Xəbər Lenti

    12-də "12-ci oyunçu" olaraq...

    FutbolTarix: 2017-09-12 16:31:00
    ...

    Bir çoxlarınız kimi mən də 90-ci illərdə UEFA Çempionlar Liqasının (ÇL) qrup matçlarının oyunları, məşhur himin sədaları altında böyümüşəm. O vaxt "at oynadan" Moskva "Spartak"ının fanatı olaraq onun qarşılaşmalarının birinə də belə buraxmırdım. Heç yadımdan çıxmaz, hətta bir dəfə evdə televiziromuzda problem yarandığı zamanı özümə yer tapa bilmirdim və Rusiyanın NTV telekanalında oyunu izləmək üçün qonşu binada yaşayan sinif yoldaşım İlkinin evinə getməli oldum. Yaxşı da getdim. Bu, 1998-ci ilin bu ayında, çoxunun yadında olan məşhur "Spartak" - "Real" matçı həqiqətən çox maraqlı oldu. Moskvalılar ikinci hissənin əvvəlində Raulun qoluyla hesabda geri düşür, ancaq sonradan Tsımbalar və Titovun gözəl qollarıyla 2 qol vuraraq 2:1 hesablı əzmkar qələbə qazanır. Uzun müddət bu oyunun verdiyi zövqün təsiir altında idi. Və ya Kiyev "Dinamo"sunun "Barselona"nı "Nou Kamp"da 4:0 hesabı ilə məğlub matçda keçirdiyim xoş hisslər...

    ...Əlbəttə, öz klublarımız mənə bütün hamısndan, həmin "Spartak"dan da, Kiyev "Dinamo"sundan da üstündü, başqa cür ola da bilməz. Sadəcə, həmin 90-ci illərdə klublarımız ÇL-də heç bir mərhələ keçə bilmirdilər, o ki qaldı qrupa düşələr. Ancaq özümüzünküləri qrupda görmək arzusu o vaxtdan mənimlə yol yoldaş idi və bunun nə vaxtsa çin olacağına qətiyyən şübhə etmirdim. Bir çoxları kimi mən də öz-özümə deyirdim ki, ölməyim, bu günü görüm. Şükür Allaha ki, bu gün bizə qismət oldu. Uzun tuneldə uzaqdan parıltı görünməyə başladı və nəhayət. gur işıq saçdı. Azərbaycan üçün xüsusi önəm kəsb edən "Qarabağ" adlı klubla ÇL-in qrupuna düşdük və bu gün həmin tarixi debüt gündü. Bu dəqiqə hamı "Çelsi"ylə Londonda Bakı vaxtilə saat 22:45-də başlayacaq oyunun ab-havasından yaşayır.

    Düz 5 il öncə ilk dəfə qrupa düşməyimizin həyəcanını yaşayırdıq. Onda da debüt  bu ay - sentyabrın 20-də, onda da səfərdə olmuşdu. "Neftçi" Belqradda "Partizan"la qolsuz bərabərliyə qalaraq siftədən xalla başlamışdı. İndiki "Qarabağ" o vaxtkı "Neftçi"dən güclü olar, zəif olmaz. Sadəcə, rəqiblər müqayisəolunmazdı - "Partizan" hara, "Çelsi" hara. Ona görə belə bir debütdə nəticəni nə qədər arzulasaq da, ona nail olmağın çox çətin olacağını yaxşı başa düşürük. "Qarabağ" tarixinin ən çətin oyununa çıxır. Hətta Milan "İnter"iylə öncə belə ajiotaj yox idi.

    "Çelsi" nə qədər güclü olsa da, "Qarabağ" da "asan yem" deyil. Çempionumzuun futbolçularının indiyədək beynəlxalq təcrübə böyük olduğundan "Stemford Bric"də ayaqları tir-tir əsməyəcək. "Çelsi" qapımıza yol tapa bilmədikcə daha çox gərginlikdə olacaq. Qurban Qurbanovun oyunöncəsi mətbuat konfransında "imkan düşdükcə hücum da edəcəyik" deməsi 90 dəqiqə müdafiə olunmaq fikrində olmadığımızın göstəricisidi. Əsas qol ümidimiz, fürsətcil cənubi afrikalı hücumçu Dino Ndlovunun əlinə düşən şansı buraxmayacağını düşünürəm. Yeni transferlər də "Qarabağ"a faydalı olmalıdı. O başqa məsələ ki, baş məşqçi yeni qoşulan legionerlərə belə bir matçda nə dərəcədə şans verəcək.

    Məncə, əsas üzücü məqam Ansi Aqollinin yoxxuğudu. Onun Albaniya yığmasının düşərgəsindən zədəli qayıtması heç yerinə düşmədi. Aqollinin 35 yaşı olsa belə, onun kimi cəld, sürətli, təcrübəli sol cinah müdafiəşini yeri "Çelsi"ylə matçda yeri çox görünəcək. Qurbanov Donald Gerrye və ya universal Yakub Jezniçakı həmin mövqedə oynada bilər. 

    Bəli, 12-də hamımız "12-ci oyunçu" olacağıq. Düzdü, idman mediamızdan da heç kim Londona gedə bilmədiyindən biz qələm əhli də azarjeşlərimiz kimi mavi ekranın arxasından çempionumuza dəstək olacağıq. İndiki məqamda "Qarabağ"a ən vacibi də budu - mənəvi dəstək. Təmsilçimiz ağır məğlubiyyət alsa belə, bu, normal qarşılanmalıdı. Gəlin, inanaq ki, "Qarabağ" vətəndən, doğma Azərbaycandan milyonlarla kilometr məsafədə uzaqda da, futbolun yarandığı İngiltərədə ölkəmizi layiqincə təmsil edəcək. Necə ki 2 il Avropa Liqasının qrupunda mübarizədə başladığı Londonda "Tottenhem"lə səfər matçının artıq 7-ci dəqiqəsində hesabı açmaqla bütün bütün Britaniyanı şoka saldığı kimi...

    MEHMAN SÜLEYMANOV

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 10 8 1 1 17-4 25
Zirə 11 7 3 1 19-8 24
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 11 5 1 5 14-15 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 10 3 0 7 6-16 9
Keşlə 11 2 2 7 8-17 8
Kəpəz 11 2 1 8 7-17 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 8 6 2 0 13-5 20
MOİK 8 5 2 1 15-6 17
Turan Tov. 8 4 2 2 12-10 14
Xəzər 8 3 3 2 9-5 12
Binə 8 3 2 3 9-5 11
Mil-Muğan 8 3 1 4 11-15 10
Şüvəlan 8 3 1 4 8-9 10
Sabah 8 3 1 4 11-12 10
Ağsu 8 2 2 4 10-15 8
Zaqatala 8 0 0 8 2-18 0