana davranmaz. Buna görə də o məcburdur ki, hamıya qulaq assın, amma belə olanda da həmin gün işə gedib çıxa bilməz.

 

-    Sözün məğzi odur ki, kütlə o məmurları ancaq televiziyada görür. 
-    Məni marketdə, meyvə alarkən və ya ümumiyyətlə, harada görürlər, yaxınlaşırlar. Elə bir insan deyə bilməz ki, Ramin müəllimə yaxınlaşdım, amma mənimlə söhbət etmədi. Elə bir şey mümkün deyil. Hamımız Allahın quluyuq. Vəzifə və "kreslo" müvəqqətidir.

 

-    Olubmu ki, hansısa vətəndaş futbolla bağlı sizə nəyisə təklif etsin? 
-    Bir dəfə polislərlə bağlı mənə yaxınlaşıblar. Onda “Gənclik” mtero stansiyasının yaxınlığında piyada gəzirdim və 2-3 nəfər polislərin yaşa baxmadan azarkeşləri incitdiyini söyləyib şikayət etdilər. Həmin dövr “Qarabağ” Tofiq Bəhramov arenasında çıxış edirdi. Onlara söz verdim ki, bunların qarşısını alacam. Səhlab Bağırov sağ olsun, görüşüb ondan xahiş etdim ki, insanları incitməmələri ilə bağlı tapşırıq verilsin. O da izah etdi ki, incitməzlər, amma həddini aşan azarkeşlər də olur. Hər halda, 3-5 nəfərə görə kütləni incitmək olmaz. 


-    Futboldan danışmasaq da, müsahibəni futbolla bitirmək istəyirəm. “Neftçi”nin vitse-prezidenti olduğunuz dönəmdə Ermənistan “Pünik”i ilə matçdan əvvəl də, gedişatında da, final fitindən sonra da davakarlığınızla seçilmisiniz. Qarşıdan gələn Millətlər Liqasında yenidən ermənilərlə rəqib ola bilərik. Artıq yaş o yaş olmasa da, həmin Ramin Musayev ola bilərsiniz? 
-    Ondan daha artıq da olaram. Vətənə, millətə hörmət qanımda var. Ana və ata tərəfi ayırmıram, amma ata babam özünə görə kişi olub və adı Nəsib olsa da, onu “Dəli Nəsib” kimi çağırıblar. 8 oğul, 7 qızı olub, elə-belə adam deyil (gülür). Babamın bütün gəlinləri ağa qızları olub. Onun hörməti olmasaydı, ona ağa qızı verməzdilər ki! Ana tərəfimə gəlincə isə mən onlar tərəfdənəm. Bu, bizim qanımızda var. 1988-ci ildə mən işə düzələndə orada ilk dalaşdığım Ararat Baqasyan olub. İşlədiyim sexin rəisi idi. Ona görə az qala məni xalq düşməni elan etməyə hazır idilər, mən erməni zabitini vurmuşdum. Bizim qonşuluğumuzdakı kənd erməni kəndi idi. Həmişə futbol oynayandan sonra nəticədən asılı olmayaraq dalaşırdıq. Onların psixologiyasını çox gözəl bilirəm. Moskvadakı oyunda da İlahidən mənə hiss gəlmişdi ki, 2 top fərqlə qalib gələcəyik.  Bu gün də qarşılaşsaq, məncə, yenə qalib gələrik, çünki hər sahədə onlardan güclüyük. Onların arxasında başqa dövlətlər olmasa, mən 200 nəfərlə İrəvanda oturmasam, kişi deyiləm. Bizdə oğlanlar var ki, zənciri dişləri ilə qırırlar. Biz qandan qorxan deyilik. Milli Qəhrəmanımız Mübariz İbrahimov neçə ermənini təkbaşına məhv etdi? Allah rəhmət eləsin, onun kimi oğlanlarımız var yenə. Biz sülhün tərəfdarıyıq. Hər şeyin zamana ehtiyacı var. İdman, hərbi, insanlıq baxımından onlardan güclüyük. Musiqimizi oğurlayırlar, amma deyirlər bizimdir. Sizin musiqiniz olub ki? Qismət olsun, göstərərik!


CEYHUN ƏLİYEV

23 Sentyabr 2018
22 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB