TOP 10

"Süvarilər" "at çapdı", "Zirə" "qış yuxusu"ndan ayılmadı

Futbol
Tarix: 2018-03-11 12:55

Topaz Premyer Liqasında XIX tura lider “Qarabağ”la – “Zirə” görüşü ilə yelun vuruldu. İlk 2 dövrədə toplanılan xallara görə yerini qoruyan, amma 3-cü dövrəyə uğursuz başlayan və mövqeyini əldən verməyə “tələsən” “Zirə”nin Qurban Qurbanovun komandası qarşısında şansları elə də yüksək görünmürdü. 

 

Matç da elə gözlənilən ssenaridə - “süvarilər”ın üstünlüyü şəraitində keçdi. İlk təhlükəli vəziyyəti start heyətində yer alan Elvin Yunuszadə yaratdı, ancaq küncdən ötürülən topu qapıçının üstünə nişanlayan müdafiəçi qolunu bir neçə dəqiqəlik təxirə saldı. Oyuna diqtə edən ölkə çempionu matçın 22-ci dəqiqəsində istəyinə çatdı. Dani Kintana Pedro Enrikenin ötürməsi zamanı Kamal Bayramovu işsiz qoydu - 1:0. 

 

Adətən, “Qarabağ”a qarşı müdafiədən oynayıb, daha çox qapanmağı sevən komandalar üçün buraxılan qol bir məğlubiyyətə gətirib çıxarır ki, “Zirə” də istisna təşkil edə bilmədi. Qoldan sonra daha da arxayın oynayan meydan sahibləri 13 dəqiqə sonra fərqi artırdılar. Bu dəfə matç boyunca özünü yaxşı tərəfdən göstərən Elvin Yunuszadə performansını qolla qeyd etdi. 

 

İkinci hissədə də ssenari dəyişmədi. Geridə olmasına baxmayaraq, “Zirə” yenə oyunu açmağa can atmırdı. Heç Ağdam klubu da xüsusi canfəşanlıqla seçilmirdi. Hər halda, 2-ci hissənin ən real epizodu məhz “qartallar”ın qapısı ağzında yarandı. Maksim Medvedevin ötürməsini Pedro Enrike qapıya yönəltsə də, öncə Kamal, ardınca isə tir qonaqları qoldan xilas etdi. Sona yaxın yavaş-yavaş irəli çıxan Ayxan Abbasovun komandası İbrahim Şehiçi cərimə zərbələri ilə narahat etməyə çalışsa da, heç bir zərbə qolla nəticələnmədi və “süvarilər” doğma meydanda ardıcıl 7-ci dəfə qapılarını toxunulmaz saxlayaraq, qələbəni “quru” hesabla qeyd etdilər. Son dəfə onları sentyabrın 22-də baş tutan və 4:1 bitən matçda "Sumqayıt"ın futbolçusu Bəxtiyar Həsənalızadə məyus etmişdi.

 

Bu qələbə sayəsində “Qəbələ” ilə xal fərqini qoruyan “Qarabağ” çempionluq yolunda növbəti addımını atdı. Fasilədən sonra çıxdığı 5-ci matçı da qələbəsiz başa vuran Ayxan Abbasovun komandası isə mütləq toparlanmalıdı. Əks halda,  qərarlaşdıqları 3-cü yer də əldən gedəcək. Hər halda, turnir cədvəlindəki durum bundan xəbər verir: fasiləyədək 10 xal “Sumqayıt”ı arxada qoyan “qaratllar”ın haırki üstünlüyü minimal fərqlə ölçülür. Növbəti tur “Zirə” evdə “Səbail”i qəbul edəcək ki, “qara zolaq”dan çıxmaq üçün paytaxt təmsilçisi münasib rəqib sayıla bilər.

 

ƏKBƏR AĞAZADƏ
 

17 Iyun 2018
16 Iyun 2018
B.eÇ.aÇC.aCŞB