TOP 10

Antalya gündəliyi: II YAZI - "Böyük kapitan"la U-21 "zəmiləri"ndə

Futbol
Tarix: 2018-02-06 15:30

Ölkədaxili yarışların startına 1 həftədən az vaxt qaldı. Dövrələrarası fasilə zamanı Azərbaycan futbolu bütünlüklə Antalyaya köç etmişdi: klublar da, müxtəlif yaş qrupları üzrə millilər də, hakimlər də, PFL də, AFFA rəsmiləri də, elə idman mediası da... Bu sətirlərin müəllifi də qış fasiləsinin 2 həftəsini Antalyada keçirdi. Gördüklərim az olmadı. Kimisi gecəsini gündüzünə qatıb işlədi, kimisi qışadək yığdıqlarının bir qismini dişlədi, kimisi qaz vurub – qazan doldurdu, kimisi qəlyanxanalardan çıxmadı. Hər halda, hər kəs öz tutduğu vəzifəyə görə məsuliyyət daşıyır. Bəndəniz də Antalyada az görmədi, az eşitmədi. Bütün görüb bildiklərimi qələmə almasam da, futbol təsərrüfatımıza dair kifayət qədər bölüşməsi mümkün olan materialları diqqətinizə çatdıracam. 

 

“Antalya gündəliyi”nin ikinci yazısında U-21 yığmamızın baş məşqçisi Rəşad Sadıqovla geniş müsahibəni təqdim edəcəm.  Gənclər yığmamızın baş məşqçisi ilə söhbətimiz kapitanı olduğu “Qarabağ”ın Vətənə dönüşünə bir gün qalmış, fevralın 3-ü axşama təsadüf etdi.

 

“Ən vacibi onlara özlərinə inanmaq hissini aşılamaq idi”

- Türkiyə toplanışı baş məşqçisi olduğunuz U-21 yığmamıza nə qazandırdı?
- Hər bir toplanış futbolçuların xeyrinədi. Nə qədər çox olsa, futbolçular bir o qədər inkişaf edər. 16 günlük toplanış keçdik. Bu həcmdə hazırlıq mövsümün gedişatında olsaydı, əla olardı. Ancaq dövrələrarası fasilə üçün bu, qısa vaxtdı. Çünki uşaqların tonusunu qaldırmağa, fiziki durumunu yaxşılaşdırmağa vaxt sərf etməli olduq. Belədə, bütöv toplanışı tam istədiyin kimi alındıra bilmirsən. Ancaq bu müddət ərzində futbolçulara nələrisə qazandıra bildik. Nələrisə futbolçulara öyrətməyə çalışdıq, özümüz üçün müəyyən qeydlər apardıq. Düşünürəm ki, toplanış səmərəli keçdi.

 

- Qeyd etdiniz ki, futbolçulara nələrisə öyrətmək, qazandırmaq istədiniz. Konkretləşdirsək futbolçulara nələri qazandıra bildiniz?
- Ən vacibi onlara özlərinə inanmaq hissini aşılamaq idi. Bu uşaqların potensialını təlim-məşq toplanışı zamanı bir daha gördüm. Bu posta təyin olunduqdan sonra futbolçuları daha yaxından izləyirdim. Oyunçuların iştirakı ilə keçirilən bir çox matçların videoyazılarını izləmişdim və görürdüm ki, onların potensialı var. Demirəm ki, Avropa, dünya çempionu olacaqlar. Ancaq potensialları var. Sadəcə, nədənsə özlərinə inamsızlıq var idi: hansısa epizodda riskli ötürmə verməyim, təkbətək mübarizədə nədənsə çəkinim. Çalışdım ki, özlərini tanımaq fürsəti verim. Bir də əsas millimizin oyun fəlsəfəsinə yaxın taktiki elementləri onlara aşılamağa çalışdım.

 

- “Alanyaspor”la oyunu saymasaq (klub olduğu üçün), Albaniya ilə oyunla başlayan toplanış Albaniya ilə matçla da başa çatdı. İlk oyunla son oyun arasında nə kimi dəyişikliklərə nail oldunuz?
-  Oyundan-oyuna özünəinam hissi artırdı. Doğrudu, oturuşmuş heyət yox idi. Çünki toplanışdakı bütün futbolçulara oynamaq şansı verirdim. Bəlkə də bir heyətin üzərində dayansaydım, daha yaxşı şeylər görə bilərdik. Ancaq mənim üçün daha vacibi bütün uşaqlara milli forma geyinmək şansı verməyim idi. Hər bir futbolçunun üzərində işləməliyik. Sabah kimin əsas milli səviyyəsinə qalxacağını indidən dəqiq deyə bilmərik. Bax, buna görə də hər bir futbolçuya özünü göstərmək üçün şans tanıdım. Gördüklərim məni sevindirir. Çünki gözlədiyimdən də yaxşı şeylər gördüm.

 

“Biz bir həkim olmalıyıq”


- Əsas millinin heyəti açıqlananda yarısı qədər də futbolçunun adının salınmaması müzakirə olundu. U-21 isə daha çox kölgədə qaldığından, heyət müzakirəyə səbəb olmadı. Rəşad Sadıqov toplanışı başa vurduqdan sonra belə bir fikrə düşdümü ki, kaş bu oyunçunu yox, digərini dəvət edəydim?
- Ümumən götürsəm, qrupdan razı qaldım. Bu, mənim üçün də bir sınaq idi, özü də yaxşı sınaq. Elələri var idi ki, potensiallarını tam aça bilmədi. Düşünürəm ki, bu, həyəcanla da bağlı ola bilər. Ola bilər ki, kimsə sadəcə, formada deyildi. Əvəzedici heyətlə yığma komanda fərqli səviyyələrdi. Bütün bunları özüm yaşamışam və hər şeyi anlayışla qarşılayıram. Heç bir futbolçunun üzərindən xətt çəkmirəm. Ancaq təəssüfləndiyim məqamlar da var. Heyətdə görmək istədiyim bəzi futbolçular toplanışa gələ bilmədi. Budaq Nəsirovun Antalyaya gəlməsini çox istəyərdim. Çünki U-21-in əsas futbolçularından biridi. Onunla təkbətək söhbətlər planlaşdırırdım. Təəssüf ki, gələ bilmədi. Qarşıdakı seçmə oyunlarda dəvət aldıqda, fürsətdən maksimum yararlanacam. Daha bir məqama toxunmaq istəyirəm. Elə futbolçular var idi ki, intizamsız adı çıxarıblar. Ancaq toplanış zamanı bunun tam əksini gördüm.

 

- Söhbət Elnur Cəfərovdan gedir?
- Fərd olaraq kimisə qeyd etmirəm. Götürək elə Anton Krivotsyuku. Sarı vərəqəsi ola-ola mübahisə edib qırmızı almışdı. Onunla təkbətək söhbətim oldu. Bu da faydalı oldu. Anton millinin düşərgəsində olduğu dövrdə bir dəfə də olsun heç nədən sarı vərəqə üzü görmədi. Elnur özü ilk gündən böyük həvəslə məşq edirdi. Bir dəfə də olsun onun hansısa hərəkətindən narazı qalmadım. Formasını bərpa etmək üçün ona vaxt lazımdı. Xasiyyətini hələ əsas millidə görmüşdüm və mənə təəccüblü gəlirdi ki, barəsində intizamsız futbolçu deyilir. Bu toplanışda bir daha əmin oldum ki, Elnur elə həmin Elnurdu. Sadəcə, bir az fərqli yanaşmaq lazımdı. Çünki yaş dövrləri belədi. Biz onlara tək futbolçu kimi yox, canlı insan kimi yanaşmalıyıq. Ola bilsin həyatda hansınınsa problemi var, yaxud aşiq olub və fikri tam başqa yerdədi. Məşqçilər çalışmalıdı ki, onların problemlərinin nədən qaynaqlındığını tapa bilsinlər. Başqa sözlə, biz bir həkim olmalıyıq: analiz edib, düzgün nəticə çıxarıb, müalicə etməliyik. Bəli, bir qrup oyunçu var idi ki, toplanışadək izlədiyim oyunlarda davranışlarını bəyənməmişdim. Şükür ki, fərdi söhbətlərimizdən sonra həmin oyunçular özlərində dönüş yaratdılar. Mənim üçün ən əsası nizam-intizamdı. Çünki  potensiallı futbolçu intizamsız olsa, bacarığını boşa xərcləyəcək. Hətta potensialı aşağı olan oyunçu belə, intizama riayət etsə, mütləq hansısa uğur əldə edəcək.

 

Mustafazadə milliyə necə düşdü, və ya stopperin vizit vərəqəsi

- Bəhlul Mustafazadə əsas milliyə dəvət alanda yetərincə müzakirəyə səbəb oldu. Bu futbolçunu U-21-in lideri kimi görürsünüzmü?
-  Bəli, görürəm. Bu toplanışda Elvin Sərkərova da şans verdim və bu futbolçudan da razı qaldım. Bu tandem müdafiənin mərkəzində pis təsir bağışlamadı. Murad Qayalının oyunundan da razı qaldım. Ömər Buludov da, Sərtan Taşkın da həmçinin. Ümumən müdafiə xəttindən razı qaldım. Xüsusilə, Bəhlulun son oyununu bəyəndim. Artıq özünəinam hissi artmışdı, rahat oynayırdı. Bu futbolçunun böyük potensialı var. Sadəcə, özünə daha çox inanmalı və bəzi məqamlar üzərində daha çox işləməlidi. Bax, bundan sonra böyük futbolçu ola bilər. Hər bir qərar müzakirə oluna bilər. Ancaq əsas millidə 20-21 yaşlı uşaqlara şans verilirsə, bunu dəstəkləmək lazımdı. Vaxtilə mən özüm də belə şans qazanmışam və bu cür də böyümüşəm. Zaur Tağızadə, Samir Əliyev və bir çox oyunçularıamız gənc yaşlarından şans qazanıblar və bunun nəticəsində böyük futbolçu olublar. Bu gün gözləsək ki, Bəhlul birdən-birə əsas milli səviyyəsində futbolçu olacaq bu, mümkün deyil. Mustafazadə səhvlər də edəcək, zəif oyunları da olacaq. Ancaq bir futbolçuda o potensialı görürüksə, ona şans verməliyik. Ölkə futbolumuzun əsas problemlərindən biri budu ki, hamı hazır material istəyir. Hamı istəyir ki, meydana buraxdığı futbolçu söküb-dağıtsın. Bu, mümkün deyil! Səhv edə-edə öyrənirsən, böyük oyunlara çıxa-çıxa təcrübə yığırsan. Hələ Bəhlulun çətin günləri irəlidədi: çıxacaq böyük oyuna və həyəcandan ayaqları əsəcək. Bir, iki, üç oyun belə olduqdan sonra həyəcanı boğa biləcək və görmək istədiyimizi ondan ala biləcəyik. Bütün bunlar qlobal məsələlərdi. Futbol ictimaiyytimizdən xahiş edərdim ki, bu cür məsələlərə daha detallı şəkildə yanaşsınlar. Bəli, bu gün kimsə əsas millidə oynaya bilməz, amma məşqdə iştirak özlüyündə böyük şeydi. Bu cür toplanışlarda iştirak etdikdən sonra meydana çıxanda da daha inamlı olursan.

 

- Bu suala da aydınlıq gətirməyiniz maraqlı olardı. Bəhlulu Qurban Qurbanova Siz tövsiyə etdiniz, yoxsa özü izləyib bəyənmişdi?
-  Albaniya ilə ilk oyunumzdan sonra Qurban müəllimlə söhbətimiz oldu. Məndən Bəhlul və Elvin barədə soruşdu. Hər ikisini bəyənmişdi. Özünüz də bilirsiniz ki, əsas millidə stopper problemi var. Xasiyyətləri, məşqdəki əzmkarlıqları barədə məndən informasiya topladı. Daha sonra Qurban müəllim bir məşqə gəldi və yaxından izlədi. Mən də ikitərəfli oyun saldım ki, yığmamızın baş məşqçisi daha geniş informasiyaya sahib olsun. Bundan sonra Bəhlul və Anton Krivotsyuku milliyə dəvət etməyi qərara aldı.

 

- Krivotsyukdan söz düşmüşkən. Bu futbolçu “Neftçi”də cinahda oynayır. Ancaq Sizin rəhbərliyiniz altında mərkəz müdafiəçisi kimi çıxış edir. Çox fərqli funksiyaları icra etməli olur. Sizə görə, bu addım riskli deyil?
-  Antonu sınadım və bu futbolçuda böyük stopper potensialı görürəm. Hətta Qurban müəllimlə də bu mövzuda söhbətimiz olub və o da eyni fikirdədi. Amma sol müdafiəçi kimi də xoş təsir bağışlayır. Antonun U-19 yığmamızda stopper kimi də oyununu görmüşdüm. Antalya toplanışında özüylə də söhbət etdim. Mənə dedi ki, çoxdandı bu mövqedə oynamıram. Antona izah etdim ki, onu məhz stopper mövqeyində görmək istəyirəm. Üstəlik, növbəti rəsmi oyununu qırmızı vərəqə səbəbindən buraxmalıdı. Yəni, ehtiyatda müəyyən zaman kəsiyimiz qalır. Sağ stopper mövqeyində yoxladım və ideal oyun sərgilədi. Ola bilsin ki, bu tsikldə hansısa oyunda sol müdafiəçi kimi, hansındasa stopper kimi oynasın. Amma növbəti tsikldən böyük ehtimalla o, stopper kimi çıxış edəcək. Qurban müəllimlə bu mövzuda müzakirələrimiz olub və bu qənaətə gəlmişik ki, ondan Avropa səviyyəli stopper çıxa bilər. Boyu da uyğun gəlir, təkbətək mübarizələrdə də əzmkar və effektivdi, hücumları başlaya bilir – bütün bu komponentlər stopperin vizit vərəqəsidi.

 

- Bu yöndə məxsus olduğu klubla söhbət etməyi planlaşdırırsınız?
- Bu mövsüm üçün yox. Belə bir söhbət yaydan sonra baş tuta bilər. Çünki Kosovo ilə oyunu buraxır, İrlandiya ilə matçda isə Krivotsyuku sol müdafiçi mövqeyində oynatmağı düşünürəm. Həm də “Neftçi”nin məsul oyunları var. İndiki durumda bu mövzuda söhbət etməyə lüzum görmürəm. Əsas odu ki, daimi oyun praktikası qazansın.

 

Praktika kasadlığı, çərçivə problemi

- Yəqin razılaşarsınız ki, U-21 yığmamızın ən qlobal problemlərindən biri futbolçuların daimi oyun prkatikasından məhrum olması və ya əvəzedicilərdə gün keçirməklə, ciddi rəqiblərlə matçlarda oynamamalarıdı. Vaxtilə “Şəfa” klubu var idi. U-21-in baş məşqçisi olaraq AFFA qarşısında belə bir təşəbbüs irəli sürmək niyyətiniz yoxdu ki, analoji bir klub yaradılsın və Sizin başçılığınız altında çıxış etsin?
- Gündəmdə belə bir mövzu yoxdu. Ancaq gələcəkdə bu barədə düşünmək olar. Bu problemi məndən əvvəlki baş məşqçilər də yaşayıblar. Premyer Liqada daimi oyun prkatikası qazanmamaları gənc futbolçularımızın inkişafının qarşısını alır. Nə cürsə bir yol tapmalıyıq. Limit tətbiq etməklə bu problem aradan qalxan deyil. Biz oynayan dövrlərdə gənclərə daha çox şans verilirdi. İndi isə Premyer Liqmızda ümumilikdə 8 məcburi futbolçu oynadılır. Bununla da yaraya məlhəm olmur. Heç kimi də qınamaq olmur. Cəmi 8 klubdu və bunlardan yarısı avrokuboklara vəsiqə qazana bilərsə, hər biri iddialı olur. Ancaq əvəzedici komandadan gəlib Kosovo, İrlandiya kimi rəqiblərlə mübarizə aparamaq olduqca çətindi. Çünki tam fərqli aləmlərdi. Futbolçular da bir az iradəli olmalıdılar.

 

- Bu rakursdan yanaşsaq, növbəti mövsüm üçün bu cür layihəni həyata keçirmək olar?
- Assosiasiya bu cür təklif irəli sürsə, bu barədə düşünmək olar.

 

- Bəs, əksi?
- İstədiyim budu ki, gənc futbolçularımız daim oynasın. Bu gün belə bir praktika tətbiq edirik ki, aşağı yaş qrupları üzrə yığmalarda icazə veriləndən 1-2 yaş kiçik futbolçular dəvət olunsunlar. Bu da ona hesablanıb ki, U-21-ə gəldikdə futboçular möhkəm, bərkimiş durumda olsunlar. Bu planı qarşımıza Qurban Qurbanov qoyub və biz də bunun üzərində çalışırıq.

 

- Bir neqativ məqama toxunmaq istəyərdim. Gördüklərimə əsasən deyə bilərəm ki, U-21-in ən böyük problemi qapı xəttiylə bağlıdı.
- Hər üç qapıçımızı sınadım və bu uşaqların hər birində bir qədər həyəcan müşahidə olunurdu. Bu da normaldı. Həyəcan hər bir futbolçuda olmalıdı. Yeni məşqçi, komandaya diqqətlər artıb. Bütün bunlar həyəcanı artıran amillərdi. Bunu normal qarşılayıram. Siyahımda 5-6 qapıçı var. Qarşıdakı günlərdə yenə hər birini izləyəcəm. Şans verəcəm onlara. Bu uşaqların heç biri rəsmi oyunlarda oynamayıb. İlk dəfədi milli səviyyəsində yoxlama oyununa çıxırdılar. İndiki durumda onlardan nələrisə tələb etməyim yanlışlıq olardı. Ümumən toplanışda özlərini necə göstərmələrindən razı qaldım. Məşqlərdə inamlı idilər. Bir balaca oyunlarda həyəcanları sezilirdi.  Qapıçı mövzusu bir qədər həssas məsələdi. Faiq Əzizovla yanaşı, əsas millimizin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko da iştirak edirdi. Bunun üzərində çox işləyəcəyik.

 

“Yığmaya soyuq yanaşan futbolçu heç vaxt dəvət almayacaq!”


-  Mahir Mədətov “Qarabağ”ın aparıcı futbolçusudu, Mahir Mədətov U-21-in üzvüdü, Mahir Mədətov əsas yığmamızda oynayır. Futbolçunu necə parçalayacasınız?
-  Nə problem var ki? Çempionatda 14 oyun, yığmalarda da ki, barmaqla sayılası qədər. Milli səviyyəsində oyunlar üst-üstə düşərsə, məsləhətləşəcəyik və harada daha vacibdirsə, ora da dəvət olunacaq. Altı ayda 20 oyun 20 yaşlı futbolçu üçün heçnədi. Əksinə, istəyərdim ki, Mahir yarım mövsümə 30 oyun keçirsin. Ona daimi oynamaq lazımdı ki, çatışmazlıqlarını aradan qaldırsın. Böyümək istəyirsənsə mütləq çoxlu sayda oyuna çıxmalısan. Başqa yol yoxdu.

 

- Ölkə mətbuatına verdiyiniz müsahibədə Renat Dadaşovu dəvət etməməyinizin səbəbi kimi bu futbolçunun özünü U-21 yığmasında görməməsini göstərmisiniz. Bəs, Mədətov necə?
-  Mahirlə təkbətək söhbətim olub. Onda tam tərsidi. Mədətov U-21 üçün çox narahtlıq keçirir, daim gənclər yığmamızla maraqlanır. Hiss olunur ki, bu komandanın bir parçasıdı. Məşqlərdə də bacardığının ən yaxşısını etməyə çalışır. Zərrə qədər hiss etsəm ki, Mahir U-21-ə can yandırmır, o da gənclər yığmasına dəvət almayacaq. Eyni sözlər Ramil Şeydayevə də aiddi. O, hətta Bakıda Kosovo və Almaniya ilə matçlarda iştirak etmək istəyirdi. Zədəli idi. Ancaq bütün günü həkimlərlə mübahisə edirdi ki, özünü yaxşı hiss edir və oynamağa hazırdı. Cüzi də olsa başqa yanaşma görsəm, qətiyyətlə U-21-in qapılarını üzlərinə bağlayaram. Çıxıb 0:5 uduza bilərik, ancaq yığmaya soyuq yanaşan futbolçu heç vaxt dəvət almayacaq!

 

- Renat Dadaşovla fərdi söhbətdən sonra bu cür qənaətə gəlmisiniz ki, o, U-21-də oynamaq istəmir?
-  Hələ A milli komandasının formasını geyindiyim vaxtlarda Renatın özünü ancaq əsas millidə gördüyünü hiss etdirmişdi. Elə U-21-in Kosovo ilə qarşılaşmasından sonra da zədəni əsas gətirərək Almaniyaya qarşı oyunu gözləmədən qayıtdı klubuna. Halbuki zədəlisənsə də, qalıb komanda yoldaşlarına dəstək ola bilərsən. Ancaq gələcəkdə ondan müsbət impulsu ala bilsəm və Renat yaxşı formada olsa, hər bir futbolçu kimi onun üzünə də U-21 yığmasının qapıları açıqdı.

 

Əlvida, U-19... mayda

- Rəşad Sadıqovun ambisiyaları barədə şərhə ehtiyac duymuram. Demək ki, Kosovo və İrlandiya ilə oyunda futbol ictimaiyyəti U-21-dən nəticə gözləməsə də, özünüz bu matçlara keçid dövrü kimi yanaşmırsınız. Daxilən necə, iki səfər matçından heç olmasa 1 xalla dönəcəyimizə ümid edirsinizmi?
-  Bunun üçün əlimizdən gələni edəcəyik. Çünki idmandasansa, nəticə düşünməyə məhkumsan. Sadəcə, nəticəyə gedən iki yol var: futbol oynayaraq, nəticə əldə etmək və nəyin bahasına olursa-olsun nəticə qazanmaq. Bu gün U-21-dən hələ ki, nəyin bahasına olursa-olsun nəticə qazanmasını istəmirəm. Xüsusilə, qarşıdakı oyunlarda. Qrupdan çıxmaq şanslarımız olsaydı, o başqa məsələ. Onda doluşardıq qapının ağzına və yalnız nəticə barədə düşünərdik. Bilmirəm, bəlkə də qarşıdakı iki oyunda bizi məcbur edəcəklər böyük qüvvəylə müdafiəyə oyurmağa. Ancaq bu hazırlıq dönəmində səfərdəki oyunlara elə bir model hazırladım ki, futbol oynayaq, baxımlı oyun göstərək, əsas millinin fəlsəfəsini qavrasınlar. Çalışıram ki, düzgün futbol oynayaq. Bu cür futbolla nəticə qazana biləcəyiksə, lap əla. Bunu istisna etmirəm ki, 60-70-ci dəqiqədən sonra taktikanı dəyişərik, müdafiəçini hücumçunun yerinə salarıq. Futbolda bu cür hallara tez-tez rast gəlinir. Amma hazırlığımız o yöndə getmir. Hazırlığımız çoxşaxəlidi: lazım olanda topa nəzarət etməli, lazım olanda pressinq etməli, lazım olanda hücum qurmalı, lazım olanda müdafiə olunmalıyıq. Başlıca istəyim odu ki, oyunçular Qurban müəllimin fəlsəfəsinə uyğun futbol oynasınlar. Əsas məqsədim budu ki, rəhbərliyim altında çıxış etdikləri müddətdə az da olsa onları əsas milliyə yaxınlaşdırım.

 

- “Qarabağ”ın U-19 komandasının baş məşqçisisiniz. U-21 yığmasının “sükanı arxası”na keçdikdən sonra klubdakı məşqçilik fəaliyyətinizə son qoymaq barədə düşünmürsünüz?
- U-19 komandası ilə bağlı xeyli müzakirələrimiz oldu. Hətta Qurban müəllimlə də fikir mübadiləmiz oldu. Mənim üçün ən asanı ordan istefa verməyimdi. Sadəcə, bu komandayla ilyarımdı birlikdə işləyirik.Həmin komandaya xeyli uşaq gətirmişəm. Bax, bunu nəzərə alaraq, belə bir qənaətə gəldik ki, mayadək tutduğum vəzifəni icra edim və başladığım işi tamamlayım. Onsuz da U-21 yığmasının düşərgəsində 10-12 gün olacam. Qalan müddətdə “Qarabağ”ın U-19-dakı işimin başında olacam. Eyni zamanda Pro kateqoriyası kurslarında oxuyuram. Bu baxımdan praktika mənim üçün olduqca vacibdi. Qarşıdan imtahanlarım gəlir. Bu yolu məhz “Qarabağ”ın U-19 komandası ilə başlamışam. Onları yarıyolda qoymaq mənə ağır gəlir. Ölkə çempionluğunu onlarla qazandım. “Atletiko” üzərində qələbəni onlarla qazandım. Yəqin ki, bu cür nəticələrimiz olmasaydı, U-21-dən dəvət almayacaqdım. May ayınadək işimi davam etdirəcəm və bundan sonra “Qarabağ”ın U-19 komandasından istefa verəcəm. 

 

Avantürist endşpil

- Müsahibənin son sualı avantürist olacaq. Təsəvvür edin ki, Millətlər Liqasında yığmamız finala yüksəlib və rəqib Ermənistandı. Qurban Qurbanov da “Rəşad, milliyə lazımsan” deyir...
- (Gülümsəyir) Bunu zaman göstərər... (bir qədər fasilədən sonra) Millətimə istənilən sahədə xeyir verə bilərəmsə, bunu etməyə borcluyam. Söhbət tək futboldan getmir, istənilən sahə olsun. Əgər xidmətimə final qarşılaşmasında ehtiyac duyularsa, üstəlik də rəqib düşmən olsun, düşünmədən razılaşaram. Zərrə qədər də düşünmərəm ki, uduza bilərik və qoy, bu məğlubiyyətdə adım hallanmasın. Lap rəqib bizdən 5 baş üstün olsa da, gedib öz komandamla birgə vuruşacam... uduzsaq belə. Kənara çəkilməyim mümkün deyil! Ancaq ümid edirəm ki, buna ehtiyac olmayacaq və Allah qoysa hər şey istədiyimiz məcrada gedəcək. 


 

CEYHUN ƏLİYEV, Bakı-Antalya-Bakı


 

26 May 2018
25 May 2018
B.eÇ.aÇC.aCŞB