Xəbər Lenti

    Bernhard Lippertlə 57 dəqiqə: "Öz yetişdirdiyimiz məhsula inanmırıq"

    FutbolTarix: 2017-09-19 18:57:00
    ...

    Berhard Lippert. Aşağı yaş qrupları üzrə Texniki Departamnetinin rəhbəri. 55 yaşlı mütəxəssislə müsahibə 57 dəqiqə davam etdi. Xeyli məsələlər ətrafında müzakirələr apardıq. Bəzi məqamlarda fikir ayrılığı yarandı, bir sıra məsələlərdə təəccübləndirdi. Ancaq ən vacib məqamlardan biri – milli komandamızdan əcnəbilərin ayağının ksilməsi məsələsində böyük ölçüdə razılaşması həm təəccübləndirdi, həm də sevindirdi. Beləlilkə, almaniyalı funksionerin Sport24.az-a verdiyi müsahibəni təqdim edirik. 


    -    On ilə yaxındı ki, Azərbaycandasınız. Bu müddət ərzində Azərbaycan Sizə nə verdi, Siz Azərbaycana nə vermisiniz?
    -    Azərbaycan dünyagörüşümü genişləndirib, müxtəlif hadisələrə fərqli prizmalardan yanaşmağı, fərqli mədəniyyətə uyğunlaşmağı öyrədib. Azərbaycan mənə insanların tək bizim kimi düşünməməsini nümayiş etdirdi. Mənim Azərbaycana nə verdiyimi konkretləşdirmək istəmirəm. İstəmişik Azərbaycan futbolunun Avropa tələblərinə uyğun formalaşmasına yardımçı olaq. Müəyyən nailiyyətlər əldə etmişik. Bura gəldiyim ilk dövrlə müqayisə aparsaq, xüsusilə, struktur baxımından irəliləyişə nail olmuşuq.

    -    Avropayla ayaqlaşmaq üçün bir insan həyatı yetər?
    -    Fəlsəfi sualdı. Ancaq eyni zamanda başadüşülən sualdı. Burda mentalitet məqamı da var. Sözsüz ki, hər bir xalqın öz düşüncə tərzi, mentaliteti, yaşam tərzi var. Hətta iqlim insanların düşüncə tərzinə, yanaşmasına təsir göstərir. Ancaq söhbət futbol mentalitetindən gedir. İddia edirəm ki, inkişaf var və bu, nəzərəçarpacaq inkişafdı. Elə bir hal yaşana bilməz ki, qısa zaman kəsiyində sıldırım qayaya qalxan inkişafı görəsən. Hər zaman inkişaf dalğavari qrafik cızır: eniş yüksəlişi, yüksəli enişi əvəzləyir. Nəticələri götürürüksə, ilk mərhələlərdə enişlərin sayı yüksəlişlərdən çox olacaq. “Qarabağ” “Çelsi” ilə qarşılaşdı və indi İngiltərə çempionu ilə oyun müzakirə predmetidi. Ancaq gəlin məsələnin başqa tərəfinə baxaq: London təmsilçisinin 32 meydançası var. Bu, təkcə bir kluba məxsus meydança sayıdı. Azərbaycanda bütövlükdə 32 meydança mövcuddurmu? Bu gün hamı nəticə istəyir. Ancaq “nələrisə edim ki, nəticəyə müsbət təsir göstərsin” düşünənlərin sayı olduqca azdı. Ölkə futbolunda cəmi 2 sponsor və bir də assosiasiya var ki, bu idman növünü maliyyələşdirir. Məsələyə bu prizmadan yanaşdıqda, imkanlı şəxslərin futbolun inkişafında həqiqətən maraqlı olduqlarını söyləyə bilərikmi? Elə ölkələr var ki, futbola aidiyyatı olmayan sıravi bir vətəndaş bu idman növünün inkişaf etdirilməsindən gecə-gündüz dəm vuranlardan daha çox fayda verir. Başqa sözlə, hamı verdiyindən daha artığını gözləyir. Götürək klubları. Məsləhətlərimizi veririk ki, Avropada oyunçular bu yolla yetişdirilir. Ancaq gedək baxaq, məşqlərdə tövsiyələrimiz həyata keçirilirmi? Hamı deyir ki, millinin nəticələrinə görə cavabdeh federasiyadı. Ancaq gəlin bir faktla razılaşaq, futbolçu karyerasının 95 faizini klubda keçirir. Növbəti fikrim Yaşar Vahabzadənin müdafiəsinə qalxmağım kimi səslənə bilər. Ancaq reallıq var, Yaşar futbolçuarı İsrail və ya bu tipli güclü rəqiblə oyundan 3 gün əvvəl toplayır. Ardınca acınacaqlı nəticələr gəlir və günahkar baş məşqçi göstərilir. Ancaq bu uşaqlar klublarda görülməyən işlərin nəticəsini ortaya qoyur. Media olaraq da nəticəni ancaq baş məqşçidən soruşmaqla səhvə yol verilir. Axı, yığmanın çalışdırıcısı klubdan gələn məhsulla işləyir. Hamımız yüksək nəticə istəyirik, ancaq məhsulun keyfiyyətinə diqqət yetirmirik. Kiçicik bir çempionatımız var. Götürək “Qarabağ”ı. Mövsüm ərzində daxili arenada Ağdam təmsilçisi 4-5 qarşılaşmada pis-yaxşı müqavimət görür. Eyni ssenari uşaq futbolunda da müşahidə olunur. “Qəbələ”nin uşaq komandaları 7, 8, 10 qol vurub, rahat-rahat meydanı tərk edir. Bu cür asan oyunlardan sonra düşürsən “Çelsi” kimi rəqiblə ekstremal vəziyyətə. Azərbaycan çempionatının qarşılaşmasından sonra sənə tam fərqli, müqayisəolunmaz temp təklif olunur. Axı, sən mövsüm ərzində tam fərqli futbola vərdiş eləmisən.

    -    Qeyd etdiniz ki, “Çelsi”nin 32 meydançası var, Azərbaycanda isə heç ümumilikdə bu qədər stadion mövcud deyil. Doğru qeyddi. Hələ dediklərinizə əlavə də edim. Ölkəmiz ancaq neft gəlirlərinə söykənir. Neftin qiyməti isə dünya birjasında kəskin şəkildə enib. İndiki durumda yeni stadionların inşa olunacağına, infrastrukturun yaxşılaşacağına ümid yoxdu. Bəs, futbol baxımından heç bir perpsektiv vəd etməyən bir ölkədə qalıb işləməyə Sizi nə vadar edir?
    -    Deyə bilmərəm hələ nə qədər Azərbaycandakı işimi davam etdirəcəm, ancaq bu, uzun müddət davam etməyəcək. Hesab edirəm ki, mənim də getmək üçün artıq zamanım yetişib. Deyək ki, bu, mən. Ancaq daha irəliyə baxası olsaq... Bəli, böhran var və bu böhran bizi bir xeyli layihədən imtina etməyə məcbur etdi. Özü də işlər relsə düşməyə başladığı bir zamanda. Ən uğurlu layihələrdən biri klublara təyin edilən idman direktorları idi. Onların maliyyələşmə məsələsi məhz böhran dövrünə təsadüf etdi. Ancaq tənqid kimi qəbul etməmək şərti ilə bir məqama diqqətləri yönəltmək istəyirəm. Moldova, Makedoniya kimi ölkələrə baxaq və belə bir suala cavab axtaraq: ölkədə yalnız bir sponsormu olmalıdı? Danışanda hamı futbol üçün əldən-ayaqdan getdiyini deyir. Ancaq bu idman növünə sərmayə yatırımına gələndə, əksinin şahidi oluruq. Hər kəs bilir ki, futbola qoyulan sərmayə qısa zamanda geri qayıtmır. Bir misal çəkim. Mən Almaniyanın cəmi 2000 əhalisi olan bir kəndində doğulmuşam. Bax, bu kəndin 3 futbol meydançası var. Düşünməyin ki, bunu assosiasiya və ya hansısa xeyriyyəçi tikib. Bunu kənd camaatı özü düzəldib. Kənarında da kiçik evcik hörüblər və olub palatrdəyişmə otağı. Hər kəs də bu meydançaların suvarılmasında yaxından iştirak etməyi özünə borc bilir. Ancaq burda 7-8 uşağı toplayıb 1-2 məşq keçən kimi gəlirlər federasiyadan pul istəməyə. Mən 23 yaşımadək futboldan qara qəpik qazanmamışam. Ən asan iş kimisə tənqid etməkdi. Istənilən adamda hansısa çatışmazlıq, qüsur tapa bilərsən. Ancaq niyə ancaq “qara”nı görək, bəlkə “ağ” çalarlara da diqqət yetirək?

    -    Qeyd etdiniz ki, futbolun altruistlərə ehtiyacı var, razıyam. Deyirsiniz ki, Yaşar Vahabzadə futbolçu yetişdirməməlidi, bu fikrinizlə də şərikəm. İndi isə mənim sualımı cavablandırmağınızı istəyirəm. Bir ölkənin U-21 yığmasında 5 əcnəbi meydana çıxırsa, bu, Sizin ürəyinizi ağrıtmır, daxili məsuliyyət hissi yaşamırsınız? 
    -    Sizinlə razılaşıram ki, komandanın yarısını kənardan gətirmək məcburiyyətindəsənsə, bu, yaxşı hal deyil. Hətta belə deyərdim: öz yetişdirdiyimiz məhsula inanmırıq. Keyfiyyət ciddi şəkildə fərqlənmirsə, öz məhsullarımızla oynamalıyıq. Bəlkə 1-2 futbolçunu qatmaq olar. Ancaq yığmanın yarısını əcnəbilərin təşkil etməsi mənfi haldı.

    -    Gəlin dəqiqləşdirək. Bu, klub deyil e, milli komandadı! Bir ölkənin milli komandasında əcnəbinin nə işi var? Lap 20:0 məğlub olaq.
    -    Sizin baxış bucağınızı müsbət hal kimi qiymətləndirirəm. Ancaq hamı Sizin kimi, mənim kimi fikirləşmir.

    -    Cənab Lippert, axı, istər hüquqi, istərsə də mənəvi cəhətdən bizim fikrimiz doğrudu, heç bir arqument yoxdu ki, əksini sübut etsin...
    -    Tam haqlısınız.

    -    Belədirsə, tutduğunuz postdan nəyə görə səsinizi ucaltmırsınız ki, bu cür olmaz, özünüz oynayın, uduza-uduza öyrənin, nəinki yamaq milli formalaşdırasınız? Bəri başdan qeyd edim ki, tam haqlı olaraq deyə bilərsiniz ki, azərbaycanlılar bu barədə düşünmürsə, mən – alman niyə fikirləşməliyəm?!
    -    Biz o vəziyyətdə deyilik ki, ancaq öz qüvvəmizlə mübarizə aparaq. Ancaq say azaldılmalıdı. Dünyanın istənilən ölkəsində, hətta Almaniya, Fransa, Hollandiyada milliləşən oyunçulara rast gəlmək mümkündü. Ancaq heyətin yarısını da əcnəbilərdən formalaşdırmağın əleyhinəyəm. Lakin baş məşqçi gəlib deyirsə ki, ümumiyyətlə, heç nə yoxdu və mən məcburam əcnəbi gətirməyə, həmin mütəxəssisə qarşı düşmənçilik edə bilmərəm. Heç kim işini itirmək istəmir. Məşqçinin son ümidini də əlindən ala bilmərik. Elə millilər var ki, oyunçuların soyadlarından görünür ki, milliləşənlərdi. Ancaq razılaşıram ki, U-21 yığmasına gətirilən futbolçuların faiz dərəcəsi çox olub. Artıq bu mövzu ətrafında məşqçilərlə söhbətimiz olub və qərara almışıq ki, yalnız tamamlayıcı kimi hansısa əcnəbi oyunçunun xidmətindən yararlanaq.

    -    Söhbətimizin əvvəlində “futbolçu mentaliteti” terminini işlətdiniz. Bəlkə də bu 9 il ərzində azərbaycanlı futbolçuların mentalitetini dərinliyi ilə öyrənə bilməmisiniz. Məsələ burasındadı ki, əziyyət görməyən oyunçunun meydana çıxmaq üçün dəridən-qabıqdan çıxması mümkünsüzdü. Ölkədaxili yarışlarda 21 yaşadək 1 futbolçunun meydanda olması şərti də məhz həmin gənclərin arxayınlaşmasını şərtləndirib. Nəticə də göz qabağındadı...
    -    Fikrinizin cüzi hissəsi ilə razılaşıram. Müəyyən dövr oldu ki, gənc futbolçular yüksək məvaciblə təmin olunurdularvə belədə, işlərinə peşəkar münasibət göstərmirdilər. Ancaq indi belə bir şey yoxdu. Təsəvvür edin ki, limiti yığışdırdıq. Mahir Mədətov, bəlkə ondan başqa daha 2-3 futbolçu meydana çıxmaq şansı qazanar. Qalanları necə olacaq? Heyətə düşməyən futbolçular yığmanın heyətində keçirdikləri hər oyunda 12-13 qol buraxacaqlar. Biz bu “pəncərə”ni yaratmışıq. Cəmi 1-2 mövsümlük şansları olur. Bacaran yararlanır, bacarmayan isə limit həddini aşdıqdan sonra heyət üzü görmür.

    -    İstedad onsuz da özünə yer edəcək, limit olsa da, olmasa da. Bu illər ərzində bir Mahir Mədətovdu ki, parlayıb, o da özünə onsuz da yer edəcəkdi. Gənclərə şans verməyin mən də tərəfdarıyam. Ancaq fərqli şəkildə, klubların inkişaf strategiyasını pozmamaq şərti ilə. Onsuz da əksər klublar AFFA tərəfindən maliyyələşdirilir. U-21 yığmasını da buraxsınlar Topaz Premyer Liqasına. Bununla da “bir gülləylə iki dovşan vurular”: həm klublar 21 yaş limitindən azad olarlar, həm də gənclər yığmasının futbolçuları daimi oyun praktikası qazanarlar...
    -    Eşitdiklərim məni sevindirir. Ancaq məsələ burasındadı ki, “Sumqayıt” klubu yaradılarkən məhz bu ideyanın tətbiqi planlaşdırılmışdı. Ancaq “Neftçi”, “İnter”, “Qəbələ” və digər klublara müraciət etdikdə ki, əlinizdəki gəncləri bizə verin, onlara oyun praktikası qazandıraq, imtina cavabı aldıq. Axı, “hovuza düşmədən üzməyi öyrənə bilməzsən”. Hüquqi cəhətdən həmin oyunçuları bir komandaya toplamaq müşkül məsələdi.

    -    Əslində gözlənilən reaksiya ilə üzləşmisiniz. Çünki heç kim potensial ulduzunu kiməsə müftə hədiyyə etməz. Ancaq həmin uşaqları icarəyə götürmək olardı. Bundan klub da qazanardı ki, yetirməsi daimi oyun praktikası əldə edir...
    -    Biz müxtəlif variantlara əl atdıq. Bilirsiz, axı, burda futbolçunun da fikri rol oynayır. O, daha elitar komandada, daha yüksək məvacibə oynamaq istəyir.

    -    Konsepsiya tətbiq olunmalıdı. Qısaca deyim. Topaz Premyer Liqasında 8 komandadan beşi AFFA tərəfindən maliyyələşir. Elə təkcə bu klublarda həmin oyunçuları toplamaq olar. Olsun 15-18 futbolçudan ibarət komanda, onlara da daha gənc 17-20 yaşlıları əlavə etməklə mövsümə hazır olmaq mümkündü. Kim ki, gənc futbolçularını icarəyə də verməkdən boyun qaçıracaq, onlar üçün limit tətbiq olunsun. İndiki vəziyyətdə isə klublarımız meydana de-fakto 10 nəfərlə çıxır. Gərəksiz 21 yaşlı isə sadəcə, say düzəldir. Diqqət yetirin, əksər klublar “limitçik”i dayaq yarımmüdafiəçisi mövqeyində oynadırlar. Niyə? Çünki yanında daha 2 mərkəz yarımmüdafiəçisi olur və onun ayıblarını ört-basdır etmək şansı artır. Yekunda da limit ölkə futboluna heç bir şey qazandırmır.
    -     İstər “Səbail” olsun, istər “Sumqayıt”, istərsə də AFFA-nın dəstəyi hesabına yaşayan digər klublar. Onların futbolçuları onsuz da əsasən gənclərdən qurulub. Bu futbolçuları da alsaq əllərindən, kiminlə mübarizə aparacaqlar? Ən yaxşı məşqin adı “rəqabət”di. Belədə isə rəqabətsizlik formalaşacaq.

    -    Rəqabətsizlikdən danışırsınızsa, belə bir suala da cavab verməyinizi istəyərdim. Legioner limitinin tətbiqi  ən böyük rəqabətsizliyə səbəb olub. Bu gün yerli futbolçuar arasında “qaymaq” adlandırılanların hamısı “Qarabağ”a toplaşıb. Razısınızmı ki, legioner limiti tətbiq edilməsə, Ağdam təmsilçisinin sıralarında bu sayda yerli oyunçu qalmayacaq və belədə, onlar daha çox oyun praktikası qazanacaqlar?
    -    Mən hər komandada bir 21 yaşadək futbolçunun oynamsı üçün canfəşanlıq göstərmişəm. Sağ olsunlar, bu təşəbbüsümü müsbət qarşıladılar. Dediyiniz legioner limiti məsələsi isə mənim səlahiyyətlərimə aid məsələ deyil.

    -    Sonuncu sual danışdıqlarımızdan xeyli kənara çıxsa da, cavablandırmağınızı istəyərdim. Ölkə mətbuatında aylıq məvacibinizin 30 min dollar olduğu iddia olunur...
    -    Çox təssüf ki, yalandı. Maaşım dediyiniz məbləğdən nəzərəçarpacaq dərəcədə aşağıdı.

    CEYHUN ƏLİYEV
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 8 6 1 1 14-4 19
Qəbələ 9 6 1 2 12-8 19
Zirə 9 5 3 1 16-7 18
Sumqayıt 9 4 1 4 10-12 13
Neftçi 9 3 1 5 10-9 10
Səbail 8 3 0 5 5-12 9
İnter 9 2 2 5 7-12 8
Kəpəz 9 1 1 7 5-15 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 4 3 1 0 7-3 10
Sabah 4 2 1 1 7-2 7
Binə 4 2 1 1 5-1 7
MOİK 4 2 1 1 5-3 7
Turan T. 4 2 1 1 5-7 7
Xəzər 4 1 2 1 6-3 5
Şüvəlan 4 1 1 2 2-3 4
Mil-Muğan 4 1 1 2 4-7 4
Ağsu 4 1 1 2 4-7 4
Zaqatala 4 0 0 4 1-12 0