TOP 10

"Neftçi"nin cəlilabadlı "legioner"i: Futbolda bəxtinin gətirdiyini düşünən, millimizlə final mərhələsinə düşməyi arzulayan

Futbol
Tarix: 2018-03-31 15:00

Emin Mahmudov. Personası ətrafında uzun müddət müxtəlif müzakirələr aparılırdı. Bu gəncin Rusiyada boya-başa çatması, habelə həmin ölkədə kifayət qədər populyar olması Azərbaycan yığmasını seçəcəyinə ümidləri azaldırdı. Lakin Emin Rusiya, Portuqaliya kimi ölkələrdə klub karyerasını davam etdirsə də, millimizi üstün tutdu. İndi “ağ-qara” formanı daşıyır. Elə görüşümüz də “Neftçi”nin bazasında baş tutdu.

 

 

"Yazıldığı kimi Saatlıda yox, Cəlilabadda dünyaya gəlmişəm"

- Vikipediyada Saatlı rayonunun Krasnoselsk kəndində anadan olduğun yazılıb...

- Pasportda da belə yazılsa da, Cəlilabadda dünyaya gəlmişəm. Ordan dərhal Saatlıya köçmüşük. Atam ordandı, anam isə Cəlilabaddan. Saatlıya köçəndən sonra sənədləşmə oldu. 


- Yəni doğum haqqında şəhadətnamən ordan alınıb...

- Bəli.

 

- Ümumiyyətlə, Saatlıda olmusan?
- Bəli. Ancaq daha çox Cəlilabadda oluram. 3 yaşadək Saatlıda yaşamışıq. 

 

- Nə yadında qalıb? 
- Çox az şey. Kimisə yadda saxlamaq çox çətin idi. Məndən soruşurlar ki, kimisə xatırlayırsan? Deyirəm ki, yox. 

 

"Böyük qardaşlarım da futbola gedirdi, ancaq peşəkar oyunçu mən oldum"

 

- Orta məktəbi Rusiyada oxumusan. Bəs ora köçməyiniz necə oldu?
- Atam Rusiyada işləyirdi. Sonra bizi ora apardı. Ticarət sahəsində çalışır. 

 

- Futbola sevgin hardan yarandı?
- Heç bilmirəm də. Böyük qardaşım futbola gedirdi. 6-7 yaşımda mən də onunla getdim. Bundan sonra həyatım futbola bağlıdı.

 

- Ailədə neçə uşaqsınız?
- İki qardaş, bir bacım var. Böyük qardaşımdan sonra ortancıl qardaşım da futbola getdi. Ancaq peşəkar futbolçu yalnız mən oldum. 

 

- İlk məşqçin kim olub? Onunla bağlı xatirələrin necədi?
- İlk məşqçim Vitali Kislitsin olub. Onunla bağlı xatirələrim çox yaxşıdı. Uşaq futbolunda elə bir təzyiq yoxdu, oynamaqdan məmnunluq hissi duyursan. Böyük qardaşımla da futbol oynamışam. Çünki yaşadığım şəhərdə yaşıma uyğun qrup yox idi. Yalnız ordan getdiyimdən sonra yarandı. 

 

- Bu, neçə yaşında olub?
- 11 yaşımda. "Saturn"un futbol internatına getdim. Bunadək yaşadığım Zaralsk şəhərində məşq edirdim. Bu, Moskvaətrafı vilayətdə idi. Orda futbol oynamağa başladım. Valideynlərim indiyədək orda yaşayır. 

 

- Yəqin ki, "Saturn"a gedəndən sonra artıq hiss etdin ki, Emin Mahmudov peşəkar futbolçu ola bilər....
- Açığı, uşaq vaxtı başqa heç bir fikrim yox idi. Yalnız onu düşünürdüm ki, futbol oynayacağam. Sadəcə daim oynayırdım, düşünmürdüm ki, futbolçu olacağam ya yox.14-15 yaşımda düşünməyə başladım ki, futbolda nəsə etmək olar.  

 

"Saturn"da debütümdə 2 qoldan 1-ni "Xəzər Lənkəran"a vurmuşam"

- "Saturn"a gəlişin necə oldu?
- 6 ay baxışda oldum. İnternat 2004-cü ildə açılan kimi bizi qəbul etdilər və ilk buraxılış biz olduq. 

 

- Həmin vaxtdan səninlə birgə oynamış hansısa tanınmış rus futbolçuları xatırlaya bilərsən?
- Aleksandr Sapeta olub. Sonradan Premyer Liqada çıxış etdi, Moskva "Dinamo"su və digər klubların şərəfini qorudu. Sergey Brızqalov "Spartak"da forma geyindi. Bəziləri Premyer Liqada oynayır, ancaq elə də şöhrət qazanmayıblar. Birinci divizionda da birgə oynadığım çox futbolçu var. 

 

- Nə vaxt müəyyənləşdi ki, Emin Mahmudov mərkəz yarımmüdafiəçisi mövqeyində oynayacaq?
- Həmişə hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış etmişəm. Ya oyun qurucusu olmuşam, ya da iki hücumçu oynayanda ikinci hücumçu. Bütün karyeram boyu hücumameyilli oyunçu olmuşam. Ancaq zaman keçdikcə meydandakı mövqeyim baxımından geriyə çəkilirdim. Moskva "Spartak"ında ümumiyyətlə, məni sırf dayaq yarımmüdafiəçisi kimi oynadırdılar. Bundan sonra bir neçə komandamda da bu mövqedə oynamışam.İlk komandalarımda isə ya cinah yarımmüdafiəçisi olmuşam, ya da hücumameyilli. 

 

- Ümumiyyətlə, hansı mövqedə oynamaq rahat idi?
- Dəqiq deyə bilmərəm. Yəqin ki, hardasa hücuma yaxın, nəinki müdafiəyə. 

 

- "Saturn"un əsas komandasına yolun necə düşdü?
- 17 yaşımda əsas komandaya cəlb olundum. Məni əvvəlcə əvəzedicilərə Andrey Qordeyev dəvət etdi. O, həmin vaxt bu komandanın baş məşqçisi idi. Məndən savayı daha 2 həmyaşıdımı dəvət etmişdilər. O vaxt 16 yaşımız var idi və bizi dərhal əvəzedicilərə götürdülər. Bundan yarım il sonra Qordeyev əsas komandaya baş məşqçi getdi. Növbəti il o, məni əsas komandayla təlim-məşq toplanışına götürdü. Yavaş-yavaş əvəzetmədən meydana daxil olurdum, tədricən əsas heyətə düşməli idim.Ancaq zədə aldım və bərpa olunmağıma vaxt getdi.Tam sağalandan sonra məni dərhal əsas komandaya götürdü və oyuna buraxdı. 

 

- Əsas komandada debütünü necə xatırlayırsan?
- Normal olmuşdu. Debütümdə fərqlənmişdim.Antalyadakı qış təlim-məşq toplanışında 2 qol vurmuşdum. Maraqlıdır ki, bu qollardan birini "Xəzər Lənkəran"a, Kamran Ağayevin qoruduğu qapıya vurmuşdum. Sonradan Kamranla "Boavişta"da komanda yoldaşı olanda bunu xatırlayırdıq. 

 

"Azərbaycanlı futbolçuların xaricdə problemi mentalitetdədi"

- Nə qədər həyatın, futbolçu karyeran Rusiyaya bağlı olsa da, damarında azərbaycanlı qanı axır. Həmyerlilərimiz dolğun legioner həyatı yaşaya bilmirlər Bunu nə ilə əlaqələndirərdin?Daha çox səbəb odur ki, günlərini keçirmək üçün kitab oxumağı sevirmirlər, yoxsa?
- Məsələ oxumaqda yox, mentalitetdədi. Biz azərbaycanlılarda mentalitet bir az fərqlidi. Mən Portuqaliyaya gedəndə, ilk vaxtlarda ehtiyatda otururdum. Ancaq əlimi yanıma salmırdım, işləməkdə davam edirdim. Dərhal demədim ki, vəssalam, gedirəm. Bəzən məndə də mentalitet öz sözünü deyir, ruhdan düşürəm. Ancaq Portuqaliyada gördüm ki, ehtiyatda oturan futbolçular ruhdan düşmürlər, gərgin çalışmaqda davam edirlər, inanırlar ki, nəsə yaxşılığa doğru dəyişiklik olacaq. Rusiyada da belədi, Avropada da.Ancaq Azərbaycanda başqadı. Səni oynatmırlarsa, dərhal qərar verirsən ki, baş məşqçi mənə inanmır, beynini bununla yükləyirsən, məşq etmirsən  Avropada isə öz işlərinə daha peşəkar yanaşırlar. 

 

- Bəs rejim necədi?
- Deməzdim ki, güclü fərqlənir. Rusiya və Azərbaycan ümumiyyyətlə, heç nə ilə fərqlənmir. Avropaya gəlincə, deməzdim ki, çox böyük fərq var. Sadəcə, məsələ onların necə işləməyindədi. 

 

- Rejim deyəndə, bunun pozulmasını nəzərdə tuturduq...
- Hamımız rejimdə idik. Pozuntular hər yerdə olur. Rusiyada da belədi, Avropada da, burda da. 

 

- Bəs bu pozuntulara baş məşqçinin reaksiyası necə olur?
- Hətta Rusiyada bu, fərqli olur. Hər şey məşqçidən asılıdı ki, o, buna necə reaksiya verə, vəziyyəti necə idarə edə bilər.

 

"Krılya Sovetov"da ehtiyatda peşenye ilə çay içdiyim zamanı baş məşqçi mənə dedi ki, get, oyuna girməyə hazırlaş"

- "Neftçi"yə qədər çıxış etdiyin klublarda ən yaddaqalan hansı kuryoz hadisə olub?
-  Kuryoz bir dəfə məndə olub, "Krılya Sovetov"da oynayanda. Bu komandaya yeni baş məşqçi gəldi.Onunla "Saturn"da birgə işləmişdim. Bunadək oynamışdım və fikirləşdim ki, bu, şansımdı və yenidən oynamağa başlayacağam.İlk matçda 23 nəfərlik iştirak ərizəsinə düşmədim. Baş məşqçiyə yaxınlaşaraq ondan nə baş verdiyini soruşdum. Onda icarədə oynayırdım. Bunu diqqətimə çatdıraraq məni oynatmağın mənasız olduğunu qeyd etdi. Mən də vəziyyətlə barışdım. İcarə müqaviləmin başa çatmasına 5 ay qalırdı. Baş məşqçinin sözündən belə çıxırıdı ki, bu müddətdə oynamayacağam. Bəs nə edim? Bu 5 ayda başqa yerə gedə bilməzdim, oyun praktikasından məhrum olacaqdım. Əvvəlcə əlimi yanıma saldım, ancaq sonradan çox məşq etməyə başladım. Hətta lazım olandan da artıq. Deyirdim ki, nə fərqi var, onsuz da oynamayağacam, heç olmasa özüm üçün məşq edim. 4 ay keçdi və bir futbolçumuz zədələndi. Mən isə artıq əşyalarımı toplamışdım, evə qayıtmağa hazırlaşırdım. Çünki artıq icarəm bitirdi, cəmi 3 oyunumuz qalmışdı. İştirak ərizəsi geniş olduğundan, bəzən adım düşürdü. Həmin son oyunların biri - "Ural"la qarşılaşma idi, ilk hissə bitirdi. Futbolçular ikinci hissəyə çıxırdılar. Hava da soyuq olduğundan içəri daxil oldum, çay götürüb peçenye ilə içirdim. Bilirdim ki, artıq oynamayacağam. Əlimdə çay ehtiyat oyunçular skamyasına döndüm. Gördüm ki, "Ural"ın futbolçusu baş məşqçisiylə görüşməyərək birbaşa paltardəyişmə otağına yollandı. Buna təəccüblü baxdım. Bir neçə dəqiqə sonra başa düşdüm ki, onu meydandan qovublar. Bu zaman telekameralar məni əlimdə çay çəkiblər. Şərhçi bunu görərək deyib ki, “baxın, Emin Mahmudov əlində buterbord meydana qayıdır”. Oynamadığımı heç düşünmədiyim bu matçda baş məşqçi mənə işarə etdi ki, get, hazırlaş. Fikirləşdim ki, bu, adi isinmə hərəkətləridi. Ancaq belə olmadı, final fitinə 20 dəqiqə qalmış meydana daxil oldum və qol vururuq. Son dəqiqədə künc zərbəsindən sonra zərbəm qapı tirinə dəydi. Hamı razı qaldı, hər kəs istəyirdi ki, komandada qalım. Növbəti oyunda artıq əsas heyətdə meydana çıxdım. Halbuki, oyunöncəsi bu, elan olunmamışdı. Sadəcə, baş məşqçi taktikanı başa salanda dedi ki, Mahmudov mövqeyini dəyişəcək. Mən da başımı qaldıraraq təəccüblə öz-özümə dedim ki, “hansı Mahmudov?”Sonra da özümə sual verdim ki, “məgər bizdə başqa bu soyadlı futbolçu var ki? Tək özüməm”. Beləcə əsas heyətdə meydana çıxdım, "Krasnodar"la oynayırdıq, qalib gəldik. Baş məşqçimiz oyundan sonra dedi ki, ən yaxşı futbolçumuz Emin Mahmudov idi. Yaxınlaşıb mənə dedilər ki, səni "Spartak"dan birbaşa alırıq. Mən də cavab verdim ki, 5 aydı burda ehtiyatda otururam, heç kim məni istəmirdi, bir matç hər şeyi dəyişdi. 

 

- Yəqin ki, oyun vaxtı çay içmək lazım idi...
 - (gülür) Elədir. Həddindən artıq arxayınlaşdım, sonra çayla hər şey qaydasına düşdü… 

 

- Karyeran ərzində hansı klubda özünü daha inamlı hiss edirdin?
- Yəqin ki, "Saturn"da. Çünki yanımda çox təcrübəli futbolçular var idi. Mənim isə cəmi 17 yaşım var idi. Həmişə onlar mənə düzgün yol göstərirdilər. Tanınmış futbolçu Vadim Yevseyev komanda yoldaşım idi. O, mənə sərt oynamağı məsləhət görürdü. Bir sözlə, hamı mənə dəstək olurdu, mənə orada çox rahat idi. Üstəlik, "Saturn"un bazasının çox böyük rolu oldu. O, bərpa olunmağıma çox kömək olurdu, yaxşı məşq edə bilirdim, "tennisbol" oynayırdıq. "Saturn"da özümü çox yaxşı hiss edirdim. 

 

"Demək olmaz ki, biz gəldik, Pele, Maradonaydıq, dərhal millini gücləndirəcəyik"

- Rusiyada karyera yaşayarkən bu ölkənin əsas yığmasına cəlb olunmaq perspektivin var idi. Həlledici addımı necə atdın, necə oldu ki, Azərbaycan vətəndaşlığını qəbul edərək bu yığmanı seçdin?
- Həmişə istəyirdim ki, gedib Avropada özümü sınayım. Rusiyada legioner olmaq isə sərf etmirdi. Çünki onsuz da Rusiya pasportuyla oynamırdım, əcnəbi olsam işim daha çətinə düşəcəkdi. Ona görə də Avopaya getsəm, vətəndaşlığı dəyişməyə razılıq verəcəkdim."Boavişta"ya keçmək variantım oldu. Bunu dəyərləndirdim və Azərbaycan yığmasını seçdim. 

 

- Razılaşaq ki, Rusiya və Azərbaycan yığmaları eyni deyil...
- Əlbəttə, böyük fərq var. Rusiya yığmasına düşmək hədindən artıq çətindir. 

 

- Potensialınız Rusiya milllisinə düşməyə imkan verərdimi?
- Söhbət potensialdan getmir. Daim oynasaydım, başqa məsələ. Hər klubda yeni baş məşqçi, yeni ideyalarla qarşılaşırdım. Lazımsız vaxtda "Kırlya Sovetov"da o qədər zədə aldım ki, karyeram boyu bu qədər olmamışdı. Oynamağa başlayırdım, ayağımı zədələdim, 1 il buraxdım. Daim zədə əngəli qarşıma çıxırdı.Ruisya yığmasına düşmək şansı olardı. Bunun üçün klubumda daim oynamalı idim. Narahat deyiləm ki, niyə bura gəldim, ora düşə bilərdim. Heç vaxt bu haqda düşünmürəm. 

 

- Onu əminliklə deyirik ki, Azərbaycan millisində Emin Mahmudov, Ramil Şeydayevin peyda olmasından sonra dərhal belə müqayisələr aparıldı ki, bəli, yığmamız qat-qat güclü olacaq. İnciklik kimi qəbul etmə, ancaq siz millimizi gücləndirmədiniz...
- Bəli. Əlbəttə, bu fikirlə razıyam.

 

- Bunun səbəbi, sirri nədir?
- Demək olmaz ki, biz gəldik, Pele, Maradonaydıq, dərhal millini gücləndirəcəyik. Biz təxminən eyni səviyyədə futbolçularıq. Mümkün deyil ki, 2-3 futbolçu dərhal millini "Top komanda" etsin. Həmin Riçard Almeydanı götürək. Məgər o, pis futbolçudu? Yox, əksinə, çox yaxşı futbolçudu, Rusiyada da oynaya bilərdi. Yığma onunla irəli getdi. Ancaq çox yox, azca. Hər şey komandadan asılıdı. Komanda irəli gedəndə, futbolçular da artırır. Demək olmaz ki, biz gələn kimi milli dərhal çox irəli gedəcəkdi. Azərbaycanda həmişə çox gözlənti var. Ancaq real baxmaq lazımdı. 

 

"Şeydayevə elə bir yaxşı komandaya düşmək lazımdı ki, ona inansınlar"

- Ramillə bağlı səninn də fikirlərini öyrənmək istərdim. O, Rusiyada parlayırdı, Avropa çempionatında uğurla çıxış etdi, qalib, bombardir oldu. Ona böyük ulduz olmağa nə mane olur? Bu, bəxtsizlikdi, yoxsa nədi ki, bu qədər davam etsin?
- Şeydayev yeniyetmə vaxtında parladı. Bu yaşda futbolçu böyük yaşdakından fərqlənir. O, Rusiya I divizionuna yaxşı gəldi, qollar vurmağa başladı. Çox faktor var ki, öz təsirini göstərir. İnsan zəhmətkeşdi, çox şey edir. Bilirəm ki, Ramil çox çalışır, oynaması üçün hər şey edir. Bəzən baş məşqçi başqa taktiki sxem görür. Deyir ki, o, oyun üslubuma uyğun futbolçu deyil, onun mövqeyində başqa futbolçunu görür. Mən belə halla üzləşmişəm. Komandada mənə deyirlər ki, sən oynamalısan. Ancaq baş məşqçi görür ki, ona mən yox, başqa xarakteristikada futbolçu lazımdı. Məsələn, Portuqaliyada baş məşqçim mənə deyirdi ki, sən çox xoşuma gəlirsən, ancaq bu mövqedə mənə səndən daha müdafiəyəmeyilli oyunçu lazımdı. Belə vəziyyətdə nə edə bilərəm? Bir günə dəyişib daha müdafiəyəmeyilli yarımmüdafiəçi ola bilmərəm ki…Ona görə hər şey baş məşqçidən asılıdı ki, onun futbola baxışı necədi. Ramildə də belə vəziyyət yaranıb ki, ola bilsin, baş məşqçi onun mövqeyində başqa futbolçunu görür, ona fərqli oyun üslubu lazımdı. Təəssüf ki, Şeydayev “Qarabağ”da az oynayır. Əlbəttə, onun yaxşı göstəriciləri var. Sadəcə, elə bir yaxşı komandaya düşmək lazımdı ki, ona inansınlar. Bunun nəticəsində daim oynayacaq.

 

- Hər ikiniz Rusiya futbol məktəbinin yetirməsisiniz. Emin Mahmudov Ramil Şeydayevlə eyni klubda çıxış etmək, onu toplarla “yemləmək” istərdimi? Ramil sənin oyun üslubuna uyğun hücumçudu?
- Hücumçu üçün ən əsas məsələ qol vurmaqdı. Bəzən olur ki, yaxşı ötürmə verirsən, ancaq forvard bunu qolla dəyərləndirə bilmir. Elə də olur ki, uğursuz ötürmə verirsən, ancaq topu qapıdan keçirir. Şeydayev gəlsə, birgə oynasaq, buna “hə” deyərəm. Ramillə komanda yoldaşı olmağa sevinərəm. Mənim üçün problem deməzdim, fərqi yoxdu ki, kiminlə oynayım. Məsələn, “Neftçi”də gənc hücumçumuz var, Mirabdulla Abbasov. Onunla birgə oynamaq mənə rahatdı. Ramil olsaydı, onunla oynamağa şad olardım. 

 

- Portuqaliya, Rusiya və Azərbaycan arasında paralellər aparsaq, ola bilər ki, karyeranda hardasa səhv buraxdın?

- Ola bilər. Ancaq əksinə, bəxtimin də gətirməsi mümkündü ki, futbolçu kimi üzə çıxdım. 

 

- Əlbəttə..

- Çünki 1000 uşaq oynayır, ordan biri futbolçu çıxır. Biz oynadığımız vaxtda elə istedadlı futbolçular vardı ki, mən fərqlənmirdim. Düşünürdüm ki, onlar yüz faiz futbolçu olacaqlar. Ancaq sonda elə oldu ki, bəziləri ümumiyyətləfutbolla vidalaşdı. Ola bilər ki, onların bəxti gətirmədi, onlarda məndə olan şans olmadı. Bəxtim gətirdi ki, “Spartak”da oldum. “Saturn”da mənə şans verdilər və heç də pis səviyyədə oynamadım. “Spartak”, “Lokomotiv”, “Dinamo” kimi klublardan təklif almaq mənim üçün çox sevindirici idi. Ona görə bəxt məsələsinə birmənalı yanaşmaq olar və zamanı geriyə qaytarmağın mənası yoxdu. Əksinə, irəli baxmaq lazımdı. Artıq keçmişdən heç nəyi qaytara bilməzsən.

 

"Azərbaycan mətbəxinə uyğunlaşmağım qətiyyən problem olmadı"

- Avtomobil sürürsən?

- Bəli.

 

- Hansı marka?

- “Volkswagen Polo”. 

 

- Elə olur ki, bir yerə getməyi planlaşdırırsan və birdən fikrini dəyişərək sükanı əks istiqamətə çevririrsən…

- Bəli, belə hallar olur.

 

- Onda biz də belə edək və istiqamət Azərbaycan mətbəxi olsun. Buna adaptasiya olmaq çətin olmadı? Hər halda, bizdə daha yağlı yeməklər olur…

- Qətiyyən problem olmadı. Əksinə, yaxşı oldu. Rusiyada, Portuqaliyada yediyim qidalar spesifikdi. Bu, az yağlı yeməkdi, onu restoranda yeməzsən. Daha çox balıq yeyirəm. Bu mənada mətbəxə uyğunlaşmaq asan oldu. Yağlı yeməyə gəlincə, evimdəki də hər halda, Azərbaycan ailəsidi (gülür). Onlar da tez-tez milli yeməklər hazırlayırlar. Ona görə də elə böyük problem deyil. 

 

-  Valideynlərinlə sonuncu dəfə nə vaxt görüşmüsən?

- Yaxında. Qış fasiləsində bizi istirahətə buraxdıqları zaman. 

 

- Deməli, 2-3 ay sənin üçün uzun müddət sayılmır…

- Bəli. İnternatda olduğum zaman ata-anamı 4 ay görmürdüm. Onların gəlməyə imkanı olmurdu. Hərçənd, yaxında yaşayırdıq. Avtomobillə 1,5 saatlıq yol idi. Əvvəllər avtomobil yox idi, iş də çox, valideynlərim yanıma gələ bilmirdi. Nəticədə 4 ay onların üzünü görə bilmirdim. 

 

- İşimizlə əlaqədar azərbaycanlı futbolçularla tez-tez ünsiyyət qururuq. Valideynlər üçün darıxmadığını, vəziyyətlə barışmalı olduğunu qeyd edərsən. Bəlkə bununla bağlı öz futbolçularımıza, komanda yoldaşlarına bunun sirlərini açardın, bunun reseptini təqdim edərdin: necə etmək olar ki, valideynlərsiz həyata öyrəşəsən?

- (gülür) Bunun resepti yoxdu. Məsələn, bizim internatda elə uşaqlar vardı ki, valideynlərini görmədiklərinə görə ağlayırdılar. Məndən soruşurdular ki, məgər sən darıxmırsan? Deyirdim ki, darıxıram, ancaq burda mənim üçün hər şey var. İnternatda futbol oynayıram, məktəbə gedirəm. Başım bunlara qarışmışdı. Əlbəttə, çox darıxdığım vaxtlar da olurdu. Ancaq ağlamaq, evə getmək istəmək – belə şeylər heç vaxt olmurdu. 

 

"Futbolçu həyatım boyu "Spartak" istisna olmaqla hər yerdə pul gecikməsi olub"

 

- Bir müddət öncə belə informasiya yayıldı ki. “Neftçi”də uzun müddət maaş almırdınız. Burdan iki sual yaranır. Əvvəla, hardan pulu götürürdünüz, yəni əvəvlki qazanıb yığdınız hesabına dolanırdınızmı? İkincisi də, bəlkə kimsə sizə borc pul verirdi ki, alanda qaytararsınız?

- Futbolçu həyatım boyu hər yerdə pul gecikməsi olub. Yalnız “Spartak”dan başqa. “Mordoviya”da yalnız 1 il sonra pullarımı ala bildim. Şikayət etdim və mənə çatacaq məbləği bundan sonra ödədilər. “Saturn” iflas oldu. Əvvəllər bu problemin olacağını nəzərə almırdım və buna görə çətinliklərim olurdu. Nəticədə borc götürməli olurdum. İndi daha ağıllı tərpənirəm, hər şeyi ölçüb-biçirəm. Əlimdə olan pullardan istifadə edirdim. Maaşların yubanması artıq tam həllini tapıb. Problem sənədləşdirilməsində idi kİ, bu, yoluna qoyuldu.

 

- Bu problem oyununuza təsir göstərə bilərdimi?

- Yox. “Mordoviya”da olduğu kimi, mənə hər gün desəydilər ki, sabahı gözlə, olacaq, vəd edib buna əməl etməsəydilər, - başqa məsələ. Bizə söyləyirdilər ki, pullar şəhərdədi, gözləyin, yaxında hesablarınıza köçürəcəklər. Ancaq son nəticə belə olurdu ki, iki ay pul olmurdu. Əlbəttə, belə qeyri-ciddi yanaşmanı görəndə, oyunuma təsir göstərə  bilərdi. Deyə bilərdim ki, niyə məni aldadırsınız? Ancaq “Neftçi”də mənə vəziyyəti, problemi tam başa saldılar, hər gün ehtiyaclarımı soruşurdular. Mən də bunu anlayışla qarşılayırdım, sakit münasibət göstərirdim, heç bir narahatçılığım yox idi. Peşəkarlıq baxımından oyunuma heç bir mənfi təsir göstərə bilməzdi. 

 

- Hesab edirsən ki, “Qəbələ”yə səfərdə 2:1 hesabı ilə qalib gəldiyiniz matçda yalnız bir epizodda özünü göstərdin?

- Bu oyunda yaxşı ki, qırmızı vərəqə almadım (gülür). Hərçənd, buna çox yaxın idim. Çoxlu qayda pozuntuları edirdim. Oyunum haqqında öz fikrim var. Bəzən insanlar deyirlər ki, çox yaxşı oynadın, ancaq bununla razılaşmıram. Məsələn, Qəbələdəki matçda yaxşı oynamadığımı düşünürəm. Sadə səhvlərə yol verirdim, düzgün ötürmə vermiridm, hansısa mübarizələri uduzurdum. Ancaq hərdən elə qarşılaşmalar olur ki, deyirlər, meydanda heç nə etmədin. Ancaq özüm görürdüm ki, komanda üçün faydalı iş əmsalım yaxşı olub. Hansısa yaddaqalan ötürmə verməsəm də, komandama xeyrim dəyib. Onagörə oyunuma ayrıca qiymətləndirməm var. 

 

- Bu fikrində bizə “əlcək atırsan”. Çünki Sport24.az həmin turun qəhrəmanı kimi məhz Emin Mahmudovu seçmişdi…

- (gülür) Elə olur ki, kənardan oyunumu yaxşı qiymətləndirirlər. Ancaq yadımda qalan odu ki, yaxşı ötürmə verə bilərdim, ancaq uzun müddət fikirləşirdim. Elə oyun olur ki, dəniz səviyyəsindən yüksəklikdə olur, yaxşı nəfəs ala, meydanı yaxşı görə bilmirəm. Ancaq məsələn, “Zirə”yə kubokda 2:0 hesabı ilə qalib gəldiyimiz matçda meydanı çox yaxşı gördüyümü hiss edirdim. Qəbələdə isə bunu hiss etdirmirdim. Buna görə də düşünürəm ki, həmin matçda daha yaxşı çıxış edə bilərdim. 

 

"Oyunu öz üzərimə götürməyi düzgün saymıram, çünki..."

- Elə isə kritik məsələlərə toxunaq. Emin Mahmudov hansı komponentlərdə artırmalıdı?

- Sürətdə. Ancaq indi bunu artıra bilməzsən. Daha çox qapıya zərbə vurmalıyam. Elə vəziyyətlər olur ki, zərbə vurmağa imkan tapmıram. Komanda yoldaşlarımı zərbə mövqeyinə çıxarmaq üçün ara, uzun ötürmələri çox etməliyəm. Ancaq hələ bu keyfiyyətlərim yoxdu. 


- Sənə elə gəlmir ki, oyunu öz üzərinə çox az götürürsən?
-  Yox. Mənə deyirlər ki, oyunu öz üzərinə götür. Ancaq hesab etmirəm ki, bunu edərək kimisə keçə bilərəm. Görsəm ki, bunu sürətim, texnikam hesabına edə bilərəm, reallaşdıraram. Məsələn, “Neftçi”dəki komanda yoldaşım Namiq Ələsgərov bunu edə bilər. Bu, onun üstün cəhətidi və bundan istifadə etməlidi. Məndə bu keyfiyyət yoxdursa, niyə edim? Bəli, hərdən rəqibi keçə bilərəm. Ancaq start sürətini nəzərə almaq lazımdı. Bu, səndə əvvəldən necədirsə, elə olur. Mən tez fikirləşərək ötürməni tez verə bilərəm. Bu, mənim üçün daha vacibdi, nəinki oyunu öz üzərimə götürüm. 


- İqor Ponomaryovun oyunlarının heç olmasa videoyazılarını görmüsən?
-  Yox. Yalnız onun haqda eşitmişəm.


-  Sən o futbol haqqında danışırsan ki, Ponomaryov 80-ci illərdə nümayiş etdirirdi. O, daha çox dəqiq ötürmələriylə seçilirdi. Oyunu öz üzərinə götürmürdü, çünki bir az ağır idi. Yaxşı, onda “Neftçi”dəki komanda yoldaşın Derlis Meza Kolini götürək. Aşkar görünür ki, onun artıq çəkisi var...
- Yox, Derlis artıq çəkiyə malik deyil. Onu formasız görsəniz, qətiyyən artıq çəkiyə malik olmadığına şahid olarsınız. Hətta mənim artıq çəkim var, ancaq Meza Kolinin yox (gülür).


- Yəni deməyimiz odur ki, Derlis meydanda həddən çox ləng hərəkət edir.
-  Belə deyə bilmərəm. Bu, sizin şəxsi fikrinizdi. 


-  “Neftçi”də iki mərkəz yarımmüdafiəçisi var ki, biri oyunu öz üzərinə götürmək istəmir, digərinin isə fiziki göstəriciləriylə bunu etmək rahat olmayacaq. Üstəlik, daha müdafiə planında çıxış edir. Bu qədər keyfiyyətdə oyunçu sizə çox deyil?
- Yox. Deyərdim ki, bizim fərlqi oyun keyfiyyətlərimiz, güclü tərəflərimiz var. Derlis yerində rəiqbi aldadır, oyunu çevirir. Mən isə irəli istiqamətlənmişəm. Meydanın mərkəzində az futbolçu imkan verər ki, onu aldadasan. Bunu etməyə cəhd edərsən, topu itirərsən. Ona görə çox təhlükəlidi, çünki qapına tərəf əks-hücum yarada bilərsən. Bu üzdən meydanın mərkəzində ağıl lazımdı, nəinki hansısa oyun keyfiyyətləri. Birini aldada bilərsən, digəri yanındadı. Cinahda topu itirsən, bu, o qədər təhlükəli deyil. Ancaq mərkəzdə tam başqa vəziyyətdi. Mən daha çox hücumameyilli yarımmüdafiəçiyəm, Derlis isə daha çox müdafiəyəmeyilli. Fərqli vəziəflərimiz olduğundan bir-birimizə mane olmuruq. 


- Turnir cədvəli sizə təzyiq yaratmır?
-  Əlbəttə, turnir cədvəlində yerimiz, yüksək yerlərdə olmamağımız yaxşı deyil. Ancaqonu da görürəm ki, indiki yerimizdən yuxarı qalxa, oyunumuzu artıraraq daha yaxşı edə bilərik. Sadəcə, daha çox işləmək, buna can atmaq, uğura inanmaq lazımdı.


- Vəziyyət belədi ki, millimizə daha çox “Qarabağ”dan futbolçu cəlb olunur. Sonra “Neftçi” gəlir. Hərçənd, son təlim-məşq toplanışında daha çox futbolçu sizdən vardı. Özü də oyun keyfiyyətlərinə görə yetərincə simpatiya bəslənilən futbolçularsınız. Komandanın start heyətinin yarıdan çoxu milliyə cəlb olunur. Belə çıxır ki, “Neftçi”də hər şeyi korlayan legionerlərdi?
- Yox, belə deməzdim. Ola bilər ki, Azərbaycan futbolunun səviyyəsi zəifdi, məsələ bundadı. Demək olmaz ki, 6 milli futbolçumuz var, hər şey düzəldi. Özü də çoxumuz da yığmada oynamırıq axı. Əsas heyətdə 6-mız da yer almırıq ki... Demək olmaz ki, milli futbolçularımız çoxdursa, “Neftçi” Premyer Liqada 2-ci olmalıdı. Sadəcə, elə vəziyyət yarandı ki, çempionata çox pis başladıq. Startda çox xal itirdik. İlk 5 oyunda cəmi 1 xal yığdıq. Hazırda turnir cədvəlində yuxarıda olmamağımıza təsir göstərən bir sıra komponentlər var. Ancaq yüksək yerlər uğrunda mübarizəmizi davam etdirəcəyik. Buna birgə səy edə bilsək, sonda nəsə yaxşı şey alınacaq.

 

 

"Boavişta”nın fanatları hansısa cəhətləriylə “Neftçi”ninkilərə bənzəyir"
 

-  Bir məsələylə bağlı da paralel aparardın. Azərbaycan, Rusiya və Portuqaliya azarkeşi. Onları necə müqayisə edərdin?
-  Məsələn, “Boavişta”nın fanatları hansısa cəhətləriylə “Neftçi”ninkilərə bənzəyir. Çünki onların da hansısa təsiri var. O vaxt ardıcıl 2 oyun uduzduq, “Boşavişta”nın azarkeşləri gəlib bizimlə danışmaq istəyirdilər. Bizi bir araya gətirdilər, söhbətləşdilər, iradlarını bildirdilər. Hətta hər 2 klubun rəngi də eynidi – ağ-qara (gülür).Onların fanatları da sadiqdi. “Boavişta”nı hansısa korrupsiya qalmaqalından sonra 3-cü və ya 4-cü diviziona göndərdilər. Buna baxmayaraq, azarkeşləri sonadək komandanın arxasında durdular, oyunlarına getdilər. Bizim fanatlar da belədi. Pis çıxış edəndə də stadiona gəlirlər, yaxşı oynayanda da. “Neftçi” turnir cədvəlində 7-ci yerdə olanda da onu stadionda tək qoymadılar. Gəlib oyununa azarkeşlik etdilər. Məhz bununla əsl azarkeşlər digərlərindən fərqlənir. Hansılar ki, yaınız komanda qalib gələndə azarkeşlik edir. Bu, ən asan yoldu. Çətini komanda uduzanda onun arxasında durmaqdı. 

 

-  Daha çox tələbkar olan, söyən azarkeşləri stadionda görmək yaxşıdı, yoxsa heç bir şey qışqırmayan, sakit fanatları?
-  Bilirsiniz, azarkeşlər haqlı olaraq tənqid edirsə, əlbəttə, buna düzgün yanaşmaq lazımdı. Onlar elə-belə tənqid etmirlər, komandanın uğurlu çıxışı üçün bunu edirlər. Yoxsa azarkeşlik etdiyin komanda uduzdu, olsun da, çıxıb gedir evə. Əlbəttə, belə də yaxşı deyil. Mənim özümə pis o  təsir edir ki, kimsə öz işinə can yandırmadan yanaşır. Ancaq başqa cür də olur. Məsələn, “Krılya Sovetov”da oynadığım zamanı matçda 5-ci dəqiqə gedir və azarkeş qışqırır ki,  “oyna da, ötürmə ver, meydana niyə çıxmısan?” Axı hələ 5-ci dəqiqə gedir, bir az səbr elə də, heç olmasa 30-cu dəqiqə olsun, onda qışqır. Belə azarkeşlik neqativdi. Ancaq nəticəyə baxmayaraq sonadək dəstəkləyən, daim bizimlə olan azarkeşlərə tamam başqa cür yanaşırsan. Nəinki stadiona gəlsin, komanda vecinə olmasın. Daim stadiona gələn, sonadək dəstəkləyən, bunun qarşılığını tələb edən azarkeşləri qəbul edirəm. Məsələn, elə alınır ki, uduzursan, ancaq qələbə üçün meydanda hər şeyini qoyursan. Sadəcə, istədiyin futbol, nəticə alınmadı. Bu zaman niyə tənqid edəsən ki...Ancaq “yolaverdi” olanda tənqidin yeri var.


-  Azarkeşlərdən nə vaxtsa hədə-qorxu formasında SMS, yaxud telefon zəngi almısan ki, bu, nə futboldu? Və ya səni “razborka”ya çağıran olub?
-  Yox. Mənim nəinki Azərbaycanda, heç vaxt azarkeşlərlə problemim olmayıb. Həmişə mənə normal yanaşıblar. Nə mən onların ünvanına nəsə pis şey söyləmişəm, nə də onlar mənin ünvanına. 

 

- Hətta ünvanına tribunadan hansısa qışqırma da olmayıb?
- Kollektiv şəkildə yox. Ancaq “sən niyə meydana çıxmısan” qışqırmaları hər yerdə olur (gülür). 


- Buna reaksiya verirdin? Çünki bizdə elə olur ki, futbolçu üzünü tribunaya tərəf tutaraq azarkeşlə dialoqa girə bilər...
- Yox, heç vaxt reaksiya verməmişəm. Sadəcə, elə olur ki, əvəzedicilərdə oynayanda kimsə sənə qışqıranda, ona baxıb demişəm ki, sakit ol, nəyə qışqırırsan. Ancaq münaqişə heç vaxt olmayıb. 

 

- Maraqlıdı, atan “Neftçi”nin azarkeşi olub, yoxsa?
- O, oyunlarıma baxır, ancaq elə də futbol azarkeşi deyil. Futbol onun maraq dairəsi deyil. Daha çox böyük qardaşım maraqlanır. 


-  Mütəmadi?
-  İmkan daxilində.


- Tənqid edirmi səni?
- Elə də olur. Deyir ki, meydanda çox fikirləşirsən, tez oyna.

 
 

"Həyat yoldaşım azərbaycanlıdı, bir toyum Moskvada, digəri Cəlilabadda olub"

- Ailə həyatı qurmusan. Bunu Azərbaycanda etmisən, yoxsa?
-  Ailəliyəm, bir övladım, oğlum da var. Adı Əlidi. Həyat yoldaşım azərbaycanlıdı. Sadəcə, Rusiyada yaşayıb. Ailəm ində burda mənimlədi. Bakıda yaşayırıq. 

 

- Toyunuz harda olub?
-  Həyat yoldaşımın valideynləri bunu Moskvada etmişdilər. Mənim toyum isə Cəlilabadda olub. Bu, 3-4 il əvvəl olub. Oğlumun yaıxnda 2 yaşı tamam olacaq. 

 

- Allah saxlasın. O da artıq qaçır, topla oynayır?
-  (gülür) Yox, topla arası yoxdu. Mən də elə ata deyiləm ki, dərhal top verərək onunla oynamasını istəyim. Oğlum daha çox at oyuncağı sevir. Mən də 5-6 yaşadək top görməmişəm. 

 

- Sən də atı sevirdin?
- (gülür) Hansısa başqa oyuncaqlar idi. 

 

- Futbolçu olmağını istərdin?
- İstedadı, istəyi olsa, hə. İstəyi yoxdursa, onu futbolçu olmağa məcbur etmərəm. Elə olur deyirlər ki, mən futbolçuyamsa, oğlum da mütləq futbolçu olmalıdı. Mən elə yanaşmanın tərəfdarı deyiləm. Məşqçi olsam belə, oğlumu öz komandama götürmərəm. Əgər futbolçu kimi tələblərə cavab vermirsə. Qorxuram ki, məşqçi olsam, futbolçu götürməklə bağlı qohumlarımla problemim olacaq (gülür).

 


- Elə olurmu ki, həyat yoldaşın oğlunla stadiona gəlir?
-  Yox. O, evdən tək çıxmağı sevmir. 

 

-  Bəs televizorla oyununuza baxır?
- Bəli. Oğlum hərdən televizorun qabağına gəlir baxır, sonra da çıxıb gedir. 


- Həyatında ən böyük sürpriz nə olub?
-  Açığı, elə bir şey yadma gəlmir.


- Hətta xanımının səninlə ailə qurmağa razılıq verməsi də?
- Bu da mənim üçün sürpriz deyil. Eləcə də övladımın olması. Bunlar gözlənilməzliklər yox, sadəcə, həyatımın xoş, sevincli anları idi.


- Daha çox hədiyyəni verməyi xoşlayırsan, yoxsa almağı?
- Daha çox hədiyyə verməyi. İmkan olanda, hər dəfə bunu edirəm. 

 

- Sabah belə bir imkan olsa, nə edərsən?
- Düzü, bu haqda düşünməmişəm. Birdən çətindi mənə bu suala cavab vermək. 

 

 

"Kamranın meyxanalarıan qulaq asmışam, maraqlı alınır"

- Ramil Şeydayevin əslən olduğu Kürdəmirə baş çəkərək, orda şəkil çəkdirməsini az görməmişik. Səndə isə getməyə iki rayon var – Saatlı və Cəlilabad. Oralara sonuncu dəfə nə vaxt getmisən?

- Daha çox Cəlilabada gedirəm. Çünki Saatlıda az qohumlarımız var. Cəlilabaddakılar kimi yaxın qohumlar deyil. 

 

- Orda qohumların çoxdu?
- Var xeyli. Dayım, dayımuşaqları, xalam uşaqları. Bir də ana nənəm. Vaxt baxımından imkan olanda, Moskvaya yollanaram, valideynlərimi görməyə. Onları da çoxdandı görməmişəm. Yəni seçim etməli olsam, atam-anamın yanına gedərəm. 


- Sonuncu dəfə Cəlilabadda nə vaxt olmusan?
-  Hardasa 2 il əvvəl. 

 

- Kamranla xarakteriniz tam fərqlidi. O, çılğındı, sən isə sakiut təbiətli. Maraqlıdı, Portuqaliyada necə yola gedirdiniz? Hansısa kuryoz hadisə olubmu?
-  Ümumiyyətlə, elə insanam ki, az adamla münaqişəm olur. 

 

- Söhbət bundan getmir...
- Başa düşdüm. Kamran çox gülür, mən də. Hər ikimiz çox zarafat edənik. Hərdən onda partlayış olur. Bir də görürsən ki, özündən çıxdı. Ancaq ümumilikdə , Kamran da gülərüzdü, keçmişdən maraqlı söhbətlər etməyi xoşlayır. 


- Portuqaliyada Kamranın meyxanasına qulaq asmağa imkanın oldumu?
-  Bəli, onda yaxşı, maraqlı alınırdı. Kamran şən, zarafatçıl oğlandı.

 

 

"Ən böyük arzum oğlumun yaxşı insan olmasıdı"


- Son sual olaraq Emin Mahmudovun böyük arzusu nədi?
-  Oğlum yaxşı insan olsun. Eləcə də qardaşımın övladları.


- Bəs futbolçu kimi?
-  Nəsə qazanmaq. Elə məhz “Neftçi”ylə. Əlbəttə, Avropada da yaxşı karyera yaşayım. Ya İspaniyada, ya da İngiltərədə. 


- Bəs milli komandamızla bağlı?
-  Avropa və ya dünya çempionatına çıxmaq. İnşallah, buna nail olarıq. Qarşıdan Millətlər Liqası gəlir və bunun qalibi olmaqla AVRO-2020-yə birbaşa vəsiqə qazanmaq mümkündü.   
 

 

P.S: Bu gün "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Anar Şabanoğlunun ad günüdü. Sport24.az saytının kollektivi bu münasibətlə onu təbrik edir, işlərində uğurlar arzulayır.

 

CEYHUN ƏLİYEV, MEHMAN SÜLEYMANOV

23 Sentyabr 2018
22 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB