Xəbər Lenti

    Millimizin potensial rəqibi: Hollandiya "dişimiz"ə görədi

    VoleybolTarix: 2017-09-29 13:12:00
    ...

    Azərbaycan və Gürcüstanda start götürən qadın voleybolçular arasında Avropa çempionatı paytaxtımızda tamamlanmaq üzrədi. Dünən ilk iki yarımfinalçı artıq müəyyənləşdi. Bu gün isə millimizin də mübarizə aparacağı digər iki cütlük Hollandiya və Serbiyaya rəqib olmaq uğrunda mübarizə aparacaq. 

    Dünənki cütlüklərdə hanımız üçün daha çox İtaliya – Hollandiya matçı maraqlı idi. Çünki məhz bu rəqiblər arasında qalib gələn Faiq Qarayevin rəhbərlik etdiyi yığmamızın potensial rəqibi olacaqdı. Nəzərə alsaq ki, İtaliya yığması qrup mərhələsində qalib olaraq pley-offdakı mübarizədən azad idi, Hollandiyanın şansları elə də yüksək qiymətləndirilmirdi. Həm də “Skuadra Adzurra”nın sərgilədiyi voleybol da bu komandanın tək dünənki oyunun yox, ümumiyyətlə, qitə birinciliyinin əsas favoriti kimi göstərilməsinə zəmin yaradırdı. Ancaq sən saydığını say, gör, fələk nə sayır...

    “Zanbağlar ölkəsi”nin təmsilçisi Milli Gimnastika Arenasında səslənən start fiti ilə təşəbbüsü ələ almağı bacardı. Yox-yox Cimmi Morrisonun yetirmələri hansısa fantastik oyun üslubu sərgiləmirdilər. Sadəcə, italyanlar sanki rəqiblərini “bir əllə” udacaqlarına həddən artıq əmin idilər. Fərq artır, Kristiano Luççinin komandası isə özünü futbol üzrə Braziliya yığması zənn edirdi: “Siz bacardığınız qədər vurun, biz istədiyimiz qədər vuracağıq”. Hesab 7:3, 9:4 “narıncılar”ın xeyrinə olanda da Luççi soyuqqanlığını itirmirdi. Ancaq ən qəribə məqam bir qədər sonra baş verdi: İtaliya yığması ardıcıl 4 xal qazandığı epizodu nəzərdə tuturuq. Fərq minimuma endikdə də Morrison 1 dəqiqəlik fasilə götürməyə zərurət duymadı. 37 yaşlı mütəxəssis  yetirmələrini sanki azad gəzintiyə buraxmışdı. Elə bil ki, komandasına mesaj göndərirdi: “Oyunun ipini əlinizdən necə buraxmısınızsa, elə də yığın”. Marqlıdı ki, bu soyuqqanlıq Morrisonun yetirmələrinə də siraət etdi və onlar heç bir qeyri-adi addım atmadan fərqi yenidən artırmağa başladılar. 

    Bəlkə də fərqi bu cür asanlıqla əritmələri italyanların “başının altına yastıq qoydu” və onlar zənn etdilər ki, onsuz da istədikləri vaxt bu rəqibi əzə biləcəklər. Lakin tək istəklə iş bitmədi. İtaliya millisinin əsas “çəkic”i Paola Eqonunun zərbələri isə ilk setin ortalarından sıradan çıxdı: top gah meydandan kənara düşür, gah tora dəyir, gah da Marti Skottun qoruduğu zonaya tuş gəlirdi. Beləcə, ilk partiyada Hollandiya yığması nəzərəçarpacaq əziyyət çəkmədən 25:17 hesablı qələbəni bayram etdi.

    “Həə, indi İtaliya onlara göstərəcək” düşünənlər 2-ci setdə də favoritin ifasında ciddi “inqilab” görmədilər və 20:25 məğlub olan “Skuadra Adzurra”nın son ümidi bir daha məğlub olmamağa qalırdı. Lakin Luççinin drujinası 3-cü partiyada da matçın “açar”ını tapa bilmədi. Hələ ikinci texniki fasiləyə çıxmamış aydın idi ki, Hollandiya Avropa çempionatının ilk yarımfinalçısı olacaq. Son partiyada 25:13 qalib gələn Cimi Morrisonun yetirmələri favoriti devirməyi bacardılar.

    Sonda bizə maraqlı olan məsələyə də toxunaq. Bu gün millimizin Almaniyaya qalib gəlməsi daha çətin görünür, nəinki yarımfinalda Hollandiyaya. Çünki “narıncılar”ı iş başında gördükdən sonra yalnız bu cür qənaətə gəlmək mümkündü. Ancaq hələlik bizə gözləmək lazımdı. Növbəti stansiya – Almaniya...

    CEYHUN ƏLİYEV 
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 8 6 1 1 14-4 19
Qəbələ 9 6 1 2 12-8 19
Zirə 9 5 3 1 16-7 18
Sumqayıt 9 4 1 4 10-12 13
Neftçi 9 3 1 5 10-9 10
Səbail 8 3 0 5 5-12 9
İnter 9 2 2 5 7-12 8
Kəpəz 9 1 1 7 5-15 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 4 3 1 0 7-3 10
Sabah 4 2 1 1 7-2 7
Binə 4 2 1 1 5-1 7
MOİK 4 2 1 1 5-3 7
Turan T. 4 2 1 1 5-7 7
Xəzər 4 1 2 1 6-3 5
Şüvəlan 4 1 1 2 2-3 4
Mil-Muğan 4 1 1 2 4-7 4
Ağsu 4 1 1 2 4-7 4
Zaqatala 4 0 0 4 1-12 0