TOP 10

Antalya gündəliyi: I YAZI - Millətlər Liqasına Moldova prizmasından baxış

Futbol
Tarix: 2018-02-05 13:35

Ölkədaxili yarışların startına 1 həftədən az vaxt qaldı. Dövrələrarası fasilə zamanı Azərbaycan futbolu bütünlüklə Antalyaya köç etmişdi: klublar da, müxtəlif yaş qrupları üzrə millilər də, hakimlər də, PFL də, AFFA rəsmiləri də, elə idman mediası da... Bu sətirlərin müəllifi də qış fasiləsinin 2 həftəsini Antalyada keçirdi. Gördüklərim az olmadı. Kimisi gecəsini gündüzünə qatıb işlədi, kimisi qışadək yığdıqlarının bir qismini dişlədi, kimisi qaz vurub – qazan doldurdu, kimisi qəlyanxanalardan çıxmadı. Hər halda, hər kəs öz tutduğu vəzifəyə görə məsuliyyət daşıyır. Bəndəniz də Antalyada az görmədi, az eşitmədi. Bütün görüb bildiklərimi qələmə almasam da, futbol təsərrüfatımıza dair kifayət qədər bölüşməsi mümkün olan materialları diqqətinizə çatdıracam. Beləliklə, “Antalya gündəliyi”nin ilk yazısını təqdim edirik. 

 

Futbol piramidamızın zirvə nöqtəsi milli komandamızdı. Elə bu üzdən də “gündəliyim”in ilk səhifəsini Qurban Qurbanovun rəhbərlik etdiyi yığmamıza həsr edirəm.

 

Millimiz əvvəldən 2 yoxlama görüşü keçirməyi planlaşdırsa da, sonradan məlum püşkatma Kosovo ilə matçın baş tutmamasını şərtləndirdi. Belədə, baş məşqçinin planları da buna uyğun olaraq dəyişdirildi. Əvvəldən 27 yanvar – 2 fevral toplanışı nəzərdə tutulsa da, yanvarın 30-da Moldova ilə keçirilən matçın ertəsi günü yığma üzvləri klublarına buraxıldı. Başqa sözlə, Qurbanovun yığmayla birgə fəaliyyəti vur-tut 3 gün davam etdi. Və cəmi 72 saatlıq tanışlıqdan sonra baş məşqçi yetirmələrini Moldova ilə görüşə çıxardı. 

 

Qurbanovun start heyəti böyük maraqla gözlənilirdi. Təcrübəli mütəxəssis tanış simalara güvəndi. Əslində, bu, bir yoxlama görüşü idi. Lakin sözügedən matçda Qurban bəy özü də debütant idi. Deməli, iş başında yeni simaları yox, əsas namizədləri görmək istəyirdi.

 

Baş məşqçi çərçivəni Rəşad Əzizli və ya Şahruddin Məhəmmədəliyevə etibar edə bilərdi. Ancaq zəruri məqama diqqət yetirək: mütəxəssis Kamran Ağayevi uzun müddətdi ki, iş başında görmürdü. Şahruddin daim əlinin altındadı, Rəşadın potensialına isə “Neftçi”nin oyunlarını izləyərkən kifayət qədər bələd olub. Deməli, ilk növbədə elə Kamran sınanmalı idi ki, mütəxəssis bunu da etdi. Oyunun gedişatında isə qapıçı əvəzetməsi məqsədəuyğun deyildi. Çünki Moldova tərəfi limitsiz əvəzetmənin əleyhinə olduğunu və yalnız 6 yeni futbolçunun meydana daxil edilə biləcəyinə razılıq vermişdi. O ki qaldı Ağayevin 90 dəqiqəlik çıxışına, qapısının toxunulmazlığını təmin edən 32 yaşlı əlcək sahibi ustalığını ən yüksək səviyyədə ortaya qoymağı bacardı.

 

Müdafiə xətti yetərincə maraqlı görünən xətlərdən idi. Ancaq burda da bir neçə məqam var idi. Mərkəz müdafiəçisi seçimi o qədər məhdud idi ki, Maksim Medvedev və Ruslan Abışova ümumiyyətlə, alternativ görünmürdü. Bəs, cinahlar? Bax, burada bir qədər düşünməyə dəyərdi. Qurbanovun seçimini xatırlayaq: gənc Abbas Hüseynovla təcrübəli Pavel Paşayev start 11-liyində yer almışdılar. Abbas ümçün bu, debüt idi və təcrübəli mütəxəssis klubda da rəhbərliyi altında çıxış edən müdafiəçini məsul görüşdə özünü itirib-itirməyəcəyinə dair suala cavab tapmalı idi. Paşayevə gəlincə, millimizin baş məşqçisi Ukraynada çıxış edən futbolçunu praktikada görmək istəyirdi ki, məhz bu faktor seçimi onun üzərində saxlamasını şərtləndirdi. Abbas 90 dəqiqəni əvəzlənmədən keçirdi və ən xoş sözlərə layiq futbol sərgilədi. Pavel isə meydanda olduğu 60 dəqiqədə “ən zəif bənd” adına layiq olmadı. Onu əvəzləyən Təmkin Xəlilzadə də qeyri-adi nə iləsə yadda qalmadı. 

 

Qara Qarayev, Riçard Almeyda kimi simaların start heyətində yer almaları gözlənilən idi.  Cavid Hüseynovla Əfran İsmayılovun vinger kimi meydanda olmaları isə Qurbanovun daha çox təcrübəyə güvəndiyini göstərirdi. Ancaq oyuna əla başlayan Əfranın artıq 23-cü dəqiqədə zədələnərək meydanı tərk etməsi, heç də sevindirici məqamlardan deyildi. Əfranı əvəzləyən Ruslan Qurbanov isə meydanda olduğu dəqiqələrdə daha çox dil pəhləvanı kimi yadda qaldı. Rahid Əmirquliyev yığmamızın yeni kapitanıdı ki, onun meydanın mərkəzində qərarlaşacağına da şübhə yox idi. Lakin Əmirquliyev optimal formasını yığa bilməyib. Elə bu səbəbdən də Moldova ilə matçda çoxsaylı səhvlərlə yadda qaldı. 

 

Bir halda ki, cinahda gənc Mahir Mədətova rast gəlmədik, deməli, onun hücumda çıxış edəcəyinə şübhə yeri qalmırdı. Bəli, klubda daim əlinin altında həm Mahiri, həm də Ramil Şeydayevi görən baş məşqçiyə bu futbolçuları tanıtmağa ehtiyac yoxdu. Başqa sözlə, Qurbanovun tətbiq etdiyi oyun modelində hücumun sivri ucunda məhz Mədətov əsas fiqur hesab olunur.

 

Oyun modelindən söz düşmüşkən, xüsusi bir məqama diqqət yetirək. Topa daha çox nəzarət edən tərəf yığmamız idi. Bunu “Qarabağ”ın əksər oyunlarında da görmüşük. Lakin ağdamlıların mərkəzi qısa ötürmələr hesabına keçərək, rəqibin cərimə meydançasına yaxınlaşması üslubuna bu görüşdə rast gəlmədik.

 

Niyə? Baş məşqçimizə bunu həyata keçirməyə nə mane olurdu? Yığmanı müxtəlif klublarda çıxış edən futbolçulardan formalaşdırmasımı 3 gündə istədiyi modeli ortaya qoymağa mane oldu? Bəlkə Miçel, Ansi kimi ulduz futbolçuların xidmətindən millimizdə istifadə edə bilməməsi?

 

Əsla! Məsələ burasındadı ki, Moldova ilk dəqiqələrdən “ikinci nömrə”ylə oynayacağını ortaya qoydu. Belədə, “divar paslaşması”, qısa ötürmələrlə 8-9 futbolçuyla arxada oturan komandanın müdafiə redutlarını yarmaq demək olar ki, mümkünsüzdü. Çünki topu hara ötürsən, yerdən bir rəqib ayağı peyda olacaq. Elə həmin “Qarabağ”ın praktikasını xatırlayaq. Beynəlxalq oyunlarda özündən nəzərəçarpacaq dərəcədə zəif olan komandalara qarşı matçlarda Azərbaycan çempionu daim əziyyət çəkib. Bu cür görüşlərdə “süvarilər” daha çox müdafiə ilə hücum arasındakı məsafəni “vakuum”a salaraq, keçməklə arzusuna çatıb. Başqa sözlə, müdafiə xəttimizin oyunçuları uzun ötürmələr hesabına rəqibin geri çəkilməsinə macal verməyərək, “avtobus”un yarılmasına şərait yaradıb. Eyni dəst-xətti Moldova ilə matçda da seyr etdik. Xüsusilə, Qara Qarayevin ifasında uzun ötürmələrə şahidlik etmək bir xoş yenilik oldu. Eyni sözləri Ruslan Abışova da şamil etmək olar. Elə topa nəzarətdə də millimiz rəqibini xeyli üstələməyi bacardı. 

 

Bəli, qapılara qol vurulmadı. Ancaq unutmayaq ki, yığma üzvləri optimal formalarında deyildilər. Unutmayaq ki, Qurbanovun ixtiyarında cəmi 3 gün olub. Unutmayaq ki, baş məşqçinin sehrli çubuğu yoxdu. Buna rəğmən statistik göstəricilər göz oxşayır. İlk yarıda topa nəzarət 65-35-ə millimizin xeyrinə olubsa, fasilədən sonra bu nisbət bir qədər də artaraq 75-25-ə yüksəlib.  Dəqiq ötürmələr faizində üstünlük də millimizin tərəfində olub: 90-79. Çərçivəyə elə də çox zərbə endirilməsə də, futbolçularımız bunu 4 dəfə bacardığı halda, Moldova yalnız 2 analoji epizodla yadda qalıb. Diqqətçəkən məqamlardan biri də 45 saniyə ərzində topa bir tərəfin nəzarət etməsi olub ki, bu göstəricidə də Qurbanovun komandası nəhəng üstünlüyə sahib olub: 19-1. Yalnız təkbətək mübarizələrdə Moldova cüzi üstünlük əldə edib. Ancaq maraqlısı budu ki, faiz etibarı ilə fasiləyədək rəqib 56-44 üstün olsa da, ikinci 45 dəqiqədə komandamızın bu problemi də aradan qaldırılıb və göstərici 54-46 yığmamızın xeyrinə dəyişib.

 

İndi də gəlin Moldova ilə görüşə Millətlər Liqası prizmasından yanaşaq. Yığmamızın keçirəcəyi 6 oyundan ən azı 5-də rəqiblər məhz Moldova üslubunda futbol sərgiləyəcəklər – “avtobus”. Yalnız Kosovonun doğma “divarlar arası”nda “1-ci nömrə”ylə oynamaq istəyəcəyini proqnozlaşdıra bilərik. Deməli, Qurbanov@CO-nu bütün görüşlərdə olduqca mürəkkəb bir məsələ gözləyəcək: böyük qüvvəylə müdafiə olunan komandaların qapılarına “açar” tapmaq. Quruca “Malta kimdi ki, biz onu udmayaq” iddiasıyla yanaşmaqla isə həqiqətən Biləcəridən o yanı görmək mümkün olmayacaq.    

 

CEYHUN ƏLİYEV, Bakı-Antalya-Bakı
 

26 May 2018
25 May 2018
B.eÇ.aÇC.aCŞB