TOP 10

Peşəkar yarışmada son dayanacaq: “araqçəkənlər”dən “vəkillər”ədək" - LAYİHƏ

Layihə
Tarix: 2018-03-25 11:59

Sport24.az saytı AFFA yanında Media Komitəsinin qaliblərindən olan “Futzal” istiqamətində "Azərbaycan futzalı: millimizin Avropa macəraları, “daxili orqanlar”ın yoxlanışı” adlı layihəsində silsilə yazılarını davam etdirir. Növbəti yazı "Peşəkar yarışmada son dayanacaq: “araqçəkənlər”dən “vəkillər”ədək" və "Liqalarda nizam-intizam məsələsi: oyunçuların məsuliyyəti, hakimlərin rolu" mövzularını əhatə edir. 

 

Futzal üzrə ölkə çempionarının İkinci Liqasına 16 komanda ilə start verildi ki, digər liqalarla müqayisədə say çoxluğu məhz bura məxsusdu. İkinci Liqanın Azərbaycan Futzal Federasiyasının bayrağı altında keçirilən digərlər liqalardan fərqi həvəskar status daşımasıdır. Təsadüfi deyil ki, ölkə ərazisində təşkil edilən digər yarışlarda məhz bu liqada iştirak edən oyunçulara qadağa qoyulmur.  

 

“Araqçəkənlər”in mükafat hərisliyi

 

İlk turdanca məqsədini hiss etdirən “Obolon” lierliyi kiməsə təhvil vermək fikrində deyil. Elə komandanın İkinci Liqada çıxış etməsinin səbəbi də bununla bağlıdı. Belə ki, 2 il əvvələ qədər Birinci Liqada mübarizə aparan “Obolon” sonradan Yüksək Liqaya deyil, aşağı dəstəyə yollandı. Səbəbinə gəldikdə, “Obolon” qatıldığı yarışın statusundan asılı olmayaraq, çempion olmaq istəyir. İki il əvvəl Birinci Liqada hamıdan güclü olan bu komanda zirvəni qorumağın çətinliyini dərk edərək "güclülərin arasında zəif olmaqdansa, zəiflərin güclüsü olmaq daha yaxşıdı" prinsipinə üstünlük verdilər. Bəs niyə uğurun davamını gəriməyin çətin olduğunu düşündülər? Komanda üzvləri ilə söhbət zamanı məlum oldu ki, heyətin əksər üzvləri yaşlıdırlar. Futzal isə onların hobbiləridi. İstəklərinə yox deyə bilmirlər, ancaq iddialarından da əl çəkmirlər. Bir neçə gənci komandaya dəvət etməklə İkinci Liqada zirvəni güzəştə getmək niyyətində deyillər. Komanda 20 tur ərzində cəmi 2 oyunda xal itirib. İlk belə hal VI turda yaşandı. “Avanqard”la dueldə tərəflər hərəyə 2 qol vurmaqla xalları da yarı böldülər. Komandanın passivindəki yeganə məğlubiyyət isə ən yaxın izləyicisi olan VİP-lə matçda yazılıb. 16 oyunda məğlubiyyətin nə olduğunu bilməyən “araqçəkənlər” 17-ci turda xalsız qalmaqla barışdı. 3:4 hesablı yenilgi hələ ki yeganə belə haldı komanda üçün. Yeri gəlmişkən, bu xal itkisindən sonra da, zirvədə “Obolon” qərarlaşıb. Amma VİP nəfəsini də hiss etdirməkdədi.  

 

Hakimə etiraz edib getdilər

 

Cari mövsümdə yadda qalan məqamlardan biri də “Atletiko Baku” ilə bağlıdı. Komanda 8 turda iştirak etsə də, sonrakı oyuna qatılmadı. Hakim idarəçiliyindən narazı qalan təcrübəli komanda çempionatdan imtina etdiyini bildirdi. Buna qədər “Atletiko Baku” ilk 4 oyunda qələbə qazanmaqla liderlər qrupunda yer almışdı. Ümumiyyətlə, komanda 8 matçdan 5-də 3 xal qazandığı halda, bir dueldən heç-heçə ilə ayrılmışdı. “Bədr Xocalı”ya yenilgi isə “Atletiko Baku”nun liqada son matçı oldu.

 

Xələfin iddiası...

 

“Atletiko Baku”nun imtinası yeni komandanın onu əvəzləməsi ilə nəticələndi. Hər nə qədər bu cür halların yolverilməz olduğu bildirilsə də, yarış həvəskar status daşıdığına görə, Təşkilat Komitəsi LSS-ə “yaşıl işıq” yandırdı.“Atletiko Baku”nun bir neçə oyunçusunu sırasına qatan komanda sələfinin nəticələri də aktivinə yazdrdı. İnsaf naminə qeyd edək ki, xələf heç də “qapazaltı”lardan deyil və komanda ortadan zirvəyə yaxın pillələrdə yer alıb. 

 

ÇL-dən İkinci Liqaya

 

Eşitməqüsurlu əlillərdən ibarət Azərbaycan millisi əsasında formalaşan “Ulduz” komandası da İkinci Liqanın daimi “sakinləri”ndəndi. AFFA rəhbərliyinin tövsiyəsi ilə il ərzində oyunlarda iştirak edən bu komanda son 4-5 ildə ölkəmizi Çempionlar Liqasında (ÇL) təmsil edir. Belə ki, hər ilin yanvarında təşkil edilən eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında ÇL-ə məhz bu komanda yollanır. Elşad İbrahimovun rəhbərliyi altında komanda ildən-ilə nəticələrini yaxşılaşdırır ki, bunda İkinci Liqadakı mütəmadi çıxış rolu az deyil. Daha təcrübəli və güclü rəqiblərlə qarşılaşan “Ulduz” məğlubiyyətlərə rəğmən, təcrübə qazanır, oyununu təkmilləşdirir. Bunun faydasını həm də milli komanda görür. 

 

Məğlub “vəkillər”

 

Məhkəmə zallarında müvəkkilin hüquqlarını qoruya bilməməsi, məğlub olması vəkillər üçün bəlkə də ölümə bərabər olar. Ancaq “Advokat” parket üzərindəki yenilgini özünə dərd eləmir. Təsadüfi deyil ki, İkinci Liqada qələbə sevinci yaşamayan yeganə komanda “vəkillər”di. Di gəl, məğlubiyyət onları ruhdan salmır. Hər həftə vaxtında oyuna gələn “Advokat” qələbə qrafasındakı 0-ı birlə əvəzləyəcəyi günü səbirsizliklə gözləyir. Təbii ki, “vəkillər”in iddiası çempion olmaq deyil. Belə olsaydı, əvvəldən normal heyət qurular, nəticəyə aparan yollar araşdırılardı. 

 

“Bədr”lənmiş Xocalı

 

Aşağı dəstədə tarixi bölgəmizi təmsil edən yeganə komanda “Bədr Xocalı”dı. Komanda xüsusilə də birinci dövrədəki uğurlu çıxışı ilə diqqətləri cəlb etməyi bacardı. Fasiləyə ilk “3-lük”də yollanan Xocalı təmsilçisi ikinci dörvədə özünə bənzəmədi. Səbəbinə gəldikdə, komandadaxilində baş verənləri, heyət üzvlərinin bir neçəsinin komandadan ayrılması, baş məşqçinin işini dayandırmasıdı. Həm yeni dəvət olunanlar, həm də baş məşqçinin olmaması uğursuzluğun başlıca memarıdı. 

 

Tarixi paytaxta salamlar...

 

Yuxarıda “Bədr Xocalı”dan danışdıq. İkinci Liqada ismi ilə istər-istəməz diqqətləri cəlb edən komandalardan biri də “Təbriz”di. Tarixi paytaxtımız olan bu şəhərin heç vaxt unudulmadığı hər addımda hiss olunur. Ad seçiminin də xüsusi tarixçəsi var. Komandanın Mahir Əhmədobelə izah verdi: “Biz əvvəl “Şuşa” komandasında çıxış edirdik. Sonra həmin kollektivdən ayrıldıq və yeni komanda yaratmaq istədik. Təbii ki, ad üzərində də düşündük. Bizim bir tarix müəllimiz var, bu adın seçilməsində onun rolu böyükdü. Bildiyiniz kimi, Təbriz Azərbaycanın tarixi şəhəri, paytaxtı olub. Həmin bölgələrin adlarını yaşatmaq üçün Adil müəllimin təklifi ilə bu adı seçdik”. 


Liqalarda nizam-intizam məsələsi: oyunçuların məsuliyyəti, hakimlərin rolu

İntizam məsələləri daim prioritet olub. Xüsusilə də hakimlə tez-tez mübahisə edilməsi yolverilməz olduğu halda, bunun şahidi olmaqdan qaça bilmirik. Belədə oyunçuların intizam kodeksinə əməl etmələrinə daha çox nail olmaq gərəkir. Yüksək və Birinci Liqada çıxış edənlər peşəkar statusa sahib olsalar da, aşağı liqadakılar həvəskardırlar. Bu uçurumu referilər necə qapayır? FİFA referisi Elçin Səmədlidən mövzu ilə bağlı fikrini açıqlamasını istədik: "Düz qeyd etdiniz ki, Yüksək və Birinci liqalar peşəkar statusa malikdirlər, ikinci Liqada oynayanları isə həvəskar adlandırırıq. Bu ayrıseçkilik qaydaların tətbiqi baxımından fərq yaratmır. Çünki komandalar hansı çempionatda oynayacaqlarına özləri qərar verir. Onun peşəkar və ya həvəskar olmasının fərqi yoxdu, 17 qayda hamı üçün eynidi. İşin vacib tərəfi oyunçuların, eləcə də məşqçilərin qaydaları bilməsidi. Bu sahədə axsamalar çoxdu. Açığı, oyunçular qaydaları bilmirlər və bu da idarəçilikdə problem yaradır”.  

 

Təcrübəli referi xüsusilə də məşqçilərin bu sahədə üzərlərində çox işləməli olduqlarının vacibliyini qabardıb: “Məşqçi qaydaları hamıdan yaxşı bilməlidi. Tutaq ki, o, qaydaları 10 il əvvəl çap olunmuş kitabdan oxuyursa, axsamalar qaçılmazdı. Çünki o, yeniliklərdən bixəbər olacaq. Halbuki məşqçi də, oyunçu da, elə hakimlər də inkişaf etməlidirlər, yenilikləri bilməlidirlər. Bir faktı diqqətiniz çatdırmaq istərdim, seminarlar zamanı biz məşqçiləri də dəvət edirik ki, qaydalara edilmiş yeniliklərdən onlar da xəbərdar olsunlar. Hansı mənzərə ilə qarşılaşdığımızı təsəvvür edirsiniz? Onlara təqdim etdiyimiz 17-18 epizodla bağlı qərar vermələrini istəyirik. Çox təəssüf ki, 14-15 epizodla bağlı düzgün qərar vermirlər. Bu, hələ məşqçidi, halbuki, o, qaydaları oyunçulardan yüksək səviyyədə bilməlidi”.

 

Bəs, oyun zamanı ciddi etirazla qarşılaşmamaq üçün hakimlər hansı önləyici tədbirlər görür, sualını referi bu şəkildə cavablandırıb: “Qaydaları bilmədiyinə görə, oyunçulara müəyyən yollarla kömək edirik. Müəyyən qabaqlayıcı tədbirlər görürük. Epizod zamanı deyirik ki, asta oyna, xətdə fikir ver, əlsiz oyna, tələsmə və s. Bunları etməsəkə, adicə topu oyuna daxil edən zamanı 2-3 dəfə fit verib. Topu gah bu, gah digər komandaya verməliyik. Razıyam, FİFA və UEFA-nın bayrağı altında baş tutan matçlarda bu cür xəbərdarlıq etməyə, səslə kömək etməyə icazə verilmir, məqbul sayılmır”. 

 

Əlbəttə, FİFA referisinin iradları heç də başucalığı gətirən deyil. Çünki meydana çıxan futzalçı, ona göstəriş verən baş məşqçi ən azı qaydaları düzgün bilməlidir ki, nə vaxt, necə etiraz etməyi anlasın. Eyni zamanda hakimlərin tonusda qalması, xüsusilə də FİFA referilərinin UEFA-dan gələcək təyinata hazır olması üçün toplanışlar keçirilməlidir. Bəs, əsasən də mövsümlərarası fasilə zamanı hakimlər boşluğu necə doldurur? Səmədli bu baxımdan hansısa problem yaşamadıqlarını vurğulayıb: 
“İldə azı iki dəfə hakimlər və hakim-inspektorlar üçün seminarlar təşkil edir. Qısa müddətli olsa da, seminarlar çox faydalı, effektli keçir. Qaydalardakı dəyişikliklər, yeniliklər haqda bilgilər verilir. Çalışırıq baş məşqçilər də bizə qoşulsunlar. Nəzəri məşğələdən başqa, praktik çalışmalara da yer ayırırıq. Özümüz oyun keçiririk, səhvə yol verdikdə, epizodu saxlayıb, müzakirə edirik. Bundan başqa, çalışırıq komandaları da oyuna cəlb edək və kənardan izləyək. Bir də tez-tez mübahisəyə səbəb olan məqamlardan biri də epizodla bağlı verilən qərardı. Bəzən elə düşünürlər ki eyni epizodla bağlı hakimlər fərqli qərar qəbul edir. Ancaq belə deyil. Əksər hallarda siz son ana diqqət yetirirsiz. Halbuki, ora qədər baş verənlər cərimə təyin etməyə əsas verir. Hakim də fitini səsləndirərkən, əvvəlki qayda pozuntusunu əsas götür”.  

 

Bax belə. Meydanda bəlkə də ən çətin iş elə referilərindi, Çünki bizim dəfələrlə epizodun təkrarına baxıb qərara münasibət bildirdiyimiz halda, onlar saniyədən də az müddətdə bunu edirlər. İnsan faktorunu da unutmamalıyıq. Ona görə də meydanda hər nə qədər emosiyalar coşsa da, hakimləri anlamağa çalışmaq vacibdi. 

 

MEHMAN SÜLEYMANOV

Yazı AFFA yanına Media Komitəsi tərəfindən maliyyələşdirilib

20 Iyul 2018
19 Iyul 2018
B.eÇ.aÇC.aCŞB