Xəbər Lenti

    Futzalın kütləviləşdirilməsinin əngəlləri - LAYİHƏ

    LayihəTarix: 2017-09-23 12:12:00
    ...

    Sport24.az saytı AFFA yanında Media Komitəsinin qaliblərindən olan “Futzal: mövcud durum və perspektiv üfüqləri” istiqamətində “Azərbaycan futzalı: Kölgəyə çəkilən “kiçik qardaş” adlı layihəsində silsilə yazılarını davam etdirir. Növbəti yazı "Futzalın kütləviləşdirilməsinin əngəlləri: tribunaların boş qalması, telekanalların maraq göstərməməsi, yazılı medianın bu idman növünə lazımınca yer ayırmaması". mövsuzundadı

     

    Kütləviləşmək üçün təbliğat güclü olmalıdı, bu axsamanın aradan qaldırılması futzala axını artıra bilər

    Azərbaycan daim təccübləndirir. Korrupsiyası ilə də, məmur özbaşnalıqları ilə də, tibbi ilə də, təhsili ilə də, hüquq sistemi ilə də. Belə olan halda, idman necə istisna ola bilər ki? Ən qəribəsi budu ki, ölkəmizdə ən çox oynanan oyun – mini-futbol ola-ola, milli üzvlərinin yarısı əcnəbilərdi. Futzal brend olmalıdı, ancaq ölkədaxili yarışlarda tribunalar boş, çempionatın nə vaxt start götürməsindən hamı bixəbər, telekanallarda heç bir xəbər bloku, reportaj yoxdu. Heç yazılı mediada da bu idman növünə normal diqqət ayrılmır. Nəticə olaraq da, futzal ən kütləvi idman növü olsa da, nəzərəçarpacaq pərakəndəlik hökm sürür. Hər şeyi futzal federasiyasının (AFF) üzərinə atmaq doğru olmaz, lakin AFF təbliğat baxımından olduqca ciddi qüsurlara yol verir ki, nəticədə milli komanda əcnəbilərin ümidinə qalmalı olur.

    Başlayaq ən primitiv tələbdən. Federasiyanın mətbuat xidmətinin rəhbəri kimdi? Sual ritorikdi, çünki belə bir post mövcud deyil. Mətbuat informasiyanı kimdən almalıdı? Artıq bu kiçicik abzasda problemin kökü üzə çıxır. Sənin əsas “təbliğat “maşının” yoxdursa, müstəqil media buna necə təkan versin?

    Yazının əvvəlində ölkəmizdəki qüsurlardan əbəs yerə bəhs etmədik. İndi isə “müstəqil media” söz birləşməsinə diqqət yetirin. Ölkəmizdə azad reklam bazarı mövcud deyil, lakin ölkə başçısının idmana xüsusi sevgisi hər kəsə bəllidi. Elə bu səbəbdəndi ki, çoxsaylı idman qurğuları ucaldılır, müxtəlif beynəlxalq yarışlar təşkil olunur, federasiyalara böyük vəsaitlər ayrılır. Ancaq məsələnin ən acınacaqlı tərəfi budu ki, idmanın təbliğində aparıcı rollarda olmalı “dördüncü hakimiyyət” federasiyalar (o cümlədən AFF) tərəfindən nəzərə alınmır. Bu da ölkənin mövcud bazar münasibətlərini bilməməkdən qaynaqlanan məsələdi.

    Adi bir misal. Hansısa müstəqil elektron KİV əməkdaşını futzal üzrə ölkə çempionatının oyununu işıqlandırmağa göndərmək üçün həmin günü bu işçisini itirir. Çünki sözügedən jurnalist ən azı 6 saat oyunlar baş tutan zalda keçirməlidi. Yola sərf edilən vaxt, daha sonra həmin turdan geniş reportajın hazılanması günün minimum 10 saatını futzal çempionatına həsr edilməsi deməkdi. Deməli, sponsoru olmayan müstəqil media əlinin altındakı məhdud işçilərdən birini futzala təkim etmək iqtidarında deyil. Alternativ variant kimi əlavə işçi qüvvəsinin sözügedən KİV-ə cəlb olunmasıdı ki, bunun üçün büdcə artmalıdı. Hardan, necə, nəyin/kimin hesabına? Məsələ beləcə, “dalan”a dirənir. Çünki AFF belə bir güclü “təbliğat maşını”ndan istifadə etmək üçün lazımi tədbirləri görmür. Sport24.az idman mediasında çalışan iki “budağ”a da tribuna verdi ki, məsələyə fərqli prizmalardan da yanaşaq.

     

    Şəmsəddin Abbasov: "Hər zaldan keyfiyyətli sanlı yayım təşkil etmək olmur"

    Şəmsəddin Abbasov (“CBC Sport” kanalının baş redaktoru): “Telekanal olaraq, mövqeyimizi açıqlamazdan öncə şəxsi münasibətimi bildirmək istəyirəm. Bu idman növünə xüsusi simpatiyam var. İmkan olan kimi həmkar-dostlarla “dır-dır” oynamağa qaçıram. Futzal hər bir azərbaycanlının qanındadı və bu idman növünü sevməmək mümkün deyil. O ki qaldı bilavasitə suala, burda kanalımız təkliflərə açıqdı. Təşəbbüs göstərilsə, çempionat oyunlarını işıqlandırmağa hazırıq. Lakin bəzi detalları aydınlaşdırmaq istəyərdim. Çəkiliş üçün mübasib şərait lazımdı. Hər zaldan keyfiyyətli canlı yayım təşkil etmək olmur. Elə zallar var ki, kameranı quraşdıra bilirsən, lakin işıqlandırmada ciddi problemlər üzə çıxır. Nəticədə, tamaşaçıda elə təəssürat yaranır ki, oyun qaranlıqda keçirilir. Texniki məsələlər ən yüksək səviyyədə həll olunmalıdı ki, biz də keyfiyyətli yayımla tamaşaçıları sevindirə bilək. Özü də futzal izlənilən, sevilən, baxılan idman növüdü. Hücumlar sürətli, qol epizodları bol olan oyuna kütlə də baxmağı sevir. Açığı, hansısa idman növünü təbliğ etmək işin əvvəlində çətin olur. Lakin bu, əsrimizin ilk illərində mümkün olmuşdu. Tribunalar ağzına kimi dolurdu, jurnalistikaya başladığım “Lider” telekanalı da ölkə çempionatının oyunlarından mütamadi reportajlar hazırlayırdı. Bu da onun göstəricisi idi ki, ölkəmizdə futzal “böyük qardaşı” – futboldan az sevilmir. Təəssüf ki, günümüzdə bu temp qalmayıb, itirmişik. Yekunlaşdıraraq, bir daha qeyd edim ki, “CBC Sport”a belə bir təklif gəlsə, müzakirələrə açığıq”.

    Göründüyü kimi, idmanın təbliğatı üçün yaradılan bu telekanal futzal çempionatını işıqlandırmağa hazırdı. Təbii ki, müəyyən şərtlərə riayət olunmaqla. Əvvəla, oyunların Bakı İdman Sarayı və buna bənzər zallarda keçirilməsi şərtdi ki, yayım üçün münbit şərait yaradısın. Digər məsələ isə oyunların başlama saatlırıdı. Nəzərə alsaq ki, “CBC Sport” istirahət günlərində Topaz Premyer Liqasının oyunlarını yayımlayır, böyük ehtimalla futzal federasiyasına iş günlərini təklif edəcək. Ancaq bu, mümkünsüz məsələ deyil. Çünki indi əsas məsələ futzala olan və tarixin yaddaşına köçmüş məhəbbəti yenidən qaytarmaqdı və “CBC Sport” heç bir təmənna ummadan bu işin altına girməyə hazırdı. Yetər ki, AFF belə bir müraciət etsin və müzakirələrə qatılsın.

     

    Araz Əhmədov: "Axı, uşaq futzalı yoxdursa, bu idman növünü necə inkişaf etdirə bilərik?"

    Digər müraciət etdiyimiz həmkarımız isə futzalı daim diqqət mərkəzində saxlamağa çalışır.

    Araz Əhmədov (Sportfm.az saytının baş redaktoru): “Azərbaycanda futzala həmişə böyük maraq olub və var. Düzdür, hazırda 2000-ci illərdə yaşanan futzal “bum”undan əsər-əlamət qalmayıb. Düşünürəm ki, bu idman növünün kütləviləşməsinin qarşısını alan əsas səbəblərdən biri uşaq futzal məktəblərinin olmaması, bu idman növünə aid sosial layihələrin həyata keçirilməməsidir. Azərbaycan Futzal Federasiyası yamaqlı şalvara bənzəyən Yüksək Liqanı, həvəskarların yarışdığı Birinci və İkinci Liqanı keçirməklə üzərinə düşən işi bitmiş sayır. Bu, belə olmamalıdır. Əgər Azərbaycanda futzalın populyar olduğu dönəmlərdə gələcəyə yatırım edilsəydi, indi biz fərqli mövzuları müzakirə edirdik. Təsəvvür edirsiniz, 10 milyonluq Azərbaycanda 50-dən çox futzal klubu qeydiyyatdan keçib və onların heç birinin uşaq futzal komandası yoxdur! Axı, uşaq futzalı yoxdursa, bu idman növünü necə inkişaf etdirə bilərik? Son illər yığmamızın baza klubu olan Naxçıvan “Araz”ında aparıcı rollarda braziliyalı futzalçılardır, onların sayı durmadan artır. Yerlilər isə rəqabətə davam gətirə bilmir, hazırda “İtaldizayn”ın şərəfini qoruyan və millimizin heyətinə cəlb edilən 29 yaşlı Faiq Əliyev perspektivli futzalçı hesab edilir! Nəsil yetişmir, gələcək qaranlıqdır. Bir faktı da qeyd edim, Yüksək Liqada çıxış edən Ağatahir Əzimov, Rizvan Fərzəliyev 40 yaşlarını haqlayıblar. Onların yerinə oynaya biləcək gənclər isə yoxdur.

    Medianın futzala maraq göstərməməsinin kökündə ciddi səbəblər var. Futzal Federasiyası bu istiqamətdə heç bir iş aparmır. Biz “Araz”ın və millimizin beynəlxalq oyunları haqqında məlumatı ancaq xarici KİV-dən öyrənirik. “Araz” hər ilə avrokuboklarda iştirak edir, ancaq rəsmi saytı bir yana qalsın, adi facebook səhifəsi belə yaradılmayıb. Daxili yarışlar haqqında məlumat, protokol əldə etmək müşkül məsələdir. Yalnız federasiyanın baş katibi Mahmud Sadıqovdan lazımi informasiyanı almaq olur. Qurumun nə mətbuat xidməti, nə rəsmi saytı mövcud deyil. Yüksək Liqanın oyunları canlı yayımlanmır. Ən azından intriqalı matçların ekranlarda göstərilməsinə nail olmaq olardı. Ölkə kubokunun finalı göstərilsə pis olmazdı. Bütün bunlara görə, mətbuat futzalın işıqlandırılmasına maraq göstərmir”.

    Göründüyü kimi, fikirlər üst-üstə düşür. Media bu idman növünün işıqlandırılması üçün açıqdı. Yetər ki, federasiya rəhbərliyi “papağını qabağına qoyub fikirləşsin” və tələb olunan addımları atsın. Əks halda isə nə qədər həyəcan təbili çalınmağın heç bir əhəmiyyəti yoxdu. İllər ötəcək, nəsillər dəyişəcək, nizamsız liqalar fəaliyyətini davam etdirəcək, neft pulları tükənənədək də braziliyalılar “azərbaycanlılaşacaq”. Pul qurtardıqda isə nə Ağatahir Əzimovumuzun, nə Mahir Eyniyevimizin, nə Zaur Ramazanovumuzun, nə də Vitali Borisovumuzun davamçıları yetişəcək.

    “Konveyer”in işə düşməsi üçün təbliğat aparılsa, bütün liqalarda rəqabət artar. Bunun nəticəsi olaraq elə də böyük yatırım edilməsinə ehtiyac olmayan yeni futzal klubları yaradılar, şirkətlər reklam olunmaq üçün bu idman növünə yenidən diqqət ayırmağa başlayar. Təki istəyən olsun, proses öz axını ilə inkişaf edəcək.

    CEYHUN ƏLİYEV

    Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 8 6 1 1 14-4 19
Qəbələ 9 6 1 2 12-8 19
Zirə 9 5 3 1 16-7 18
Sumqayıt 9 4 1 4 10-12 13
Neftçi 9 3 1 5 10-9 10
Səbail 8 3 0 5 5-12 9
İnter 9 2 2 5 7-12 8
Kəpəz 9 1 1 7 5-15 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 4 3 1 0 7-3 10
Sabah 4 2 1 1 7-2 7
Binə 4 2 1 1 5-1 7
MOİK 4 2 1 1 5-3 7
Turan T. 4 2 1 1 5-7 7
Xəzər 4 1 2 1 6-3 5
Şüvəlan 4 1 1 2 2-3 4
Mil-Muğan 4 1 1 2 4-7 4
Ağsu 4 1 1 2 4-7 4
Zaqatala 4 0 0 4 1-12 0