TOP 10

"Forza Neftçi"nin rəhbəri: "Qeyd olunası məqam budur ki, Kamran Quliyev gələn kimi komandaya Ceyhun Sultanovu gətirdi"

Futbol
Tarix: 2018-03-04 17:24

Bu dəqiqələrdə davam edən Topaz Premyer Liqasının XVIII turu çərçivəsində “Neftçi” QƏbələdə eyniadlı komandaya qalib gəlir (2:1). Görüşün fasiləsində “Forza Neftçi”nin rəhbəri Sübhan Əliyev Qəbələyə ezam olunmuş Sport24.az-ın suallarını cavablandırdı.

 

- Ötən tur “Zirə” ilə oyundan sonra Tərlan Əhmədovu istefaya səsləmişdiniz. Bəs onun yerinə yerli çalışdırıcılardan kimi görmək istərdiniz?
- Son illərdə yerlilər özünü doğrultmadığına görə heç kimi “Neftçi”də görmək istəmirik. Yalnız Qurban Qurbanovu görmək istərdik, amma bu gün o, həm milli komandanın, həm də “Qarabağ”ın baş məşqçisi olduğuna görə real görünmür. Ona görə də əcnəbi məşqçi görmək istəyirik.

 

- Bəs son vaxtlar haqqında çox danışılan Samir Abbasov?
- Samir Abbasov əla kollektiv yaratsa da, sabah onun “Neftçi”də uğurlu olub-olmayacağı maraqlıdır, çünki “Neftçi” ağır komandadır, həmişə çempionluğa oynayıb. “Sumqayıt” üçün 3-cülük uğrunda oynamaq uğur sayılsa da, “Neftçi”də belə deyil. Azarkeşlər üçün heç 2-ci yer də uğur sayılmır.

- Yəni təzyiq altında işləyə bilməz?
- Onu deyə bilmərik, amma istəyimiz əcnəbi məşqçidir.

 

- Klubun yeni prezidenti Kamran Quliyev haqda nə deyə bilərsiniz? Sizcə, “Sumqayıt”da yaratdığı ab-havanı “Neftçi”də də yarada bilərmi?
- Kamran Quliyev hələ təzə gəlib. Son 4 ildə gələn prezidentlərin hamısı vaxt istəyir, amma sonra heç biri də özünü doğrultmur. Qeyd olunası məqam budur ki, Kamran Quliyev gələn kimi komandaya Ceyhun Sultanovu gətirdi. Sultanovun gördüyü uğurlu işlərdən xəbərdar idik. “Sumqayıt”ın uğurlarında da ən böyük pay - sahiblərindən biri də o idi. Təki “Neftçi”də də uğurlu olsun, amma bu futbolçularla uğur qazanmaq çətindir.

 

- “Neftçi”nin son vaxtlar qol vurmaqla bağlı problemi var. Son vaxtlar möhtəşəm formada olan Amil Yunanovu “Neftçi”də görmək istərdinizmi?
- Əlbəttə, görmək istərdik. Gördüyünüz kimi, Antalya toplanışında kluba gələn 3 legionerin heç biri “Neftçi”yə layiq deyil. Bu gün biz Amil Yunanov və bir vaxtlar “Neftçi”də oynamış Cavid İmamverdiyevi yenidən klubda görmək istərdik.

 

- Son vaxtlar “Neftçi”nin Ağabala Ramazanovla maraqlanması haqda söz-söhbət gəzir. Bir dəfə “Neftçi”ni “Xəzər”ə dəyişib, sonra isə “Qarabağ”ı seçib “Neftçi”dən imtina edən və hazırda formada olmayan futbolçunu klubda görmək istərdinizmi?
- Yox, onu klubda görmək istəmirik, çünki o, “Qarabağ”a gedəndə sabahını düşünmədən elə müsahibə verdi ki, sanki həmişəlik orada oynayacaq. Sabah yenidən “Neftçi”də oynayıb azarkeşlərin sevimlisi olması üçün ümid yeri qoymadı. Ona görə onu komandada görmək istəmirik.

 

ƏKBƏR AĞAZADƏ, Qəbələ

22 Iyun 2018
21 Iyun 2018
B.eÇ.aÇC.aCŞB