Xəbər Lenti

    Utanma, Şeydayev, axı, "utananın..."

    FutbolTarix: 2017-10-09 18:48:00
    ...

    Rusiyanın U-21 yığmasının heyətində Azərbaycana gəlmişdi. Həmin axşam şimallılara qalib gəldik. Millimizin qapısına yol tapmaq üçün dəridən-qabıqdan çıxan bir Ramil Şeydayev var idi rəqib düşərgədə. Ancaq burda hansısa qəribəlik axtarmaq düzgün deyil. Formasını geydiyin istənilən komanda üçün canını qoymalısan. Daha sonra Şeydayev “mix-zona”dan keçdi və ona ünvanlanan ilk sualla medianın işi “dalana dirənir”: “Millimizdə oynamayacağın dəqiqləşib”? Ramil “bu sualı cavablandırmaq istəmirəm” deyib “mix-zona”dan kənarlaşdı. Lakin onunla söhbətləşmək üçün Rusiya yığmasının avtobusuna yaxınlaşdıq. Bir sıra suallar ünvanladıq, müsahibə baş tutdu. Sualları cavablandırarkən gözlərini yerə dikmişdi. Azərbaycanla bağlı da sual verdik. Bax, onda başını qaldırdı və “inciməyin, indi dəqiq heç bir söz deyə bilmərəm” cavabı ilə kifayətləndi.

    ... Milli ilə birgə Ostravaya səfər edirdik. Artıq qolsuz bərabərlik qeydə alınıb və özünü ən yaxşı tərəfdən göstərən Şeydayevə təyyarədə suallarımı cavablandırmağı təklif etdim. Yenə başını aşağı salladı, gözümün içinə belə baxmadan “bağışlayın, danışmayacam” dedi. Bu gəncə ünvanlanacaq xeyli sualım olsa da, təkidim fayda vermədi. Təbiəti budu, çox utancaqdı. Hətta deyərdim ki, bunda Qafqaz çılğınlığının olmamasının da rolu var. Şimalda böyüyüb və fərqli mentalitetə sahibdi. 

    ...“Trabzonspor”da oyun praktikası qazanmadı. Ancaq xatırlayın, rəhmətlik Ruslan Abdullayevin “Ərzurumspor” karyerası faktı var. Azərbaycanlı mütəxəssisi komandasının necə “əritdi”yini az adam bilmir. Növbəti “lövbər” “Jilina” oldu. Çoxları “bu uşaq “Jilina”da da möhkəmlənə bilmədi” deyərək, Şeydayevin istedadına şübhəylə yanaşdı. Lakin onun komanda tərəfindən necə “əridildiyi”ni dəfələrlə internet vasitəsi ilə izlədiyim matçlarda da gördüm. Şeydayev meydanda canını qoysa da, dəfələrlə komanda yoldaşları ən ideal variant azərbaycanlı forvarda ötürmə etmək olsa da, bu seçimi yaxına buraxmadılar. Özü isə utancaq olduğu üçün haqqını tələb etmədən, susdu. 

    ... “Qarabağ”a yeni transfer olmuşdu. Millinin heyətində San-Marino ilə görüşdən sonra azarkeşlər tərəfindən hücuma məruz qaldı. Kimisi papağını “çırpışdırmaq” istəyirdi, kimisi mayka tələb edirdi. Şeydayev isə şokdaydı. Bu mühitə öyrəşməyib, üstəlik də utancaqdı bu gənc, çox utancaq.

    ...Meydanda daim döyüşür, enerjisini sonadək xərcləyir, dayanmır, nəticədən asılı olmayaraq, çalışır sübut etsin ki, ona göstərilən etimad düzgün qərar olub. Neçə-neçə qol epizodları qaçırıb və dərhal tənqidə məruz qalıb. Elə Çexiya ilə görüşdən sonra da istifadə edə bilmədiyi qol şansı geniş müzakirə mövzusuna səbəb oldu. Ancaq bir məqama diqqət yetirək: Şeydayev oyuna əvəzetmədən daxil olmuşdu, bəs,  start heyətində yer alan Ruslan Qurbanov niyə bu cür qol şansı əldə etməmişdi? Deməli, Ramilin “qabı”nda nələrsə var!

    ...Nəhayət, dünən axşam Almaniyaya səfərdə ona hava-su kimi lazım olan qolunu vurdu. Tək qol vurmaqla seçilmədi Şeydayev. Necə can qoyduğunu hər kəs gördü. Təkbaşına “Bundestim” müdafiəsini təşvişə salmışdı bu gənc. Qorxmurdu, özünü sübut etmək istəyirdi. Almaniyaya gedənlər arasında olmamışam, ancaq əminəm ki, matçdan sonra yenə də ənənəvi utancaqlıq libasına bürünüb.

    ...İndi bizim borcumuz Şeydayevə dəstək olmaq, ona sahib çıxmaqdı. Daha təcrübəli komanda yoldaşları da dayaq olmalıdılar, azarkeşlər də. O, təbiətcə utancaq ola bilər. Çətin ki, buna uyğun misaldan da xəbəri ola. Ancaq yaxın ətrafı mütləq başa salmalıdı ki, Azərbaycanda belə bir deyim var: “Utananın oğlu olmaz”.

    CEYHUN ƏLİYEV 
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3