TOP 10

Avropa çempionatı: Azərbaycan yığması potensialına uyğun çıxış edə bildimi? - LAYİHƏ

Layihə
Tarix: 2018-02-17 12:06

Sport24.az saytı AFFA yanında Media Komitəsinin qaliblərindən olan “Futzal” istiqamətində "Azərbaycan futzalı: millimizin Avropa macəraları, “daxili orqanlar”ın yoxlanışı” adlı layihəsində silsilə yazılarını davam etdirir. İkinci yazı "Avropa çempionatı: Azərbaycan yığması potensialına uyğun çıxış edə bildimi? " mövzusundadı. 

 

Ardıcıl 5-ci sınaq, tarixə səyahət

Futzal üzrə Azərbaycan millisi yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın paytaxtı Lyublyanada təşkil edilən sayca XI Avropa çempionatının final mərhələsinə qatılmaqla ardıcıl 5-ci dəfə analoji uğuru təkrarlamış oldu. Belə ki, millimiz ilk belə sevinci 2010-cu ildə yaşamışdı. Macarıstanda keçirilən həmin qitə birinciliyi debütant komandamız üçün uğurlu alındı. Ora gedən yol isə Portuqaliyadan başladı. Belə ki, 1 il əvvəl keçirilmiş seçmə mərhələnin oyunlarında meydan sahibləri ilə 3:3 hesablı heç-heçə edən komandamız Polşanı 4:3, Finlandiyanı isə 5:1 hesabı ilə yendi. Topladığı 7 xal komandamıza qrup lideri kimi birbaşa iştirak hüququ verdi.

 

Final mərhələsindəki rəqiblər də komandamızın "diş"inə görə oldu. Meydan sahibi Macarıstan üzərindəki 3:1 hesablı qələbənin ardından, Çexiyanı da (6:1) yenən Alesionun “armadası”nın yolu 1/4 finalda Ukrayna ilə kəsişdi. Dövrünən ən güclülərindən olan postsovet ölkələrinin dueli 3:3 hesablı heç-heçə ilə yekunlaşsa da, penaltilər zərbəsi zamanı sevinən tərəf futzalçılarımız oldu. Yarımfinaldakı rəqib isə bu yola qədəm basan zaman qarşımıza çıxan ilk maneə - Portuqaliya yığması idi. Yenə əsas və əlavə vaxtda qalib müəyyənləşmədi – 3:3. Penaltilər seriyasında isə bəxtimiz gətirmədi - 3:5. Bu hesab 3-cü yer uğrunda Çexiya ilə keçirilən oyunda da qeydə alınıb. Yekunda komandamız 4-cü yerlə barışmalı oldu.

 

Yeri gəlmişkən, bu nəticə futzal tarixində bir yenilik oldu. 2016-cı ilə qədər debütant komandalar arasında heç biri ilk addımdaca yarımfinala qədər irəliləyə bilməmişdi. Yalnız 2016-cı ildə Qazaxıstan bürünc medal qazanmaqla bu göstəricini yenilədi. Sonrakı 2 Avropa çempionatının final mərhələsi uğurlu alınmadı. Belə ki, komandamız final mərhələsinə vəsiqə qazansa da, qrupda qaldı.

 

AÇ-2010 (seçmə mərhələ - Portuqaliya)

 

19.03.2009. Portuqaliya – 3:3

20.03.2009. Polşa – 4:3

22.03.2009. Finlandiya – 5:1

 

(final mərhələsi – Macarıstan)

19.01.2010. Macarıstan – 3:1

21.01.2010. Çexiya – 6:1

 

1/4 final

25.01.2010. Ukrayna – 3:3, pen. 4:2

 

1/2 final

28.01.2010. Portuqaliya – 3:3, pen 3:5

 

3-cü yer uğrunda oyun

30.01.2010. Çexiya – 3:5

 

AÇ-12 (seçmə mərhələ - Azərbaycan)

24.02.2011. Qazaxıstan – 6:3

25.02.2011. Fransa – 4:2

27.02.2011. İspaniya – 3:8

 

(final mərhələsi – Xorvatiya)

01.02.2012. Portuqaliya – 1:4

03.02.2012. Serbiya – 8:9

 

AÇ-2014 (seçmə mərhələ - Slovakiya)

27.03.2013. Norveç – 6:0

28.03.2013. Bosniya və Herseqovina – 3:2

30.03.2013. Slovakiya – 2:1

 

(final mərhələsi – Belçika)

31.01.2014. Sloveniya – 7:6

02.02.2014. İtaliya – 0:7

 

Şeytanın qıçını yalnız 2016-cı ildə qıra bildik. Serbiyadakı final mərhələsinin ilk oyununda İtaliya güclü olsa da, Çexiya millisi üzərində üstünlük son saniyələrdə əldə edildi. Bu isə mübarizəni növbəti mərhələdə davam etdirmək üçün yetərli oldu.  Bu dəfə yarımfinala adlamağa Rusiya imkan vermədi. Sonradan finalda uduzacaq şimal qonşumuz 6:2 hesablı qələbəni bayram etdi. Yeri gəlmişkən, komandamız bu mərhələyə vəsiqəni birbaşa deyil, pley-off oyunları keçirməklə əldə etdi. Çünki seçmə mərhələ zamanı qrupda Ukrayna kimi güclü rəqib vardı və yeganə məğlubiyyət lider olmağa mane oldu.  

 

AÇ-2016 (seçmə mərhələ - Azərbaycan)

18.03.2015. Belçika – 3:1

19.03.2015. Danimarka – 11:2

21.03.2015. Ukrayna – 2:3

 

(pley-off)

15.09.2015. Slovakiya – 3:1 (e)

22.09.2015. Slovakiya – 1:1 (s)

 

(final mərhələsi – Serbiya)

04.02.2016. İtaliya – 0:3

06.02.2016. Çexiya – 6:5

 

1/4 final

09.02.2016. Rusiya – 2:6

 

AÇ-2018 (seçmə mərhələ - Azərbaycan)

08.04.2017. Bosniya və Herseqovina – 5:4

09.04.2017. Albaniya – 5:0

11.04.2017. Macarıstan – 6:1

 

(final mərhələsi – Sloveniya)

02. 02.2018. Fransa 5:3

04.02.2018. İspaniya 0:1

 

1/4 final

06.02.2018. Portuqaliya 1:8

 

Gücümüz bu qədərdi?

Sloveniyaya yola düşərkən millinin hədəfi bir qədər də böyümüşdü. Belə ki, seçmə mərhələni lider kimi başa vuran yığmamız həlledici raundda Fransa və İspaniya ilə eyni qrupa düşməsinə rəğmən, yarımfinal istəyi hər kəsi daha məsuliyyətli olmağa vadar edirdi. Millimizi Bakıdan Lyublyanaya da elə bu istəklə yollanmışdı. Ancaq istər Bakıdakı brifinq zamanı, istərsə də oyunöncəsi son məşqlərdən də hiss olunurdu ki, baş məşqçi bütün diqqətini Fransa ilə oyuna cəmləşdirib. Elə sparrinq rəqibin seçilməsində də rəsmi oyundakı ilk rəqibimizin oyun dəsti-xətti nəzərə alınmışdı. Deməli, Alesionu İspaniya və sonra qarşılaşacağımız komandalar deyil, özünün də final qarşılaşması adlandırdığı Fransa ilə duel maraqlandırırdı. Onu da qeyd edək ki, fransızların güclü İspaniya ilə oyunu, 40 dəqiqə ərzində heç vaxt hesabda geri düşməməsi komanda üzvlərini çox gərginləşdirmişdi. Futzalçılardan fərqli, bəlkə də həmin anda ən az narahatlığı braziliyalı çalışdırıcımız keçirirdi. Çünki onun uğurlu təqvimdən faydalanaraq rəqibini meydanda izləyib analiz etmək və əks-həmlələr qurmaq üçün zamanı oldu.

 

Taktiki planda elə də güclü təsir bağışlamayan, amma atletik göstəricilərin görə komandamızı üstələyən qərbi avropalılarla yekun bizim üçün uğurlu alındı. Bu nəticə hətta qrup lideri olmaq üçün komandamıza üstünlük qazandırdı. Buna nail olmaq üçünsə heç-heçə də kifayət edəcəkdi. İspaniya ilə oyunun əksər hissəsində rəqibin şansları çox olsa da, millimiz də sakit durmurdu. Komandamız əks-həmlələr qurmaqla son çempionu xeyli həyəcanlandırdı. Ancaq bu həyəcanlandırmaqdan artığına yetmədi. Bəlkə də bu oyun Portuqaliya ilə dueldə əldə edilən uğursuz nəticənin bünövrəsini qoydu.

 

Niyə?

Sadalayaq, bəlkə də kənardan döyüş bizə asan gəldiyi üçün belə düşünürük. Ancaq ilk oyunda olduğu kimi, ikinci qarşılaşmada da meydanda ən çox eyni heyət mübarizə apardı. Düzdü, Alesio Fransaya qarşı oynatmadığı digər futzalçılara da şans verdi, amma yük məlum “5-liy”in çiyinlərində idi. Həmin 5-6 oyunçunun iki gün fasilə ilə bu cür ağır oyun keçirməsi isə sonradan lazımi şəkildə bərpasını mümkünsüz edirdi. Düzdü, Qalo Fransa ilə oyundan sonra İspaniyanın gücünü hiss etmədi. Müdafiəçi zədəli olduğuna görə, ehtiyatda oturdu. Ancaq bunun ağırlığını Bolinya hiss etdi. İlk oyunun qəhrəmanı sonrakı 2 qarşılaşmada daha çox gəzinməklə yadda qaldı. Halbuki rəqibləri onun cüssəsindən, Fransa ilə oyunda etdiklərindən çəkinirdilər. İspaniyaya qarşı oyundakı passivliyini bəlkə də anlamaq olardı. Çünki 1/4 final mərhələsinin təmin edilməsi onun matça köklənməsinə müəyyən qədər təsir etmişdi. Lakin bu durğunluğun Portuqaliya qarşısında da davam etməsi futzalçının fiziki, eyni zamanda psixoloji baxımdan oyunlara tam hazır olmadığını ortaya çıxardı.

 

Son söz əvəzi...

Bəs AVRO-2018 millimiz üçün nə ilə yadda qaldı? Komandamız potensialından tam istifadə edə bildimi? Qət edilən yola diqqət yetirsək, qrup mərhələsi üçün məqsədə çatdığını qətiyyətlə demək olar. Çünki ilk iş iki oyundan birində mütləq qələbə qazanmaq və mübarizəni növbəti fazada davam etdirmək idi. Fransa üzərində əldə edilən uğurlu nəticə ilkin, həm də əsas məqsədin həyata keçirildiyini təsdiqlədi. Bəs sonrakı yenilgilər "komandamızın zəif olmasının göstəricisidirmi" deyə sual etmək olar. Aydın məsələdir ki, İspaniya bütün yarışların aşkar favoritidi. Hər nə qədər çempionata zəif start versələr də, bu onların statusuna kölgə salmırdı. Ancaq oyun göstərdi ki, bu komandayla dueldən də sərfəli nəticə əldə etmək mümkündü. Portuqaliya ilə oyun isə tam fiasko oldu. Bunu həm oyunçuların oyuna yanaşmasını, həm nəticəyə şamil etmək olar. Sanki meydanda olan futzalçılarda komanda, döyüş ruhu yox idi. Hər nə qədər ilk qolu vursaq da, oyunçuların çöhrəsindəki yorğunluq, ümidiszlik sonluğun yaxşı olmayacağının qaranquşu idi. Halbuki 1/4 finalda Rusiya, İspaniya, İtaliya kimi bizə tərs gələn rəqiblə qarşılaşmayacağımız yarımfinal ümidini cücərtmişdi. Bura cəmi 1 il 3 ay əvvəl dünya çempionatında ortaya qoyulan oyunu və qazanılan nəticəni də əlavə etsək, gözləntilər əsassız deyildi. Potensialı isə ən azı yarımfinalçıdan biri olmağa imkan verirdi, sadəcə, tam istifadə edə bilmədik. Amma..

 

Hardan hara gəldik, onu da unutmamalıyıq. Avropa çempionatının final mərhələsinə düşməyin özü yaxşı nəticədi. Komandanın qarşısına əsas məqsəd qoyulmuşdu ki, çempionata vəsiqə qazansınlar, qazandılar. Sonrakı məqsəd qrupdan çıxmaq idi, bunun da öhdəsindən gəldilər. Bir sözlə, minimum tapşırığı yerinə yetirmiş oldular.

 

Bunları bilirdinizmi?

 

Yubilyar kapitan və ya Avropada ilk “5-lik”də

Milli komandamızın kapitanı Rizvan Fərzəliyev Avropa çempionatları tarixinin “5-liy”inə düşdü. Təcrübəli oyunçu millinin forması altında 40-cı oyununu keçirdi. Belə ki, futzal üzrə Azərbaycan millisinin heyətində Sloveniyada təşkil edilən qitə birinciliyinin 1/4 final mərhələsində Portuqaliya ilə matçda yubiley qeydə alındı. 2000-ci ildən  - 21 yaşından yığmanın formasını geyinən Fərzəliyev ispaniyalı Arnaldo ilə eyni göstəricini paylaşır. Hazırda 4-5-ci yerləri bölüşən 39 yaşlı kapitanı Rumıniya millisinin üzvləri Robert Lupu və Florin Matey 1 oyun qabaqlayır.  Avropa çempionatlarının mütləq rekordçusu isə Luis Amadodu. İspaniyalı futzalçı qitə birinciliklərində 47 dəfə meydana çıxıb.

 

75 oldu...

 

Lyublyana şəhərində keçirilən qitə birinciliyi millimizin daha bir göstəricisini yaxşılaşdırmağa imkan verdi. Belə ki, 1/4 finala yüksələn və Portuqaliya ilə üz-üzə gələn komandamız bununla 75-ci oyununu keçirdi. Düzdü, ikinci dəfə yarımfinala yüksəlmək şansını qaçıran millimiz matç sayını artırmağa nail oldu. Komandamızın indiyədək keçirdiyi 75 oyunun 24-ü dünya, 51-si qitə səviyyəli yarışa təsadüf edib. Bu matçlarda 33 qələbəsi və 15 heç-heçəsi olan yığmamız 27 dəfə meydanı məğlub tərk edib. Futzalçılarımız 286 qol vurub və öz qapısından 248-nı buraxıb.

 

Əvvəlki 10 çempionatın hamısında yarımfinal oynayan İspaniya bu göstəricidə mütləq rekordçudu. Dünən 1/4 final səddini adlayan Rusiya 9-cu uğuruna sevinibsə, İtaliyanın hesabında 8 yarımfinal var.

 

2-ci het-trik

Son çempionatda millimizin debütantlarından olan Bolinya het-trikə imza atmaqla Fransa üzərində qələbənin banisi oldu. O, final mərhələsində bu göstəricini reallaşdıran 2-ci futzalçımız kimi tarixə düşdü. Belə ki, ilk belə hadisə 6 il əvvəl – 2012-də yaşanıb.  Xorvatiyada təşkil edilən Avropa çempionatının final mərhələsində Serbiya ilə fevralın 3-də baş tutan qarşılaşmada Jadder Dantas rəqib torunu 3 dəfə silkələyib.

 

 

Statistikalarda Azərbaycan izi...

Futzal üzrə Avropa çempionatının final mərhələləriylə bağlı yaddaqalan və diqqəti cəlb edən statistik göstəricilərlə sizləri tanış etmək istəyirdik. Təbii ki, bu işdə UEFA-nın qitə birinciliyini işıqlandıracaq media nümayəndələri üçün hazırladığı “Media bələdçi”nin xidmətindən istifadə edəcəyik.

 

İndiyə qədər seçmə mərhələlərdə ən böyükhesablı nəticə iki postsovet ölkəsinin iştirakı ilə baş tutan matçda qeydə alınıb. Rusiya Moldovanın qapısından nə az-nə çox, düz 31 cavabsız top keçirib. Bu matç 1996-cı ildə baş tutub.

 

Final mərhələlərində isə ən acımasız komanda 7 dəfə Avropa çempionu olan İspaniya millisidi. Onlar 2010-cu ildə Macarıstanda keçirilən həlledici raundda Belarusu 9:1 hesabı ilə yeniblər. Bu göstərici indiyə qədər final mərhələsində qeydə alınmış ən böyükhesablı nəticədi. Bir oyunda ən çox fərqlənən futzalçı Konstantin Yeryomenkodu. Rusiya millisinin üzvü 1996-cı ildə Moldova ilə keçirilən və 31:0 hesabı ilə başa çatan oyunda komandasının 7 qoluna imza atıb.

 

Final mərhələsində isə Sergey Koridze hamını qabaqlayır. Ukraynalı oyunçu 2003-cü ildə Portuqaliya ilə dueldə 5 qol vurub.

Maraqlıdır ki, hazırlanan statistik məlumatlar arasında Azərbaycan millisi və oyunçusu ilə bağlı da göstərici var. Belə ki, Felipe Avropa çempionatları tarixinin ən erkən qolunu vurub. Yığmamızın sabiq "5 nömrə"si 2012-ci ildə Xorvatiyada təşkil edilən həlledici mərhələsin qrup oyununda 8-ci saniyədə fərqlənib. O, Serbiya yığmasını erkən vaxtda meydanın mərkəzinə dəvət edib. Hələ ki, onun bu göstəricidəki rekordunu yenilənən yoxdu.

 

Millimizlə bağlı digər statistik göstərici də Serbiya - Azərbaycan oyunu ilə bağlıdı. Belə ki, bu komandaların Xorvatiyadakı məşhur oyunu məhsuldarlığına görə seçilir. Komandamızın 8:9 hesabı ilə məğlub olduğu bu matçda 17 qol vurulub ki, bu da final mərhələsində qeydə alınan ən bol qollu qarşılaşmadı.

 

Final mərhələlərində ümumilikdə ən çox qol 2016-cı ilin yanvarında Serbiyada təşkil edilən qitə birinciliyində vurulub. Ümumilikdə 129 dəfə qapıçılar topu tordan çıxarıb. Bu da hər oyuna orta hesabla 6.45 qol deməkdi.

 

Bombardirlərin yarışına gəldikdə, final mərhələlərində ümumilikdə ən çox qol vuran futzalçı Yeryomenkodu. Daha doğrusu, hazırkı çempionata qədər belə idi. Rusiyalı mərhum forvard rəqib qapıçılarını 20 dəfə məyus edib. Seçmə mərhələdəki göstəriciləri də əlavə etsək, lider yenə dəyişmir. Belə ki, Konstantin 44 qolla hamını qabalayır. Bu dəfə izləyicisi İspaniya yox, Ukrayna futzalçısıdır. Belə ki, 39 qol vuran Koridze ikinci pillədə qərarlaşıb.

 

Ancaq yenə millimizin iştirakı ilə keçirilən oyunda ümumilikdə ən çox qol vuran futbolçunun göstəricisində dəyişiklik baş verib. Belə ki, Portuqaliya millisinin kapitanı Rikardinyo 1/4 final mərhələsində Azərbaycan yığması ilə oyunda poker edərək final mərhələsindəki vurduğu qolların sayını 21-ə çatdırı və nəticədə Yeryomenkonu bir pillə qabaqlayıb. Seçmə mərhələlərlə birgə dünyanın 5 dəfə ən yaxşı oyunçusu seçilmiş portuqaliyalının aktivində 31 qol var.

 

Final mərhələlərinin ən çox iştirakçısı isə İspaniya millisinin 2 üzvüdü. Söhbət Luis Amado və Kikedən gedir. Birinci 33, ikinci isə 29 matçda iştirak edib.

Futzal üzrə Avropa çempionatlarının final mərhələsində ən çox azarkeşin zalldan izlədiyi oyun isə Xorvatiya və Rusiya arasında baş tutub. 2012-ci ildə Zaqrebdə keçirilən qarşılaşmanı 14300 tamaşaçı izləyib. Amma final mərhələsini izləyənlərin ümumi göstəricisində Serbiya öndədi. İki il əvvəl bu ölkədə təşkil edilən həlledici mərhələdə oyunları tribunadan 113820 nəfər izləyib. Bu, hələ ki, ən yüksək tamaşaçı sayıdı.

 

MEHMAN SÜLEYMANOV

Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib

24 May 2018
23 May 2018
B.eÇ.aÇC.aCŞB