TOP 10

"Qırmızı-qaralar"ın "qara"sı, "ağ-qaralar"ın "ağ"ı

Futbol
Tarix: 2018-03-05 13:35

Qəbələyə səfər. Bəlkə də kim üçünsə adi bir hal idi. Ancaq... Peşəkar Futbol Liqasının təşkil etdiyi səfər üçün ayrılan avtobusa ilk çatanlardan biri də mən oldum. Klubun infrastrukturu və şəhərin gözəlliyi haqda çox eşitsəm də, deyilənləri bir də gözlə görmək tamam başqadır. Ümumiyyətlə, səyahət etməyi sevən biri kimi Qəbələ səfəri mənim üçün çox maraqlı idi.

 

Təqeibən 45 dəqiqəlik gecikməylə olsa da, nəhayət, sərnişinlərin hamısı yerini tutdu və Azərbaycanın bu dilbər guşəsi istiqamətini tutdu. Adətən, səfəri gözəl edən həmişə onun yol macəraları olur ki, bu baxımdan da heç korluq çəkmədim. Yolboyu bir-birimizin futbol biliyini yoxlamaq üçün offside pub-quiz sualları ilə yolu qısaltmağa çalışdıq və nəhayət, şəhərə çatdıq.

 

20-25 nəfərlik heyətdə mənim kimi ilk dəfə bu torpağa ayaq basan var idi ya yox, bilmirəm. Bütün hallarda, Qəbələyə əlcəyindən tutmuş şərfinə qədər hazırlıqlı gəlmişdim. Amma şəhərdə hava martın ilk günləri üçün olduqca gözəl idi. Elə istədiyimiz də bu idi. Futbol üçün bundan gözəl hava ola bilməzdi. Gördüyüm mənzərə mənə İngiltərə premyer liqasında şənbə günü erkən başlayan matçları xatırlatdı. Elə "Qəbələ"- "Neftçi" matçının da o səviyyədə keçməsini arzulayıb 4 gözlə (sözün hər iki mənasında) oyunu izləməyə başladım və dəqiqələr keçdikcə təhtəlşüurum "çox da həvəslənmə, ağlın dumanlı albiona getməsin" mesajını verdi. Əvvəlki matçlara nisbətən tribunları müəyyən qədər dolu görsəm də, "Qəbələ"yə dəstək yüksək səviyyədə deyildi. Elə bu müşahidə sonrası təhtəlşüuruma haqq verdim. Ümumiyyətlə, Qəbələdə gözəl olan təkcə hava deyildi. 90 dəqiqə ərzində oxuyaraq səfərdə ev atmosferi yaradan və sevimli komandalarını dəstəkləyən (hətta komanda qol buraxarkən belə öz nəğmələrini dayandırmayan) "Forza Neftçi" azarkeş qrupunu qeyd etməmək günah olardı. Fasilədə bu gözəlliyi yaradan fan klub rəhbərindən müsahibə almaqla, 15 dəqiqənin necə keçdiyini hiss etmədim.

 

“Oyundan kənar vəziyyəti” kənara qoyub qayıdaq meydanda baş verənlərə. İlk hissə epizodlar baxımında çox kasad olsa da, azarkeşlər qol gördülər. Matçın 34-cü dəqiqəsində Yusif Nəbiyevin yerlə ötürməsini Elvin Məmmədov qola çevirməklə meydan sahiblərini önə keçirdi. Buna qədər isə Namiq Ələskərov öz reydini qapı tirinə tuş gələn zərbə ilə yekunlaşdırmışdı. Komandalar fasiləyə bu hesabla yollandılar.


Bir gün əvvəl "Qarabağ"ın xal itirməsinin "Qəbələ"yə müsbət təsir edəcəyini düşünüb komandanın daha istəkli oynayacağını gözləsək də, buna şahidlik etmədik. Əksinə, 2-ci hissədə Roman Qriqorçukun komandası daha bərbad çıxış etdi. Ötən tur "Səbail"lə matçda avtoqola imza ataraq matçın anti-qəhrəmanı olan Vitali Vernidub "Neftçi" ilə matçda da kobud səhvlə yadda qaldı. Məhz onun səhvindən sonra "Neftçi" Mirabdulla Abbasovla bərabərlik qolunu gətirdi. Ancaq həmin epizodda baş qəhrəman rolunda Vernidubdan topu “oğurlayan” Emin Mahmudov oldu. 

 

Qoldan sonra meydanda daha inamlı görünən Tərlan Əhmədovun komandası 15 dəqiqə sonra hesabı öz xeyrinə dəyişdi. Bu dəfə Ürfan Abbasovun ani diqqətsizliyi nəticəsində qapıçı ilə duelə yollanan İqnasio Errera Bezotosnı ilə təkbətək qaldı və qarşısıalınmaz zərbəylə komandasını hesabda önə çıxardı - 2:1. Qol zamanı topu autdan oyuna daxil edən Petrov bizə uzun aut atışları ilə yadda qalan eks-qəbələli Lübo Baranini xatırlatdığını da xüsusi vurğulayaq. Buraxılan qollardan sonra irəli atılıb hesabı bərabərləşdirməyə çalışan qırmızı-qaralar Stankoviçlə fərqlənsə də, laysmanın bayrağı Roman Qriroqrçukun komandasının sevincini gözündə qoydu. "Qəbələ"nin irəli atıldığı dəqiqələrdə rəqibini əks-hücumda yaxalayan "Neftçi" meydan sahiblərinə daha bir zərbə vurdu. İlk qolun ötürməsini verən Yusif Nəbiyev Rəhman Hacıyevi yerə sərincə baş hakim Rauf Cabbarov onu paltardəyişmə otağına 10 dəqiqə erkən yolladı. Beləliklə, fərdi səhvlərdən "Neftçi"yə uduzan "Qəbələ" çempionluq yolunda daha bir zərbə aldı. Ötən tur Vernidubla Təmkin Xəlilzadə komandanın məğlubiyyətinə səbəb olmuşdusa, bu dəfə Verniduba bu məsələdə digər müdafiəçi Ürfan Abbasov "yardım" etdi və Roman Qriqorçukun komandası bu səhvlərlə böyük ehtimal çempionluq arzularının üzərindən xətt çəkdi.

 

Matçdan sonra ənənvi mətbuat konfransları, brifinqlər və ardınca avtobus bizi götürdüyü ünvana qaytarır. Gecə 12 radələrində ilk bölgə səfərim başa çatır. Hələ neçə belə səfərim olacağını deyə bilmərəm, ancaq əminəm ki, heç vaxt debüt “çıxış”ımı unutmayacam.
 

ƏKBƏR AĞAZADƏ, Bakı-Qəbələ-Bakı

22 Iyun 2018
21 Iyun 2018
B.eÇ.aÇC.aCŞB