TOP 10

Qriqorçuk "Qəbələ"də ömürlük işləməyi düşünmür: "Azərbaycanda legioner limiti ləğv olunsa, bundan hamı qazanar"

Futbol
Tarix: 2018-01-07 13:59

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk 2017/18 mövsümün geridə qalan hissəsini Sport24.az saytına müsahibəsində ətraflı dəyərləndirib. Həmin müsahibəni təqdim edirik:

 

"Dabodan ağır zədədən sonra hansı səviyyəyə gəlməsi sadəcə, inanılmazdı"

 

- Müsahibəmizə mövsümün əvvəliylə başlayaq. Həmin vaxt "Qəbələ" haqda ikili fikir yaranmışdı. Komanda özünə bənzəmirdi. Onda nə baş vermişdi?
- Belə deyərdim ki, baş verənlərdə mənim üçün təəccüblü heç nə yox idi. Çünki olması mümkün olan şeylər baş verirdi. Həmin vaxt çox yenilənmiş komanda yığdıq. Həqiqətən heyətimiz güclü dəyişikliyə məruz qalmışdı. Çoxlu sayda yeni futbolçu götürdük. Onlar bizə hazırlıqlı gəlsəydi, hər şey qaydasında olardı. Yeni komanda formalaşması prosesi gedirdi. Necə ki, bundan əvvəlki 2 ildə olduğu kimi. Onda da komandamıza yeni futbolçular cəlb etdik və onlar hazırlıqlı idilər. Dərhal taktiki, oyun planına hazırlığa başladıq və bu, sürətlə gedirdi. Bunun nəticəsidi ki, həmin 2 ildə qurduğumuz komandayla Avropa Liqasının qrupuna düşdük. Bu dəfə problemlər yeni futbolçuların səviyyəsiylə bağlı deyildi. Onlar samballı oyunçular idilər. Məsələ onların hazırlıq səviyyəsində idi. Bütün futbolçular sərəncamımıza iyulda 4-5 həftəlik istirahətdən sonra gəlmişdi. Kimsə çimərlikdə idi, kimsə başqa yerdə dincəlirdi. Bir sözlə, uzun müddət məşqdən kənarda qalmışdılar. Başa düşürdük ki, onları tez bir zamanda hazır vəziyyətə gətirmək real olaraq çətin idi. Avropa Liqası oyunlarına yaxşı vəziyyətdə gəlmək üçün riskə də getməli olurduq. Onu da deyim ki, bəzi anda hansısa səviyyəyə gəlib çıxa bildik. Təsadüfi deyil ki, "Yagelloniya"yla heç də pis oynamadıq. Xüsusilə də səfər matçını. Sonrakı rəqiblə bağlı elə oldu ki, "Panatinaikos" həmin vaxt bütün komponentlərdə bizdən güclü, daha yaxşı hazır vəziyyətdə, daha təşkilatlanmış idi. Buna görə düşünmürəm ki, burda qeyri-adi nəsə başa verdi. Yalnız möcüzə baş vermədi, onu dəqiq deyə bilərəm.


 

- Sualımız məhz möcüzəylə bağlı idi. Onu dəqiq xatırlayırıq ki, qrupa düşəndə möcüzə baş verdiyini dediniz, çünki yeni komandanın dərhal relsə düşəcəyinə heş kəs zəmanət verə bilməz. Ancaq onda komanda bunu bacardı. İndisə bu, baş vermədi. De-fakto baş verməli olan şeylər baş verdi. Ancaq onu da nəzərə alaq ki, məsələn, Baqali Dabo kimi futbolçunuz vardı. O isə heç də yeni futbolçu deyildi. Dabo mövsümün əvvəlində belə parlaq oyun, ondan gözlənilən oyunu göstərmirdi...
- Daboyla bağlı çox şey demək istərdim. O, real olaraq yaxşı bir nümunədi. Baqali "Qəbələ"də olduğu müddətdə əlbəttə ki, çətinliklərlə üzləşmişdi. Onun ciddi zədəsi oldu və nəticədə 6 ay buraxdı. Bundan sonra reabilitasiyası çox çətin keçdi. Həqiqətən çətin günlər keçirdi. Ancaq sonradan onun hansı səviyyəyə gəlməsi sadəcə, inanılmazdı. Buna görə çox şadam. Çünki indi elə bir səviyyəyə gəlib çıxıb ki, onu real olaraq ciddi futbolçu adlandırıram. Dabo hazırda bütün komponentlərdə güclü futbolçudu. Çox yüksək sürətə malik hücumçudu. Uzun müddətli bərpa prosesi keçməli oldu və indi çox hazırdı. Hazırda meydanda böyük həcmdə iş görə bilər. Taktiki cəhətdən o qədər artırıb ki, bunu sözlə ifadə etmək mənə çətindi. İndi komandamızda elə bir fiqurdu ki, onu istənilən mövqeyə qoya bilərəm. Yüz faiz əminəm ki, qoyduğum hər bir mövqedə taktikayla bağlı işi tam görə biləcək. Qolçuluq bacarığını da xeyli artırıb. Bu, bizə də çox lazım idi, özünə də. Əvəvlki mövsümdə o qədər qol imkanı olsa da, son zərbəni dəqiq qoya bilmirdi. İndi çox inamlı oynamağa başlayıb və qolçuluqla bağlı usatlıq səviyyəsini artırıb. Vurduğu qollar bütün dediklərimin təsdiqidi. Aydındı ki, hücumçunu tərifləyə bilərik, ancaq o qol vurmalıdı. Buna görə də Dabodan çox razıyam. O, öz yaşında nələr etməyin mümkün olmasıyla bağlı yaxşı nümunədi. Hər halda, gənc deyil.


 

- Bəli, artıq 29 yaşı var...
- Düzdü, qoca da deyil. Ancaq belə yaşda irəliyə doğru belə addımlar atmaq heç də asan deyil. Buna görə də Dabo hamıya nümunədi. Ona baxanda hər bir oyunçu başa düşməlidi ki, çox şeyə özün nail ola bilərsən. Hətta indi elə də yaxşı təsir bağılşamırsansa, sonradan çox yüksək nəticələrə nail ola bilərən. Necə ki Baqali belə yüksək səviyyəyə çıxıb.


"Məndən soruşsaydınız ki, Avropa Liqasında mübarizyə hansı mərhələdən başlamağı seçərdim"

 

- Kənardan belə təəssürat yaranmışdı ki, “Qəbələ" Avropa Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlasaydı, qrupa düşərdi. ...
- Bilmirəm. Açığı, mən də bu haqda düşünmüşdüm.


 

- Yəni komandada oyun praktikası "axsayırdı".
- Başa düşürəm. Ancaq onu nəzərə alın ki, ilk təsnifat mərhələsində heç bu komandamız da yox idi. Hətta bəzi futbolçular heç düşərgəyə gəlməmişdi. İlk mərhələni oynamaq lazım olduğu vaxt onlar heç komandada deyildilər. Gəlsəydilər də, böyük fasilədən sonra hazırlığa başlamalı idilər. Bilmirəm, necə olardı. Məndən soruşsaydınız ki, hansı mərhələdən başlamağı seçərdim, I mərhələni deyərdim. Çünki ilk 2 oyun qat-qat çox fayda verir, nəinki məşq prosesi. Çünki bu müddətdə onsuz da məşq etməli, yoxlama matçları oynamalısan. Ondansa elə təsnifat mərhələsi matçlarını oyna. Komanda belə oyunlarda əlbəttə, çox şey artırır. Dediklərinizdə həqiqət var, razılaşıram.


 

- Çempionatın əvvəlində "Qəbələ" qeyri-sabit təsiri bağışlayırdı. Hansısa oyunlarda parlaq təsir bağışlayırdı, hansı oyunlarda isə sönük. Özü də hər şey əksinə baş verirdi. "Qəbələ" güclü rəqiblərlə kifayət qədər layiqli təsir bağışlayırdı. Ancaq zəiflərlə oyunlarda özünü göstərə bilmirdi. Belə təsir bağışlayırdı ki, bu oyunlar futbolçuların veclərinə deyil...
- Qeyri-sabit məsələsində sizinlə razıyam. Bu, birmənalıdı. şübhəsizdi. Çünki həqiqətən belə təsir bağışlayırdıq. Ancaq bunun da obyektiv səbəbləri var.


 

- Hansılar?
- Yeni komanda, yeni kollektiv yığılanda qarşıdurmalar yaranır. Hansısa münaqişə və bu kimi şeyləri qətiyyən nəzərdə tutmuram. Sadəcə, yeni adamlar gəlib, hər biri öz yerini tutur. Bu məqamda stabil çıxışa nail olmaq heç də asan deyil. Bunun üçün kollektiv yaratmaq lazımdı. İkinci səbəb də var ki, onu unutmuruq. Bu da futbolçuların hazır olmamasıdı. Çempionatın əvəvlində hazırlıq sistemi istədiyimiz deyildi. Həmin dönəmdə risk etməli də olurduq və hazırlıq təməlli ola bilməzdi. Yalnız fundamental, sistemli hazırlıq sonradan öz müsbət nəticəsini verir. Bu zaman da hər şey tam qaydasında olsa da, ümumilikdə vəziyyət yaxşı olur. Güclü rəqiblərlə oyunlarımızın yaxşı alınmağında futbolçuların emosional bacarıqları işimizə yarayırdı. Güclü rəqiblə oyunda özünəinam böyük olur. “Çernomorets”dəki dönəmi xatırlayıram. Stadionda elə atmosfer yaranmışdı ki, sadəcə, oynaya bilməzsən, artıq qaçırsan, buna məhkumsan. Aydın məsələdi ki, oynaya bilmirsənsə, onsuz da özünü göstərə bilməyəcəksən. Fərqi yoxdu, dolu və ya boş tribuna qarşısında oynayırsan. Yeni futbolçulara adaptasiya olunmaq, ətraf mühitə uyğunlaşmaq üçün vaxt lazımdı. Ona görə kimisə günahlandıra bilmərəm. O başqa məsələ ki, yeni futbolçular oyun fəlsəsəfimizi, futbola yanaşmamızı tez başa düşməli idilər. Onlar uyğunlaşanda bizim komandada olmaları asan olacaq, ancaq uyğunlaşmayanadək dediyim çətinliklərlə üzləşə bilərlər.


"İndi düşünmürük ki, “Qarabağ” kubokdan çıxdı, indi biz əsas favoritik"

 

- "Qəbələ"də işlədiyiniz müddətdə ilk dəfə olaraq ölkə kubokunda reytinq baxımından favorit sayılırsınız. Əvvəl hamı bilirdi ki, qarşıda "Qarabağ" var, indisə bu komanda kubokda yoxdu. Titul qazanmaq çox şeyə dəyər. Özü də “Qəbələ"nin tarixində ilk dəfə….
- Bu, şübhəsizdi. Dediklərinizi təsdiqləyirəm. Ancaq onu da bilirik ki, kubokda rəqib tək "Qarabağ" deyil. Bu, spesifik turnirdi və ordakı sensasiyalardan yan qaça bilməzsən. Çoxlu misallar gətirə bilərik. Bu yaxında “Mançester Yunayted” aşağı liqa təmsilçisinə uduzdu. Belə nəticələr həmişə olacaq. Əminəm ki, hər bir ölkədə kubok mübarizəsində bu cür sensasiyalar baş verəcək. Çünki kubok zirvəyə ən qısa yoldu. Burada mübarizə aparanlar inanılmaz şeylərə qadirdilər. Ona görə kubok mübarizəsində istənilən komanda “Qəbələ”yə çətin anlar yaşada bilər. Bu, şübhəsizdi. İndi düşünmürük ki, “Qarabağ” çıxdı, indi biz əsas favoritik. Bu, qətiyyən belə deyil. Başa düşürük ki, indiki vəziyyətdə “Neftçi” üçün kubok nə deməkdi. Onlar bunu qazanmaq üçün hər şeylərini verməyə hazırdı. Bütün bunları nəzərə alsaq, heç bir tələsik nəticə çıxarmazdım. Hesab edirəm ki, kuboku qazanmaq yolumuz uzun və çox çətin olacaq. 


- Razılaşın ki, futbolçu biz az kaprizli millətdi. Bunu ümumilikdə nəzərdə tuturuq. Həmin Ruslan Qurbanov qol vurmağı, meydanda qaçmağı sevir. Ancaq görürük ki, son oyunlarda onu sağ cinah müdafiəçisi mövqeyinə çəkmisiniz. ...
- Ruslan məhz bundan sonra qol vurmağa başladı (gülür).


- Bu yerdəyişmələr necə alınır ki, futbolçu qərarınızdan inciməsin, bunu normal qəbul etsin?
- Elə bir şey yoxdu ki, mən deyim sən bu mövqedə oynayırsan, başqa şey eşitmək istəmirəm. Belə şey sadəcə, mümkün deyil. Bir addımı atmaq üçün müəyyən şeylər baş verir. Birincisi, futbolçuyla müzakirə. İkincisi, onun yeni mövqeyində nə etməli olduğunu diqqətə çatdırıram. Futbolçunun fikirlərini dinləyirəm və məşqdə, oyunda istədiyimlə bağlı nə edə bilməsinə baxıram. Əvvəl də şübhə etmirdim ki, Ruslan müdafiənin sağ cinahında da işinin öhdəsindən gələ bilər. Hətta Araz Abdullayevi komandamızda olanda bu mövqeyə qoymağı planlaşdırırıdım. Bu ümumiyyətlə, onun üçün ideal mövqe olardı. Ona görə də Qurbanovla bağlı yerdəyişmənin necə effekt verməsi məni təəccübləndirmir. Bir şeyə diqqət yetirərdim. Ruslanı nominal olaraq sağ cinah müdafiəçisi mövqeyinə qoymuşuqsa, deməli, o, artıq müdafiəçidi – yox, bu, belə deyil. Qurbanova tapşırıqlar verilir. O, praktiki olaraq hücumçudu. Yalnız biz müdafiə olunanda müdafiəçi funksiyalarını yerinə yetirir. Vəssalam, burada heç bir qorxulu şey yoxdu. Ruslanın son matçlarda oyunu xoşuma gəlir. Məşqçi karyeramda futbolçuda mövqe yerdəyişməsiylə bağlı belə praktikam olmuşdu və indi də bundan yararlanıram. Prinsipcə, çox razıyam.


- Əslində, mövsümün ilk yarısında sağ cinah müdafiəçisi mövqeyində yetərincə seçiminiz olub – Qismət Alıyev, İlqar Qurbanov, Tellur Mütəllimov. Ancaq həmin mövqedə hücumçunu oynadırsız. Sağ cinah müdafiəçisiylə bağlı hələ də axtarışadısınız, optimal varinatınız yoxdu?
- Yox. Niyə ki? Qismət bizdə sağ cinah müdafiəçisi kimi müəyyənləşib.


- Ancaq sizə elə gəlmir ki, o, əsl mövqeyində - mərkəz yarımmüdafiəçisi kimi daha faydalıdı?
- Belə deməzdim. Qismət özü bilmir ki, necə oyunçudu, hansı ampluada çıxış edir. Hələ ki, bu şeyləri müəyyənləşdiririk. Qismətin sağ cinah müdafiəçisi üçün tələb olunan bütün şeyləri necə etməyə çalışmasından çox razıyam. Düşünürəm ki, o, hələ artıracaq. Aydındı ki, Alıyev dayaq yarımmüdafiəçisi mövqeyində də oynaya bilər. Mən bunu unutmuram.


"Tellurun sevdiyi qız olsaydı, ona futbol planında kömək olardı."

 

- Artıq komandadan gedən Tellur özünü ötən mövsümdəki kimi göstərə bilmədi. Sizcə, səbəb nə idi?
- Bu, onun nümunəsidi ki, insana əvvəldən yaxşı şans verildi, o, yaxşı oynamağa başladı. Hətta Tellur bir neçə matçda çox yaxşı təsir bağışladı. Onu istedadlı futbolçu sayıram. Güclü potensiala malikdi. Ancaq o başqa məsələ ki, Mütəllimovun beynində dəyişiklik gördüm. Bəzi anda futbol dünyagörüşü onu geri saldı. Nəticədə heyətdən qopdu. Tellurun əsas problemi ondadı ki, özü üçün konkret futbol baxışı müəyyənləşdirdi. Və bunu oynamaq üçün nə etmək lazımdı.


- Niyə belə oldu? Tellur ulduz xəstəliyinə tutuldu, bəlkə eşqə düşdü?
- Şəxsi planda amillər, sevgi məsələsi əksinə, oan kömək olmalıdı. Çünki sevdiyin qız varsa, meydana çıxırsansa, həm də onun üçün oynanalısan. Sevdiyin qız futbola gəlibsə, sən isə ehtiyatda oturusansa, onun gözündə heç də yaxşı görünməyəcəksən. Buna görə düşünürəm ki, Tellurun sevdiyi qız olsaydı, ona futbol planında kömək olardı. Sonradan gördüm ki, Mütəllimov baxışını dəyişdi, ancaq bu, azdı. Həmişə oyunçularıma deyirəm, onu yadda saxlayın ki, futbola qarşı həmişə düzgün yanaşmaq lazımdı. Bir dəfə ona qarşı düzgün yanaşmasan, qarşına çıxacaq. Sonradan həmin səviyyəyə qayıtmaq üçün 10 dəfə çox işləməlisən. Tellur belə vəziyyətdə idi. Düşünürəm ki, bundan sonrakı karyerasında işinin öhdəsindən gələcək. Çünki perspektivli futbolçudu və onu qazanmaq üçün mübarizə aparacağıq, ona birgə kömək olacağıq.

 

"Futbolçularımıza "Qarabağ"la 6 xallıq fərq haqda düşünməyə qabağa qoyuram"
 

- Çempionatda 2-ci yerdəsiniz və lider “Qarabağ”dan 6 xal geri qalırsınız. Ancaq “Qəbələ” yüksəlişdədi və bunu hamı gördü. Komandanız mövsümün ikinsi yarısında çox yaxşı təsir bağışladı, həqiqətən gözəl futbol göstərdi, maraqlı oyun nümayiş etdirirdi. Hər şey əladı, ancaq xal fərqi böyükdü. “Qarabağ”la iki şəxsi oyun da qalıb. “Qarabağ”la şəxsi oyunlarda bunu aradan qaldırmaq asandı, yoxsa?
- Bilirsiniz, ən vacibi nədi? Bu xal fərqi haqda fikirləşmək. Siz bu sualı verdiniz və məni bu hadqa düşünməyə vadar etdiniz. Ancaq mən özümü buna kökləyirəm ki, düşünməyim. Futbolçulara da 6 xallıq fərq haqda düşünməyə qabağa qoyuram. Bizim üçün ən dəyərlisi odu ki, son vaxtlar oynadığımız futboldan bərk yapışaq, bunun üçün ölməyə hazır olmaq lazımdı. Həqiqətən ciddi oyun göstəririk. Bu oyunu davam etdirə bilsək, xal fərqini aradan qaldıra biləcəyik. İndi hamı onu düşünməlidi ki, göstərdiyimiz futbolu yüksək səviyyəyə necə çatdıra bilərik.


 

- Qış transfer dönəmində hansı mövqeləri dordurmaq istərdiniz?
- Kimsə bizdən gedə bilər, fasilədə bu, normal şeydi. Ancaq hansısa böyük dəyişiklik olmayacaq. Gözlənilməz addımlar atılmayacağıq. Əslində, bizə transfer məsələsində çox şey etmək lazım deyil. Ancaq istənilən halda, bəzi addımlar atılmalıdı. Rəhbərliyə də bu haqda dedim və üzərində işləyirik. İndi bu haqda ətraflı danışmağı mənasız görürəm. Onu deyim ki, yeni transferlərlə bağlı iş lazımdı. Belə götürəndə, bu, həmişə lazımdı.


 

- Yay transferləriniz Endi Hallideylə Deyv Bultuis yüksək səviyyəli futbolçular olsalar da, “Qəbələ”də oynaya bilmədilər. Bu da daha çox legioner limiti üzündən oldu...
- Onu təsdiq edirəm ki, onlar yaxşı səviyyədə futbolçulardı. Bu, şübhəsiz belədi. Onların əsas heyətə məhz legioner limiti üzündən düşməmələrini də düzgün qeyd etdiniz. Hərçənd, onlarla bağlı daha çox şey müzakirə etmək olar. Ancaq bunun mənası yoxdu. Digər legionerlər buraxırıq və niyə belə alınır? Çünki komandanın hazırkı oyun üslubuna uyğun olaraq məhz oynatdığımız legionerləri meydana buraxmaq daha yaxşıdı. Bu, məhz o səbəblərdən biridi ki, müdafiə planında legionerlər oynamırlar. Həmin Endiylə Deyvi nəzərdə tuturam. Ancaq bu, o demək deyil ki, pis oyunçulardı. Sadəcə, futbolda hər şey dəyişir. Bilmirik ki, sabah necə olacaq. Başa düşürdük ki, onlar üçün komfortlu deyildi, çünki mövsümün ilk yarısında çox az oynayıblar.


 

"Legioner limitininin mənasız olmasına 100 faizdən çox əminəm"

 

- Legioner limitindən rəhbərliyiniz çox narazıdı. Konkret vitse-prezidentiniz Fariz Nəcəfov son vaxtlar mətbuata açıqlamalarında bu məsələyə tez-tez toxunur...
- Limitlə bağlım fikrim birmənalıdı və bunun doğru olmasına 100 faizdən çox əminəm. Bu da ondan ibarətdi ki, legioner limitini təqdim etmək ümumiyyətlə, mənasızdı. Limit futbolun inkişafı, nüfuzu, milli komanda üçün heç nə vermir. Bu, birmənalı belədi. Ona görə düşünürəm ki, legioner limiti olmasaydı, bundan hamı qazanardı. O cümlədən milli komandanız.


- Onu nəzərdə tutursunuz ki, limit olmasaydı, azərbaycanlı futbolçular xaricə oynamağa can atırdılar və bundan yığma qazanardı...
- Əlbəttə, həyat buna məcbur edəcək. Burda başqa amilər də var. Ancaq həyat futbolçuya gələcək karyerasıyla bağlı önəmli qərar qəbul etməyə məcbur edir. Limit olmayanda başqa məbləğlər, klubun büdcəsi fərqli olur. Aydındı ki, yerli futbolçuların hamısı xaricə çıxa bilməyəcək. Ancaq kim çıxacaqsa, artıq inkişaf olacaq.  Biri var evdə oynayasan, bu, başqa mənzərədi. Ancaq legioner həyatı yaşayanda yaxşı olmalısan. Necə ki Azərbaycanda burdakı legionerlərə belə baxırıq. Belə səviyyədə legionerlər deyirlərsə, niyə gəliblər? Eləcə də azərbaycanlı futbolçu xaricə gedəndə, orda yaxşı olmalısan. Əks halda niyə gedirsən? Ona görə belə yanaşma olmalıdı. Bizdə Araz Abdullayev nümunəsi var. Çox şadam ki, Kiprdə uğurlu oynayır. Biz ona kömək edə bilmədik. Ancaq bunu etməyi çox istərdim. Araz üçün Kiprə gedib oynamaq irəliyə doğru əla addım idi. Orda qalsa, lap əla olacaq. Artıq mili üçün aparıcı futbolçu olacaq. Ola bilər ki, bizdə belə nümunələr yenə olsun.


- Limitlə bağlı məsələni bir az genişləndirək. Qurban Qurbanov milimizə baş məşqçi təyin olunub. Bunadək yalnız “Qarabağ”ı çalışdırırdı və hazırkı limit onun üçün yetərincə sərfəli idi. Çünki Azərvaycanın aparıcı futbolçuları “Qarabağ”dadı. İndisə milinin baş məşqçisi, yəni həmin Qurbanov da maraqlı olacaq ki, azərbaycanı futbolçular xaricə getsinlər, legioner həyatı yaşasınlar. AFFA İcraiyyə Komitəsinin gündəliyində o məsələ durur ki, növbəti mövsüm üçün limit müzakirə olunacaq. Legioner llimiti Roman Qriqorçukun Azərbaycan futbolundakı gələcək karyerasna necə təsir göstərə bilər?
- Heç bir. Dediyiniz məsələnin qətiyyən təsiri yoxdu. Mənim üçün ən vacibi işlədiyin ölkə də yox, klubun özü və məqsədidi. Klub nə istəyir, inkişaf etmək fikrindədirmi və bunun üçün maddi-texniki təminatı varmı. Demirəm ki, yüksək, yetərincə olsun. Məni əsas maraqlandıran budu. Azərbaycan çempionatında iştirak edirik və vacib olan dəyişiklikləri qeyd edirik. Ancaq bu, olmasa belə fəaliyyətimizi davam etdirəcəyik.  Əsas odu ki, klub inkilaf etsin, buna maddi imkanı olsun.


- Elə isə “Qəbələ”ylə niyə müqaviləniz niyə 1 illikdi?
- Müqaviləyə ümumiyyətlə, önəm vermirəm. Ümumiyətlə, klub rəhbərliyiylə bu məsələdə şifahi də ortaq məxrəcə gələ bilərəm. Çünki rəhbərliyimizə böyük hörmətim var, onlara çox minnətdaram. Müqaviləm 5 illikdi, yaxud 1 illikdi, bu, heç nəyi dəyişdirmir. Ancaq bu, o demək deyil ki, həyatım boyu “Qəbələ”dəyəm və bunu artıq qərarlaşdırmışam. Yenə də ona önəm verəcəm ki, klubun məqsədi, perspektivləri, imkanı nədi. Yalnız bu gələcək karyerama önəmli təsir göstərə bilər. Burada söhbət heç də müqavilədən getmir.

 

"Bakıda Qəbədəki kimi futbol akademiyası olsaydı, futbolçu daha çox olardı"


- “Qəbələ” Futbol Akademiyasına böyük diqqət yönəlib. Akademiyanız Avropa səviyyədə olmasa belə, Azərbaycan üçün yetərincə yaxşı şəraitə malikdi. Bəli, ordan futboçular çıxır. Ancaq heç olmasa həmin Araz Abdullayev səviyyəsində çıxmır. Niyə belə olur? Doğrudanmı, Azərbaycada normal futbolçular yetişmir?
- İndi akademiyamızın məhsul buraxılışını yaxşı qiymətləndirmək olar. Çünki hər il bizə oyunçular gəlir və onlardan 1-ni Premyer Liqaya çıxarırıq. Öncə Elvin Camalov idi. Azərbaycan Preyer Liqası üçün real oyunçudu. Sonradan Tellur Mütəllimov. O, ötən mövsüm Premyer Liqa səviyyəsində oyun göstərirdi. İndi də Qismət Alıyev. Tam əminəm ki, o da Premyer Liqa səviyyəsindədi. Əlbəttə, hansısa yüksək səviyyəli futboçulardan danışa bilmərik. Ancaq onların vaxtı var, hələ böyüyürlər. Hər mövsüm üçün əsas komandada akademiyanın bir yetirməsinin olması da yaxşıdı. Qəbələdə futbol üçün yaradılan şərait superdi. Çox gözəl meydançalar salınıb. Futbolçunun inkişafı üçün praktiki hər şey var. Buna görə klubun prezidentinə böyük minnətdarlıq düşür. İnsanlar üçün çox vacib şeylər görülüb. O başqa məsələdi ki, real danışmalı, real qiymətləndirməliyik. Bu məqam var ki, Qəbələ kiçik şəhərdi və Bakı deyil. Bakıda belə futbol akademiyası olsaydı, futbolçu daha çox olardı. Bakıdan bütün istedadların Qəbələyə gətirilməsini realalşdırmaq çox çətindi. İstedalı futbolçu varsa, valideyni onun yanında olmasını, Bakıda futbola getməsini istəyir. Bu, çətinlik yaradır, onu dəf etmək çətindi. Paytaxtda akademiya olsaydı, bütün istedadları yığmaq olardı və onlar əla şəraitdə olardılar. Ona görə akademiyamızın məşqçilərini də başa düşməliyik. Onlar bütün istedadları yığa bilməzlər. Bu üzdən ola bilər ki, istədiyimiz səviyyədə istedad olmasın.


 

- Hesab edirsiniz ki, problem məşqçilərdə deyil?
- İndi durub məşqçilər haqda danışa, onların işini müzakirə edə bilmərəm. Həmişə söz düşəndə, rəhbərliyimizə deyirəm ki. əlbəttə, ən əsası, məşqçidi. Uşaq məşqçilərinin işi çox ağırdı. Onların əməyi yaxşı qiymətləndirilməlidi. Həmin insanlar elə motivasiya olunmalıdı ki, uşaqlarla işləsinlər. Ancaq bu iş görülməlidi. Mexaniki, başdansovdu ola bilməz. Məşqdə meydanda bütün ürəyini qoymalısan ki, uşağı öyrədəsən, tərbiyələndirəsən. Əlbəttə, bu, böyük əmək sərf edir.


 

"Azarkeşlərə nə fərqi var ki, harda yaşayırıq - Bakılda yox Qəbələdə?"

- “Qəbələ” cari mövsümdə Bakıda məskunlaşıb. Ev oyunlarına 1-2 gün qalmış Qəbələyə gedirsiniz. Bu addımdan sonra yaxşılığa doru böyük fərqi hiss edirsiniz?
- Belə nəticə çıxarmazdım ki, Bakıya köçmüşük. Sadəcə, deyərdim ki, ailələrimiz Bakıya köçüb. Bəli, bu, doğru yanaşmadı. İlk növbədə ailələrimizə çətin idi. Biz isə oyuna 1-2 qalmış yox, Qəbələdə imkan daxilində çox oluruq. Məsələn, 7-10 gün hazırıq tsikli keçmişik. Çalışacağıq ki, orda çox olaq. Çünki Qəbələdə yaxşı şəraitimiz var. Ev oyunları öncəsi bundan faydalanmağa çalışırıq. Hətta deyərdim ki, gərgin işdən sonra Qəbələdə 1 həftə olmaq yaxşıdı. Bu, yaxşı istirahət deməkdi. Təmiz hava qəbul etmək, yaxşıca dincəlmək olar. Belə demək düzgün olardı ki, iki şəhər arasındayıq. Və tam Bakıya köçməmişik.


- Məkanla bağlı dəyişikliyin pozitiv təsiri varmı, yoxsa hər şey əvvəlkitəkdi?
- Deyə bilmərəm ki, yüz faiz var. Belə cavab verərdim ki, yəqin, müsbət çox olub, nəinki mənfi. Hərçənd, hər ikisinin müsbət və mənfi cəhətləri var. Bunu müzakirə etmək olar. Ancaq çox güman, müsbət təsiri daha çoxdu, nəinki mənfi.


- Azarkeşlərdən giley-güzar olubmu ki, niyə daha çox Bakıda olursunuz, Qəbələdə yox?
- Azarkeşlərə nə fərqi var ki, harda yaşayırıq? Qəbələdə meydana çıxırıq, oyuna 50 azarkeş gəlir. Onlara hörmət edirik, onlar qarşısında oynayrırıq. Məgər onlar üçün mütləq lazımdı ki, Qəbələdə məşq edək? Bu, onlar üçün əhəmiyyət daşımır. Onlar üçün önəmli odu ki, Qəbələdə doğma stadionda meydana çıxırıq və hətta 1 azarkeş gələndə də qarşısında oynayırıq. Çünki azarkeşlərimizi sevirik, hörmət edirik, qiymətləndiririk. Stadionda sayları hətta az olanda onlar üçün oynayırıq. 30 yox, 32 nəfər gəlsə, artıq şad oluruq. İstərdik ki, ev oyunlarımıza heç olmasa 2 min azarkeş gəlsin. Bu, yoxdursa, deməli, işləmək lazımdı.


CEYHUN ƏLİYEV, MEHMAN SÜLEYMANOV
 

22 Iyun 2018
21 Iyun 2018
B.eÇ.aÇC.aCŞB