TOP 10

Azər Hüseynov: "Milli komandamızın baş məşqçi postuna artıq bir neçə namizədi nəzərdən keçirmişik"

Futbol
Tarix: 2018-03-08 15:55

"Hazırda milli komandayla bağlı ən önəmli işimiz baş məşqçi postuna namizədləri nəzərdən keçirməkdi. Onu qeyd edim ki, namizədlər yalnız yerli mütəxəssislərdi. Bu, birmənalıdı! Ümumiyyətlə, düşünürük ki, hər istiqamətdə yerli kadrlara daha çox üstünlük verək" - bu fikirləri Sport24.az-a açıqlamasında Azərbaycan Mini-Futbol Assosiasiyasının (AMFA) baş katibi Azər Hüseynov bildirib.

 

Ölkəmizdə mini-futbolun inkişafına və kütləviləşdirilməsinə böyük töhfə vermiş “Azfar Group” şirkəti tərəfindən ötən ilin sonunda təsis edilən AMFA artıq Avropa Mini-Futbol Assosiasiyasının üzvü olub. Bu, fevralın 23-24-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Baş Assambleyanın iclasında reallaşıb. Belə ki, keçirilən səsvermə nəticəsində Azərbaycan, eləcə də Belçika və İsveçrənin müvafiq qurumları qitə futbol assosiasiyasının üzvlüyünə qəbul edilib. 

 

Bu, ölkəmizə istər klub, istərsə də yığma səviyyəsində beynəlxalq yarışlarda təmsil olunmaq hüququ verir. Hüseynov hazırda onlar üçün milli komandayla bağlı prioritet məsələnin baş məşqçini müəyyənləşdirmək olduğunu söyləyib: "Seçimimizi bir az da daraltsaq, onu deyə bilərəm ki, futzal təcrübəsi olan məşqçilərə daha çox nəzər yetiririk. Bununla bağlı fikir mübadilələri aparmışıq. Əksəriyyət bizə tövsiyə edir ki, mini-futbol futzala bir qədər yaxın, eyni zamanda futzal oyunçuları mini-futbola daha tez adaptasiya olduğuna görə futzal mütəxəssislərinə diqqət yetirsəniz, daha yaxşı olar. Bütün bunları nəzərə alaraq, futzal məşqçiləri, yaxud futzal təcrübəsi olan məşqçilər arasında mili üçün baş məşqçi seçməyə çalışırıq".

 

Baş katibin sözlərinə görə, artıq bir neçə namizədi nəzərdən keçiriblər: "Ancaq onların adlarını açıqlamağı məqsədəuyğun saymıram. Çünki hansısa namizəd seçilməyə və bununla onun imicinə xələl gələ bilər. Bu səbəbdən konkret adları demək bir qədər düzgün olmazdı. İstənilən halda, baş məşqçi məsələsini yaxın zamanda həll etməliyik. Çünki "Alfa Liqa" başlanana qədər yığma üçün ən yaxşıları seçmək, yəni seleksiya işlərini görmək baxımından baş məşqçinin olması lazımdı. Ona görə ən geci "Alfa Liqa"nın startınadək seçimimizi etməliyik".

 

Milli komandamızın mötəbər yarışlara qatılananadək hazırlıq keçməsi, yoldaşlıq görüşlərində qüvvəsini sınaması vacibdi. Hüseynov bunun da baş məşqçi təyinatına bağlı olduğunu vurğulayıb: "Ilk növbədə baş məşqçini seçib, bundan sonra onun tövsiyələrinə əsasən oyunçuları seçməliyik. Sözüz ki, milli komanda böyük turnirlərə qədər təlim-məşq toplanışı keçməlidi. Bu zaman dəvət olunanlar arasında ən yaxşılar seçilərək final mərhələsinə yollanan komandada yer almalı, əsas heyət müəyyənləşməlidi. Yoldaşlıq görüşləri keçirmək planımızda var. Rusiya, Qazaxıstanın adını çəkə bilərik ki, bu qonşu ölkələrin milli komandalarıyla qarşılaşmağı planlaşdırırıq. Bununla da yığma üzvləri mini-futbol sahəsində təcrübəsi olan belə rəqiblərlə matçlarda özlərini sınaya bilsinlər".

 

Qeyd edək ki, Azərbaycanda mini-futbolun inkişafı üçün həvəskarlar arasında çempionat – "Alfa Liqa" keçiriləcək. Bu liqada çempion adını qazanan komanda ölkəmizi Çempionlar Liqasında təmsil edəcək. Çempionatda özlərini ən yaxşı tərəfdən göstərən "Alfa"çılar, habelə millinin baş məşqçisinin diqqətini üzərinə çəkəcək digər oyunçular Avropa və dünya çempionatlarında ölkəmizin şərəfini qoruyaraq, Azərbaycan bayrağı altında mini-futbol tarixinin yeni səhifəsini açacaq. 

 

MEHMAN SÜLEYMANOV

22 Iyun 2018
21 Iyun 2018
B.eÇ.aÇC.aCŞB