Xəbər Lenti

    Bir gün Gəncədə: "Bileti ancaq oyunu əvvəldən izləmək istəyən azarkeşlər alır" - FOTOLAR

    FutbolTarix: 2017-10-17 12:35:00
    ...

    Ötən ayın ortalarında Gəncə şəhər stadionunun ot örtüyünün vəziyyəti ilə yaxından tanış olmaq məqsədi ilə Nizami yurduna səfər etdim. İlk səpin olmuşdu, ikincisi isə sentyabrın 16-da, yəni gəlişimin ertəsi günü baş tutacaqdı. Bundan sonra isə mütəxəssislərin qeydinə əsasən örtüyün ideal vəziyyətə gəlməsinə təqribi bir ay zaman tələb olunurdu. Deməli, Gəncə futbolsevərləri doğma komandalarını oktyabrın sonlarına yaxın görmək şansı qazanacaqdı. Məhz bu səbəbdən də Gəncədə keçirdiyim bir günlə bağlı çəkilən fotoları da, klubun icraçı direktoru Cabir İbrahimovla müsahibəni də cari mövsüm bu şəhərdə baş tutacaq oyundan ərəfəsinə saxladım.

    Günəşli hava heç sentyabrın sonlarına yaraşmırdı. Hətta belə bir təəssürat yaranırdı ki, 2-ci səpini bu istidə həyata keçirmək olmaz. Lakin sonradan mütəxəssislə söhbət zamanı aydın oldu ki, artıq “yaşıl işıq” yandırılıb və hava toxumlara xəsarət yetirməyəcək. Gəncə təmsilçisinin icraçı direktoru ilə isə tək ot örtüyündən deyil, stadionun ümumi durumu, alternativ gəlir mənbələrinin axtarılması haqda da söhbət etdik.

    -    May ayından başlanan işlər yekunlaşmaq üzrədi. Drenaj sistemi tam şəkildə yeniləndi, torpaq dəyişdirildi və gördüyünüz kimi, ilk səpin də baş tutub. Qeyd etdiyimiz dəyişikliklərdən sonra örtüyə dair hər şey ən müasir standartlara cavab verir.

    -    Ölkəmizdə dəfələrlə xoş olmayan mənzərənin şahidi olmuşuq: ot örtüyü dəyişdirilir və qısa müddətdən sonra acınacaqlı durum yaranır. Analoji halın – ot örtüyünün sıradan çıxmaması üçün – hansısa qabaqlayıcı ölçülər götürülübmü?
    -    CİC şirkəti ot örtüyünü tam dəyişir və müqavilə əsasında xidməti də özləri göstərəcək. Bəli, əməkdaşlarımız da onlara lazım gəldikdə köməklik edəcəklər. Ancaq böyük ölçüdə işləri CİC görəcək.

    -    “Kəpəz”in uşaq komandaları, əvəzedici heyəti, əsas komandası var. Bunların hamısı bu meydançada məşq etsə, ot örtüyü tab gətirə bilməz...
    -    Bu meydança ancaq əsas komandanın oyunlarını keçirmək üçün nəzərdə tutulub. Uşaq komandalarımız üçün nəzərdə tutulan meydançamız ayrıdı, əvəzedicilər üçünsə Gəncə Gənclər İdarəsi ilə müqaviləyə əsasən məşqlərini orada keçirirlər. Daha bir süni örtüklü meydança salmaq planlarımıza daxildi. Artıq örtük bizdədi və qalıb onun yerləşdirilməsi. 

    -    Əsas komanda süni meydança salındıqdan sonra da məşqləri Bakıda keçəcək?
    -    Burda komanda üçün lazımi şərait yoxdu. Həm də süni meydançada məşq edib, təbii örtükdə oynamaq komandamıza çətin olar.

    -    Belə bir plan yoxdu ki, daha bir təbii örtüklü meydança salınsın və əsas komanda doğma şəhərinə dönsün?
    -    Olsaydı, əla olardı. Təəssüf ki, hələ ki, belə bir imkan yoxdu.

    -    Ot örtüyünün dəyişdirilməsi nə qədər sevindirici olsa da, tribunalara, stadionun ümumi durumuna baxanda adamın ürəyi ağrıyır.
    -    Ölkəmizdə idmana qayğı daim olub. İnanırıq ki, stadionumuzun təmir məsələsinə də baxılacaq.

    -    Gəncə azarkeşi daim stadiona gəlib. Giriş də pulludu. Bu, bilet satışından əldə olunan gəliri təmir işlərinə yönəltmək olmazmı?
    -    Nə gizlədim, biletlə daxil olan azarkeşlərdən bəlkə də 10 dəfə çox fanat stadiona biletsiz keçir. İnsanlarla kobud rəftar etmək də olmaz. Bileti ancaq oyunu əvvəldən izləmək istəyən azarkeşlər alır. Fasilə ərəfəsində isə stadionun darvazaları da açılır. Başqa sözlə, bilet satışından əldə edilən gəlir olduqca kiçik bir məbləğ təşkil edir. Bu vəsait də xırda təmir işlərinə yönəldilir. Ancaq stadionumuza gələn azarkeşlərin hamısı bilet alsa, bəli, bu məbləğlə müəyyən işlər görmək olar.

    -    Stadionun tam təmiri üçün nə qədər vəsait lazımdı? Təmir işləri üçün smeta tutulubmu?
    -    Xeyr, belə bir smeta tutulmayıb. Bunun da obyektiv səbəbləri var. Konkret işlərin başlamasına dair qərar veriləndən sonra smetanı tərtib etmək olar. 

    -    Bir müddət əvvəl Bernhard Lippertlə müsahibə zamanı həmsöhbətim əsaslı bir iradını bildirdi. Almaniyalı mütəxəssis doğulduğu kəndi misal çəkərək, “kəndimizdə 3 stadion var və hamısını da kənd əhalisi özü tikib, sizdə isə futbola bağlı insanlar bu idman növünə təmənnasız sevgilərini nümayiş etdirmirlər” dedi. Bax, indi Gəncədəyəm və bu şəhərdə futbolun nə qədər sevildiyini hər kəs söyləyir. Şəhər sakinlərinə müraciət etsəniz ki, stadionun təmir işləri üçün vəsait toplamaq istəyirik, səsinizə səs verilməyəcək?
    -    Düşünürəm ki, idmanı sevən sıravi azarkeşlər də, yerli sahibkarlar da bu yöndə dəstək ola bilərlər.

    -    Sizin “Kəpəz TV” kimi ruporunuz var. Məsələn, həmin kanalda “Gəlin “Kəpəz”imizə sahib çıxaq” şüarıyla gəncəlilərə mraciət etmək olar. Niyə istifadə etmirsiniz? Niyə “dövlət etməlidi”, “klub etməlidi” tendensiyasından kənara çıxmayaq? 
    -    Gözəl təşəbbüsdü. Çünki hətta idmanla məşğul olmayan insan olsa belə, gələcəkdə asudə vaxtını təmiz, gözəl stadionda doğma komandasına azarkeşlik etməklə keçirməsində maraqlı olar. 

    CEYHUN ƏLİYEV

    Sport24.az saytı “Kəpəz” bu cür təşəbbüslə Gəncə fanatlarına müraciət edəcəyi təqdirdə, təmənnasız şəkildə dəstək göstərəcəyinə dair zəmanət verir.

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 9 7 2 0 17-6 23
MOİK 9 5 2 2 15-7 17
Turan Tov. 9 4 2 3 13-13 14
Binə 9 4 2 3 10-5 14
Mil-Muğan 9 4 1 4 15-15 13
Şüvəlan 9 4 1 4 9-9 13
Xəzər 9 3 3 3 9-6 12
Sabah 9 3 1 5 11-16 10
Ağsu 9 2 2 5 11-19 8
Zaqatala 9 1 0 8 5-19 3