Xəbər Lenti

    U-21: təzadlarla zəngin heç-heçə

    FutbolTarix: 2017-11-15 12:00:00
    ...

    Dünən 21yaşlılardan ibarət milli komandamız Avropa çempionatının seçmə mərhələsində ilk xalını qazandı.”Dalğa Arena”da baş tutan görüşdə gənclərimiz rəqiblərinə fərdi ustalıq baxımından uduzsalar da, əzmkarlıq, motivasiya, oyuna köklənmək “fontan vururdu”. Oyunun tempi də kifayət qədər yüksək idi. 

    Qonaqlar artıq 2-ci dəqiqədə hesabı açmağa yaxın olsalar da, Mustafa Özhitah 15 mterlikdən endirilən qüvvətli zəırbənin qarşısını ala bildi. Ümumiyyətlə, Rafet Prekazinin yetirmələrinin hücumları daha düşünülmüş alınırdı. Qısa ötürmələrlə müdafiə xəttimizi çaş-baş salan kosovalıların ən böyük problemi son nöqtəni qoymağı bacaran istedadlarının olmaması idi.

    Yığmamızın heyətində ən çox seçilən Anton Krivotsyuk idi. “Neftçi”nin müdafiəçisi matçboyunca cinahını da inamla mühafizə etdi, hücumlara da ağıllı qoşuldu, komanda yoldaşlarını da sığortaladı. 

    Görüşdə sirk ustası da var idi və o, klounluq məharətini nümayiş etdirməklə matça əlavə rəng qatırdı. Söhbət qonaqların baş məşqçisi Rafet Prekazidən gedir. Onun etdiklərini sözlə ifadə etməkdə çətinlik çəkirəm, çünki belə “məşqçi”ni ancaq görmək gərəkdi. Media sektoruna yaxın yerdə qərarlaşan Kosovo yığmasının çalışdırıcısı estoniyalı baş hakim Roomer Tarajevin bütün verdiyi qərarlara bədəninin bütün hissələri ilə etiraz edirdi. Görünür ölkəsinin tanınmaması, onu “kənarda insan özünü necə aparmalıdı” mövzusunda kamilləşməsinə də ciddi təsir göstərib. Heç bir çılğın azarkeş də özünü elə aparmazdı, necə ki, Rafet müəllim. Mənzərəni daha gülməli (ağlamalı) edən məqam bundan ibarət idi ki, ağsaqqal bütün etirazlarını “laldili” edirdi. Görüşün 4-cü hakimi, daha çox orta çəkili güləşçiyə oxşayan Eyko Saar kosovolu mütəxəssisi sakitləşdirməkdən artıq təngə gəlmişdi. Qonaqların çalışdırıcısının bu cür davranışına bir də yazının sonunda qayıdacağıq.

    Hələliksə Samir Ələkbərov barədə. Almaniya ilə 0:7 başa çatan matçda Ələkbərov sanki qonaq idi. Gələn il 50 illiyini qeyd edəcək mütəxəssis məşqçilər korpusunda yer alsa da, səsi-səmiri çıxmırdı. Maraqlıdı ki, “Bundestim”lə səfərdəki görüşdə də Samir bəy müşahidəçi qismində çıxış edib. Əsas söz sahibi isə Aslan Kərimov idi. Onsuz da kuluarlarda da bu söhbət gəzirdi ki, gənclər yığmasına Kərimov rəhbərlik edir, Ələkbərov isə yalnız kağız üzərində 3 oyunluq baş məşqçi əvəzi gətirilib. Lakin ilk 2 oyunda alınan acı məğlubiyyətlərdən sonra  - Kosovo ilə matçda “Neftçi”nin sabiq forvardı bir an belə yerində oturmadı. Aslan Kərimov isə məşqçilər korpusunda yer alsa da, səsi çıxmırdı. Bu “rokirovka”nın səbəbi nə idi? Ələkbərovun matçosnrası mətbuat konfransını xatırlayaq: “Üç aydı ki, anadan əmdiyim südü burnumdan gətirirlər”. Bir bu cümləni oxumaq düşüncələrə dalmağa vadar edir. Əsas sual da budu ki, kim idi Ələkbərovun “südü burnundan gətirən”?..

    Çalışaq sətirarası oxuyaq. Kuluarlarda gəzən söz-söhbəti heç kəs təkzib etmirdisə, deməli, U-21-i idarə edən şəxs Aslan Kərimov olub. Elə Samir Ələkbərovun “3 gündü telefonlarımı söndürmüşəm, ancaq Kosovo ilə oyun üzərində çalışıram” deməsi də maraqlı mənzərəyə yol açır. Görünən budu ki, Samir Ələkbərov 3 ay ərzində yenə köməkçi məşqçi funksiyasını yerinə yetirib. Ancaq bu dəfə Yaşar Vahabzadənin yox, Aslan Kərimovun. Son 3 günlə bağlı isə fərqli qərar verilib və ötənlərin ulduz hücumçusu gənclər yığmamıza ilk xalını qazandırmağı bacarıb.

    Matçdan sonra AFFA-nın baş katibi Elxan Məmmədovla yığmamızın baş məşqçisi Qurban Qurbanov xeyli söhbət etdi. Əlbəttə, bu dialoq iki nəfər arasında qaldı. Ancaq fakt budu ki, eyni futbolçular 4 gün ərzində iki fərqli futbol sərgilədilər. Yəqin ki, mütəxəssislə funksioner arasında baş tutan söhbətdə bu məsələ də müzakirə obyekti oldu. Bəli, rəqibin fərqinə biz də varırıq. Ancaq söhbət oyundan gedir. Bu oyun isə U-21 yığmamızın itirilmiş nəsil olmadığını ortaya qoydu.

    Sonda Samir Ələkbərovun emosiyalarını cilovlaya bilməməsinə toxunmaq istəyərdik. Tribunalar boş olmasaydı, onun dedikləri böyük ehtimalla eşidilməyəcəkdi. Lakin hadisələr elə şəkildə cərəyan etdi ki... Əlbəttə, Ələkbərovun rəqib komandanın baş məşqçisini təhqir etməsinə biz bəraət qazandıra bilmərik. Ancaq 90 dəqiqə ərzində sözün həqiqi mənasında millimizlə hücuma da qoşulan, müdafiə də olunan mütəxəssisi buna vadar edən elə Rafet Prekazi özü oldu. Üstəlik 2 futbolçusu meydandan qovulan Ələkbərovun əsəbləri də tarıma çəkilmişdi. Ancaq yenə də Ələkbərov əsəblərinə hakim çıxmalı idi. Çünki baş məşqçi ilk növbədə futbolçular üçün nümunə olmalıdı. Anton Krivotsyuk və İlkin Sadıqovun qırmızı vərəqlərini isə emosiyalara bağlamaq yanlış olar. Çünki passivində sarı vərəqə olan futbolçu dərk etməlidi ki, istənilən an komandanı pis vəziyyətdə qoya bilər. Hər halda, klublarımız da, yığma məşqçiləri də bu cür intizamsızlıqlarla mübarizə aparmalıdılar. 

    Bütün hallarda, U-21 yığmamız ilk xalını qazandı. Bütün hallarda, oyunda müsbət energetika müşahidə olundu. Bütün hallarda, bu komandanı silmək düzgün olmaz. Futbolçularımıza sahib çıxmalı, onlardan FUTBOLÇU düzəltmək üçün hər birimiz öz qatqımızı verməliyik.

    CEYHUN ƏLİYEV
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 10 8 1 1 17-4 25
Zirə 11 7 3 1 19-8 24
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 11 5 1 5 14-15 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 10 3 0 7 6-16 9
Keşlə 11 2 2 7 8-17 8
Kəpəz 11 2 1 8 7-17 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 8 6 2 0 13-5 20
MOİK 8 5 2 1 15-6 17
Turan Tov. 8 4 2 2 12-10 14
Xəzər 8 3 3 2 9-5 12
Binə 8 3 2 3 9-5 11
Mil-Muğan 8 3 1 4 11-15 10
Şüvəlan 8 3 1 4 8-9 10
Sabah 8 3 1 4 11-12 10
Ağsu 8 2 2 4 10-15 8
Zaqatala 8 0 0 8 2-18 0