TOP 10

Yüksək Liqanın “qış yuxusu”: sabit “Araz”, debütantın sıçrayışı, “Neftçi”nin tənəzzülü - LAYİHƏ

Layihə
Tarix: 2018-03-14 17:18

Sport24.az saytı AFFA yanında Media Komitəsinin qaliblərindən olan “Futzal” istiqamətində "Azərbaycan futzalı: millimizin Avropa macəraları, “daxili orqanlar”ın yoxlanışı” adlı layihəsində silsilə yazılarını davam etdirir. Budəfəki yazI "Yüksək Liqanın “qış yuxusu”: sabit “Araz”, debütantın sıçrayışı, “Neftçi”nin tənəzzülü" mövzusundadı.

 

Yeddi komanda ilə yol çıxan Yüksək Liqada artıq hər keçən tur komandaları finişə daşıyır. Qış fasiləsinə yollaanarkan məsafənin yarısını qət edən iştirakçıların üçüncü dövrədə fərqli çıxış edəcəkləri gözlənilirdi. Xüsusilə də çempionatı medalla qapamağa adət etmiş “Neftçi” və EKOL-un canfəşanlıq edəcəyini ehtimal edilərkən, ciddi dəyişikliyin şahidi olmadıq .Ancaq qış fasiləsinə qədər çempionatın kifayət qədər rəqabətli keçdiyini də vurğulamalıyıq.

 

“Araz” 3-nü göndərdi


Son illərin dəyişməz çempionu “Araz” fasiləyə zirvədə yollansa da, heyətini qoruya bilmədi. Yayda heyətə qatılan 3 braziliyalı yola salındı. Zatən Naxçıvan təmsilçisi titulunu onlarsız da qorumaq gücündədi. Üstəlik, 7 xallıq avantaj çox mətləblərdən xəbər verirdi. “Araz” bu müddət ərzində yalnız “Marafon Futsal”ın nəfəsini hiss etsə də, onlarla duellərin heç birində büdrəmədi. Əksinə, asan qalib gələcəyi ehtimal edilən “Neftçi” ilə dueldəki heç-heçə Alesionun yetirmələrinin yeganə xal itirdiyi oyun oldu. Təbii ki, Yüksək Liqanın ötən ilə qədər “Araz” üçün yeknəsəq keçməsi həm komandanın UEFA kubokudakı çıxışına, həm də millinin qitəmiqyaslı oyunlarına mənfi təsir edirdi.

 

Proqnozları alt-üst edən debutant


Sözsüz, turnir cədvəlinə diqqət yerinə zaman diqqəti cəlb edƏN “Araz”ı “Marafon Futsal”ın təqib etməsidi. Belə ki, çempionatın əvvəlində heç kimin bu cür çıxış edəcəyini proqnozlaşdırmadığı debutant startdan üst sıralarda yer almağa başladı. Halbuki, əvvəllər yalnız “Araz”, EKOL və “Neftçi” “trio”su vardı. Tədricən ab-havaya da uyğunlaşan “Marafon Futsal”ın “ekvator”a qədərki çıxışı rəhbərliyi xeylu ruhlandırıb. İndi heyətindəki legionerlərin sayına görə, Elşad Quliyevin komandası öncüllərdəndi. Yarışa 5 iranlı ilə başlayan və sonradan bir belarusluya ehtiyac duyan baş məşqçi qışda dəyişiklik etməyi lazım bildi. İki əcnəbinin yola salınması biroqədərinin gəlişi üçün çığır açdı. İranlı oyunçuları belaruslular əvəzlədi. Ümumiyyətlə, “Marafon Futsal”ın Yüksək Liqaya iddialı gəlişi çempionata rəng qatdı, desək, yanılmarıq. Həm “Araz” üçün çempionat monotonluqdan qismən də olsa, çıxmış oldu, həm də digər medallara iddiaçıların sayı artdı.

 

EKOL və “Neftçi”nin tənəzzülü


Adətən “Araz”dan sonra digər rəqibləri üçün “əzazil” rolunu oynayan EKOL və “Neftçi”nin ilk iki dövrədəki çıxışı gözlənilənin əksinə oldu. Adətən ölkə çempionatının gümüş və bürünc medallarını “bron” eləyən bu iki kollektivin qış fasiləsinə qədər cızdığı qrafik ən yaxşı halda ikisindən birinin finişə mükafatçılar sırasında çatacağına ümid yaradıb. “Neftçi” ikinci dövrədə “Marafon Futsal”ı məğlub edən iki komandadan biri olub. İlqar Aslanovun drujinası hətta liderdən xal alıb. Ancaq autsayderlə qarşılaşmada xal itkisindən qaça bilməyiblər .Bəs, bu qeyri-sabit çıxışın səbəbi nədi? İlqar Aslanov bunu heyətdə edilən dəyişikliklərlə bağladı: “Yayda heyətimizi təcrübəli oyunçular tərk etdi. Biz də boşluğu doldurmaq üçün iranlı legionerləri dəvət etdik. Onlar da dilimizi tam bilmirlər, müəyyən sözləri anlayırlar. Bu da anlaşmada problem yaradır.Xətlərarası əlaqə də hələ zəifdi.Bu da yenə ünsiyyət qura bilməməyin nəticəsidi. Oyunlar da göstərdi ki, əvvəldə çempionata hazır deyildik. Çünki legionerlərimiz komandaya mövsümün startına 1 aydan da az vaxt qalmış qoşuldular. Komandada qalıb-qalmayacaqlarını bilmirdik. Bəziləri cəmi bir həftə qalmış düşərgəmizə qoşuldu.Yəni komandanın vaxtında komplektləşməməsi təsirini göstərir.  Qış fasiləsində isə heyətə elə də çox oyunçu dəvət edə bilmədik.Bu, həm maliyyə ilə, bağlı oldu, həm də axtardığımız oyunçuları tapa bilmədik”.


“Neftçi”nin dərdini qismən də olsa, anladıq. Hərçənd baş məşqçinin dedikləri uğursuz çıxışa bəraət qazandırmır.Bəs EKOL niyə təcrübəsindən faydalana bilmir? Onlarda heyətdə geniş rotasiya edilməyib. Bizə görə bu komandanın ən ciddi problem baş məşqçi ilə bağlıdı. Komandanı Radik Əhmədov hazırlayır. Ancaq o, həm də oynayır. Kənardan komandanın oyununu tam izləyə bilmir, meydanda olduğu müddətdi kimin necə çıxış etdiyini, hansı səhvlər etdiyini dəftərinə qeyd edə bilmir. Hətta özü də oyun ərzində müəyyən səhvlərə yol verir. Səhv edən baş məşqçi analoji durumla üzləşən komandanın digər oyunçusuna necə irad bildirə bilər? Deməli, EKOL üçün uğura aparan yol baş məşqçi postundan başlayır.

Bəs Radik Əhmədov özü nə düşünür bu haqda? Onun fikirləri ilə tanış olaq: “Oynayan baş məşqçi kimi işim çox çətindi. Çalışıram ki, həm meydanda olan zaman, həm də kənardan oyunu izləyəndə komandam üçün ən yaxşısını edim. Aydın məsələdir, hər iki işi eyni vaxtda yerinə yetirmək olduqca çətindi. Çətinlikləri dəf edəcəyik və EKOL yenidən layiq olduğu, öyrəşdiyimiz pilləyə yüksələcək”.

 

Əhmədov ikinci yarıya istədikləri kimi başlamamalarının səbəbini belə izah edib: “Qış hazırlıq dövrünü tam heyətlə keçirə bilmədk. Üç aparıcı oyunçumuz – Namiq Məmmədkərimov, Samir Həmzəyev və Emin Kürdov millinin heyətində toplanışda oldu, daha sonra Avropa çempionatının final mərhələsinə yollandı. Bu azmış kimi, oyunlar başalayan ərəfədə 4 oyunçumuz zədələndi. Əlbəttə, xallar itirməyimizdə mənim də taktiki-texniki səhvlərim oldu, bunu danmıram”.

 

O, oyunlar zamanı hakimlərin ciddi səhvlərə yol verdiyini də gizlətmədi: “Məsələn, “Marafon Futsal”la oyunumuz zamanı rəqib üçüncü qolu vuranda tablodakı vaxtölçən sıfırları göstərirdi. Bu cür vəziyyətdə hakimin qolu qeydə alması oyunumuza mənfi təsir etdi”.  

 

Baş məşqçi qış transfer dövründən faydalanmamalarına da aydınlıq gətirib: “Əslində, yeni oyunçular dəvət etmək istəyirdik. Ancaq komandanı gücləndirəcək yerli oyunçular çox azdı. Biz seçim edərkən, yerli oyunçulara üstünlük veririk. 5-6 yerli oyunçunu yol salıb, legioner dəvət etməyi heç düşünmürük. Bu addımı atsaq nə qazanacağıq ki? EKOL Azərbaycan futzalı, bayrağı üçün çalışır. İstədiyimiz yerli oyunçunu tapa bilmədiyimizə görə, çempionatı hazırkı heyətlə davam etdirməyə qərar verdik”.

 

Oyunu nəticəsini “döyür”


Cari çempionata rəng qatan komandalardan biri də “FK.İD.Futsal”dı. Heyətini sırf yerli oyunçulardan quran debütantın qazandığı nəticə oyunundan çox müzakirə olunur. Daha doğrusu, komanda nümayiş etdirdiyi əzmkar oyuna görə, daha çox xal toplamalı idi. Di gəl, heyətin yetərincə olmaması, üstəlik, mütəmadi zədələrin aparıcı oyunçulardan yan keçməməsi sözünü deyir. Hələ çempionat yenicə başlayan zaman debütant əsas qapıçısı Ramil Həsənzadənin uzun müddətə zədələnməsi ilə barışmalı oldu. Təcrübəli Rəcəb Fərəczadə isə əksər hallarda meydana zədəli çıxırdı və əlbəttə, belə tam gücü ilə oynamaq mümkün deyildi. Ağatahir Əzimovun bəzi oyunlardakı yoxluğu dərhal hiss olunurdu. Təbii ki, heyətdə bu cür itkilərin olması baş məşqçinin işini də xeyli çətinləşdirir. İstənilən rotasiyanı etmək imkanından məhrum olursan, 40 dəqiqənin yükü 4-5 futzalçının üzərinə düşür və s.. Amma “FK.İD.Futsal”ın əksər Yüksək Liqa təmsilçilərindən fərqi gənclərdən ibarət ikinci komandalarının olmasıdır. Rəhbərlik onların təcrübə yığması üçün komandanın Birinci Liqada iştirakına şərait yaradıb.Bəzi oyunlarda baş məşqçi Rafael Abdulov 1-2 oyunçunu əsas komandaya cəlb edir.

 

Pul artdı, nəticə pisləşdi


Cari mövsümdə çıxışından çox heyətindəki legionerlərin sayına görə diqqəti cəlb edən komandalardan biri də “Yasamal”dı. Ötən mövsümü dördüncü pillədə başa vuran komanda bu dəfə “İran bazarı”na üz tutub. Xeyli futzalçı cəlb etsələr də, nəticə ürəkaçan deyil. Hətta çempionatın ilk iki dövrəsində komandaya iranlı məşqçi rəhbərlik edib. Sərt oyun üslubuna üstünlük verən “Yasamal” qış fasiləsi ərəfəsində təcrübəli Rüfət Hüseynovu məşqçi postuna gətirdi. Onun rəhbərliyi altında bir neçə oyun keçirən “Yasamal”da nəticələr dəyişməsə də, oyun intizamı baxımından irəliləyiş hiss olunurdu. Ancaq bu iş birliyi uzun çəkmədi və üçüncü dövrəyə “Yasamal” fərqli məşqçi ilə başladı. Komandanın çıxışını şərh edən “Yasamal”ın rəhbəri Orxan Allahverdiyevi dinləyək: “Builki çıxışımız ötən illə müqayisədə zəifdi. Ötən çempionatı dördüncü pillədə başa vurmuşduq. Üstəlik, maliyyə durumumuz da aşağı idi, hər şeyi ancaq öz hesabıma qarşılayırdım. Ancaq bu mövsümdə maliyyə imkanımız yaxşılaşsa da, nəticələrimiz zəifləyib. Məncə, əsas təsir edən amil baş məşqçi ilə bağlıdı. Çünki heyətimizdə yer alanların əksəriyyəti fərdi qabiliyyətinə görə seçilirlər. Qış fasiləsində fiziki ağırlıqlı məşqlərə üstünlük verdik. Futzal dözümlülük tələb edir”.

 

Heyətlə bağlı da məlumat verən klub rəhbəri Roştaninin geri dönüşünü belə izah etdi: “Heyətimizi gücləndirmişik. Çempionatın əvvəlində komandamızda iştirak edən, sonra isə meneceri ilə problem yaşadığına görə İrana dönən Roştanini heyətə qaytardıq. Ondan başqa, Sadiq Cavid də bizim komandaya qoşulub. Klubumuzun Birinci Liqada da komandası var. Ordan da cəlb etdiklərimiz var”.

 

O, komandasının nəticələrindən razı qalmadığını da dilə gətirib: “Komandamızın hazırkı yeri potensialına uyğun deyil. “Neftçi”, EKOL, “FK.İD.Futsal” komandaları ilə başabaş mübarizə aparacaq gücdəyik. Hətta onları yenə də bilərik. Ancaq məşqçimizin olmaması çətinlik yaradır. Heyətimizdə İrandan bir neçə oyunçu cəlb etmişik. Hamısı cənubi azərbaycanlıdı. Bizdə uşaq futzal komandaları olmadığına görə, məcburiyyətdən  bu addımı atmışıq. Oyunçularımızdan biri də “Araz”a keçib”. 

 

“Pulumuz yoxdu, kişiliyimiz ki var”


Çempionatın yeganə sponsorsuz komandasıdı “Xəmsə”. “Mehdianad uşaqları” belə şeylərdən qorxan deyil, deyirdilər hər oyundan sonra. İnsaf naminə, komanda autsayder olsa da, mübarizədən heç vaxt qopmurdu. Cəmi 6 oyunçu ilə keçirirlər oyunları, ancaq ən çox hərəkət edən də onlardı. Təsəvvür edin, topun tez-tez meydandan çıxmasına və dolayısı ilə az da olsa dincəlmələrina razı olmurlar. Xalları azdı, ancaq çox olmalı idi. Elə oyunlar oldu ki, fasiləyə 2 top fərqi ilə üstün yollanıblar, ancaq sonrakı dəqiqələrdə yorğunluq əziyyətlərini heç edib. Qış fasiləsində iki aparıcı oyunçusunu itirən “Xəmsə” başqa oyunçuları dəvət etsə də, onların yerini doldura bilməyib. Belə deyək də, “Xəmsə” bir növ çırtdan ölkələrin yarımhəvəskar millilərini xatırladır. Heyətlərində yer alanlar arasında həkim, bank mütəxəssis var və onlar futzal sevgilərini oyunlara çıxmaqla ölməyə qoymurlar. 
 

 

MEHMAN SÜLEYMANOV

Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib

16 Noyabr 2018
15 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB