TOP 10

“Qarabağ” I Liqada da “at oynadır”: nəfəs kəsən “kvartet”in rəqabəti

Layihə
Tarix: 2018-03-18 18:00

Sport24.az saytı AFFA yanında Media Komitəsinin qaliblərindən olan “Futzal” istiqamətində "Azərbaycan futzalı: millimizin Avropa macəraları, “daxili orqanlar”ın yoxlanışı” adlı layihəsində silsilə yazılarını davam etdirir. Növbəti yazı “Qarabağ” Birinci Liqada da “at oynadır”: nəfəs kəsən “kvartet”in rəqabəti" mövzusundadı.

 

Birinci Liqada mövsümə oktyabrın 27-də start verildi. Əvvəlki illərdən fərqli olaraq bu dəfə yola 14 komanda ilə çıxıldı. Halbuki ötən il 16, 2 il əvvəl 18 komanda gücünü sınayırdı.

 

Bu dəfə fərqli reqlament

Aşağı dəstədə oyunların sayının artırılması məqsədi ilə müxtəlif reqlamentləri nəzərdən keçirən Azərbaycan Futzal Federasiyası (AFF) sonda fərqli qərar verdi. Belə ki, komandalar əvvəlcə iki dövrə ərzində yarışacaq. İkinci dövrə başa çatdıqdan sonra pley-off mərhələsinə start veriləcək. Turnir cədvəlinin ilk “8-liy”ində qərarlaşan komandalar 1/4 final mərhələsində iştirak hüququ qazanmış olacaq. Bu dəfə komandalar öz aralarında minimum iki, maksimum isə üç oyun keçirəcək. Belə ki, iki oyunda qalib gələn tərəf yarımfinalda iştirak edəcək. Orda da yenə iki qələbə qazanan komanda finalçı olacaq. Maraqlı məqam odu ki, Birinci Liqada iştirak edən komandaların yarıdan çoxunun pley-off mərhələsinə yüksəlmək şansı qazanmasıdı. Üstəlik, “8-lik”dəki komandaların hər birinin çempion olmaq şansının bərabər olmasıdı. Təbii ki, geniş heyətə, yaxşı fiziki, psixoloji hazırlığa malik komanda finişə qədər irəliləyəcək.

 

Yeni nəfəs

Azərbaycanın tarixi bölgəsinin adını daşıyan komandanın futbol tariximizə silinməz salnamələr yazan “Qarabağ”la hüquqi baxımdan bağlılığı olmasa da, “qohumluq” əlaqələri "yox" deyil. Belə ki, komandanın təsisçisi və rəhbəri millimizin sabiq kapitanı, hazırda “Qarabağ”da çıxış edən və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad Sadıqovun qardaşı Kamran Sadıqovdu. Kamran heyətə əsasən hazır oyunçuları cəlb edib. “Qarabağ”ın hazırkı heyətində yer alanların demək olar, hamısı futbol üzrə I divizionda çıxış edir. Bəs, onların futzalda oynamalarına icazə varmı? AFF Birinci Liqada çıxış edən klublara müəyyən sayda futbolçu cəlb etməyə icazə verir, amma bir şərtlə: həmin oyunçu müqavilə ilə məxsus olduğu futbol klubundan futzal oyunlarında iştirak üçün razılıq məktubu təqdim etsinlər. Yeri gəlmişkən, “Qarabağ”ın oyunçularının əksəriyyəti futzal oyunçusu kimi AFFA-nın qeydiyyat bazasında qeydiyyatdan keçib və lisenziya vərəqinə sahibdi. Hazırda turnir cədvəlinə başçılıq edən “Qarabağ”ın uğurla irəliləməsində heyətində yer alan oyunçuların müntəzəm məşq etməsi, oyun keçirməsi mühim rol oynayır.

 

Əsas qüsur isə həmin oyunçuların daha çox böyük futbol oynaması, futzalla bağlı dərin taktiki savada malik olmamalarıdı. Bu, aşağı dəstədə qabarıq hiss olunmasa da, Yüksək Liqada iştirakda çətinlik yaradacaq. Çünki elitaya yüksəlməyə real namizədlərdən biri bu komandadı. "Qarabağ"ın rəhbəri də gələcək planlar haqda danışarkən, addım-addım irəliləmək istədiklərini, bunun üçün də mütəmadi işlər gördüklərini qeyd edib. O, indiki məqamda geniş danışmağı məqbul hesab etmədiyini, planlar həyata keçdikdən sonra ətraflı söhbət etməyə hazır olacağını vurğuladı.

 

Kvartetin üzvləri


İkinci dövrədən başlayaraq toparlanan “Hell Energy” hazırda liderin ən yaxın izləyicisidi. Bir müddət liderdən geri qalan “enerji içkilər”i layiq olduqları yeri tutublar. Vaxtilə futzal və çimərlik futbol üzrə Azərbaycan millisinin formasını geyinən Hikmət Bağırovun rəhbərliyi ilə komanda şəxsi görüşlərin nisbətinə görə “zirvə”yə yüksələ bilməyib. Amma “Qarabağ”dan fərqli bu komandanın üstünlükləri var. Ən əsası, Bağırovun sərəncamında olan oyunçuların illərdi futzal oynaması və eyni komandada yer almasıdı. Sadəcə, fiziki hazırlıq baxımından “Qarabağ”dan geri qalırlar ki, bu da başa düşüləndi.

Komandanın çıxışı, eləcə də gələcək planları haqda oynayan baş məşqçi Hikmət Bağırov bunları qeyd edib: “Komandamızın çıxışı məni qane edir. Məqsədimiz çempion olmaqdı. Buna doğru addım-addım irəliləyirik. Baş məşqçi funksiyasını özüm yerinə yetirirəm. Buna görə də oyunları texniki zonadan izləyirəm, meydanda az oluram”.

 

Təcrübəli oyunçu komandasının qarşıdakı planları haqda da məlumat verib. Bildirib ki, Hell Energy”ni Yüksək Liqada görsək, təəccüblənmək lazım deyil: “Bu haqda rəhbərliklə danışmışıq. Biz hər şeyi pillə-pillə əldə etmək istəyirik. Əvvəlcə Birinci Liqada çempion olmalıyıq. Buna nail olduqdan sonra növbəti mərhələ haqda düşünəcəyik”.  

 

Çempionat haqda da danışan Bağırov Birinci Liqanın ab-havasını belə dəyərləndirib: “Aşağı dəstədə güclü komandalar var. Bu dəfə hər bir rəqib müqavimət göstərir. Düzdü, zirvədə “Qarabağ”la eyni sayda xal toplamışıq. Ancaq bizim əsas rəqibimiz yalnız onlar deyil. Əskər iştirkçılar meydanda rahat gəzməyə, oynamağa imkan vermir. Rəqabət artıb deyə, əvvəlcədən oyunun nəticəsi haqda danışmaq mümkün deyil”. 


“Kvartet”in sakinlərindən olan “Baku Fire” də "ansambl"dan geri qalmamağa çalışır. Əzmkar oyunu ilə seçilən bu komandanın liderlərdən cəmi 4 xal geri qalması kollektivin rəqabətə hazır olmasından xəbər verir. Onu da vurğulayaq ki, bu komandanın İkinci Liqada da kollektivi var. 

 

ADBTİA son turlarda qazandığı inamlı qələbələr sayəsində “4-lüy”ü qapayır. Bu komandanın geniş heyətə malik olduğunu, baş məşqçisi Namiq Quliyevin həm də “Araz”da və millidə köməkçi-məşqçi kimi çalışdığını da qeyd edək. “İdmançılar”ın xal itirdikləri oyunlarda belə zəif çıxış etdiklərini demək mümkün deyil. Sadəcə, hansısa oyunçunun yersiz vərəqə alması və ya bəxtsizlik sözünü deyib.

 

İki fərqli qrafik 

Maraqlı məqamlardan biri də “Green Log”la bağlıdı. Bu komanda qış fasiləsinə qədər liderlə daban-dabana irəliləyirdi. Hətta bəzi turlarda zirvəyə yüksələn “Green Log” orda uzunmüddətə duruş gətirə bilməsə də, mübarizədən qopmurdu. Di gəl, qış fasiləsindən sonra komanda özünə bənzəmir. Birinci dövrədə məğlub etdiyi rəqiblərlə oyunlarda itirilən xallar “Green Log”un “kvartet”dən kənarda qalmasına səbəb oldu. Bəs bu geriləməyin səbəbini baş məşqçi Fuad Zeynallı nədə görür?:“Birinci dövrəyə nisbətən, heyətimizdə dəyişikliklər oldu.Yeni oyunçuların gəlişi uyğunlaşma baxımından vaxt istəyir. Bu da nəticəyə təsir edən amillərdi. Gedənlərin yerinə yeni oyunçular dəvət etdik, üstəlik, zədəli futzalçılarımız var.

 

Yenilərin də uyğunlaşma prosesi keçdiyini deyən Zeynallı rəqabətin artdığını da vurğulayıb: “Cari mövsümdə yaxşı rəqabət var. Reqlamentin fərqli olması da, marağı artırıb. Çünki bu iki dövrə başa çatdıqdan sonra pley-off mərhələsi başlayacaq.Hər bir komandanın çempion olmaq şansı var. İndidən bir söz demək mümkün deyil. Həm də futzalçı oyundan-oyuna artırır”.


Komandasının planları haqda da danışan məşqçi Yüksək Liqada iştirak perspektivləri haqda bunları deyib: “Çempionluq uğrunda mübarizə aparırıq. Nə vaxt oynamışıq, qayəmiz zirvə olub. Yüksək Liqaya çıxmaq şərt deyil, vacib məqam ora üçün hazır olmaqdı. Əvvəlcə komandanı formalaşdırmalı, sonra orda oynamaq üçün müraciət etməlisən. Həftədə iki dəfə məşq edirik, bir dəfə isə oyunumuz olur. Nə əladı, nə də pis. Birinci Liqa üçün normaldı.Şəraitimiz əla olsaydı, həftədə 5 dəfə məşq edərdik. İki dəfə və hər məşqdə 1 saat çalışmaq azdı”.

 

Sonda təcrübəli mütəxəssis perspektiv vəd edən oyunçular haqda da fikirlərini açıqlayıb: “Xətai Bağırov, Samir Həmzəyev bizim oyunçular olub. Onların davamçıları var. Ancaq ilk növbədə insan bunu özü istəməli, üzərində işləməli, mübarizə aparmalı, çox çalışmalıdır”.

 

İkincilər həm də təcrübəlilərin məşq məkanı

Birinci Liqada iki komanda var ki, onlar Yüksək Liqada çıxış edən klubların ehtiyat qüvvəsidi. Söhbət “İtaldizain” və “Yasamal-2”dən gedir. Maraqlı məqam xüsusilə də ikinci ilə bağlıdı.Komandanın lideri və ən məhsuldar oyunçusu veteran futzalçı Rüfət Hüseynovdu. Komandanın aktivindəki qolların yarısına yaxınını bu oyunçu vurub. Ancaq ikinci komandaların yaradılması müsbət addımdı.“İtaldizain” zaman-zaman bu üstünlükdən istifadə edir. Belə ki, Yüksək Liqada heyət baxımından kasadlıq yaşayan “FK.İD.Futsal” Birinci Liqadakı təmsilçisinin heyətindən hər oyunda 1-2 futzalçının xidmətindən istifadə edir.

 

İstisna “qonaq”

Bu il Arqentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq Gənclər arasında Olimpiya Oyunlarına futzal üzrə 17 yaşadək oğlanlardan və qızlardan ibarət milli yığma komandalar arasında turnir daxil edilib. Müvafiq yaş qrupuna aid Azərbaycan yığmaları ötən ilin noyabrında bu turnirin Avropa üzrə təsnifat mərhələsində iştirak edib. Nəticələr ağır olsa da, əslində, gözlənilən idi. Çünki ölkəmizdə faktiki futzal üzrə uşaq-futzal məktəbi yoxdu. Həmin turnirlə əlaqədar dərhal böyük futbolda çıxış edən oyunçular arasında seçim edildi və futzala marağı olan 10 nəfərlə təxminən 40-45 günlük hazırlığın ardından rəsmi oyunlara yollanıldı. Belədə hansısa sevindirici nəticə gözləmək, ümid etmək sadəlövlük olardı.

 

Noyabrın 1-dən 4-dək Slovakiyada 3 oyun keçirən və ümumilikdə qapısından 39 top buraxan U-17 Bakıya rəqib torunu silkələmədən döndü. Ancaq AFFA və futzal federasiyasının rəhbərliyinin məsləhətləşmələrindən sonra komanda dağıdılmadı. Əksinə, onlar üçün məşq saatları təyin edildi və komandanın oyun təcrübəsi qazanması üçün futzal üzrə Birinci Liqada çıxışına "yaşıl işıq yandırıldı". Üçüncü turdan başlayaraq oyunlara çıxan U-17 əvvəlcə rəqibləri üçün asan “yem” idi. Tədricən zal futboluna alışan komanda üzvləri müqavimət göstərməyə başladı.

 

İndi U-17 aşağı dəstədə əzmkarlığı ilə seçilir. Baş məşqçi Fuad Rzayev isə seçimlərə ara vermədiyini qeyd edib: “Komandaya yeni oyunçular cəlb edilir. Seçim prosesini yekunlaşdırmamışıq.Çünki hər yeni futzalçı özü ilə rəqabət gətirir.Ayxan komandaya qoşulub, Hüseyn “İçəri Şəhər”dən bizə qoşulub. Kənan, Kamran da komandamızdadı. Qapıçılarımızın sayı artır. Artıq oyun planında da artım var. Əgər birinci dövrədə 4 ev tapşırığının heç birini yerinə yetirə bilmirdiksə, bu dəfə ikisini reallaşdırmağı bacarırıq. Uşaqlar parketi hiss edir, topu duyurlar. Düzdü, futzal üçün 4-5 ay qısa zamandı.Çalışırıq ki, komandada elə oyunçuları saxlayaq ki, onları gələcəkdə futzal üzrə əsas milliyə istiqamətləndirək. Məşqlərimizi davam etdiririk. Gələcək üçün ümid var”.
 

 

MEHMAN SÜLEYMANOV

Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib

20 Iyul 2018
19 Iyul 2018
B.eÇ.aÇC.aCŞB