TOP 10

Rəşad Sadıqovun “əkdiyi ağac”: təməl “14-lük”lə qoyulur

Futbol
Tarix: 2018-01-08 11:54

U-21 yığmasının yeni baş məşqçisi Rəşad Sadıqov Türkiyə toplanışına dəvət etdiyi futbolçuların siyahısını açıqladı. Məşqçiliyə yeni başlayan Sadıqovun butslarının “mismardan asması” hələ tam həllini tapmamış Gənclər Liqasının qrup mərhələsində “Qarabağ”ın U-19-unun “sükanı arxası”nda ilk qələbəni bayram etməsi, habelə bu komandanın oyun dəst-xəttinin formalaşması yolunda bir neçə ay ərzində əməli işlər görməsi, yaxın gələcəkdə daha bir azərbaycanlı mütəxəssisin qitə miqyasında adından söz etdirəcəyinin ilk cücərtiləri oldu.

 

Sadıqovun ilk toplanışa dəvət etdiyi oyunçuların siyahısına diqqət yetiərdikdə, ortaya maraqlı bir fakt çıxır: 26 futbolçunun yarıdan çoxu (14) növbəti seçmə tsikldə də U-21 yığmasına cəlb edilə biləcək. Çünki onlar 1998 və 1999 təvəllüdlərdi.

 

Bu fakt nədən xəbər verir?

 

Sadıqov de-fakto, cari seçmə tsikldən hazırlıq mərhələsi kimi istifadə etməyi planlaşdırır. Onun əsas məqsədi növbəti seçmə mərhələyə döyüşkən kollektiv formalaşdırmaqdı. Yəni yaxın bir ildə o, növbəti 2 il üçün U-21 yığmasının təməlini qoyur. Əlbəttə, “14-lük” üzvlərinin hamısının növbəti seçmə tsikldə U-21-in heyətində yer alacağı real deyil. Ancaq unutmayaq ki, bu, yeni baş məşqçinin çağırdığı ilk heyətdi.

 

Nəzəri cəhətdən isə Mahir Mədətov, Ramil Şeydayev kimi özlərini əsas millimizdə sübut etmiş futbolçular da cari seçmə tsikldə Sadıqovun ixtiyarında ola bilərlər. Sadəcə, indiki durumda adlarını çəkdiyimiz oyunçulara U-21-də özlərini sübut etməyə ehtiyac yoxdu.

 

Bunu da unutmayaq ki, Sadıqovun sərəncamında Yaroslav Deda kimi parlaq simanı da görə bilərik. Xatırlayırsınzsa, Sport24.az-a verdiyi müsahibədə “Qarabağ”ın U-19 komandasının şərəfini qoruyan hücumçu Azərbaycan vətəndaşlığıyla bağlı təklif aldığını və qış fasiləsindən sonra qəti qərar verəcəyini bildirmişdi. Bu qərar müsbət olsa, heç şübhəsiz ki, gənclər yığmamızda daha bir parlaq sima peyda olacaq.

 

Fərdlərdən danışarkən, Özan Can Kökçü personasından da yan ötə bilməzdik. Futbolçunun instaqram səhifəsindəki paylaşımını xatırlayaq: “An etibarilə verdiyim qərarı sizinlə paylşamaq istəyirəm. Bildiyiniz kimi, bir türk vətəndaşı olaraq, irqimiz və qanımızdan olan Azərbaycan millisində oynadım. Bu formanı şərəflə geydim və şəxsən qürur duydum. Ancaq son zamanlar bəzi olaylar məni düşündürdü və belə bir qərar verdim”.

 

Həmin paylaşımda iki məqam diqqət çəkir: “An etibarı ilə” və “son zamanlar bəzi olaylar”. Kökçü qərarını U-21-in ardıcıl məğlubiyyətlərindən sonra sentyabrın sonunda vermişdi. Ani qərar verdiyini hələ həmin vaxt etiraf edən Kökçü məhz təzyiqlərə tab gətirmədiyi üçün belə addım atdığını bildirmişdi.

 

İndi də gəlin Qurban Qurbanovun millinin baş məşqçisi kimi ilk mətbuat konfransını xatırlayaq. Təcrübəli mütəxəssis millinin zəif mövqelərinə əcnəbi futbolçular cəlb edəcəyini bildirmişdi. Bu, həmin Qurbanovdu ki, onun səriştəsinə heç kim şübhə etmir. Deməli, müəyyən mövqelərdə əsas yığmada da qeyri-azərbaycanlıları görəcəyik. İndi Sadıqov Kökçüyə dəvət göndərib. Millimiz üçün faydalı lub-olmayacağını inidən əminliklə söyləmək olmaz. Unutmayaq ki, futbolçunun potensialını açması üçün əsas yardımçı məşqçidi. İndidən heç kim deyə bilməz ki, Sadıqov düzgün qərar qəbul edib, yoxsa yox. Ancaq gənc mütəxəssis bu futbolçuya güvənibsə, deməli, gördüyü müsbət xüsusiyyətlər var. Digər tərəfdən indidən heç kəs deyə bilməz ki, Özan Canın U-21-dəki yeri təmin olunub. Bu, sadəcə, seleksiya xarakterli təlim-məşq toplanışıdı.

 

Elə bu səbəbdən də kimlərsə ilk toplanışa dəvət almayıbsa, bunu problemə çevirməməlidi. Məlum məsələdi ki, Sadıqov bütün potensial namizədləri U-21-in bayrağı altına toplaya bilməzdi. Deməli, hər kəs üçün gənclər yığmasının qapısı açıqdı. Misal kimi Budaq Nəsirovu göstərək. Yarımmüdafiəçinin potensialına heç kim şübhə edə bilməz. Lakin U-21-in heyətindəki son oyunlar göstərdi ki, Budaq ideal formasından uzaq düşüb. Deməli, öz üzərində daha çox işləməlidi ki, yenidən millinin qapıları üzünə açılsın.

 

Bütünlükdə heyətə nəzər salanda Sadıqovun divizion klublarını da nəzərdən keçirdiyinin şahidi oluruq. MOİK-in iki gənc oyunçusunun təlim-məşq toplanışına dəvətlilər sırasında olması divizionun digər klublarında forma geyinən oyunçular üçün bir mesajdı: “Oynayın, dəvət edək”.

 

Qarşıdan Türkiyə toplanışı gəlir. Bu zaman kəsiyində keçiriləcək yolxama görüşlərinin nəticələri heç bir suala aydınlıq gətirə bilməz. Nəinki yoxlama görüşləri, heç cari seçmə tsikldə qalan oyunların nəticələri də. Çünki bu heyətə baxmaq kifayət edir ki, U-21 yığmasının əsas planlarının növbəti seçmə mərhələylə bağlı olduğunu görək. Hələliksə səbr edib, istənilən nəticəyə razılaşmaqdan başqa yol yoxdu. Yeni təməl qoyulursa, mütləq qaydada uğursuzluqlar olacaq... ki, gələcəkdə uğurla yanaşı addımlayaq.

 

CEYHUN ƏLİYEV 
 

22 Iyun 2018
21 Iyun 2018
B.eÇ.aÇC.aCŞB