Xəbər Lenti

    "GÖRÜNMƏYƏN QÜVVƏ": "Bundan sonrakı həyatda da “Zirə” böyüsün, “Zirə”ylə də biz böyüyək"

    FutbolTarix: 2017-11-10 15:49:00
    ...

    Sport24.az saytının "GÖRÜNMƏYƏN QÜVVƏ" layihəsi bir müddətlik fasilədən sonra yenidən qonağınız olur. Budəfəki qəhrəmanımız "Zirə"nin mətbuat xidmətinin rəhbəri Elman Himayətoğludu. Həmin Elman ki, 17 illik işçilik yolçuluğunda "Futbol+" - İTV - "Zirə" qatraının sərnişini olub. 20 illik yubileyini qeyd edən "Futbol+" qəzteinin ən yaxşı yetirmələrindən biri olan Himayətoğlu İTV-nin yaradıcılarından biri olub, "Zirə"yləsə Premyer Liqada ilk vaxtdan onun sıralarındadı. Beləliklə, monitora yaxın əyləşin, Elmanla birgə zaman ekskursiyasına çıxaq.

     

    "Bu dəfə "Futbol+"a yaxşı işçilər gəldi, gələnlərin də çoxu işində fərqləndi"

    - 2001-ci il may ayının əvvəli. Ölkənin "1 nömrə"li qəzetində - “Futbol+”də belə bir elan yer aldı ki, həftədə 2 dəfə çıxan qəzet artıq 3 dəfəyə keçir. Həmin anı xatırlayaq. Səndə belə təəssürat yaranmadı ki, sənə rəqiblər gəlir?
    -  Yox. Əslində, o vaxt pulumuz az idi. Elə fikirləşirdik ki, 3 dəfəyə keçəcəyik, yaxşı da qonorarımız olacaq. Amma həm də onu nəzərə alaq ki, sayımız az olduğundan gücümüz çox deyildi. İşçi sayının çoxluğu yaxşı idi. Belə müsabiqələr bizdə əvvəl də olmuşdu. Ancaq seçimdən çox adam keçməmişdi. Bu dəfə isə müsabiqə çox maraqlı oldu. Ümumiyyətlə, müsabiqə hamımıza maraqlı gəlirdi ki, belə seçimlər olur, yeni adamlar gəlir. Gözləyirdik ki, bu dəfə kimlər gələcək. Bu dəfə yaxşı işçilər gəldi. Gələnlərin də çoxu işində fərqləndi. Söhbət qəbul olunanlardan gedir. Onlar jurnalistikada yaşadı.

    - 74 nəfər insan müsabiqəyə gəldi. Bunu indiyədək idman mediasında 3-5 nəfər bilə-bilməyə ki, məni (Ceyhun Əliyev) jurnalistikaya gətirən sən oldun. Sənin tövsiyənlə ki, bu adamı tanıyıram, futzal oynayır. Yadına gəlir o məqam? Kimə demişdin bunu?
    -  Səhv etmirsəmsə, Vüsala (V.Mahmudov – qəzetin ovaxtkı şöbə redaktoru). Yadımdadır, akt zalında yığışmışdıq. Hansı ki, orda ADP-in iclasları keçirilirdi. Belə yaddaşım çox yaxşı deyil. Ancaq o vaxt futzalı mən işıqlandırırdım və səni “Qlobus”un heyətində Texniki Universitetin zalında görmüşdüm. Mən onda qonşuluqda – İnşaat Mühəndisləri Universitetində təhsil alırdım. Biz futbola “Politexnik”ə gəlirdik. Bizim “İnşaat”ın komandası da orda oynayırdı. Məşqlərimiz orda olurdu, oyunlara gedib baxırdıq. Yadımdadır, boz formada oynayırdınız. 

     

    "İlkinin yazılarından böyük zövq alırdım, onun statuslarını sevə-sevə oxuyuram"

    - El arasında belə bir ifadə var – “torbatikən”. Təsəvvür edirdin ki, sənin “torbatikən”in mən olacam? Biz anket doldurduq və orda belə sual var idi ki, “Futbol+”də narazı olduğunuz məqam, nəyi daha yaxşı görmək istərdiniz. Mən də göstərmişdim ki, futzal çox keyfiyyətsiz şəkildə işıqlandırılır. Həmin illəri xatırlayanda bir təəssüf hissi keçirmirdin ki, gəldi çörəyimə bais oldu?
    -  Yox. Əslində, futzalı yazırdım, ancaq o vaxt “Futbol+”də əsas məqsədim o idi ki, milli komanda zirvədi, ondan yazım. Birinci gələn həmişə digər idman növlərindən (DİN) yazırdı. Mən DİN xəbərdən, futzaldan xilas olmaq istəyirdim ki, o pik nöqtəyə çatım, millinin oyunlarına gedim, oyun ətrafı yazım. Bunu yazanda da sevinirdik ki, heç olmasa bunu yazdıq. O vaxt “miks-zona” yox idi. Oyundan çıxandan sonra futbolçularla avtobusun yanında danışırdılar. İstəyirdim ki, o açıqlamalara məni göndərsinlər. Oyundan yazmaq o vaxt ümumiyyətlə, əlçatmaz idi. Çünki o vaxt daha yaxşı işçilər var idi – Səbuhi Səfiyarlı, İliin Fikrətoğlu, Elnur Məmmədli. Eldəniz Yusifov sonra əsgərlikdən gəldi. Onlar məndən çox yaxşı idilər. Həm təcrübəyə, həm də yazı qabiliyyətinə görə. İlkingil çıxandan sonra da mən onlardan öyrənirdim. “Qol” qəzetində işləyirdilər, insititutdan çıxıb onların redaksiyaısna gedirdim. Ora bizə yaxın idi. Onların yanında söhbət edirdim, yazılarını oxuyurdum. O cür işçilərin, jurnalistlərin yanında millidən yazmaq bir az əlçatmaz görünürdü. Belə görəndə, ilk olaraq dedim ki, bu adam ancaq mənə ilişib. Ancaq buna görə məndə mənfi aura yaranmadı. Xoş bir narazılıq oldu. Kin saxlayım, ya pis olum, belə bir şey olmadı. Çünki özüm də bilirdim ki, tam çatdırmıram. Məsələn, sən futzalı tam başqa cür görürdün, bütün günü orda idin, oynayırdın, futzalı daha yaxşı bilirdin. Təbii ki, mən nə qədər işləsəm də, özümü futzala həsr eləsəm də, onu sənin kimi yaza bilməyəcəkdim, görə bilməyəcəkdim. Bəlkə də gördüyümü daha yaxşı yaza bilərdim. Ancaq şərh məsələsi, hansı komanda necə oynaydı, mən onları görə bilmirdim. Futzal böyük futboldan çox fərqlənirdi. Onu görə bildiyim qədər yazırdım. Ona görə də qəbul edirdim ki, o qədər yaxşı deyil. Həm də qəzetdə futzala az yer verilirdi. Bu da qonorarıma təsir edirdi. Bunu nəzərə alırdım. Fikirləşdim ki, bəlkə ona görə bunu deyib. Bu üzdən işin fərqinə çox varmadım. Sonradan da hər dəfə görüşəndə zarafatımız ancaq bundan olurdu ki, gəldim, torbanı tikdim.     

    - Keçək nərdivanın növbəti pilləkəninə. Daxili şöbəyə 5 nəfər seçildi. Ceyhun Rzayev bizimlə az çalışsa da, o, seçilənlər arasında idi. Digələri biz ikimiz (Ceyhun Əliyevlə Mehman Süleymanov), Kənan Həsənov və Bəxtiyar Fətullayev idi. Səbuhi, İlkin və Elnurun yanında sən yarım pilləkən geridə idin. Ancaq ən səmimi münasibəti göstərən, bizlə dərhal dostlaşan sən oldun. Bu, nədən irəli gəlirdi?
    -  “Futbol+”da siz də işləmisiniz, bilirsiniz ki, vicdanla işləyirdik. Kimin gəlişinəsə pis niyyətlə yanaşmaq, qısqanclıq nəinki məndə, heç kimdə yox idi. Məsələn, o vaxt İqbal da gəlmişdi, az işlədi. O qədər də yaxşı yazmırdı, ancaq çox mehriban adam idi. Zarafatları ilə bizi darıxmağa qoymurdu. İlkin arada işə vaxtında gəlirdi (gülür). İşə vaxtında gəlmək lazım idi. İqbal İlkinin yanına gedirdi. Ona “Kroş” deyirdi - mənə girişdə kömək elə. İlkin də bunu edirdi. Bu, hamıda var idi. Hamı bir-birinə kömək edirdi. Məsələn, məndə rus dili yox idi, rus dilində müsahibə olanda ya Elnur, ya Səbuhi kömək edirdi. Bizdə ümumiyyətlə, qısqanclıq olmayıb. “Futbol+”də 1-ci, 2-ci nəsil var idi, mən ortada idim. Əsgərlikdə mən "zastava"ya gedəndə orda "dembel"lər var idi, cəmi 1 nəfər var idi ki, aprel çağırışında gəlmişdi. Onun heç bir nəsli yox idi. Tək idi, “dembel” də deyildi. Amma o, bizə daha yaxın gəlirdi. Nə köhnə əsgər idi, nə də təzə, ortada qalmışdı. “Futbol+”dəki vəziyyətim həmin əsgərin vəziyyəti ilə eyni idi. Ona görə daha çox sizə qaynayıb-qarışırdım. İlkingildən də çox şey öyrənməyə çalışırdım. Xüsusilə İlkinin yazılarından böyük zövq alırdım. Onun statuslarını sevə-sevə oxuyuram. 

     

    "Futbol+”ə idman jurnalistikasında atamız deyiriksə, onun baş redaktoru Mahir Rüstəmli atamızın atası, babasıdı"

    - Bizi dost edən bir qüvvə oldu ki, bu da yaxında 20 illik yubileyini qeyd edən “Futbol+” oldu. Amma bu qüvvənin atası olub. Bu ata sənin üçün kimdi? 
    -  Biz “Futbol+”ə idman jurnalistikasında atamız deyiriksə, onun baş redaktoru Mahir Rüstəmli atamızın atası, babasıdı. Mahir müəllim bizə çox şey öyrədib. Bu gün hərfi hərfin, sözü sözün dalınca düzə biliriksə, ona borcluyuq. Nəinki onda, orda işləmiş bütün təcrübəli jurnalistlərə. Mahir müəllim adi bir cümləni yazanda da, xırdalığına kimi bizə başa salıb, irad tutub. Düzdür, daxili şöbə başqa idi, xarici şöbə başqa. Amma ümumi iclaslarımız olurdu, Mahir müəllim rəylər bildirirdi. Mən həmişə iclaslardan sıxılmışam. Ancaq orda bircə Mahir müəllimin danışığı hər şeyi yerinə qoyurdu. Özünüz də görmüşdünüz ki, daxili şöbə xaricidən, xarici daxilidən səhv tutmağa çalışırdı. Arada çəkişmə vardı ki, bu da təbii idi. Çünki rəqabər var idi. 

    -  İllər ötəndən sonra başa düşürük ki, Mahir müəllim bunu bilərəkdən edirdi...
    - Təbii ki. O çəkişmə olmasa, səhvlər görünməyəcəkdi, kimsə inkişaf eləməyəcəkdi. Amma ümumu iclasda bir Mahir müəllimin çıxışı olurdu. Ondan hamımız nəsə götürürdük. Olurdu ki, təriflləsin, olurdu pisləsin.

    - Ancaq daha çox irad tuturdu ki, bu da bizi sevməyindən irəli gəlirdi...
    - Əlbəttə. Bir dəfə Emin İmaməliyevdən müsahibə götürmüşdüm. Həmin işimi çox tərifləmişdi. Bu, indiyə kimi yadımdadı. O müsahibəni indiyədək axtarıram, tapa bilmirəm. Növbətçi qalırdıq, onda baş redaktorla daha çox ünsiyyətdə olurduq, nəsə götürürdük. Onun hər yazısından nəsə götürməyə çalışırdıq. Mahir müəllimlə az ünsuyyətdə olsaq da, xırda-xırda nəsə götürməyə çalışdıq. O, təkcə bizim üçün yox, “Futbol+”ə gəlib-getmiş hər bir adam üçün çox önəmli personadı, böyük müəllimdi. İndi “Futbol+” görmək istədiyim yerdə deyil. Arzu edirəm ki, nə vaxtsa görmək istədiyim yerdə olsun. Təkcə dövriyyəlik baxımından yox, həm saytı, həm də digər planda. Mahir müəllimin arzusu idi ki, saytı yaransın, daha geniş fəaliyyət, radio və ya televiziya olsun. “Futbol+” bir Media Holdinqi kimi inkişaf eləsin. Buna vaxtilə potensialı də var idi. Nəsillər gəldi-getdi. Hər dəfə kimlərsə gedəndə fikirləşirdik ki, məsələn, İlkin getdi, “Futbol+” batdı. Tutaq ki, biz getdik, “Futbol+” batdı. Ancaq hər dəfə Mahir müəllim və ya başqa redaktorlar olsun, kimisə tapıb gətirirlər, “Futbol+” yaşayır. İnşallah, “Futbol+” görmək istədiyim zirvədə olsun.

     

    "İTV-də montajçı Fikrət vardı, gəlib bizə deyirdi ki, ay qəzet jurnalisti, bəsdir bu qədər yazdın"

    - Sənin karyeran tək “Futbol+”ə bağlı olmadı, növbəti zirvəni fəth elədin – İctimai Televiziyaya (İTV) keçdin. Bir, çağırış, bir yeni nəfəs idi. Keçid necə baş tutdu və nə dərəcədə çətinliklər yaşadın?

    - Eşitdik ki, bu televiziya açılacaq. “Futbol+”də birgə işlədiyim Rəsul Şükürsoyla belə qərara gəldik ki, gedək özümüzü yoxlayaq. Çünki orda müsabiqələr keçirilirdi. İndiki kimi yadımdadı, keçmiş Azon zavoduna getdik, içəri girdik. Orda Rafiq Səməndər sənədləri qəbul edirdi. Böyük ssenaristdi, yaxşı ssenariləri var, böyük sənətkardı. Biz də biofraqiyamızı qoyduq qabağına. Bizə layihə demişdi. Bioqrafiyamıza baxandan sonra dedi ki, əla, bu, valideynlərinizin layihəsidi, bəs sizin layihə hanı? Rəsulla oturub bir layihə yazdıq, adı “Toplu saat” idi. Sonradan “Mərkəz xətt” verilişini açdıq. İlkin mərhələni bəyəndilər, keçdik. Sonra İsmayıl Ömərov departament direktorları ilə bizi bir yerdə qəbul elədi. Onda Xəbərlər Departamentinin direktoru Natiq Abdullayev idi, idman də onun daxilində idi. Natiq müəllim onda dedi ki, bunlar futbol mütəxəssisidirlər, çox yaxşıdırlar, layihələrinə baxmışam, özləri ilə söhbət eləmişəm, bunları qəbul edək. Bu, reallaşdı. Çətinliyimiz o idi ki, ikimiz də qəzetdən getmişdik, orda da oyunun reportajını 3-4 min işarə yazırdıq. Bizdə montajçı Fikrət vardı, gəlib bizə deyirdi ki, ay qəzet jurnalisti, bəsdir bu qədər yazdın. Həddindən artıq çox yazırdıq. Bizə verilişə 45 dəqiqə vaxt ayırırdılar, gəlib 1 saatı keçirdi.  

    - “Futbol+”da şöbə redaktorumuz olan Vüsal Mahmudovun ən məşhur sözü bu olub ki, yazını qısa elə, onun qayçısı həmişə başımızın üstündə olub. Sən bunu görən adam, 3-4 min işarəlik yazıya mecə cürət edirdin?
    - Gör nə qədər fərq edirdi. Əslində, 13 min olmalı idi (gülür). Məsələn, Mehmanın bir köşə yazısı, daha doğrusu, girişi bəs idi. Onun girişi əslində, bir xəbər idi. Tutaq ki, biz xəbər bloku yazırdıq, bir neçə xəbəri bir-birinə birləşdirirdik. Onda bir xəbər 3-4 cümlə olmalı idi, konkret xəbəri çatdırmalısan. Ancaq qəzet elə ola bilməz axı. Uzağı xarici transfer xəbərləri olurdu ki, onları cümlə-xəbər kimi yazırdılar. Hətta televiziyaya gedəndən sonra orda “küncdən zərbə” rubrikası vardı, köşə yazısı yazırdıq, orda oxuyurduq. Həftəyə damğa vuran hadisəyə münasibəti bir həftə Rəsul edirdi, bir həftə mən. Bu, “Mərkəz xətti” verilişində idi. Onda hər veriliş efirə gedəndən sonra Mahir müəlimə zəng edib deyirdim ki, baxdınmı, necə idi. O da fikirlərini bildirirdi. İradı vardısa, bunu deyirdi, tövsiyələrini çatdırırdı. Bir çətinliyimiz də o idi ki, televiziya yeni yaranmışdı. Həmişə deyirəm ki, biz İTV-in daşını qoyanlardanıq. Konkret biz orda daş da daşımışıq. Məsələn, xətti montaj aparatları var, onların stolu çox ağırdı. İki nəfər onu götürə bilməz. O stolları biz daşıyırdıq 4-cü, 8-ci mərtəbəyə. Yəni tozun-torpağın içində işlədik, ancaq televizida çalışmaq çox maraqlı idi. 

    - Televiziyada işləyən həmkarlarımızdan belə şey eşitmişik ki, qəzet jurnalistikaısnda işləmək onların işinə çox yarayıb. Bəs səndə necə idi? “Futbol+”də işləməyinizin üstünlüyünü hiss edirdinizmi?
    - Təbii, belə idi. Məsələn, bizdə təcrübəsiz işçilər çox idi. Tural Dadaşov bu gün çox bəyəndiyimiz şərhçidi, çox savadlı insandı. Ancaq heç bir yerdə işləməmişdi, birdən-birə gəldi ora. Və ya Siyaviş Əliyev mətbuatda işləmişdi, gəldi İTV-yə. Belə bir neçə uşaq var idi. Qəzetdən gələn yalnız mənlə Rəsul idi.Vüqar Nəzərov isə “Lider TV”də işləmişdi. Yazılar olanda bunları mənimlə Rəsul yazırdıq. Əlbəttə, qəzetdə işləmək bizə bunda kömək edirdi. Məsələn, milli ilə bağlı 1-2 dəqiqəlik süjetin hansısa bir yerində rəng qata bilirsən. 

    - Həmin dövrlərdə olimpiadalar gördün. Olipiadalar görmüş, telekanalın yarandığı vaxtdan uzun illər onun üçün çalışmış insanın kluba getməsi təzadlı bir epizoddu. “Zirə”yə keçidin necə baş verdi?
    - Biz həmişə “Futbol+”ə doğmalıqdan danışırıq. Həmişə onu demişəm ki, “Futbol+” mənim orta məktəbimdirsə, İTV ali məktəb idi. 

    - Demək olar 10 il orda çalışdın...
    - Efirlə saysaq, 10 il olmadı.  Biz efir başlamamışdan, açılışdan – 2005-ci ilin avqustundan daha əvvəl getmişdik. İctimai Televiziyada iki verilişimiz olurdu, bazar günü və birinci gün. Yeni vaxtda montaj aparatı az idi. Ona görə də gecə səhərədək işləyirdik. Sonra bir az yatırdıq, sonra 1-cü günün verilişini işləyirdik. Bu kanal bizə o qədər doğmalaşmışdı ki...Kollektivlər gəldi-getdi. Bu telekanalda işləmişlərin çoxu təsdiq edə bilər ki, ən sağlam, mehriban kollektiv idmanın olub. Hamı yaxşı mənada paxıllıq edir, həsəd aparırdı ki, kollektivimiz çox mehribandı. Heyətimizdə dəyişikliklər olsa da,  həmişə mehribanlığımızı qorumuşuq. Ona görə getmək çətin idi. İTV-də irəliləyişimdə ən böyük rolu olimpiadalar oynayıb. “London-2012”-yə Tural Dadaşovla Elnur Əliyev getmişdi. Burda qalan heyətə mən rəhbərlik edirdim. Böyük məsuliyyət idi. O da uğurlu oldu. Hər gün efirə çıxırdım, bir az çətin idi. Buna rəğmən, mən belə başa düşürəm ki, yaxşı-pis işimi bacardım. Yarışdan sonra da Ömərov məni “Xəbərlər”in direktoru ilə birgə çağıraraq dedi ki, sənə təşəkkür edirəm. Mən də böyük redaktor idim, ən yüksək vəzifə isə şərhçi idi. Ondan sonra departament direktorunun müavini ilə rəhbəri idi. İsmayıl müəllim dedi ki, Elmanı aparıcı da yox, birbaşa şərhçi edin. Yəni məni birdən-birə iki pillə yuxarı apardı. Maaş dəyərində mükafat yazdı. Təkcə mənə yox, uşaqların bir çoxuna. Bundan sonra Soçi Olimpiadasında birbaşa özüm iştirak elədim. Bu da böyük təcrübə idi. Televiziyada işləmək çox maraqlı idi və mən o sahədə irəliləmək istəyirdim. Ancaq sanki “doydum”. Futbol sahəsi isə həmişə mənə maraqlı gəlib. Biz digər idman növlərindən də yazmışıq. 

     

    "Qabağıma çıxan hər bir adamdan soruşurdum ki, "Zirə" variantı var, mən nə edim?

    - Ancaq bələyi dəyişmək olmaz...
    - Bəli, bələk bələkdi. Futbol bizim üçün bir nömrəli idman növü olur. “Zirə” variantı çıxdı. Çox fikirləşdim. Ən çətin seçim mənim üçün onda idi. Gecə də fikirləşirdim, yatanda da, duranda da. Qabağıma çıxan hər bir adamdan soruşurdum ki, belə bir variant var, mən nə edim? Əslində, kluba getmək istəyirəm. Amma televiziyanı da atmaq istəmirəm. Həm də I Avropa Oyunları ərəfəsi, işlərimiz də çox idi. Hamı da deyirdi ki, qal televiyada. Evdəkilər, dost-tanışlar hamı bir ağızdan deyirdi ki, televiziya yaxşıdı, efirə çıxırsan, tanınırsan, hörmətlisən. Ancaq kluba gedəcəksən, efirdə olmayacaqsan, yeni klub. Özü də “Zirə” onda birinci dəstədə oynayırdı, hələ mövsüm bitməmişdi. Bilinmirdi ki, Premyer Liqaya gedəcək, ya yox. Ancaq sonda fikirləşib çox tərəddüdlə qərar verdim. 

    - Qərarında həlledici nə oldu? Daxildən gələn səs?
    -  Əslində, daxildən heç nə yox idi. 

    - Bəlkə sözünü yerə sala bilmədiyin yaxın bir adamın məsləhətinə qulaq asdın?
    - Belə bir şey də yox idi. Klub rəhbərliyi ilə danışdım, bundan sonra addımıma əmin oldum, bunu atmağa cürətləndim. Gücüm oldu ki, bu addımı atdım. Razılaşarsınız ki, bu, dönüş nöqtəsi idi. Səhv addım da ola bilərdi. 

    - “Zirə” sənin üçün nədi?
    - “Zirə” mənim həyatımdı. Nəinki mənim, demək olar ailəmin də. 

    - Kənardan eybəcər bir mənzərə yaranır, ancaq müsbət mənada. Eybəcərlik odur ki, “Zirə”nin işçisi yoxdu. Uzun müddət yalnız Natiq Məmmədovla sən görünürdün. Cahangir Məmmədov isə yeni gəlib. Ancaq neçə klubumuz var ki, onlarla işçisi var. “Zirə”də mətbuat xidmətinin rəhbəri sayılsan da, faktiki idaredici orqanın nümayəndəsisən. Belə az adamla klubu idarə etmək necə mümkün olur? Axı, camaat 20 nəfərlə idarə edə bilmir. Elə klub var ki, bir departamentində sizdən çox işçi var. Sizin işi görə bilməyinizin xüsusi resepti var, yoxsa bəlkə hərənizə 20 min maaş verirlər?
    - Əvvəla, onu deyim ki, bizim klub görünən ofisdəki işçilərdən ibarət deyil. Mətbuatın görmədiyi maliyyə meneceri, bu şöbənin əməkdaşları, marketinq üzrə menecer və başqa işçilər var. Eyni zamanda akademiyanın öz işçiləri, rəhbəri, əsas və əvəzedici komandaların işçiləri var. Biz birlikdə komandayıq.  “Zirə”də doğrudan da işləyən hər bir əməkdaşdı elə bil xüsusi seçilmiş adamdı. Hamı klubun işinə canını qoyur. Klub üçün nəsə alanda, pul xərcləyəndə elə bil ki, evə nəsə alıram, qiyməti aşağı salıram. Sanki öz pulum gedir, “Zirə”də münasibət belədi. İki yaşı olacaq qızım da artıq oyunlarımızda “Zirə” qışqırır. Hərdən videosunu çəkib mənə göndərirlər. Mənim evdə də münasibətim belədi. Evdə də bilirlər ki, “Zirə” mənim üçün nədi! Təkcə mənim üçün yox, digər rəsmilərimiz üçün də. Natiq müəllim əvvəlcə icraçı-direktorumuz idi, indisə prezidentimizdi. Bizi təsis edən şikətdən marketinq üzrə menecerimiz var, Azər müəllim. O, mətbuatda çox tanınmır, ancaq bizə çox kömək edir. Eyni zamanda azarkeşlərlə əlaqələndirici şəxsdi. Cahangirin müəllimin gəlişi avrokuboklar dönəminə düşdü, birbaşa böyük təcrübənin içinə düşdü. Hansı ki, işlər çox idi, işləmək lazım idi. Qıraqda qala bilməzdin ki, ay mənim təcrübəm yoxdur, filan. İşlədi, özünü doğrultdu, indi də Cahangir müəllim bizdə icraçı-direktordu. Heç bir sirr yoxdu. Sadəcə, hamı can qoyur işinə. Bizdə çatışmazlıqlar var bu dəqiqə, sirr deyil. Razıyam ki, işçilərimizin sayı azdı. Təbii ki, işçi sayı daha çox olsa iş daha yaxşı olacaq. Klubun saytı, digər məsələlər olsun.

     

    "Zirə"də fəhlə olmağa hazıram, təki klubun işi getsin"

    -  Sözsüz ki, qüsurlar görünür. Biz demirik ki, qüsurlar yoxdu...
    -  Tam heyət olsa, hər şey daha yaxşı olacaq. Bu gün biz əlimizdə olandan maksimum istifadə etməyə çalışırıq. Komandanın məşqçilərindən tutmuş hər bir şəxsədək. Mən bu gün demirəm ki, işim nədi. 

    -  Yəni sən fəhlə olmağa hazırsan...
    -  Əlbəttə. Təki “Zirə”nin işi getsin. Heç kim demir ki, mənim işim budu. Məsələn, mən mətbuat katibiyəm və lisenziyalaşdırma üzrə menecerəm, yalnız bu işləri görməliyəm. Gücüm çatırsa, başqa işləri də görməliyəm. Görməliyəm yox, görürəm. 

    -  "Zirə”ni niyə qısqanırlar? Nə qədər şirin danışsaq belə, qıraqdan da görünülür ki, “Zirə” qısqanılır. Özü də ciddi şəkildə. Niyə?
    -  Mən desəm ki, “Zirə”ni qısqanırlar, düzgün çıxmaz.
     
    - Bunu sən desən də, deməsən də, belədi. İçdən nə görünür?
    - İçdən o görünür ki, bizim klub şükürlər olsun Allaha ki, düz yoldadı. Klub düzgün idarə olunur. İşçiləri də düzgün işləyir. Biz hər şeyə vicdanla yanaşırıq. Arzumuz də odu ki, işimizə də hamı vicdanla yanaşsın, vicdanla qiymət versin. 

     

    "Ən böyük arzum futbola gedən oğlanlarımın “Mançester Yunayted”də oynamalarıdı"

    - İnsan həyatı bəlli bir xətdi, o xətti heç kəs adlaya bilməz. Həyatının yuxarı-aşağı ekvator xəttindəsən. Alimər deyir ki, insan həyatının 30-40 yaş arası zirvə nöqtəsi sayılır. Necə hesab edirsən, həyatının zirvə nöqtəsinin olduğu “Zirə”ylə yenidən həyatını bir daha dəyişməyə hazır olarsanmı? Yoxsa “mən elə bu komandayla zirvə nöqtəsindəyəm və sonadək onunla addımlamaq istəyərəm” deyərsən?
    - Təxminən 25-26 yaşlarında idim, əmimlə söhbət edirdim. Atamın bir qardaşı var, onu atam qədər çox istəyirəm. O da bizi elə istəyir. Əmim həmişə bizə nəsihətlər verir. Deyirdi ki, 40 yaşınadək nəsə elədinsə, elədin. 40 yaşından sonra sən artıq geri gedəcəksən, o vaxtadək elədiyinin bəhrəsini görəcəksən. Hesab edirəm ki, 36 yaşadək çox şeyi yaşamışam. Allah mənə çox şeyi verib. Çox şeyin, öz əziyyətimin bəhrəsini görmüşəm. Televiziyada bir şərhçi kimi arzu edirdim ki, Azərbaycan yığmasının oyununu şərh edim. Söhbət futboldan gedir. Yaxud fanatı olduğum klubun - “Mançester Yunayted”in oyununu şərh edim. Hər ikisini eləmişəm. Düzdür, Bekhem onda artıq oynamırdı, ancaq “Mançester Yunayted”in Avropa Liqasında oyununu şərh etmişəm. İspaniya, İtaliya çempionatını yayımlamışıq, ancaq İngiltərə Premyer Liqasını yox. Onda “Mançester Yunayted” Avropa Liqasında oynayırdı, komanda yaxşı günlərini yaşamırdı. Ancaq ona sevindim ki, oyununu şərh elədim. Olimpiadada özüm birbaşa iştirak eləmişəm, Olimpiya Oyunlarını şərh eləmişəm, Olimpiya şəhərciyində olmuşam. Bu, idman jurnalisti üçün çox böyük bir şeydi. Düzdür, hokkeyə marağım olmayıb, ancaq ABŞ – Norveç oyununu canlı izləmişəm. Başqa atmosfer idi. Olimpiadanın açılışında olmaq, bu mərasimi, yarışları yerindən şərh etmək, Olimpiya kəndindən reportajlar hazırlamışam, belə şeylər jurnalist üçün uğur sayılır. Hesab edirəm ki, idman jurnalisti kimi çox şeyə nail olmuşam. Klubumuz kiçik, yaşı az olsa da, çox şeyi görmüşəm. Uğursuzluqlarımız da olur, ancaq uğurlaımız yaşımıza görə çox olub. İstəyərdim ki, bundan sonrakı həyatda da “Zirə” böyüsün, “Zirə”ylə də biz böyüyək. “Zirə”də biz bir ailəyik. Mən təsəvvür etmirəm ki, hansısa bir komandada belə atmosfer olsun. Əvvəllər görməmişdim. Hesab eləmirdim ki, klubda belə atmosfer ola bilər. Bəlkə də hardasa var. Doğrudan da belədi. “Zirə” ilk işlədiyim klubdu və burda belə görmüşəm. Bu “Zirə”nin daha böyük zirvələrə getməsini istəyirəm. Təbii ki, mən də içində olmaq şərtilə. Bundan sonra futbolda nə qazanacamsa, inşallah, istəyirəm ki, “Zirə”ylə qazanım. 

    - Evində üç övlad böyüyür – iki oğlan, bir qız. Təbii ki, qızı çıxırıq, qız qızıldı. Oğlanlarının ikisi də futbolla məşğul olur. Sabah hansısa parladı və gəldi dedi ki, mən “Neftçi”də oynamaq istəyirəm. Sən də “Zirə”nin prezidentisən. Evdən qovacaqsan onu?
    - Yox. Bir də görürsən ki, uşaqlar “Mançester Yunayted”in formasını geyinirlər. Həm Fərid, həm də Nihad. Birinci böyük oğlumdu, digəri kiçik. İkisi də “Mançester Yunayted”in azarkeşidi. Heç birinə diqtə eləməmişəm ki, sən buna azarkeşlik eləməlisən. Oyunlar oynaynda ancaq “Mançester Yunayted”in heyətini yığırlar. Bu komanda oynayırsa, tez yatmırlar. İcazə alırlar ki, bu gün gec yataq, “Mançester Yunayted” oynayır. Hərdən günortalar oynayanda mən evdə olmuram, gələn kimi mənə hesabı deyirlər, qolları filankəslər vurdu. Hər ikisi “Əlincə”də idi. Halbuki, onların yaş qrupları “Zirə”də də var. Sadəcə, “Əlincə” bizə məsafə baxımından yaxın olduğuna görə oranı seçdik. Eyni zamanda məşqçisi haqda eşitmişdim, bir az araşdırmışdım. İndi Nihad “Leon”dadı, yəni heç biri “Zirə”də deyil. Çempionatda oynayacaqlar, “Zirə”yə də rəqib olacaqlar. Biri 10, digəri 11 yaşlılarda. İstəmərəm “Neftçi”də oynasınlar. Ona görə yox ki, “Neftçi” “Zirə” deyil. Ona görə ki, Allah qismət eləsə, xaricdə oynasınlar. Ən böyük arzum “Mançester Yunayted”də oynamalarıdı.

    - Müsahibəyə “Futbol+”lə başladıq. Onunla da qurtarsaq, çox şirin olardı. Sənə çox ağır bir sual. Təsəvvür elə ki, “Zirə”nin avrokubok oyunudu və Mahir Rüstəmli sənə zəng vurur: Elman, sabah qərara gəlmişik ki, “Futbol+”in bütün keçmiş nəslini yığırıq, qəzetin növbəti sayında hər birinizin müəllif yazısı gedəcək. Ancaq redaksiyada olmalısan, planlaşdırma keçəcəyik. Sən də avrokuboka getməlisən, özü də səfərdədi oyun. İşdən icazə ala bilərsən?
    -  Nə bilim, çətin sualdı. Mən elə fikirləşmirəm ki, Mahir müəlim məni belə fakt qarşısında qoya. 

    - Sən bilirsən ki, Mahir müəllim qoya bilər...
    -  Yox, o, futbol adamıdı, qeyri-futbol adamı yox.

    -  Bəs “Futbol+” nədi?
    -
      O da futbol adamıdı, baş redaktoru qoymaz. 

    - Oldu, sualı bir az yumşaldaq. Sən kluba deyirsən, klub deyir ki, özün seç. Sənə tam ixtiyar verir, heç bir problem yoxdur, istəyirsən qal. Ancaq sənin səfərin “Mançester Yunayted” – “Zirə” matçınadı. 
    - “Zirə” heç “Mançester Yunaytet”lə oynamasın. Tutaq ki, elə “Differdanj”la oynasın. Yenə də mən həmişə “Zirə”nin yanında oluram. Bu gün komanda məşq edirsə, həmişə can atıram ki, onun yanında olum. Ürəyim bağlıdı o komandaya. Komandanı qoyub heç yerə gedə bilmərəm. 

    - Yəni “Futbol+”in çağırışına getməyəcəksən...
    -  Təbii ki, “Futbol+” in çağırışına gedərəm. Ancaq həmin məqamda komandanı qoyub gedə bilmərəm. Səmimi deyim ki, “Futbol+”i çox istəyirəm, həmişə ürəyimlədi. Söhbətimizdə daha çox bu qəzetdən danışdıq, həmişə bir yerdə oturanda da daha çox ondan danışırıq. Hamı bilir “Futbol+”ə münasibətimi. Deməli, alternativ tapardım.

    - Məsələn?
    - Planlaşdırmaya canlı qoşulardım. İstər “skype” vasitəsi olsun, istər də mobil telefon. Ancaq sizlərlə də birgə olardım.

     

    CEYHUN ƏLİYEV, MEHMAN SÜLEYMANOV

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 10 8 1 1 17-4 25
Zirə 11 7 3 1 19-8 24
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 11 5 1 5 14-15 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 10 3 0 7 6-16 9
Keşlə 11 2 2 7 8-17 8
Kəpəz 11 2 1 8 7-17 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 8 6 2 0 13-5 20
MOİK 8 5 2 1 15-6 17
Turan Tov. 8 4 2 2 12-10 14
Xəzər 8 3 3 2 9-5 12
Binə 8 3 2 3 9-5 11
Mil-Muğan 8 3 1 4 11-15 10
Şüvəlan 8 3 1 4 8-9 10
Sabah 8 3 1 4 11-12 10
Ağsu 8 2 2 4 10-15 8
Zaqatala 8 0 0 8 2-18 0