Xəbər Lenti

    Futzal tariximizin ən yaxşı oyunçusuyla bağlı sorğu: "O, Messi kimi idi, hər şey vardı" - LAYİHƏ

    LayihəTarix: 2017-09-29 21:22:00
    ...

    Sport24.az saytı AFFA yanında Media Komitəsinin qaliblərindən olan “Futzal: mövcud durum və perspektiv üfüqləri” istiqamətində “Azərbaycan futzalı: Kölgəyə çəkilən “kiçik qardaş” adlı layihəsində silsilə yazılarını davam etdirir. Növbəti yazı futzal tariximizin ən yaxşı oyunçusu ilə bağlı sorğudu. Burda iştirakçılar futzal mütəxəssisləri, veteran oyunçular, bu sahədən yazan hazırkı və sabiq həmkarlarımız oldu.

    Bu faktdır ki, futzalda veteranlarımız heç vaxt üzdə olmayıb. İnanırıq ki, onların tanınması üçün 24 nəfərin iştirak etdiyi bu sorğu tramplin rolunu oynayacaq. 

     

    Futzal mütəxəssisləri:

    Ağarza Rzayev: “Futzal tariximizdə ulduz oyunçular çox olub. Ancaq hesab edirəm ki, Mahir Eyniyevlə Ağatahir Əzimov bu ada daha çox layiqdilər. Bu uşaqların arasında seçim etmək olduqca çətindi. Başa düşürəm ki, bir futzalçı seçilməlidi və üstünlüyü Tahirə verirəm. Niyə? Əzimov daha sabit oyunçu idi. Güc futzalı oynayırdı və heç vaxt formadan düşməzdi. Ancaq Mahirin mövsüm ərzində bəzən büdrəmələri olurdu”.

     

    Habil Qurbanov: “Mahir Eyniyevi Azərbaycan futzal tarixinin ən yaxşı oyunçusu hesab edirəm. Bu futzalçı daim qoleadorluq bacarığı ilə seçilirdi. Texnikası, meydanı görmək qabiliyyəti də öz yerində. Bombardirliyindən söz düşmüşkən bir maraqlı faktı xatırladım: futzal yığmamız tarixində ilk dəfə iştirak etdiyi Avropa çempionatının seçmə tsiklində debüt matçında Polşa üzərində 6:4 hesablı qələbə qazandıq. Onda Mahir təcrübəsiz gənc idi. Lakin vurduğumuz 6 qoldan 5-ni rəqib qapısından məhz Eyniyev keçirdi”.

    Asim Xudiyev: "Ən yaxşı futzalçımıza namizəd olan bir neçə oyunçumuz var və onların adlarını çəkə bilərəm. Kimisə birmənalı olaraq ən güclü demək olmaz. Məsələn, Ağatahir Əzimov neçə illər ən güclülərdən biri idi. Bundan sonra Rizvan Fərəzliyevlə Vitali Borisovun adını çəkərdim ki, bunlar indi də oynayırlar. 90-cı illərdə futzalımızda inkişaf yox idi. O vaxt çıxış edən Mahir Eyniyev mini-futbolun nümayəndələrindəndi, futzalın yox. O vaxt qaydalar da o qədər mürəkkəb deyildi, tщpun da çəkisi ayrı idi. Mahir 90-ci illərdə yaxşı ustalığa malik oyunçulardan biri idi".

    Hacıbala Abdullayev: "Ən güclü Mahir Eyniyevi sayıram. O, misal üçün Messi kimi idi. Messidə hər şey vardı, Mahirdə də həmçinin. Düşünmə qabiliyyəti, meydançanı görmək. oyunu oxumaq. Mahir fərdi oyunu, texnikası ilə seçilən futzalçı idi. Elə oyunçu heç görməmişəm. Hətta deyim ki, o vaxtları üçün legionerlərin çoxundan yaxşı idi. Bir sözlə, Mahir fitri istedada malik olaraq sırf futzalçı idi. Yaxşı futzalçılar vardı - Ağatahir Əzimov, Natiq Məmmədkərimov, Allahverdi Babayev. Bunlar hamısı məndə oynayıblar. Ancaq Mahir kimi Azərbaycana ən güclüsü gələn yoxdu. İndiyə kimi yoxdu, mən görmürəm. O, futzalın professoru idi". 

    Əbdülqəni Nurməmmədov: "Mənim futzalda o qədər tələbələrim var ki... Köhnə nəsildən hücumçu Mahir Eyniyevi, indiki nəsildən qapıçı Rövşən Hüseynlini deyərdim. Mahir individual oyunçu idi. Özünə xas olan oyun üslubu vardı, kollektiv oyunu xoşlamırdı. Öz oyunu ilə matçın taleyini həll edə bilən futzalçı olub. Rövşən isə öz üzərində çalışan, əzmkarlığı, xarakteri ilə bu səviyyəyə gəlib çatıb". 

    İlqar Aslanov: "Mahir Eyniyevi xüsusi qeyd edərdim. O, liderlərdən olub, həmişə vuran ayağı olub. Hücumçuda olan keyfiyyətlərin hamısı onda cəmləşmişdi. Qol hissiyatı çox yaxşı idi. Sonradan Ağatahir Əzimov bombardliklik keyfiyyətlərini göstərdi. Natiq Məmmədkərimovun da çox yaxşı oyun quruculuğu var idi. Nəsimi Nuriyev yaxşı müdafiəçi idi, arxa xətdə bir yerdə oynayırdıq. Ancaq daha çox üstünlüyü Mahirə verirəm. 

    İbrahim Həsənov: "Futzal tariximizin ən güclü oyunçusuyla bağlı bir nəfərin adını çəkə bilmərəm. Müdafiəçilərdən Nəsimi Nuriyevlə Vahid Həşimovun adını çəkə bilərəm. Futzal idman növündə yarımmüdafiəçi yoxdu, universal var. Bura namizədlərim Baba Əsgərovla Elçin Rəhimovdu. Hücumçulardan 4 nəfərin - Mahir Eyniyev, Ağatahir Əzimov, Rüfət Məmmədov və Samir Lütfəliyevdi. Bunlar araısnda kimisə ən güclü kimi seçə bilmərəm. Bunlar dahi futzalçılar olub, uzun illər onlarla birgə oynamışam. Təkcə ölkə daxilində yox, xaricində də onların bacarığını görmüşəm. Məşqçilərdən mənim üçün ən yaxşılar Mehdi Nəcəfovla Fazil Qarayevdi".  

     

    Veteran oyunçular

    Baba Əsgərov: "Yaxşı futzalçılarımız çoxdu. Mahir Eyniyevi mütləq qeyd eləmək lazımdı. O, sırf futzalçı olub, bunu danmaq olmaz. Çünki Mahirin futbol karyerası ancaq futzalla bağlıdı. Uğurları da, stajı da. Biz özümüz gah böyük futbolda olmuşuq, gah futzalda. Ancaq daim sırf futzalın içində ola  bir insan kimi Mahirin adını çəkmək olar. Ağatahir Əzimovda sırf futzalın xüsusiyyətlərini qeyd edə bilməzdim. O, bir az gücün, zərbəsinin hesabına oynayırdı. Ağatahirin də futzalda belə deyək, sadəcə, stajı olub. Güləşdən gəlib futzala. Ancaq sırf futzalın içində olan insan kimi Mahiri görmüşəm. O, futzalda qabaqcıl oyunçulardan biri, aparıcı qüvvə olub". 

    Ağatahir Əzimov: "Hamıdan çox qol vuranı soruşsaydınız, deyərdim ki, mən (gülür). Ən yaxşı oyunçuya gəlincə, hərənin baxışı fərqlidi. Mən Mahir Eyniyevi görürəm. Mənim üçün indiki braziliyalılar zəifdi. Bu dəqiqə, bu 43 yaşımda çıxıb onlara qarşı oynayaram. O vaxtkı azərbaycanlı futzalçılarla indiki braziliyalıları udardıq. Sadəcə, bizim taktiki məşqçimiz yox idi ki, bizə necə düzgün oynamağı başa salsın. Biz nə bacarırdıq, oynayırdıq. Mənim üçün ən güclü qapıçı Rauf Hüseynov idi. Ondan güclüsü olmayacaq. Rauf bütün qapıçılardan İki baş güclü idi".

    Allahverdi Babayev: "Mahir Eyniyev, Ağatahir Əzimov, Natiq Məmmədkərimov ən güclü futzalçılarımız idi. Onlarla klub səviyyəsində də, millidə də komanda yoldaşı olmuşam. Hər biri yaxşı futzalçı idi".

    Nəsimi Nuriyev: "Güclü futzalçılarımız az olmayıb. Onlar arasında Mahir Eyniyevi xüsusilə fərqləndirərdim. Həm fərdi oyun, həm də liderlik keyfiyyətləri ilə seçilirdi. Mənim üçün futzalımızda ən güclü qapıçı isə Rauf Hüseynov idi".

    İlqar Abdulov: "Mahir Eyniyevlə Ağatahir Əzimovun futzalımızda əməyi böyük olub. Nəsimi Nuriyevlə İlqar Aslanov isə yaxşı futzalçılar idilər. öz mövqeyində, yəni ən güclü qapıçı isə əlbəttə, Rauf Hüseynovdur. O, fantastika olub. Bəlkə də Avropada elə qapıçı yox idi. Çox əla reaksiyası, gözəl tullanışı vardı".  

    Elnur Zamanov: "Mahir Eyniyevlə Ağatahir Əzimovu deyə bilərəm. İkisi də yaxşı idi. Hərənin meydanda öz funksiyası vardı. Mahir müdafiəçi də oynaya bilirdi, hücumçu da. Ancaq Ağayahir sırf hücumçu, qol vuran, bombardir olub. Qapıçılardan isə ən xoşuma gələn Rauf Hüseynov olub. O, Azərbaycana gəlib-gedən ən güclü qapıçı olub. İndinin özündə onun kimi qapıçı yoxdu. Nə qədər desək ki, filan qapıçı var, yox, onun kimi qapıçı Azərbacana gəlməyib. Mən indiyədək Rauf kimi güclü qapıçı Azərbaycanda görmürəm. Rauf fantastik qapıçı idi. O, hazırda millimizin qapıçısı olan Rövşən Hüseylindən beş baş güclü idi. Mənim özmüdən də güclü olub. Mən Raufun oyununa baxaraq ondan nəsə götürmüşəm. Rauf kimi qapıçı heç postsovet məkanında da yoxdu. Güclü zərbələri birbaşa tuturdu".   

    Namiq Məmmədkərimov: "Güclü futzalçılarımız çox olub. Onlar arasında bir nəfəri fərqləndirməli olsaq, Mahir Eyniyevi deyə bilərəm. Onunla "Turan AİR"də birgə oynamışam. Mahirin bir sıra üstün cəhətləri vardı. Oyunu aparmağı, lider kimi öz üzərinə götürməsi, texnikası ilə seçilirdi. Mahir hər an oyunu dəyişən futzalçı idi. Komandasının oyunu alınmayanda, öz üzərinə götürürdü və yaxşılığa doğru dəyişirdi. Komandanı bir lider kimi arxasınca daşıyırdı. Digər yaxşı futzalçılarımız də vardı - Mahirin qardaşı Nurəddin Eyniyev, Allahverdi Babayev, böyük futboldan gələn Nəsimi Nuriyev. Bu sırada qardaşım Natiq Məmmədkərimovu da qeyd edərdim".

    Rəcəb Fərəczadə: "Ən yaxşı futzalçımıza 3 namizədim var - Mahir Eyniyev, Ağatahir Əzimov və böyük üstünlük verdiyim Vtali Borisov. O, son 7-8 ildə futzalımız lideri olmuş, dəfələrlə ilin oyunçusu adını qazanmış biridi. Ona görə bu üçlük arasında üstünlüyü Vitaliyə verərdim. Rizvan Fərzəliyev də onlardan geri qalmırdı. Ancaq ən güclüsü Borisovdu".

    Vitali Borisov: "Əlbəttə ki, seçimim Mahir Eyniyevlə Ağatahir Əzimovdu. Bunlar çox yüksək səviyyəli oyunçulardı. Həm klublarının, həm də yığmanın liderləri idilər. Təəssüf ki, onlarla az oynadım. Çünki yaş fərqimiz böyük idi. Mən futzala başlayanda Mahir tezliklə karyerasını bitirdi, Ağatahirlə isə 2-3 il oynadım.  Onlar futzalımız, yığmamız üçün çox şey ediblər".

    Rizvan Fərzəliyev: "Mənə görə ən güclü Mahir olub. Uşaqlıqda həmişə onun oyunlarını izləyirdim, yarışlarına gəlirdim. Mahir qardaşı Nurəddinlə birgə "Neftci"də oynayırdı. İkisi həmin ilin ən güclüləri idi. Onları hamı futzalımızın ən güclüsü kimi seçmişdilər. Hazırkı "Araz" 2004-cü ildə yarananda Mahir bu klubda da iştirak edib. Birgə uğurlarımız da olub. Mahir karyerasını məhz bu klubda bitirdi, 1-2 çempionluqda əməyi oldu. Onunla "Azneftyanacaq"da da bir yerdə oynamışıq. İndiyədək ən güclü futzalçımız kimi onu görmüşəm".

     

    Futzal üzrə hazırkı və keçmiş yazarlar

    Ceyhun Əliyev: “Sanki ağ-qara lentdi, bir-bir həmin ulduzlar gözümün önündən keçir. Allahverdi Babayev, Rauf Hüseynov, Baba Əsgərov, Natiq Məmmədkrimov, İlqar Aslanov, Nurəddin Eyniyev, İlqar Abdulov kimi unudulmaz simalara qarşı hətta müəyyən dövr oynamaq da mənə nəsib olub. Ancaq Ağatahir Əzimovla Mahir Eyniyev – bu futzalçılar başqa aləm olublar! Elə ikisi də soyadına uyğun idilər: Mahirin eynisini tapmaq qeyri-mümkündü. Ağatahir isə daim “əzim keçim” prinsipi ilə taran tipli forvard idi. Zənnimcə, Mahir daha incə düşüncəyə sahib idi. Məhz bu xüsusiyyətinə görə, üstünlüyü Eyniyevə verirəm”.

    Şəmsəddin Abbasov: “Çox çətindi seçim etmək. Mahir Eyniyevlə Ağatahir Əzimov dilemması qarşısındayam. Müasir dövrü desəydik, əlbəttə, Vitali Borisov, Rizvan Fərzəliyev və Rəcəb Fərəczadənin adlarını deyərdim. Ancaq hesab edirəm ki, bu ada Eyniyevlə Əzimov daha yaxındılar. Ağatahir gövdəsiylə əla oynamağı, qüvvətli zərbələrə malik idisə, Eyniyev hiyləgər ötürmələr, mövqe seçimi, texnikalı oyunu ilə seçilirdi. Üstünlüyü Mahirə verirəm.”

    Mirağa Mirzəyev: "Azərbaycana gəlib getmiş ən yaxşı futzalçı istisnasız olaraq, Biro Jadedi. Ölkəmizdə elə də uzun müddət çıxış etməməsinə baxmayaraq, səviyyəsinə şübhə ola bilməz. Biro karyerasının qürub çağında Azərbaycana gəlmişdi. O, yığmamızda oynamağa başlayanda 35 yaşı var idi. Buna qədər Rusiya, Ukrayna və Qazaxıstan çempionatlarında top qovmuşdu. AVRO-2010-da çıxış edəndə isə 37 yaşı var idi. Bununla belə, o, qitə çempionatının ən yaxşı bombardiri olmaqla, "qızıl buts" qazanmışdı. Yığmamızın həmin çempionatda yarımfinalda iştirak etməsində Bironun əməyi danılmazdı. Bu gün Riçard Almeydaya "Qarabağ"da və millidə necə baxırıqsa, Biro da həmin keyfiyyətlərə sahib idi. O, futzal millimizin düşünən beyni idi. Mənim futzal tariximizin ən yaxşı oyunçusu adına iki namizədim var. İkinci namizədim Vitali Borisovdu. Məhz peşəkarlığının və istedadının sayəsindədi ki, o, bu gün də yüksək səviyyədə futzal oynayır. Özü də Azərbaycanda yox, Serbiyada. Ümumiyyətlə, Vitali güclü çempionatlarda - Rusiya və Serbiyada legioner həyatı yaşamaqla bir nümunədi".

    Araz Əhmədov: "Fikrimcə, ən yaxşı Mahir Eyniyev olub. Çox sürətli idi, qeyri-adi istedada malik idi. Güclü zərbələri vardı, meydanı çox yaxşı görürdü".

    İbrahim Cəfərov: "Məncə, Azərbaycan futzalında tarixin ən yaxşısi deyə biləcəyimiz konkret oyuncu yoxdu. Çünki hələ ki, ən böyük uğurlara imza ata biıməmişik. Pulsuzluq dövrünü götürsək, oyununa görə ən yaxşı Ağatahir Əzimovdu. Sonrakı dövrü gotürsək, Biro Jadenin adını çəkmək olar. Amma məncə, gələcəkdə bütün dovrlərin ən yaxşısı deyə biləcəyimiz oyuncu yetişir ki, o da Rövşən Hüseynlidi".

    Elmir Əliyev: "Məncə, Vitaliy Borisovdu. O, ən sabit yerli oyunçudu. Azərbaycan futzalında ab-havanı legionerlər müəyyələşdirəndə - elə indi də - Borisov onların səviyyəsinə uyğun az qala yeganə yerli oyunçudu".

    Elman Himayətoğlu: "Əslində, bu suala cavab olaraq ilk ağla gələn 3 namizəd var - Mahir Eyniyev, Ağatahir Əimov, Rizvan Fərzəliyev. Hər üçünün də oyununa baxmışam, çıxışını uzun müddət izləmişəm. Hər üçü də yaxşı futzalçıdı. Hər birinin özünəməxsus oyun tərzi olub. Prinsipcə, onları yanaşı qoymaq, bir-biriylə müqayisə eləmək çətindi. Amma beynəlxalq səviyyədəki oyunları, qazanılan uğurları, nəticələri götürəndə, Rizvanla artıq karyeralarını bitirmiş həmkarlarını qabaqlayır. Fərzəliyev bu komponentdə ən yaxşıdı. Ancaq Mahirlə Ağatahir də yaxşı futzalçılar olub".  

    Pərviz Eltürk: "Mənim seçimim Ağatahir Əzimovdu. Oynadığı komandalarda həmişə liderliyi üzərinə götürməyi bacarırdı. Bir növ avtoritet nüfuzu var idi deyə, kollektivdə sözü keçirdi. Öz oyunu ilə izləyicilərin rəğbətini qazana bilirdi".

    Göründüyü kimi, sorğuda daha çox 2 futzalçının - Mahir Eyniyevlə Ağatahir Əzimovun adı çəkilir. Onlar arasında şəxsi yarışmada isə Mahir üstündü. Eyniyevin da fikirlərini öyrənməyə çalışdıq. Ancaq nə o, nə də Natiq Məmmədkərovun ölkə daxilində olduğunu öyrənə bildik. Mahir neçə ildir Rusiyada, Natiq isə Almaniyada yaşayır. Futzaldan kənarda olaraq özlərinə başqa iş qurublar...

    CEYHUN ƏLİYEV

    Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 8 6 1 1 14-4 19
Qəbələ 9 6 1 2 12-8 19
Zirə 9 5 3 1 16-7 18
Sumqayıt 9 4 1 4 10-12 13
Neftçi 9 3 1 5 10-9 10
Səbail 8 3 0 5 5-12 9
İnter 9 2 2 5 7-12 8
Kəpəz 9 1 1 7 5-15 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 4 3 1 0 7-3 10
Sabah 4 2 1 1 7-2 7
Binə 4 2 1 1 5-1 7
MOİK 4 2 1 1 5-3 7
Turan T. 4 2 1 1 5-7 7
Xəzər 4 1 2 1 6-3 5
Şüvəlan 4 1 1 2 2-3 4
Mil-Muğan 4 1 1 2 4-7 4
Ağsu 4 1 1 2 4-7 4
Zaqatala 4 0 0 4 1-12 0