TOP 10

"Səbail"in yeni legioneri ən yaxşı oyununu göstərməyib: "Azərbaycan çempionatı bizimkindən daha aqressivdi, daha sürətli futbol oynanılır"

Futbol
Tarix: 2018-02-12 13:00

"Maraqlı qarşılaşma keçdi. Hər iki komandanın qol imkanı az olmadı. Ancaq hərəyə yalnız 1 dəfə fərqləndik və meydanı 1 xalla tərk etdik. Bu da yaxşı nəticədi. Hər halda, səfərdə oynayırdıq". Bu fikirləri Sport24.az-a açıqlamasında "Səbail"in qış fasiləsində transfer etdiyi Nikoloz Apakidze bildirib.

 

Onun fikrincə, Topaz Premyer Liqasının XV turunda "Keşlə"ylə 1:1 hesabı ilə nəticələnən matçda qələbəyə daha çox kimin layiq olduğunu demək çətindi: "İkinci hissədə rəqib daha çox hücum edirdi. "Keşlə" elə düşünə bilər ki, o qalib gələ bilərdi. Ancaq biz elə fikirləşirik ki, daha çox qol şansı bizdə idi, qələbəyə biz yaxın idik".  

 

26 yaşlı gürcü müdafiəçi yeni klubunun yeni sistemlə oynamasının ön plana çəkərək, buna tədricən uyğunlaşdıqlarını söyləyib: "Hər halda, təlim-məşq toplanışındakı yoxlama oyunlarında bu sistemlə oynamışıq. Bu üzdən bizə yad deyil və görünən odu ki, yeni sistemimizi daha da yaxşılaşdıracağıq. Məncə, bunun üzərində işləyərək artıracağıq və irəliyə doğru gedəcəyik. Hazırkı sistemimiz elədi ki, daha çox diaqonal ötürmələr tələb olunur. "Keşlə"ylə oyunda imkan olanda bundan istifadə edirdik, ancaq bu, heç də həmişə alınmırdı".

 

Apakidze Azərbaycanda debüt oyununa belə qiymət verib: "Deməzdim ki, oyunumda hansısa kobud səhvlər vardı. Onu da bilirəm ki, bu, oyunumun maksimumu deyil. Daha da artıra bilərəm. Çalışacağam ki, daha da yaxşı oynayaraq mənə bəslənilən ümidləri doğruldum. Ümumiyyətlə, "Səbail"də işlərim qaydasındadı. Məni yaxşı qəbul etdilər. Özümü artıq komandanın bir hissəsi sayıram. Bir sözlə, hər şey əladı"

 

Nikoloz Premyer Liqamızın səviyyəsini Gürcüstan çempionatıyla bu cür müqayisə edib: "Azərbaycan çempionatı daha aqressivdi, daha sürətli futbol oynanılır. "Qarabağ"la "Qəbələ"yə qarşı hələ oynamamışam. Ona görə də qəti fikir yürüdə bilmərəm. Bilirəm ki, bu 2 komanda tam başqa səviyyədi, "Keşlə", "Səbail" və digərləri isə təxminən eyni. Çempionatınızda matçlar həm də süni örtüklü meydançalarda keçirilir. Belə qazonda oynamaq isə çətindi. Düzdür, "Bayıl Arena"da məşq edirik, orda da meydança sünidi. Ancaq bizdəki qazon yaxşıdı. "Kelə"nin meydançası isə elə deyildi. İstərdim ki, Azərbaycanda meydançalar daha yaxşı olsun". 

 

MEHMAN SÜLEYMANOV

26 May 2018
25 May 2018
B.eÇ.aÇC.aCŞB