TOP 10

Sport24.az 1 yaşını BOS-da qeyd etdi

Futbol
Tarix: 2018-03-12 20:26

Bu gün Bakı Olimpiya Stadionunda (BOS) qələbəlik idi. Sport24.az ilk doğum gününü keçirmək üçün məhz ölkənin ən əzəmətli stadionunu seçmişdi. Tədbir iki hissədən ibarət idi. 

 

Əvvəlcə, idman mediası mənsubları özlərini penalti vuruşları seriyasında sınadılar. U-21 yığmamızın qapıçılar üzrə məşqçisi Faiq Əzizovun çərçivədə yer aldığı yarışma kifayət qədər maraqlı alındı.  Əzizovun mənəvi məşqçisi də var idi. Bu, milli komandamızın qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko idi.

 

Yarışmaya gəlincə, 3 jurnalist – “Futbol+” qəzetinin redaktoru Kənan Həsənov, “Xəzər TV”-nin İdman Departamentinin əməkdaşı Ceyhun Rzayev və Peşəkar Futbol Liqasının mətbuat xidmətinin əməkdaşı Elgiz Abbasov endirdikləri 5 zərbədən 4-də sərrast oldular. Belədə, qalibi müəyyənləşdirmək üçün üçlük hərəyə daha bir zərbə endirdi. Bu dəfə yalnız PFL təmsilçisi sərrast oldu. İkinciliyi müəyyənləşdirən mübarizədən isə Rzayev üstün ayrıldı. Beləliklə, Elgiz Abbasov “Snayper” yarışmamızın qalibi, Ceyhun Rzayev 2-cisi, Kənan Həsənov isə 3-cüsü oldu. Maraqlıdır ki, AFFA-nın qalib üçün təqdim etdiyi milli komandanın maykası yekunda elə AFFA-nın inzibati binasına qayıtdı...

 

Tədbirin ikinci hissəsi Sənan Şəfizadənin “patronaj”ı altında keçdi. BOS-un konfrans zalında təşkil olunan və ATV-dəki həmkarımızın aparıcısı olduğu rəsmi hissəyə milli komandamızın və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, “Qəbələ”də eyni postu tutan Roman Qriqorçuk, “Səbail”in çalışdırıcısı Samir Əliyev də özlərini çatdırmışdılar. Tanınmış mütəxəssislər Vaqif Sadıqovla Şahin Diniyev, veteran futbolçular Samir Ələkbərovla Mahmud Qurbanov, “Neftçi”nin idman direktoru Ceyhun Sultanov, “Kəpəz” idarəediciləri İslam Abbasovla Elnur Camalxanov, “Xəzər”in baş məşqçisi Elşad Əhmədov, onun “Sabah”dakı həmkarı Arif Əsədov da qonaqlarımız sırasındakı idilər.

 

Əlbəttə, çıxışlar da oldu, xüsusi diplomlarla təltif olunanlar da, bizi təbrik edənlər də və nəhayət, “Sport24”-ün şərəfinə hazırlanan tort da. 

 

Bununla da 2 saatdan artıq zamanı əhatə edən tədbirimiz başa çatdı. Bu, 1 yaş idi. İki yaşımızda bizləri nələr gözlədiyini isə 1 ildən sonra biləcəyik. Sonda Sport24.az-ın nominantları ilə də tanış olun:

 

1. Göstərdiyi dəstəyə görə AFFA-nın baş katibi Elxan Məmmədova

2. Göstərdiyi dəstəyə görə Bakı Olimpiya Stadionunun direktoru Cavid Qarayevə

3. Göstərdiyi dəstəyə görə “Neftçi” Peşəkar Futbol Klubunun prezidenti Kamran Qulievə

4. Azərbaycan futbolunun ən parlaq səhifəsini yazdığına görə “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanova

5. Sport24.az tarixinin ən maraqlı müsahibi olan “Böyük kapitan” Rəşad Sadıqova

6. Azərbaycan futbol tarixinin ən uğurlu əcnəbi mütəxəssisi “Qəbələ” klubunun ukraynalı baş məşqçisi Roman Qriqorçuka

7. Sport24.az saytına həmkar dəstəyinə görə Qol.az az saytının baş redaktoru Aydın Bağırova

8. Sport24.az saytına həmkar dəstəyinə görə “CBC Sport” telekanalının baş direktoru Volkan Üstə

9. Sport24.az saytının yaradıcılarının “Xaç atası” (və ya ilk müəllimi) olan “Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmliyə

10. Sport24.az saytına xüsusi dəstəyinə görə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Firuz Abdullaya

11. Sport24.az saytına xüsusi dəstəyinə görə Azərbaycan milli komandasının mətbuat katibi Elman Himayətoğluna

12. Azərbaycan futbolunun markasını Avropada ən yaxşı tanıtdığına görə FİFA agenti Vaqif Heydərliyə

 

Tədbirdən fotoreportajı bir neçə saatdan sonra təqdim edəcəyik. 
 

22 Iyun 2018
21 Iyun 2018
B.eÇ.aÇC.aCŞB