TOP 10

"Zirə"nin yeni transferi Qriqorçukla işbirliyini müsbət yöndə xatırlayır: "Harda oynamışamsa, mükafat qazanmısam, bura da bu məqsədlə gəlmişəm"

Futbol
Tarix: 2018-02-12 17:18

"Zirə" qış fasiləsində legioner transferlərini Antalyadan təlim-məşq toplanışından qayıdandan sonra reallaşdırdı. Bunlardan sonuncusu Moldova milli komandasının üzvü Aleksandr Dedovdu. 29 yaşlı hücumameylli yarımmüdafiəçi ilə ilyarımlıq imzalanıb.

 

Özü də zirəlilər trinidad və tobaqolu Jomal Uilyams və makedoniyalı Yani Urdinovdan fərqli Dedovu icarəyə götürməyib, birbaşa transfer edib. "Zirə"nin baş məşqçisi Ayxan Abbasovun elə Antalyada millimizin Moldova yığmasıyla yoldaşlıq görüşündə gözaltı etdiyi legionerlə "İnter Arena"da söhbətləşdik. Dedov "Keşlə"nin "Səbail"lə qarşılaşmasını izləyə-izləyə Sport24.az-ın suallarını cavablandırdı.  

 

- Təbii ki, ilk sualımız "Zirə"yə keçidinlə bağlıdı. Bu transfer necə baş tutdu?

- Milli komandamızın heyətində Azərbaycan yığmasıyla yoldaşlıq görüşündən sonra təklif aldım. Maraqlı təklif idi, diqqətimi çəkdi və dəyərləndirdim.

 

- Nəylə maraqlı gəldi?

- İlk növbədə legioner həyatı yaşamaq baxımından. Yeni ölkədə karyera yaşamaq yeni həyəcan deməkdi. Mən də özümü Azərbaycanda sınamaq istədim. 

 

- Bunda maddi amil nə dərəcədə rol oynadı?

- Bu amilin də rolu oldu. Sərfəli təklif aldım və qəbul etdim.

 

- Milli komandalarımızın qarşılaşmasını "Zirə"nin baş məşqçisi Ayxan Abbasov stadiondan seyr edirdi. Həmin vaxt səni izləməyə gəldiyini bilirdinmi?

- Xeyr. Mənə təklif oyundan sonra gəldi. Onda bildim ki, "Zirə"nin nümayəndələri oyunumu izləyərək bəyəniblər. Danışdıq, ilkin razılıq əldə etdik. 

 

- Həmin vaxt çıxış etdiyin Moldovanın "Milsami" klubuyla müqavilən vardı...

- Bəli. Moldovada çıxışımı davam etdirmək istəmirdim. Rəhbərliyə getmək istəyimi bildirdim. Sağ olsunlar, güzəştə getdilər. Müqaviləni qarşılıqlı razılıqla pozduq. Bundan sonra sərbəst futbolçu oldum və "Zirə"ylə rəsmi anlaşma imzalamağımda problem qalmırdı. Bakıya gəldim və münasibətlərimizi rəsmiləşdirdik.  

 

- Moldova millisinin heyətində yığmamıza qarşı yaxşı oyun göstərənlərdən biri idin. Düşünürdünmü ki, Azərbaycandan təklif ola bilər?

- Belə bir fikir ağlımdan keçmirdi. Əsas düşündüyüm millimizin uğurlu çıxışı üçün öz töhfəmi vermək idi. 

 

- Yeri gəlmişkən, Antalyadakı həmin oyun yadında necə qalıb?

- Adi bir yoldaşlıq görüşü idi. Hər iki milli komanda oyuna yeni baş məşqçisinin rəhbərliyi altında çıxmışdı. Futbolçular yeni çalışdırıcılarına özlərini yaxşı tərəfdən göstərmək istəyirdilər. Maraqlı matç alındı. Ancaq qalib müəyyənləşmədi. 

 

- Komanda yoldaşlarından matçdan sonra açıqlamalarında qol imkanlarına görə qələbəyə sizin daha yaxın olduğunu qeyd ediblər...

- Bizdə real imkanları daha çox idi. Buna əsasən belə fikir söyləmiş olarlar. Oyunun nəticəsi tabloda əksini tapır. Buradakı hesab isə onun göstərdi ki, heç bir komandaya qol vurmaq mümkün olmadığından matç 0:0 nəticələndi.

 

- Millimizin oyununu necə dəyərləndirərdin? Hansısa futbolçumuz oyunuyla diqqətini çəkdimi?

- Kimisə xüsusi fərqləndirməzdim. Azərbaycan millisi ümumilikdə yaxşı təsir bağışladı, oyunun çox hissəsini hücumda keçirdi.

 

- Azərbaycan yığmasıyla Millətlər Liqasının finalında qarşılaşmaq istərdinmi?

- (gülür) Bunun üçün ilk növbədə qruplarımızın qalibi olaraq yarımfinala, ordan isə finala çıxmaq lazımdı.

 

- Eləsə rəqiblərimizə əsasən qrupda 1-ci yeri tutmaq şanslarımız nə dərəcədə yüksəkdi?

- Şans həmişə var. Sadəcə, bundan istifadə etmək, oyunlara ciddi hazırlaşmaq lazımdı. Onda məqsədinə çata bilərsən.

 

- "Ziə", ümumiyyətlə, Azərbaycan futbolu haqda hansı məlumatların vardı? Burda legioner həyatı yaşamaqla bağlı təklif gələndə, ölkəmizdə oynamış hansısa həmyerlinlə əlaqə saxlayaraq fikir öyrəndinmi?

- Azərbaycanda xeyli həmyerlimin legioner həyatı yaşaması haqda məlumatım var. Ancaq onların çoxu məndən yaşca böyükdü, elə bir əlaqəm yoxdu. Bura gələnədək "Zirə"nin oyununu görmüşdüm.

 

- Harda?

- Bilirəm bu komanda ötən yay Avropa Liqasında çıxış edib. Debüt mövsümündə mərhələ keçib, sonra isə "Astra"ya rəqib olub. Rumıniyada 1:3 hesabı ilə uduzduqları həmin matçı canlı izləmişdim. Rumıniyada 1 il oynamışam.

 

- Bu, 2015/16 mövsümündə "Tarqu Mureş" klubunda olub...

- Bəli. Həmin ölkəylə indiyədək əlaqələrim, orda dost-tanışlarım var. "Zirə" "Astra"yla səfər matçında yenilsə də, pis təsir bağışlamamışdı. Gənc klub olsa da, iddialıdı. Təsadüfi deyil ki, hər il yüksək yerlər, avrokuboklara vəsiqə uğrunda oynayır. Bu mövsüm də yaxşı çıxış edir, turnir cədvəlində 3-cü yerdə qərarlaşıb. 

 

- Yeni komandanın qış fasiləsindən sonra ilk turda "Sumqayıt"la 1:1 hesabıyla nəticələnən ev oyununu izlədin. Necə təsir bağışladı?

- Qalib gələ bilməsə də, yaxşı oynadı. Mübariz komandadı, əzmkarlıq oyun göstərir, hücum futboluna üstünlük verir. Sürətli əks-hücumları təhlükəli olur. Çoxlu qol imkanımız oldu. Sadəcə, qələbə topunu vura bilmədik.

 

- Budəfəsə "Keşlə" - "Səbail" matçını tribunadan izləyirsən. Qonaqların heyətində həmyerlin Yevgeni Koçuk oynayır...

- Koçuku yaxşı tanıyıram. Xeyli vaxtdır münasibətimiz var. Bura gəlməmişdən öncə də danışdıq, Azərbaycan futbolu haqda fikir mübadiləsi apardıq. Bakıya yeni gəlmişəm, görüşməyə imkan tapmamışıq. Ancaq bunu edəcəyik. 

 

- İzlədiyin bu oyunlara əsasən çempionatımız haqda hansı fikirdəsən?

- İlk diqqətimi çəkən komandalar arasında səviyyənin eyni olmasıdı. Yəni aşkar səviyyə fərqi yoxdu. Bu da hesablarda görünür. İlk 3 oyunda heç-heçə qeydə alınıb ki, bu da qüvvələr nisbətinin bərabər olduğunu göstərir. Moldovada isə burdakı kimi deyil. 

 

- Ancaq Premyer Liqamızın aşkar güclü komanda var - "Qarabağ". Necə ki sizdə "Şerif"  hegemonluq edrərək neçə ildir çempionluqları sıralayır...

 - Bu, daha çox maddi imkanlarla bağlıdı. Nəticədə klublar heyətinə güclü futbolçular cəlb edir və uğurlu nəticələr qazanır.

 

- Yeri gəlmişkən, bu komandalar ötən yay Çempionlar Liqasının II təsnifat mərhələsində rəqib oldular...

- Bəli, Bakıda qolsuz bərabərlik oldu, Tiraspolda isə 1:2 hesabıyla məğlub olduq. "Qarabağ" qol şanslarından daha yaxşı yararlanaraq cütün qalibi oldu və ilk dəfə Çempionlar Liqaısnın pley-offuna çıxdı. 

 

- Karyeran daha çox vətəninə bağlı olsa da, futbolda ilk addımlarını xaricdə atmısan...

- Bəli, ilk klubum Latviyada "Ventspils" olub. 

 

- Həmin komandanı bir vaxtlar, hazırda "Qəbələ"nin baş məşqçisi olan Roman Qriqorçuk çalışdırıb...

- Elədi. Onun rəhbərliyi altında 2 mövsüm oynamışam. Yaxşı işbrliyimiz olub. Güclü, tələbkar mütəxəssisdi. Qriqorçuk xatirimdə müsbət planda qalıb.

 

- Artıq növbəti turda onunla görüşmək imkanın olacaq. Çünki "Zirə"ni qarşıdakı turda Qəbələyə səfər gözləyir və debütün onda baş tuta bilər...

- Bakıya gələndə Roman İosifoviçlə danışmaq, görüşmək imkanım olmayıb. Ancaq "Qəbələ" oyunumuzda bu imkanım olacaq. Ümid edirəm ki, həmin oyunda "Zirə"də debütüm baş tutacaq. Qriqorçuk məni xatırlayar. Hər halda, 2 il onun futbolçusu olmuşam.

 

- Onun hazırkı komandası səndə necə təəssürat oyatdı? 

- "Qarabağ"la oyunlarını izlədim. Açığı, "Qəbələ" məni yaxşı mənada təəccübləndirdi. Düşünürdüm ki, "Qarabağ" aşkar güclü olaraq qalib gələcək. Ancaq "Qəbələ" yaxşı oyunuyla buna imkan vermədi və rəqibi kimi çempionluğa iddialı olduğunu göstərdi. Bizi də Qriqorçukun komandasıyla çətin sınaq gözləyir.

 

- "Zirə" səni universal futbolçu, yəni həm yarımmüdafiənin cinahlarında, həm də mərkəzində oynaya bilən futbolçu kimi böyük ümidlərlə transfer edib. Yeni klubunda əsas hədəfin nə olacaq?

- Qeyd etdiyiniz mövqelərin hər birində oynaya bilirəm. İlk növbədə çalışacağam ki, etimadı doğruldum. Harada oynamışamsa, hara getmişəmsə, mükafat qazanmışam. Yalnız Rumıniya karyeram bu baxımdan uğurlu olmayıb. Azərbaycana da mükafat qazanmaq məqsədiylə gəlmişəm. Burda da avrokuboklara çıxmaq, komandamın uğur qazanmasına yardımçı olmaq istəyirəm. 

 

 

MEHMAN SÜLEYMANOV

 

 

 

26 May 2018
25 May 2018
B.eÇ.aÇC.aCŞB