Xəbər Lenti

    Həkim məsləhətxanası: Futzalda zədələr və ondan qurtulma yolları - LAYİHƏ

    LayihəTarix: 2017-09-27 18:00:00
    ...

    Sport24.az saytı AFFA yanında Media Komitəsinin qaliblərindən olan “Futzal: mövcud durum və perspektiv üfüqləri” istiqamətində “Azərbaycan futzalı: Kölgəyə çəkilən “kiçik qardaş” adlı layihəsində silsilə yazılarını davam etdirir. Növbəti yazı Həkim məsləhətxanası: futzalda xroniki zədələrdən qurtulma yönləri, örtüyün zədə ehtimalına təsiri” mövsuzundadı.

    Böyük futbolda olduğu kimi, futzalda da hər dəqiqə zədə ala bilərsən. Özü də “böyük qardaş”dan fərqli olaraq, burda zədə problemi daha ciddi ola bilər. Çünki burada həm örtük fərqlidi – yaşıl təbii və ya sintetik ot örtüyü deyil, parketdi/terafleksdi, həm də mübarizə daha sürətli olduğuna görə, fərq var. Neçə-neçə futzalçı örtüyün keyfiyyətsiz olması, vaxtında həkimə müraciət etməmə səbəbindən sevimli idman növü ilə vidalaşmalı olub. Həkim məsləhətinə bu spesifik idman növündə daha çox ehtiyac var. Biz də bunu nəzərə alaraq mövzu ətrafında uzun illərdir futzalda çalışan, “Araz” klubunun və milli komandamızın təcrübəli həkimi Fərman Piriyevin “məsləhətxanası”na üz tutduq.
     

    "Futzal böyük futbola nisbətən daha çox hərəkətli oyun olduğundan zədələr çox olur"


    Bu yaxında 60 illik yubileyini qeyd edən Piriyev 20 ildir futboldadı. Onun həm böyük futbol, həm də futzalda iş təcrübəsi var. Hələ 90-ci illərin sonundan çalışmağa başlayan yüksək liqada “Xəzər Universiteti”, “Bakıl” klublarında işləyib. O, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunun ərazisində yerləşən futbol məktəbində, “Neftqaz” klubunda da çalışıb. Futzalda da iş fəaliyyəti keçən əsrə gedib çıxır. “Araz”a gələnədək “Qlobus” və “Terminal” klublarında işləyib. Naxçıvan klubu 2004-cü yaranandan indiyədək onun sıralarındandı, uzun illərdir eyni zamanda millimizin həkimidi. 

    - Fərman həkim, futzalçıların ən çox əziyyət çəkdiyi zədələr hansılardı və bunun səbəbləri barədə məlumat verərdiniz...
    - Futzal böyük futbola nisbətən daha çox hərəkətli oyundu. Həm də burda yaşıl meydançayla müqayisədə elastiklik bir az zəifdi. Nəticədə dayaq hərəkət sisteminə daha çox güc düşür. Ona görə də futzalda əzələ dartılmaları, cırılmaları daha çox müşahidə olur. Ən çox rast gəlinən bu zədələlərdi. Bir də futzal hərəkətli oyun olduğuna bir də aşıq-daban, diz oynaqları da daha çox sıradan çıxır.

    -  Qazonun örtüyü zədənin dərəcəsinə nə dərəcədə təsir göstərir?
    -  Əlbəttə, qazonun örtüyünün də zədəyə təsiri var. Ümumiyyətlə, futzalda fərqli-fərqli parketlər olur. Məşqçilər yarışdan əvvəl öyrənirlər ki, orada hansı döşəmədi və buna uyğun məşq keçirilir. Hal-hazırda parket döşəmədi, bir ara terafleks var idi. Bu, rezin döşəmədi və fərqi çoxdu. Parketdə oynamaq daha rahatdı və zədə ehtimalı da azalır. Təsadüfi deyil ki, futzal örtüyü yenidən dəyişib və bütün beynəlxalq yarışlar – dünya və Avropa çempionatının oyunları parket meydançada keçirilir. Sadəcə, parketin özü də düzgün vurulmalıdır ki, amortizasiyası olsun. Bakının müxtəlif zallarında da müxtəlif parketlər var. Bunu oyunçular özləri də deyirlər. Bu amil də zədədən qorunmada rol oynayır. İstənilən halda, futzal meydançasında elastiklik az olduğuna görə problem daha çox dayaq hərəkət sistemində olur. Nəticədə, onurğa sütununda, diz oynaqlarında daha çox ağrılar olur. Bu zaman dərhal ilkin tibbi yardım göstəririk. Əlbəttə, zədədən zədəyə də fərq var. Yüngül zədə olanda buz qoyuruq, yara olan yeri soyuduruq və ya  ağrıkəsici vururuq. Baxır vəziyyətə. Zədə ciddi olanda hərtərəfli müayinə aparılır, müalicə kursu təyin edirik. Elə ağrılar var ki, onları yüngülləşdirmək üçün dərhal müdaxilə edirik. Oyuna, futzalçının özünün sağlamlığına mane olmayan ağrılar olur. Onda iynəni vururuq, çıxırlar oynayırlar.

    - Xroniki zədələrin yaranmasının səbəbləri haqda nə deyə bilərsiniz?
    - Bunlar əsasən diz, aşıq-daban oynaqları zədələridi. Bu da hərəkətliliyin çoxluğundan irəli gəlir. Futzalda oyunçular çox sürətlə oynayır, meydanda mübarizə daha gərgin edir. Bu da zədə ehtimalını artırır. Futzalda dayanmaq söhbəti yoxdur, hamı qaçır. Ona görə meydandakı “4-lüy”ü tez-tez dəyişirlər. Zədə probleminin yaranmaması üçün oyunöncəsi məşq, isinmə hərəkətlərindən də çox şey asılıdı. Əsas aşağı ətrafları məşq etdirmək lazımdır. Bizdə hər məşqdən, oyundan qabaq 20 dəqiqə belə hazırlıq olur. 

    -  Eyni zamanda futbol və futzalla məşğul olma nə kimi fəsadlara səbəb ola bilər?
    -  Bu, orqanizminin çox yüklənməsi deməkdi. Adətən futzalçılar 1-2 dəfə gedib yaşıl ot örtüyündə oynayandan sonra gəlib burda oyunları alınmır. Fiziki hazırlıq məqsədilə böyük meydançada qaçmaq olur. Ancaq oynamağa gəlincə, orqanizm bir formaya uyğunlaşır, sonra başqa cür olur. Zədə almaq ehtimalı artır. Bu, istər-istəməz belə olur. 

     

    "Hər bir məşqçi ilk növbədə vitaminləşmə prosesinin düzgün qurulmasını tələb edir"

    - Uzun illər futbolla məşğul olan və daim təbii örtüklü meydanda oynayan idmançının futzala keçidi zamanı hansı problemlər yaşana bilər və bunun qarşısını nə cür almaq mümkündü?
    - Böyük futboldan futzala gələndə daha çox təhlükəlidir. Çünki yaşıl qazonda elastilik daha çoxdur, nəinki partekdə. Təcrübəsiz, futzalın incəliklərini bilməyən oyunçu gəlib burda ciddi zədələnə bilər. Əslində, idmanda zədə qaçılmazdı, heç kəs bundan sığortalanmayıb. Oyunçunun fiziki-funksional hazırlığından çox şey asılıdı. Bizdə futzaldan futbola gedənlər çox olub. Gedib yaxşı oynayıblar, zədələri də olmayıb. Məsələn, Zaur Ramazanov. Əsas məsələ fiziki-funksional hazırlığın qaydasında olmağıdı. Futboldan futzala və ya əksinə dərhal getmirlər ki. Bir müddət istirahət edir, sonra hazılrıq keçirlər, uyğunlaşmalı olurlar. 

    - Futzalda çoxlu baş məşqçilərlə işləmisiniz. Onlar sizdən əsas nəyə xüsusi diqqət yetirməyinizi istəyirlər?
    - Hamısnı zədəli oyunçusunun maksimun az olması, olanların tez sağalmasını istəyir. Hər bir məşqçi ilk növbədə vitaminləşmə prosesinin düzgün qurulmasını tələb edir.

    -  Bu prosesi necə qurursunuz?
    -  Böyük futbolda olduğu kimi, hazırlıq dövründə karbohidratlardan, amin turşularından çox istifadə edirik. Karbohidratlar kompleks halında olur. Onların tərkibində çoxlu faydalı maddələr, vitaminlər olur. Əvvəllər oyunçuya bir neçə dərman preparatı verirdik. İndi çoxu kompleks halında olur deyə vitaminləşmədə bir-iki şeydən istfadə edirik və bu, bəs edir. 

     

    "Elə zədələr var ki, oyunçu bir-iki gün səni aldada bilər"

    - Belə bir halla rastlaşmısınız ki, oyunçu sizi aldatmağa cəhd etsin? Yəni, zədəli deyil, ancaq meydana çıxmamaq və ya məşq etməmək xətrinə belə bir hiyləyə əl atır?
    - Bunlar istər-istəməz olur. Mən neçə ildir bu sahədə olduğumdan təcrübəmə əsasən ayırd edirəm ki, oyunçu zədəlidi, yoxsa deyil. Elə zədələr var ki,  oyunçu bir-iki gün səni aldada bilər. Ancaq sonra istər-istəməz görürsən ki, əslində, vəziyyət necədi. Lazım olanda, görəndə ki, dəqiq müəyyənləşdirmək mümkün deyil, onda müayinələr elətdiririk. Həmin vaxt hər şeyi dəqiq bilirik. Elə hal olur ki, futzalçıda yüngül zədə var və vacib oyun olanda onu meydana buxarırıq. Əgər belə mühüm qarşılaşma deyilsə, özümüz riskə getmirik. Çalışırıq  ki, oynamasın. 

    -  Futzalla məşğul olmağın hətta onurğa sütunu üçün ciddi təhlükə törədilməsi haqda iddialar var. Bu məqama aydınlıq gətirməyinizi istəyərdik...
    -  Dayaq hərəkət sisteminin hamısında problemlər ola bilər. Fəqərə yerdəyişməsi, protruziyalar ola bilər. Protruziya o vaxt ola bilər ki, istər-istəməz əzilmələr çox olur. Bu da onurğa sütunun çox hərəkət etməsindən irəli gəlir. Bu, daha sonra osteoxondroz xəstəliyinə gətirib çıxarır, oyunçuya gələcəkdə, karyerasını bitirəndən sonra problem yaradır. O qədər oyunçu olub ki, zədə üzündən, diz oynağında problem olduğundan karyerasını bitirməli olub. Məsələn, Mirbağır İsayevin arxa əzələsi cırılmışdı və bu üzdən oynamadı. 

    - O, böyük futbolda karyeranının zədəsini heç 30 yaşı olmamış zədə üzündən bitirməli olmuşdu...
    -  Zədəsi olduğundan futzalda da çox oynaya bilmədi. Meydamçada bir neçə il olsa da, istənilən halda, zədə əziyyət verirdi. Böyük futbolda Samir Ələkbərovun zədəsini misal göstərə bilərəm. Onda mən də “Xəzər Universititei”ndən idim, oynayan məşqçimiz idi. Samirin Zabratda oyunda əzələsi cırıldı və belə karyerasını bitirməli oldu.

     

    "Məni daha çox narahat edən Vitali Borisov, ən azı müraciət edən Rizvan Fərzəliyevdi"

    - Karyeranız ərzində ən çox Sizi incidən futzalçı kim olub?
    -
     Deməzdim ki, incidən, bezdirən, ancaq daha çox narahat edən Vitali Borisov olub. 

    -  Konkret nədə?
    -  Ümimiyyətlə, Vitali çox həssas oyunçudu. Ən sadə bir şeydən ötrü müraciət edir. Onunla xaricdə də çox olmuşuq. Bir də görürsən ki, gündə 5 dəfə gəlib ağrılarla bağlı müraciət edib. Baxırsan ki, elə bir ciddi şey yoxdu. Ümumiyyətlə, Borisov orqanizminə çox fikir verir. Təkcə əzələsi yox, çox şeyə diqqət yetirir. 

    -  Sizcə, bu, peşəkarlığın göstəricisidi, yoxsa?..
    -  Bəli, bu, peşəkarlıqdı, bezdiricilik yox. Mən incimirəm də. Vitaliylə o vaxtdan dostuq. Sadəcə, işlədiyim futzalçılar arasında hamıdan çox o, mənə üz tutur. Bəstəboy olsa da, fiziki cəhətdən güclü oyunçudu. 

    - Bəs, orqanizminə ən laqeyd, başdansovdu olan kimdi?
    -  Başdansovdu demərəm, ancaq ən az müraciət edən kapitanımız Rizvan Fərzəliyevdi. Onun iki dəfə ciddi zədəsi olub. Bir dəfə əzələnin hissəvi cırılması olmuşdu. İki oyunda ağrıkəsiciylə oynadı, üçüncüdə tam qopdu. Digərində dizin iç yan bağının qopması olub. Sonuncu Kolumbiyada dünya çempionatının final mərhələsində idi. Bu üzdən həmin turnirdə oynamadı. 

    -  Bəs, legionerlər zədəyə qarşı necədirlər?
    -  Onlar çox həssasdırlar. Yüngün zədələri olan kimi o dəqiqə həkimə müraciət edirlər. Baxırsan ki, elə bir zədə deyil, məşq eləmək də olar. Ancaq bizimkilərdən fərqli olaraq, əcnəbilər tamam sağalmamış məşqə çıxmırlar. 

    -  Onlar arasında hiyləgəri varmı?
    -  Legionerlər həmişə məşq edib oynamaq istəyirlər. Düzdür, məşqdə bəzən səhlənkarlıqları olur, ancaq meydanda həvəslə oynayrıar. Sadəcə, zədələnmələrinə çox ciddi fikir verirlər. 

    -  Zədəyə ən meyli futzalçı kimi hansını qeyd edə bilərsiniz?
    -  Ramiz Çovdarovu. Daha çox o zədələnir. Meydanda çox hərəkətlidi. Həddən artıq çalışır. Yəqin, gücünü bərabər şəkildə bölə bilmir. 

    -  Praktikanızda ən ağır zədə hansı oyunçuda olub?
    - Millimizin üzvü olmuş braziliyalı Ediqlesdə. 2010-cu ildə Macarıstandakı Avropa çempionatında 4-cü yerə çıxanda ciddi zədələndi. Dizində həm çarpaz, həm də iç yan bağ cırılmışdı. Çox güclü ağrı vermişdi. Əməliyyat olundu, 1 il Braziliyada bərpa prosesi keçdi. Bundan sonra Azırbaycana qayıtdı, oynadı və yenə zədələndi. Bu dəfə futzaldan birdəfəlik getdi. Rəcəb Fəərzcadə də qasıq yırtığı, Namiq Məmmədkərimovda həm qasıq yrtığı, həm ön çarpaz bağlarında cərrahiyyə əməliyyatı olub. Bunu Türkiyədə etdirmişik. İndi artıq Azərbaycanda da çarpaz bağları əməliyyat edirlər. Diz nahiyəsi ilə bağlı problem olanda, bu sahə üzrə ixtisaslaşan tanınmış türkiyəli həkim Mehmet Binnəti tövsiyə edirəm. Onunla çoxdan əlaqələrim yaranıb. Vaxtilə FİFA-da çalışırdı. İndisə Türkiyədə şəxsi klinikası var. Eşitdiyimə görə, Bakıya Mərkəzi Klinikaya diz nahiyəsi ilə bağlı əməliyyatlara gəlir. 

     

    CEYHUN ƏLİYEV

    Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib


     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 8 6 1 1 14-4 19
Qəbələ 9 6 1 2 12-8 19
Zirə 9 5 3 1 16-7 18
Sumqayıt 9 4 1 4 10-12 13
Neftçi 9 3 1 5 10-9 10
Səbail 8 3 0 5 5-12 9
İnter 9 2 2 5 7-12 8
Kəpəz 9 1 1 7 5-15 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 4 3 1 0 7-3 10
Sabah 4 2 1 1 7-2 7
Binə 4 2 1 1 5-1 7
MOİK 4 2 1 1 5-3 7
Turan T. 4 2 1 1 5-7 7
Xəzər 4 1 2 1 6-3 5
Şüvəlan 4 1 1 2 2-3 4
Mil-Muğan 4 1 1 2 4-7 4
Ağsu 4 1 1 2 4-7 4
Zaqatala 4 0 0 4 1-12 0