TOP 10

Pisarevlə tet-a-tet: Məmmədovun qeyri-peşəkarlığı, Şeydayevi dilə tuta bilməmək, Mahmudovla bağlı Kapellonun planı və Quliyevi əldən buraxmamaq istəyi

Futbol
Tarix: 2018-02-08 12:00

Rusiya futbolunun tanınmış simalarından olan Nikolay Pisarev. Bu il 50 illik yubileyini qeyd edəcək keçmiş hücumçu 90-cı illərdə Moskva "Spartak"ının uğurlu çıxış etdiyi dövrdə onun əsas qol ümidlərindən biri idi. Artıq 16 ildir məşqçi kimi çalışan Pisarevlə Antalyada olduğum müddətdə qaldığımız "Mirakl" otelində rastlaşdım. Bu, xoş bir təsadüf idi. Ötənlərin tanınmış futbolçusuna özümü təqdim edərək müsahibə götürmək istədiyimi deyəndə məmnuniyyətlə razılıq verdi və vaxt təyin etdi. Pisarevlə söhbətləşməyə isə yetərincə mövzu vardı. Ən əsası da Ramil Şeydayevlə bağlı. Axı bu hücumçu Rusiya U-21 yığmasında çıxış edəndə Pisarev baş məşqçisi olub və Azərbaycan yığmasına getməsinə ən çox qarşı çıxanlardan biri idi. Beləliklə, monitora yaxınlaşın, söhbətimizə başlayırıq. 

 

"Yığmanız qarşılaşdığım həmin rəsmi oyunda məni yaxşı mənada təəccübləndirdi"

- Nikolay Nikolayeviç, işləriniz necə gedir?

- Xeyli vaxtdı Rusiya Futbol İttifaqında idman direktoru vəzifəsində çalışıram. Artıq 1 ildi Nijni-Novqorodun "Olimpiyets" klubunu çalışdırıram. Ötən il II liqadan I liqaya yüksəldik. Bu divizionda isə ilk dövrədən sonra turnir cədvəlinin ortalarındayıq. Mövsümün ikinci yarısına hazırlaşırıq və bu məqsədlə Antalyaya təlim-məşq toplanışına gəlmişik. 

 

- Azərbaycan futboluyla bağlı hansı xatirələriniz var? 
- Məşqçilik fəaliyyətim dövründə Azərbaycan yığmasıyla iki qarşılaşmam olub. Bu, U-21 yığmasında işlədiyim dövrdə idi. Biri yoldaşlıq görüşü idi, digəri rəsmi oyun. Təbii ki, həmin seçmə mərhələdə yığmanızla iki matçımız oldu. Sadəcə, Bakıda 0:3 hesabıyla uduzduğumuz oyunda baş məşqçi sələfim Dmtri Xomuxa idi. Rostovda 2:2 hesabıyla nəticələnən görüşə isə milli komandanı mən çıxarmışdım. Bu matçadək final mərhələsinə çıxmağa demək olar bütün şanslarımızı itirmişdik. Həmin oyunla bağlı xoş xatirələrim qalıb. Azərbaycan yığması həmin oyunda məni yaxşı mənada təəccübləndirdi. Həqiqətən yaxşı komandanız vardı. Hesab edirəm ki, Azərbaycan futbolu yüksəlişdədi. Yəqin ki, milliniz ötən seçmə mərhələdə qarşısına daha yüksək vəzifələr qoymuşdu.

 

- Final mərhələsinə çıxmaq istəyirdik və ilk 3 oyuna 7 xal da bizi ümidləndirmişdi...
- Bu, həqiqətən uğurlu start idi. Ancaq hələ ki final mərhələsinə çıxmağınız alınmır. Buna baxmayaraq, Azərbaycan futbolu irəliyə doğru addımlayır. Klublarınızın da beynəlxalq miqyasda uğurları var. Futbolunuza əhəmiyyətli dərəcədə maddi dəstək var. 

 

"Azərbaycanı futbolda Qafqaz respublikaları arasında 1-ci yerə qoyardım"

- Bakıya son səfərinizi necə xatırlayırsınız?
- Bu, 3 il əvvəl olub. I Avropa Oyunlarında cimərlik yığmamızla gəlmişdim. Onda Rusiya Futbol İttifaqında bu idman növünün kuratoru idim. Çimərlik yığmamız "Bakı-2015"nin qalibi oldu. Təşkilatçılığın çox yüksək səviyyədə olduğunu yaxşı xatırlayıram. Bakı gözəl, müasir Avropa şəhəri kimi diqqətimi çəkdi. Buna görə Azərbaycanla bağlı yalnız müsbət emosiyalarım var. Ermənistanla Gürcüstanı da götürsək, keçmiş Qafqaz ölkələrindən fikrimcə, Azərbaycan futbolda həm klub, həm də yığma səviyyəsində daha böyük tərəqqiyə nail olub. Bu, maddi imkanlar, infrastrukturla bağlıdı ki, hansını ki Bakıda gördüm. Ona görə Azərbaycanı futbolda Qafqaz respublikaları arasında 1-ci yerə qoyardım.  

 

- Bəs futbolçu dövrünüzdə Azərbaycan futbolunu gözünüzün önündə necə canlanır?
- Hələ SSRİ çempionatında "Neftçi"yə qarşı oynamağa imkan tapmışam. Bu, 80-ci illərin sonu idi. Onda "Neftçi" yox, deyərdim ki, Tiflis "Dinamo"su Qafqaz futbolunun flaqmanı idi. İndi isə vəziyyət dəyişib və Azərbaycan flaqmanlığını daşıyır. 

 

- Bir şeyi də nəzərə alaq ki, gürcü futbolçular daha istedadlı sayılırlar. Təsadüfi deyil ki, onlar Avropada daha çox oynayıblar...
- Bəli, çünki gürcü futbolçular Avropaya daha yaxşı adaptasiya olunurlar. Ən parlaq təmsilçisi kimi "Milan"da oynamış Kaxa Kaladzeni qeyd etmək olar. Hazırda Ermənistan futbolunun ulduzu olan Henrix Mxitaryan Avropanın aparıcı klublarında oynayıb. Mənə elə gəlir ki, azərbaycanlı futbolçular xaricdə daha pis adaptasiya olunurlar. Yəqin ki, Azərbaycandan kənarda oynayanda ora uyğunlaşa bilmirlər. Hazırda Azərbaycandan elə bir ulduz futbolçu görmürəm ki, Avropanın hansısa aparıcı klubuna düşmək gücündə olsun. 

 

"Bakıda deyil, Yerevanda qol vurmuşam"

- SSRİ dövründən hansı futbolçumuz daha çox yadınızda qalıb? Kiminlə əlaqələriniz var?
- Təəssüf ki, çox vaxt keçib və heç kimlə əlaqəm yoxdu. Yalan danışmayacağam, hansısa futbolçunuz xüsusi olaraq xatirimdə qalmayıb. Ancaq "Neftçi"nin güclü komanda kimi yadımda qalıb. Onunla Baklda oynamaq həmişə çətin olurdu. "Neftçi" ev komandası idi və onu öz meydanında məğlub etmək heç də asan deyildi. Stadion tam dolurdu. Moskva "Torpedo"suyla Bakıya gəlmişdim və ordakı matçımız ağır keçdi. Bu oyunlar bir neçə dəfə olub.

 

- "Neftçi"yə qol vurmamısınız?
- (gülür) Təəssüf ki, yox. Bakıda deyil, Yerevanda vurmuşam. İlk qolumu "Razdan" stadionunda "Ararat"a vurmuşam. Bu, SSRİ çempionatında "Torpedo"nun heyətində olub. 

 

- "Neftçi"ylə növbəti görüşünüz artıq müstəqillik dövründə Moskvada ənənəvi "Birlik kuboku" turnirində olub. Hətta Moskva "Spartak"ıyla "Neftçi"yə 8:0 hesabı ilə qalib gəlmisiniz...
- O vaxt Azərbaycan klublarıyla o qədər qarşılaşırdıq ki, adamın yadında qalmayıb. Xatırlamıram ki, "Birlik kuboku"nda "Neftçi"yə qol vurmuşam, ya yox. O dövrdə "Neftçi"dən başqa bir komandanız da bu turnirə gəlirdi. Hansı idi?

 

- 90-ci illərdə əsasən "Neftçi"ylə "Kəpəz" idi. 
- Bu klub diqqətimi çəkməyib. İndisə tam fərqli mənzərədi. Azərbaycan futbolunda inkişaf göz qabağındadı.

 

"Ramiz Məmmədovu rus balası sayırdıq, azərbaycanlı yox"

 

- Moskva "Spartak"ında soydaşımız Ramiz Məmmədovla birgə uzun illər oynamısınız. Onu necə xatırlayırsınız? 
- Məmmədovun əslən azərbaycanlı olduğunu bilirdim. Ancaq onu rusiyalı kimi tanıyırdıq. Axı Rusiya yığmasında oynamışdı, bizim ölkənin vətəndaşı idi. Ramizi rus balası sayırdıq. Sadəcə, kökü Azərbaycandan idi. Ancaq biz bunu heç vaxt hiss etmirdik. Moskvada anadan olmuşdu, Onu rus sayırdıq, heç vaxt azərbaycanca danışmırdı.

 

- Məmmədovda futbolçu və insan olaraq hansı keyfiyyətləri qeyd edərdiniz?
- Çox yaxşı insandı. Futbolçu kimi də bunu deyə bilərəm. Sadəcə, fikrimcə, potensialını tam reallaşdıra bilmədi. 

 

- Bunu nəylə əlaqələndirərdiniz?
- Yəqin ki, xarakteriylə bağlıdı. Ola bilər ki, heç də həmişə işinə peşəkarcasına yanaşmırdı. O, həyatsevər idi. Futbol Məmmədov üçün bir növ hobbi idi. Futbola peşə yox, vaxtını arzuolunan səviyyədə keçirən iş kimi baxırdı. Çox istedadlı futbolçu idi. Ancaq futbola ağır iş kimi münasibət göstərmirdi. Əfsuslar olsun ki, veteranların matçlarına da az gəlir. Biz oynadığımız vaxtda Məmmədovu "Spartak"da ən yaxşı müdafiəçi sayırdım. O, təkcə müdafiə olunmağı yox, hücum etməyi də bacarırdı. Yəni hələ 90-cı illərdə yaxşı futbolçu kimi müasir tələblərə cavab verirdi. Hücumu yaxşı başlayırdı, hücuma fəal qoşulurdu. Təsadüfi deyil ki, müdafiəçi olsa da, az qol vurmurdu. Ancaq tam potensialını ortaya qoya bilmədi. İndi demək olar əlaqəmiz yoxdu. Ara-sıra veteranların oyununa gələndə görüşürük. 

 

"Şeydayevin Azərbaycan yığmasına getməsinə ən çox qarşı olanlardan biri mən idim, çünki..."

- U-21 yığmanızda gənc futbolçumuz Ramil Şeydayevlə birgə işləmisiniz. Həmin Şeydayev ki, artıq 2 ildir Azərbaycan yığmasını seçib, artıq klub karyerası da bura bağlıdı...
- Bəli, bilirəm ki, artıq xeyli vaxtdı "Qarabağ"da oynayır. Ancaq Şeydayev Rusiya futbolunda böyüyüb. Bəli, "Zenit"in yetirməsi olub. Ancaq yığmada çıxışı zamanı diqqət mərkəzində idi. U-17 yığmasıyla Avropa çempionu, turnirin bombardiri olub. Sonra U-19-la Avropa çempionatında uğurlu çıxış etdi. Həmin vaxt çox uğurlu yığma karyerası vardı. Sonrda U-21-də oynadı, əsas yığma səviyyəsinə yüksələ bilərdi. Ancaq vətəndaşlığını dəyişdi.

 

- Buna da ən çox qarşı olanlardan biri siz idiniz...
- Çünki onun kimi perspektivli futbolçunun itirməyi istəmirdik. Ramil seçimini edəndə onunla söhbətləşdim. Dedim ki, qərarını vernəyə tələsmə, çünki Rusiya futbolunda hücumçu qıtlığı var. Ancaq Şeydayev Azərbaycanın xeyrinə seçim etdi. Təəssüf ki, indi klub karyerası heç də uğurlu məcrada keçmir. 

 

- "Qarabağ"da əsas heyətə düşə bilmir...
- Mən də bunu nəzərdə tuturdum. Bu, mənim üçün sürprizdi. Axı onun karyerasında parlaq başlanğıc vardı. Ancaq niyəsə belə alınıb ki, klub karyerası uğursuz məcrada davam edir. O, klubunda daim oyun praktikası olmadığı halda mütəmadi Azərbaycan millisinə çağırılır. Bu, normal hal deyil. Ramil ilk olaraq klubunda əsas rol oynamalıdı, bundan sonra yığmaya çağırılmalıdı. Bütün dünyada belədi. 

 

- Ancaq burda problemi tək "Qarabağ"la bağlamaq da düzgün olmazdı. Axı Şeydayev bundan öncəki klublarıda - "Zenit"də, "Trabzonspor"da, "Jilina"da da əsas heyət oyunçusu ola bilməyib....
- Burda əsas sual odu ki, onun bütün klub karyerası hələ ki uğursuzdu. Məncə, vətəndaşlığını dəyişməsi hansısa mənfi rolunu oynadı. Şeydayev Rusiyada diqqət mərkəzində idi. Hamı ondan çox şey gözləyirdi. Ramil həqiqətən böyük potensial vəd edən hücumçuydu və indi Rusiyada keçiriləcək dünya çempionatında yığmamızdakı hücumçulara rəqabət yarada bilərdi.  Ancaq Ramil hələ gəncdi, hər şey onun əlindədi. Onu unutmayaq ki, 1996-cı il təvəllüdlüdü, cəmi 22 yaşı var. Bu isə futbolda elə bir yaşdı ki, hələ hər şeyi dəyişmək olar. 

 

"Ramil öz klubunu, öz baş məşqçisini tapmalıdı"

- Sizcə, "Zenit" Şeydayevə niyə güvənmədi?
- "Zenit"də hər bir baş məşqçi bu günə baxır, perspektivə yox. Onlara nəticə qazanmaq üçün hazır, güclü futbolçular lazımdı. Çünki nəticə onlara gələcək üçün yox, məhz indi lazımdı. Bu, aydın məsələdi. Onlardan Ramili oynadan olub, ancaq sonda artıq sınaqdan keçmişlərə güvənirdilər. "Zenit" müxtəlif cəbhələrdə oynayan klubdu. Orda gənc futbolçulara rəqabətdən üzüağ çıxmaq çox çətindi. Düzdü, oynamaq üçün "Zenit-2" var. Ancaq Ramil hesab etdi ki, ikinci komandada oynamaq vaxtı keçib. Vətəndaşlığını dəyişərək əvvəlcə Türkiyəyə yollandı. Ola bilər ki, "Zenit"də bir qədər də səbr etmədi, müqaviləsini uzatmadı. Burda müxtəlif məqamları qiymətləndirmək lazımdı. Bilmək lazımdı ki, "Zenit" ona həmin vaxt nə təklif edirdi. Təfərrüatları bilmədiyimdən qəti fikir yürüdə bilmərəm. Hesab edirəm ki, Şeydayev Rusiyada qalmalı idi. Buna nail olmaq üçün onu dilə tuturdum.  Ramil yaxşı ad çıxardığı Rusiyada çıxışını davam etdirməli idi.  O, öz yaşıdlarında ən yaxşı hücumçu idi. 

 

- Bir keçmiş hücumçu kimi Şeydayevin hansı üstünlüklərini qeyd edərdiniz?
- O, taran tipli hücumçu olsa da, istənilən halda, texnikalıdı. Koordinasiyası yaxşıdı, meydanda düzgün mövqe seçir, yaxşı qol duyumuna malikdi. Həmişə qol imkanları çox olub. Öz səviyyəsində çox qol vururdu, bombardirlik keyfiyyətlərinə malikdi. Sonra tez-tez klub dəyişikliyi ilə əlaqədar yaranan xaotik durum ona mənfi təsirini göstərdi. Gənc futbolçuların heç də hamısı belə dəyişikliyə hazır olmurlar. Ramil qısa müddətdə həddən çox klub, ölkə dəyişdi.

 

- Ona nə tövsiyyə edərdiniz?
- Ramil öz klubunu, öz baş məşqçisini tapmalıdı. O, buna mütləq nail olacaq. Həmin baş məşqçi ki, Şeydayevə inanacaq, o da həmin klubda uzun müddət qalaraq qollar vurmağa, uğurlu çıxış etməyə başlayacaq. Bu zaman Azərbaycan yığması yaxşı hücumçu əldə edəcək. 

 

- Onun "Qarabağ"da rəhbərliyi altında oynadığı Qurban Qutbanov həm də millidə baş məşqçisidi...
- Bu, onun üçün müsbət amildi. Ramil mütəmadi yığmaya çağırılır. Artıq Qurbanov millinin baş məşqçisidi və deməli, Ramilin oyun praktikası qazanmasında daha çox maraqlı olacaq. Bu, klubda əsas heyətə yol açan amillərdəndi. Üstəlik, bildiyimə görə, Qarabağ" əsas hücumçusunu (Dino Ndlovu-müəllif) Çin klubuna çatıb. Deməli, Ramil yaranan bu gözəl şansdan istifadə etməlidi. Əsas heyətdə yerini tutub, ondan bərk yapışaraq mövqeyini heç kimə verməməlidi.  

 

- Maraqlıdı, Şeydayevlə söhbətləşərkən o, Azərbaycanla bağlı seçimini nəylə izah etdi?
- Dedi ki, üzr istəyirəm Nikolay Nikolayeviç, mən sizi dinlədim, ancaq öz seçimimi edəcəyəm. O da bunu ölkəniizn xeyrinə etdi. Buna görə onu mühakimə edə bilmərəm. Ancaq öz tərəfimdən fikrindən daşındırmaq üçün Rusiya Futbol İttifaqının rəsmisi kimi hər şeyi etdim. Ona sadə bir şey dedim ki, Ramil, tələsmə, qarşıdan dünya çempionatı gəlir, klubunda oynayacaqsan, evdə keçiriləcək dünya çempionatına düşmək, yığmada hücumçulara rəqabət yaratmaq şansın olacaq. Həmin Anton Dzyubaya, həmin Aleksandr Kokorinə rəqabət yarada bilərdi. Rusiyada mərkəz hücumçusu elə də çox deyil. Ölkəmizdə qalmaqla yaxşı şansı vardı. O, yığmanın potensial futbolçusu idi. İnanmıram ki, Rusiya yığmasında oynamaqla onu istəyən yerli klublar olmazdı. Bilirsiniz, Şeydayevin məsələsində maddi stimulun olmasını da mümkün sayıram. Ola bilər ki. Azərbaycan tərəfi maddi planda ona cəlbedici təklif edib. Əlbəttə, onu ələ keçirməkdə maraqlı olduqlarından bunu etmələri real görünür. Ancaq futbolda pul heç də hər şeyi həll etmir. 

 

"Səmədov Şeydayevdən fərqli səbr etdi, vaxtını gözlədi və sonda Rusiya yığmasına cəlb olundu

 

- Aleksandr Səmədov da əslən azərbaycanlı, Ramil kimi Rusiyada anadan olsa da, millimizə gəlmədi...
- Bəli, o səbr etdi, vaxtını gözlədi, sonda Rusiya yığmasına cəlb olundu və final mərhələsinin iştirakçısı oldu. Səmədov risk edirdi. O, seçimini etdi və bunun düzgün olduğunu təsdiqləməli idi. Ramil üçünsə artıq geriyə yol yoxdu. Çünki daha Rusiya yığmasında oynaya bilməz. Yaxşı futbolçu olduğunu, Azərbaycan millisində uğurlu çıxış etməklə seçiminin düzgün olduğunu göstərməlidi.  Bunun üçünsə ilk növbədə klubunda əsas heyət oyunçusu olmalıdı, bundan sonra yığmaya düşməlidi. Əksini etmək yox. Ramillə bağlı səhv əhvalat baş verib. Belə olmur ki, futbolçu əvvəlcə yığmada oynayır, sonra klubunda. Yəqin ki, bu, Şeydayev üçün ən böyük problem olub. 

 

- Hələ də öz fikrinizdə qalırsınız ki, Şeydayevin seçimi səhv idi və Azərbaycan yığmasında uğurlara imza ata bilməyəcək?
- 22 yaşlı futbolçudan danışırıq. Hər şey irəlidədi. Sadəcə, Ramil hələ ki öz klubuna düşməyib və öz məşqçisini tapmayıb. Ancaq qalan şeyər onda var. 22 yaşda heç bir futbolçunun üzərindən xətt çəkmirlər. Çoxlu nümunələr var ki, futbolçuların sonra karyerası uğurlu alınır. Ramil həyatında çox çətin seçim edib, futbol vətəndaşlığını dəyişib. İstənilən halda, başqa ölkəyə gəlib. Azərbaycan onun vətəni olsa da, istənilən halda, Rusiyada böyüyüb. Bu da gənc olan biri üçün müəyyən problem deməkdi. Müəyyən vaxt keçməlidi. Şeydayevə inanıram. Fikirmcə, o adaptasiya olunacaq və klubunda oynamaqla yığmada möhkəmlənəcək. 

 

- Son vaxtlar Ramillə əlaqəniz olubmu? Sizə zəng edibmi? Bəlki siz ona telefon açmısınız?
- Yox. Ramil artıq seçimini etmişdi və ona məsləhət verməyim düzgün olmazdı. Əlbəttə, onu izləyirdim. Türkiyədə, Azərbaycan millisində necə oynadığını diqqətdə saxlayırdım. İndi ona yalnız bir məsləhət verərdim - Ramil, öncə klubunda möhkəmlən. sonra yığmada. Başqa yolun yoxdu.

 

"Mahmudovun 19 yaşı olanda Kapellonun köməkçisi mənə demişdi ki, o, Rusiya millisi üçün adını qeyd etdiyimiz futbolçudu"

- Rusiya yığmasında Emin Mahmudovla da birgə işləminiz. O da 2 il öncə Şeydayevlə birgə vətəndaşlığını dəyişərək Azərbaycan millisini seçdi...
- Eminlə bağlı tarixçə bir az başqadı. Şeydayev Rusiyada yığma səviyyəsində müəyyən uğurlara imza atdı. Ancaq Mahmudovda bu, olmayıb. Bununla belə, Eminin də karyerasında yaxşı start vardı. Dərhal yaxşı kluba - Moskva "Spartak"ına düşdü, oynadı. Yadımdadı, Mahmudovun 19 yaşı olanda həmin vaxt millimizin baş məşqçisi Fabio Kapellonun köməkçisi mənə demişdi ki, ki, o, milli üçün adını qeyd etdiyimiz futbolçudu. Belə bir şey olmuşdu. Sonra nəsə düzgün getmədi və Eminin klub karyerasında eniş başladı.

 

- Mahmudov necə futbolçudu?
- O, çox yaxşı texnikaya malik oyunçudu. Ancaq faydalı iş əmsalı çatmır. Meydanda yaradıcı şeyləri daha çox etməlidi. Hücumameylli yarımmüdafiəçi kimi statiktikası heç də uğurlu deyil. Onda inkişaf hansısa yerdə dayandı. Halbuki, 19 yaşında çox böyük ümidlər vəd edirdi. Baxmaq lazımdı ki, Eminin inkişafına nə mane oldu. Onu daim nəzarətdə saxlaya bilmərəm.  

 

"Eminlə Ramil Azərbaycan yığmasına Millətlər Liqasının qalibi olmaqda yardımçı ola bilərlər"

- Sizcə, Azərbaycan Premyer Liqasının səviyyəsi imkan verirmi ki, Emin, Ramil artırsınlar?
- Əlbəttə. Rusiya Premyer Liqası Azərbaycan çempionatından güclüdü, diqqət mərkəzindədi. Skautlar daim gənc istedadlı futbolçuları axtarırlar. Rusiya avrokuboklarda daha çox klubla təmsil olunur, daha irəli gedə bilir. Ancaq istənilən halda, hesab edirəm ki, Mahmudovun, Şeydayevin yaşında mütləq oynamaq lazımdı. Bu, Rusiya Premyer Liqasında mümkün deyilsə, başqa ölkəyə yollanmaq lazımdı. Hətta "Zenit", "Spartak" kimi klublarda ehtiyatda oturmaq olmaz. Bu yaşda günlərini ehtiyat oyunçular skamyasında keçirmək geriyə doğru addımdı. Qoxmayıb elə kluba getməlisən ki, ilk növbədə baş məşqçi sənə inansın və sonra özünü göstərə biləsən. 

 

- Sizcə, Rusiya futbol məktəbinin yetirmələri olan bu oyunçular Azərbaycan millisinə Millətlər Liqasında qalib gələərk AVRO-2020-nin final mərhələsinə düşməyə yardımçı ola bilərlərmi?
- Bəli. Gənclər yığmanızı görmüşəm, çox xoşuma gəlib. Sizdə əsas yığmanı gücləndirəcək potensial, yaxşı futbolçular var. Sadəcə, stabillik çatışmır. Çox emosionaldı yığmanız. Azərbaycanda milli üçün baza klubu variantı mümkündü. Bir vaxtlar Rusiyada bunu etmək istəyirdik. Ancaq bizdə bunu həyata keçirmək, klublarla razılaşmaq çox çətindi. Hərəsinin öz maraqları var.  Azərbaycan isə bir klubda güclü futbolçuları toplayaraq yığmanın özəyini qura bilər.

 

- Bu, "Qarabağ"la var...
- Çox yaxşı. Onda çempionatda bu heyətlə daim oynamaqla anlaşmanı da yaxşılaşdıra bilərsiniz. Ancaq FİFA-nın pəncərəsi zamanı 2-3 günə komanda qurmaq, döyüşkən kollektiv yaratmaq hər bir baş məşqçi üçün çətindi. AFFA-ya təklifim də məhz belə baza klubu yaratmaq olardı.  Bu, uğur qazanmağınızın bir yoludu. Əks halda final mərhələsinə düşmək məqsədinə çatmaq çox çətindi.

 

"Ayaz Quliyev qeyri-standart futbolçudu, belə oyunçularsa azdı"

- Rusiya futbol məktəbinin yetirməsi olan daha bir soydaşımız - Ayaz Quliyev də diqqətimizdədi. Ancaq o, hələ ki Rusiya vətəndaşlığını daşıyır, millimizə gəlməyib...
- Ayazla da işləmişəm. Bu, son çağırışda olub. Quliyev haqda da yüksək fikirdəyəm. Onunla əlaqəm olub, telefonla söhbətləşmişəm. Ayazla da bağlı həmin əhvalatdı - öz klubunu, baş məşqçisini tapmalıdı. 

 

- O, yenicə "Rostova"a keçib. Bu, nə vəd edir?
- Əminəm ki, bu komandanın baş məşqçisi Valeri Karpin ona inanır. Ayaz düzgün komandaya, düzgün baş məşqçinin əlinin altına düşüb. Sadəcə, meydanda mövqeyini düzgün müəyyənləşdirmək lazımdı. Onda futbolçu kimi ən yaxşı keyfiyyətləri açılacaq. Ayaz qeyri-standart futbolçudu. Belə oyunçularsa azdı. Cənub təmsilçisi kimi istedadlıdı. Sadəcə, Quliyevi oyun nizam-intizamı planında nəzarətdə saxlamaq çox vacibdi. Təbii ki, bu zaman fərdi keyfiyyətlərinə məhdudiyyət qoymamaq şərtilə. Ayazla bağlı bu balansı yarada bilsən, futbolçu çox açılacaq. 

 

- Quliyev də Mahmudov kimi mərkəz yarımmüdafiəçisidi. Ondan nəylə fərqlənir?
- Ayaz Emindən daha yaradıcıdı. Qapıya istiqamətlənir. Qol vurmağa meyllidi, yaxşı ötürmələr verə bilir. Sadəcə, oyun nizam-imtizamı baxımından "axsayır". Başa düşməlidi ki, yaradıcılıqla yanaşı, müdafiədə də kollektiv oynamaqla bağlı məsuliyyət var. Düşünürəm ki, Karpin Quliyevlə bağlı istəklərimizi gerçəkləşdirə biləcək. Bu oyunçu da Rusiya futbolunun yetirməsidi. İstəməzdik ki, onu da itirək. Eminlə Ramil əldən çıxdı, heç olmasa Ayazı saxlaya bilək. 


MEHMAN SÜLEYMANOV

Bakı - Antalya - Bakı

26 May 2018
25 May 2018
B.eÇ.aÇC.aCŞB