TOP 10

Avropa çempionatı: Azərbaycan imicini qoruya bildimi? - LAYİHƏ

Layihə
Tarix: 2018-02-09 20:36

Sport24.az saytı AFFA yanında Media Komitəsinin qaliblərindən olan “Futzal” istiqamətində "Azərbaycan futzalı: millimizin Avropa macəraları, “daxili orqanlar”ın yoxlanışı” adlı layihəsində silsilə yazılarına start verib. İlk yazı "Avropa çempionatı: Azərbaycan imicini qoruya bildimi?" mövzusundadı. 

 

Sloveniyaya aparan yol

Azərbaycan futzal yığması tarixində 5-ci dəfə Avropa çempionatının final mərhələsinin iştirakçısı oldu. 2010-cu ildən başlayan uğurlu seriya bu dəfə Sloveniyanın paytaxtı Lyublyanada təmsil olunmaqla davam etdirildi. Ən böyük uğuruna məhz debütündə - Macarıstanda 4-cü yeri tutmaqla nail olan millimiz 2012-ci ildə Xorvatiyada, bundan 2 il sonra Belçikada qrupda qalmışdı. 2016-cı ildə Serbiyada isə 1/4 finala çıxmaq mümkün olsa da, bu, son dayanacaq olmuşdu. Millimiz bu dəfə də həmin yolun yolçusu oldu.

 

Lyublyanaya aparan yol Bakıdan başladı. Belə ki, Avropa çempionatının final mərhələsindən əvvəl keçirilən əsas mərhələnin oyunlarına ev sahibliyini Bakı etdi. Yığmamız uğurlu seriyanı qorumaq üçün Bosniya və Herseqovina, Albaniya və Macarıstanı mübarizədən kənarlaşdırmalı idi. Düzdü, istər reytinq cədvəlindəki mövqeyinə, istərsə də son illərdə qazandığı nəticələrə əsasən millimiz aşkar favorit idi. Elə püşk atılan zaman da millimiz güclülərin yer aldığı səbətdən bu qrupa yollanmışdı. Ancaq məsul yarış öncəsi düşündürücü məqamlar də var idi. Belə ki, 2016-cı ilin oyununda milli komandaya baş məşqçi təyin edilən və komandamızda dünya çempionatında uğurlu qrafik cızan braziliyalı mütəxəssis Mitinyo dekabrda gözlənilmədən istefa verdi. Təcrübəli çalışdırıcı bunu ailə vəziyyəti ilə əlaqələndirdi və müqaviləyə xitam verilməsi üçün federasiya rəhbərliyinə müraciət etdi. Məşqçinin xahişini nəzərə alan federasiya rəhbərliyi onun gedişinə problem yaratmadı və nəticədə Mitinyonun Azərbaycan macərası cəmi 6 ay çəkdi.

Təbii ki, yanvarda klubların da istirahətə yollandığını nəzərə alan rəhbərlik vaxt itirmədən, ən geci fevrala qədər bu posta təyinat reallaşdırmalı idi. Ancaq elə mütəxəssisi dəvət etmək gərəkirdi ki, komanda üzvlərinə bələd olsun, yığmanı qısa vaxtda seçmə mərhələnin oyunlarına hazırlaya bilsin. Çünki futzalçılar istirahətə gedəcək, ardınca  çempionat oyunları başlayacaqdı. Deməli, millinin toplanış keçirməsi üçün kifayət qədər zaman ayrılmayacaqdı. Bunları nəzərə alan Azərbaycan Futzal Fedrrasiyasının (AFF) rəhbərliyi axtarışları geniş miqyaslı aparmadı. Elə son 6 ayda Miltinyonun köməkçisi olmuş Biro Jadenin vəzifəsini yüksəltdi. Vaxtilə millimizin formasını geyinən, hətta 2010-cü ildə keçirilən Avropa çempionatında debüt edən, millimizdən fərqli Bakıya fərdi mükafatla dönən (bombardirləri yarışında gümüş buts) Birodan yaxşı komandaya bələd olan tapmaq mümkün olmayacadqı. Gənc braziliyalı çalışdırıcı martda təlim-məşq toplanışı keçirdi və hazırlıq prosesi çərçivəsində Moldova ilə 2 yoldaşlıq görüşündə tətbiq etmək istədiyi yeni sistemi sınaqdan keçirdi. İstənilən effekt alınmasa da, geriyə yol yox idi. Çünki Moldova ilə oyunlardan cəmi 1 həftə sonra rəsmi oyunlar başlayacaqdı.

 

İlk oyunlar hər zaman çətin keçir. Bunun rəqibin kimliyi ilə bağlılığı yoxdu. Elə Bosniya və Herseqovina ilə start da komandamız üçün çox ağır keçdi. Hətta oyunun gedişində millimiz dogma meydanda düz 2 dəfə hesabda geri düşdü. Əsəblərin tarıma çəkildiyi matçın finalı saktləşdirici oldu. Xarakter nümayiş etdirəm komandamız təcrübəsi hesabına rəqibi 1 top fərqi ilə üstələməyi bacardı - 5:4.

 

Sonrakı rəqibimizi reytinq baxımından qrupun ən zəif komandası idi. Belə ki, Albaniya bu mərhələyə yüksəlmək üçün ilk mərhələdən mübarizəyə qoşulub. Onlar da güclənmək üçün braziliyalı futzalçını - Duionu milliləşdirməyi bacarmışdılar.  Yeri gəlmişkən, o, vaxtilə bizimkilərin də diqqət mərkəzində olaraq “Araz”a dəvət ediblər. Lakin futzalçı həyat yoldaşının istəyini üstün tutaraq İtaliya klubuna üz tutub.

 

Albaniya ilə oyunda böyükhesablı qələbəmiz qeydə alındı – 5:0. Ancaq bu iki qələbə məsələni tam həll etməmişdi. Püşkdən sonra qrupda yığmamıza əsas başağrısı olacaq rəqib Macarıstan göstərilirdi ki, onunla duel də son oyun günündə baş tutdu. Matçın əvvəli kifayət qədər həyəcanlı keçdi. Rəqibdən Droz Zoltonun qoluna 10 dəqiqədən sonra cavab vermək mümkün oldu. Yeri gəlmişkən, macar futzalçı yığmasının heyətində 100-cü oyun keçirdiyinə görə matçdan əvəvl ona öz ölkəsinin fedetasiyası adından xüsusi hədiyyə təqdim edildi. Ancaq hədiyyə ona və komandasına düşərli olmadı. Matç yığmamızın böyükhesablı qələbəsi ilə yekunlaşdı - 6:1.

 

Üç oyundan maksimum xal toplayan, rəqib qapısından 16 top keçirib 5-ni buraxan yığmamız final mərhələsinə birbaşayollanmaq hüququ qazandı.Yeri gəlmişkən, əsas mərhələdən çox top vuran komandamızın həroyuna ortalama qol göstəricisi 5.33-ə bərabərdirki, məhsuldarlıq baxımından liderdi.

 

İlk dəfə

Biro Jade baş məşqçi kimi qazandığı ilk uğurun bəhrəsini görə bilmədi. Belə ki, maksimum xalla komandanı final mərhələsinə yükəldən braziliyalıya bundan sonra etimad göstərilmədi, müqaviləsi yenilənmədi. Nəticədə o, vətəninə yollandı, 2014-cü ildə millini atıb Qazaxıstana qaçan Joze Alesio da Silva isə yığmamıza döndü. Halbuki, final mərhələsinə vəsiqədən dərhal sonra onunla əməkdaşlığın davam etdiriləcəyi bildirilirdi. Lakin Jadenin məşqçi kimi təcrübəsinin azlığı fikir ayrılığına səbəb oldu. Hər zaman komandadan makimumu tələb edən federasiya prezidenti Zaur Axundov Alesionun geri dönüşünə "yaşıl işıq yandırdı". Xüsusilə də taktiki savadına görə ad çıxaran, sayılıb-seçilən mütəxəssislərdən olan braziliyalının dönüşünün 2010-cu ildəki nəticəni ən azı təkrarlamağa imkan verib-verməyəcəyini zaman göstərəcəkdi. Ancaq nəticəyə aparan yollar hər zaman məqbuldu, deyiblər. Alesio da baxımlı oyundan çox, yekunda qalib olmağın yollarını bilir.

 

Düzdü, ötən ilin noyabrında onun ilk cəhdi uğursuzluqla nəticələndi. Son 10 ildə ilk dəfə olaraq “Araz” UEFA kubokunda əsas mərhələyə yüksələ bimədi. Bu aydın səmada şimşək effekti yaratsa da, onun bacarığı nərəzə alınıb, final mərhələsinə komandanı aparmasına imkan verildi. Təcrübəli Alesio dekabrda İranda turnirdə komandanın nəyə nail olduğunu yoxladı. İnsaf naminə güclü İranla və Qazaxıstanla oyunlardakı 3:3 hesablı heç-heçəyə, eləcə də Rusiyaya 3:4 hesablı yenilgiyə baxmayaraq komanda oyun planında ümid verdi, amma müdafiədəki problemlər düşünüdürücüydü. Elə İranla Bakıda keçirilən 2 hazırlıq matçı da arxa xətdə axsamaların çoxluq təşkil etdiyini ortaya çıxardı.

 

Yeri gəlmişkən, bu, ilk belə hadisə oldu. Belə ki, indiyə qədər seçmə mərhələdə komandaya rəhbərlik etmiş məşqçi final mərhələsində də işinin başında olub. Amma bu dəfə bir ilk imza atılacaq. 2010, 2012, 2014-cü illərdə keçirilən oyunlarda Alesio, 2016-cı ildə isə Tino Peres həm seçmə, həm də final mərhələsində iş başında olub. Yalnız bu dəfə seçmə mərhələdə Biro Jade iş başında olub, həlledici raundda isə Alesio davamını gətirib.

 

Debütantlar

AVRO-2018-də komandamızın 3 debütantı da vardı. Söhbət 2016-cı ilin yayında komandaya dəvət edilən Thaqo Telez Bolinya, Vassoura və Kardoso Everton Qalodan gedir. Belə ki, bu trio dünya çempionatının final mərhələsinə hazırlıq zamanı milliyə dəvət edildiyindən, qitə birinciliyinin final mərhələsində iştirak edə bilməmişdilər. Bu dəfə onların bacarığını Avropanın ən nüfuzlu futzal yarışında göstərməsinə şərait yaradıldı.

 

 

Finalçılara məğlubiyyət

Millimiz final mərhələsinə yüksəlməklə işinin öhdəsindən 50 faiz gəlmiş oldu. Bu nəticə həm də komandamızın imicini qoruması istiqamətində ilk addım idi. Çünki son 4 Avropa çempionatında iştirak edən, 2 il əvvəl isə dünya çempionatına yollanan və 8 ən güclü komandadan biri kimi vətənə dönən yığmamız üçün artıq böyük turnirlərdə iştirak adət halını alıb. Bu baxımdan yığmamız sabit və güclü komanda olduğunu ortaya qoyması üçün yenidən Avropanın 12 ən güclüsü sırasına düşməli idi. Statusunu qorumaq üçün isə 1/4 finalçılardan olmağı bacarmalıydı ki, çəttin də olsa bacardıq. Siftə debütant Fransa ilə oldu. Hansı ki, onlar cəmi 2 gün əvvəl 7 qat Avropa, 2 dəfə isə dünyanın ən güclüsü olan İspaniyanı pərişan etmişdilər. Qələbəni son dəqiqədə əldən verən fransızların bu nəticəsi onlarda özünəəinam yaratmışdı. Rəqibini canlı izləyən futzalçılarımızda isə narahatlıq artmışdı. Bu narahatlıq meydanda əlavə təzyiq yaratmaya bilməzdi. Nəticədə matçın xüsusilə də birinci hissəsini çətin keçdi. Komandaların fasilyə heç-heçə yollanması meydandakı mübarizənin gərginliyindən xəbər verirdi. Ancaq komandamızın debütantlarından ikisi sözünü dedi. Xüsusilə də Bolinya debüt oyununda het-trik etməklə diqqətləri üzərinə çəkdi. Təsadüfi deyil ki, UEFA matçın ulduzu olaraq onu seçdi. Bu qələbə 1/4 final mərhələsinə vəsiqəni təmin etdi. Beş dəfə qitə birinciliyinə qatılan millimiz bu nəticəyə üçüncü dəfə nail oldu.

 

Joze Alesionun yetirmələrinin sonrakı 2 oyunda isə turnirin ən güclüləriylə qarşılaşaraq məğlub oldu. Təsadüfi deyil ki, finalda İspaniya ilə Portuqaliya qarşılaşacaq. İspanlar millimizin mininal hesabla məğlub edə bildi ki, 1:0 futzalda nadir hallarda qeydə alınan hesabdı. Portuqaliya ilə 1/4 final matçında isə artıq ilk dəqiqədə hesabı açmağa müvəffəq olsa da, aşkar səviyyə fərqi nəticədə öz əksini tapdı - 1:8. Yeri gəlmişkən bu oyunda poker etməklə komandasının qollarından yarısına imza atan kapitan Rikardinyo qitə birincliyinin final mərhələsində vurduğu qolların sayını 21-ə çatdrımaqla əfsanəvi rusiyalı futzalçı Konstantin Yeryomenkonu arxada qoydu və yeni rekordçu oldu. 

 

Beləliklə, millimiz ardıcıl 2-ci il Avropa çempionatında qrupda çıxaraq minimal vəsifəni yerinə yetirdi və yenə qitənin 8 ən güclü komandası sırasında yer aldı. Millimiz 1/4 finala vəsiqəni ilk oyunda qələbəylə qazanmağ bacarmaqla diqqət çəkdi. 

 

Xüsusi hörmət

Ümumiyyətlə, Avropa çempionatında millimizə maraq böyük idi. Buna istər rəqib qismində qarşılaşdığımız komandaların baş məşqçilərinin, istərsə də millimizin oyunlarını izləyən mütəxəssislərin açıqlamalarında rast gəlmək mümkündü. Təsadüfi deyil ki, dünya çempionatının bürünc mükafatçısı İran millisi Asiya çempionatına hazırlıq çərçivəsində son 2 yoldaşlıq oyununu millimizlə keçirdiyinə görə məmnunluğunu bildirib. Çünki yığmamız həm taktiki, həm də fiziki gücünə görə dünya futzalında özünə yer etməyi bacarıb. Əlbəttə, bu uğurun qazanılmasında milliləşdirilən braziliyalıların rolu danılmazdı. Lakin qələbəyə aparan yol hər zaman məqbul sayılıb. Yığmamız haqda müsbət imiçin formalaşmasında komandanın “sükan”ı arxasına gətirilən mütəxəssislərin də rola az deyil. Məsələn, Alesio Avropda xüsusi çəkiyə və hörmətə layiq məşqçilərdəndi. Onun taktiki savadı, istənilən oyunda sürpriz etməsinə imkan verir. Tino Peres də futsal ölkəsi sayılan Rusiyanın güclü “Dinamo” komandasındakı işi ilə bacarığını sübut edib. Miltinyo isə futsal aləmində professor ləqəbi ilə tanınır. Dünya çempionatının final mərhələsi zamanı keçirilən oyunlarda sonra təşkil edilən mətbuat konfranslarında onu adı ilə deyil, Azərbaycan millisinin baş məşqçisi - professor suallarınızı cavablandırmağa hazırdı. Nəticə və komandaya dəvət edilən baş məşqçilərin xüsusi çəkisi yığmamızın imicinin formalaşmasında, vacib amildi. Bura UEFA-nın bayrağı altında dəfələrlə  ölkəmizdə təşkil edilən turnirləri də əlavə etsək, formalaşdırılan imici qorumaq bundan sonrakı mərhələdə əsas vəzifə olacaq.

 

MEHMAN SÜLEYMANOV

Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib

 

 

 

19 Sentyabr 2018
18 Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB