TOP 10

Avropa çempionatı Azərbaycan milli komandasının üzvlərinin gözündə: final mərhələsi hansı təəssüratlarla yadda qaldı? - LAYİHƏ

Layihə
Tarix: 2018-02-24 13:24

Sport24.az saytı AFFA yanında Media Komitəsinin qaliblərindən olan “Futzal” istiqamətində "Azərbaycan futzalı: millimizin Avropa macəraları, “daxili orqanlar”ın yoxlanışı” adlı layihəsində silsilə yazılarını davam etdirir. Budəfəki yazı “Avropa çempionatı Azərbaycan milli komandasının üzvlərinin gözündə: final mərhələsi hansı təəssüratlarla yadda qaldı?” mövzusundadı.

 

Futzal yığmamız Sloveniyanın paytaxtı Lyublyanada keçirilən Avropa çempionatının final mərhələsində qrupdan çıxa bilsə də, pley-offda ilk sınaqdan sonra mübarizəni dayandırmalı oldu. Belə ki, Joze Alesio da Silvanın yetirmələri sonda turnirin qalibi olan Portuqaliya yığması tərəfindən aldığı 1:8 hesablı ağır məğlubiyyətlə yarışı tərk etdi. Nəticədə ardıcıl 5-ci dəfə qitə birinciliyinin birinciliyinin final mərhələsinin iştirakçısı olan millimiz ən yaxşı nəticəsini təkrarlaya bilmədi. Bu da debütdə 4-cü yeri tutmağımızdı. 

 

Joze Alesio da Silva: "Nə ikinci, nə də üçüncü oyunda istədiklərimizi realizə edə bildik və elə problemlər də bundan başladı"

Joze Alesio komandasının yarımfinala çıxa bilməməsini daha çox buraxılan sadə səhvlərlə əlaqələndirir.  "Avropa çempionatında üç oyun keçirdik. Yaxşı başladıq, ispanlarla oyunda sensasiya edən Fransanı məğlub etməklə onların bunu davam etdirməsinə imkan vermədik. İspaniya ilə oyunda isə bizi qane edəcək nəticə qazanmaq istəyirdik ki, 1/4 finala birinci pillənin sahibi kimi yollanaq. Ancaq nə ikinci, nə də üçüncü oyunda istədiklərimizi realizə edə bildik. Elə problemlər də bundan başladı. Portuqaliya ilə oyunda hesabı açdıq. Ancaq təssüf ki, rəqibin dərhal fərqlənməsinə mane ola bilmədik. Çox sadə səhvlər etdik. Hesab arasındakı fərq artıqdan sonra isə konsantrasiyanı itirdik, dağılma oldu. Oyun intizamı pozulduqdan sonra səhvlər də çoxaldı. Sakitləşib, toparlana bilmədik. Əsəblər coşdu, hücumlar qurmaq üçün tələsirdik. Bu məqamlar da yekunda Portuqaliyanın xeyrinə işlədi. Biz qol vurmaq üçün tələsdik, nəticədə səhvlər etdik, topu itirdik, onlar da bunu öz lehlərinə çevirdilər.

 

Braziliyalı mütəxəssisin fikrincə, Avropanın 4 ən güclü komandası Azərbaycandan bir sıra komponentlərdə üstündü: "İlk tapşırıq qrup mərhələsindən 1/4 finala yüksəlmək idi. Bunun öhdəsindən gəldik. Ancaq təqvim elə qurulmuşdu ki, yarımfinala da yüksələ bilərdik. Bunu çox istəyirdik. Bizim üçün ən azı yarımfinalda iştirak etmək uğur sayılacaqdı. Təəssüf ki, istəyimizi reallaşdıra bilmədik. Məsələyə digər tərəfdən yanaşsaq, sona qalan dörd komandanın hamısı böyük infrastruktura malikdi. Əvəzində favoritlərdən hesab edilən İtaliya kimi komanda qrup mərhələsini adlaya bilmədi. Onlara qoşulan bir neçə belə komanda oldu. Yəni futboldu, əvvəlcədən oyunun necə qurtaracağını, hansı sürprizlərlə qarşılaşacağını bilmirsən”.

 

Rövşən Hüseynli: "Millimiz Avropa çempionatında imicini qorudu"

Millimizin qapıçısı Rövşən Hüseynli Avropa çempionatına hazırlaşarkən, bəzi oyunçularımızın komandaya gec qoşulduğunu və bunun da matçlar zamanı mənfi təsirini göstərdiyini vurğulayıb: "Rəsmi oyunlara debütantla qarşılaşma ilə start verdik. İntizamlı oyun oynadıq, məşqlərdə etdiklərimizi oyunda tətbiq edə bildik. Əslində, çempionat ərzində ən çox təzyiqi bu matçda hiss etdik. Bunun da bir neçə səbəbi vardı. Əvvəla, mərhələ adlamaq üçün mütləq qələbə qazanmalı idik. Çünki ikinci oyundakı rəqibimiz daha güclü komanda idi. Bundan başqa, ilk oyunlar hər zaman gərgin keçir. Fransanın da İspaniya ilə heç-heçə etdiyini nəzərə alsaq, məsuliyyətimiz birə-beş artmışdı. Bu təzyiqləri dəf etdik və qələbə ilə başladıq. Növbəti dueldə İspaniya ilə üz-üzə gəldik. Bu oyunda əsas səhvimiz çox güc sərf etməyimiz oldu. Məğlubiyyətin hansı hesabla olmasının nə fərqi var. Portuqaliya ilə qarşılaşmada isə oyunumuz alınmadı. Razıyam 1:8 hesabı bizə yaraşmadı. Ancaq böyük futboldan fərqli futzalda bu cür hesablar normal qarşılanır. Hesabı açdıq, lakin səhvlər etdik. Rəqib də bundan istifadə etdi. Hesabda geri düşdükdən sonra risk etməli idik və etdik də. Hər nə etsək də, oyunumuz alınmadı, həmin gün Portuqaliya bütün komponentlərdə bizdən üstün idi. Çempionatımızın səviyyəsi, oyunlardakı sürətin aşağı olması bu cür yarışlarda özünü qabarıq şəkildə büruzə verir. Fiziki cəhətdən ayaqlaşa bilmirdik. 1:8 hesablı yenilgidə Portuqaliya millisinin üzvlərinin çıxış etdikləri çempionatın damlaları hiss olunurdu"

 

Hüseynli hesab edir ki, millimiz qitə birinciliyində nüfuzuna xələl gətirmədi: "Bakıdan çıxanda məqsəd qoyulmuşdu ki,1/4 finalda oynamalıyıq. Bunu bacardıq. Yarımfinala gedən yolda Portuqaliyadan revanş almaq istəyirdik. Ancaq 2016-cı ildəki yenilginin üzərinə birini də əlavə etdik. Səhvlərdən nəticə çıxarmalıyıq. Məncə, millimiz imicini qorudu. Fransanı məğlub etdi, İspaniya kimi rəqiblə dueldə minimalhesablı məğlubiyyət qeydə alındı. Ola bilsin, 1:8 hesablı məğlubiyyət buna mane olsun, amma futzalda bu normaldı. 2 il əvvəl İspaniya finalda Rusiyanı 7:1 hesabı ilə udurdu, yalnız son dəqiqələrdən ruslar 2 qol vurmaqla 3:7 hesablı yenilgiylə barışdı. Ancaq dünya çempionatında Rusiya həmin İspaniyanı 6:2 hesabı ilə məğlub etdi. Futzalda bu cür nəticələr normaldı. Yenə deyirəm, hesabı dəyişmək üçün dönüş etmək istəyirdik, amma alınmadı”.

 

Vitali Borisov: "İstəyirdim ki, son yarışım uğurlu nəticə ilə yadda qalsın"

Yığmamızın veteran oyunçusu Vitali Borisov Sloveniyaya yarımfinalda oynamaq üçün getdiklərini, amma Bakıya əliboş döndüklərini qeyd edib: "Yəni istədiyimizə nail ola bilmədik. Buna da rəqiblərimizin çox güclü olması mane oldu. Portuqaliya millisi çox yaxşı oynadı, güclü idi və yekunda istədiyi nəticəni də əldə etdi. Milli qrupdan 1/4 finala yüksəldi, ancaq davamını gətirə bilmədi. Ona görə də çempionatı özümüz üçün uğurlu saymıram. Mənim üçün sonuncu Avropa çempionatı idi. İstəyirdim ki, son yarışım uğurlu nəticə ilə yadda qalsın. Lakin bunu əldə edə bilmədik. Yığmamız imicini qoruya bildi. Avropa çempionatına qatıldı, qrupdan növbəti mərhələyə yüksəldi. Sadəcə, son matçdakı nəticə üzücü oldu. Sanki quyuya düşdük”.

 

Namiq Məmmədkərimov: "Əslində, İspaniya ilə oyunda bəlkə də düzgün strategiya seçmədik"

Millimizin hücumçusu Namiq Məmmədkərimov İspaniya və Portuqaliya oyunlarda məğlubiyyətlərinin səbəblərindən danışıb: “Təbii ki, bizim üçün bu yarışda ən vacib oyun Fransa ilə qarşılaşma idi. Çünki qrupdan çıxmaq və mübarizəni davam etdirmək üçün bu matç həlledici rol oynayırdı. Çətin oyun oldu, ancaq yekunda məqsədimizə nail olduq. Növbəti rəqiblərimiz ardıcıl olaraq turnirin ən güclüləri oldular. Əslində, İspaniya ilə oyunda bəlkə də düzgün strategiya seçmədik. Minimalhesabla məğlub olduğumuz oyunda az güc sərf etməli idik. Baş məşqçi birinci matçda şans vermədiyi və ya az oynatdığı futzalçıları meydana buraxmalı və beləliklə həm də üçüncü oyuna hazırlaşmalı idik. Portuqaliya ilə qarşılaşmada kobud səhvlərə yol verdik və fasiləyə 3 top fərqi ilə yenik yollandıq. Oyunun nəbzini tuta bilmədik. Təbii ki, bu cür rəqiblə bu fərqi aradan qaldırmaq çox çətin idi. İkinci hissədə də toparlana bilmədik. 5-in 4-ə oynadıq və qollar buraxmaqda davam etdik. Bir sözlə, istəyimizə nail olmadıq".

 

Namiq heasb edir ki, minimum tapşırıq qrup mərhələsindən 1/4 finala yüksəlmək idi ki, komandanın bunun öhdəsindən gəldi: "Məncə, nəticə pis deyil. Düzdü, daha artığını qazanmaq istəyirdik. Ancaq yekun göstərdi ki, Portuqaliya da çox güclüdü. Üstəlik biz son iki oyunumuzu çempionatın qalibinə və finalçısına qarşı keçirdik. İlk dəfə 2010-cu ildə  debüt etdik Avropa çempionatında. Komanda bir nöqtəyə vururdu. Baş məşqçimiz yenə Alesio idi. Həmin çempionatda da oynamaq üçün az şans qazanmışdım. Ancaq nəticə komanda üçün uğurlu alındı, sona qalan 4 komandadan biri olduq. Məncə, həmin çempionatdakı heyətimiz indikindən dəfələrlə güclü idi. Bunu nəticə də sübut edir”.

 

Qalo: "Bu yarış mənim kimi debüt edən komanda yoldaşlarım üçün də təcrübə oldu"

Sözsüz ki, komandamızda aparıcı oyunçular  milliləşdirilən braziliyalılar idi və onların təəssüratları daha çox maraq doğurur. Qalo Avopa çempionatının çox maraqlı yarış olduğunu söyləyib: "İlk dəfə bu turnirdə iştirak edirdim. Etiraf edim ki, təşkilatçılıq (otel, məşq zalları, oyun arenaları və s.), eləcə də komandaların səviyyəsi baxımından Avropa çempionatının dünya çempionatından daha güclü yarış olduğunu göstərdi. Zəif komanda yox idi. Hansısa rəqib haqda əvvəlcə zəif olduğunu düşünürsən, amma oyun zamanı yanıldığın ortaya çıxır. Fransa ilə oyunda bəlkə də azarkeşlərdən çoxu bizim qələbə qazanacağımıza inanmırdı. Çünki rəqibimiz İspaniya ilə çox yaxşı oynamışdı. Amma bunu bacardıq. İspaniya ilə matçda da davamını gətirmək, ən azı bir xal almaq olardı. Təbii ki, yarımfinal və finalda oynamaq istəyirdik. Şansımız da var idi. Təəssüf ki, alınmadı. Sonda 8 ən güclü komandadan biri olduq. Yənu bu mərhələdə evdə yendiyimiz Albaniya, Macarıstan, Bosniya və Herseqovin kimi millilərə qarşı çıxış etmirdik".

 

O, yarımfinala və finala çıxa bilmədiklərini üzüldüklərini qeyd edib: "Digər tərəfdən, rəqibimizin çempion olduğunu nəzərə alsaq, deməli, çempionatın ən güclü komandasına qarşı oynamış olduq. Razıyam, oyunun nəticəsi ağır oldu. Ümumiyyətlə, istədiyimiz nəticəni əldə edə bilmədik. 1/4 finaldan sonra beynimizdən yarımfinalda da iştirakçı olmaq keçirdi. Alınmadı, təəssüf. Növbəti böyük yarışda nəticəmizi yaxşılaşdırmaq haqda düşünməliyik. Bu yarış mənim kimi debüt edən komanda yoldaşlarım üçün də təcrübə oldu”.

 

Vassoura: "Avropa çempionatında sona qədər mübarizəni davam etdirəcəyimizi düşünürdüm, çünki..."

Millimizin liderlərindən olan Vassoura indi çempionat haqda danışmağın xoş oolmadığını sayaraq bunu son oyunun bizi çox üzməsiylə əlaqələndirir: "Ancaq idmanda bundan qaçmaq mümkün deyil. Bir misal çəkim, 2014-cü ildə keçirilən dünya çempionatında Braziliya gözlənilmədən Almaniyaya 1:7 hesabı ilə uduzdu. Halbuki Braziliya 5 dəfə dünya çempionu olan yeganə komandadı. Yəni heç kim uğursuz nəticədən, oyundan sığortalanmayıb. Bunu bilə-bilə də etmirlər. Həmin günü oyunun alınmasından çox şey asılıdı. Biz istədiyimizi meydanda göstərə, tətbiq edə bilmədik. Bax bu, nəticəni müəyyənləşdirdi".

 

O, Sloveniyaya yollanan zaman komandamıza çox inanırmış: "Avropa çempionatında sona qədər mübarizəni davam etdirəcəyimizi düşünürdüm. Çünki heyətimiz yaxşıdı, baş məşqçimiz kifayət qədər ağıllıdı. Yenə deyirəm, futbolda belə nəticələr olur. “Alaves” “Barselona” kimi nəhəng komandanı yenir. Bu, həyatın sonu deyil. Sən vurduğun top qapıya daxil olmir, amma rəqibin hər həmləsi toru silkələyir. Deməli, sənin günün deyilmiş. Sadəcə, azarkeşlərə görə çox məyus oluram. Bilirəm, bu yenilgiyə görə onlar bizə qarşı çox əsəbidirlər. Onlardan üzr istəyirəm. Dünya çempionatında, eləcə də Avropa çempionatının əsas seçmə mərhələsində oyunlarımız yaxşı alındı, amma Lyublyanada bunun davamını gətirə bilmədik. Azərbaycan futzalı üçün daha yaxşı işlər görməyə çalışacağıq”.

 

Fineo de Araujo: "Bilirəm, fiziki hazırlığıma görə baş məşqçi narazılıq etdi"

Millimizin digər braziliyası Fineo de Araujo yarışa başladıqları gün hər şey bizim üçün uğurlu alındığını deyib: "İki gün əvvəl İspaniyanı büdrətməklə diqqətləri üzərinə cəlb edən Fransanı məğlub etdik. Bu matçdakı nəticə bizim üçün imkanlar yaratdı. Artıq 1/4 finala vəsiqəni təmin etmişdik. Ancaq biz birinci pilləni tutub, növbəti raundda Ukraynaya rəqib olmağı istəyirdik. İspaniya ilə oyuna bunun üçün çıxmışdıq, ancaq bacarmadıq. Portuqaliya ilə oyun isə fiasko oldu. Fasiləyə 1:4 hesabı ilə yollandığımız zaman geriyə dönüş etməyimizin çətin olacağını bilirdik. Çünki Portuqaliya çox güclü, biz isə bərbad oynadıq. Bilirəm, fiziki hazırlığıma görə baş məşqçi narazılıq etdi. Yaponiyada çempionat tez başa çatmışdı, bir müddət idi rəsmi oyunlarda iştirak etmirdim. Bunun müəyyən qədər təsiri oldu. Ancaq inanın, nəticə yaxşı olsaydı, bu heç kimin yadına düşməyəcəkdi. Bir fikri də əlavə edim ki, çempionatın ən güclü komandasına uduzduq”.

 

 

Bolinya: "Səhvlərimizi analiz edib, növbəti yarışlar üçün nəticə çıxarmalıyıq"

Millimizin bombardiri Thaqo Telez Bolinya Lyublyanaya yarımfinalda oynamaq üçün yollandıqlarını bildirib: "Çempionata yaxşı başladıq, İspanlara qarşı da pis oynamadıq. Təəssüf ki, yekun biz istəyən kimi alınmadı. Halbuki, pley-offda Portuqaliya ilə matma başladıq, erkən qol vurduq. Hesab 1:0 olanda hər şey əla idi. Amma üstünlüyümüzü çox saxlaya bilmədik, qollar buraxdıq. Futbolda hesablaşmalı olduğun məqamlar da var. Biz müdafiədə səhvlərə yol verdik, onlar isə əks-hücumlarda yaxşı oynadılar, sanki hər yaxaladıqları fürsəti dəqiq tamamlamağı bacardılar. İspaniya ilə qarşılaşmada çox güc sərf etdik və təsirini bu matçda gördük. Az da olsa, yorğun idik. Ancaq onlar da bizim kimi ardıcıl iki oyun keçirdilər. Ona görə də bəraət axtarmamalıyıq. Sadəcə, rəqib hər imkandan istifad etdi".

 

Bolinya da ilk dəfə Avropa çempionatına qatılıb: "İştirakçı komandaların səviyyəsi bir-birinə çox yaxındı. İndi zəif komanda yoxdu. Təbii ki, bu nəticəyə görə məyusam. Yarışı çox pis hesabla tərk etdik . Böyükhesablı nəticə ilə uduzmaq bizə yaraşmadı. Soyuq başla düşünəcəyik. Səhvlərimizi analiz edib, növbəti yarışlar üçün nəticə çıxarmalıyıq".

 

MEHMAN SÜLEYMANOV

Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib

 

16 Noyabr 2018
15 Noyabr 2018
B.eÇ.aÇC.aCŞB