Xəbər Lenti

    Samir Abasov: "Sehrli çubuğum olsaydı..."

    FutbolTarix: 2017-09-12 14:10:00
    ...

    Topaz Premyer Liqasında cəmi 4 tur arxada qalsa da, bu, ilk dövrənin “ekvator”unun keçilməsi anlamına gəlir. Start həmişə istənilən komanda üçün böyük önəm kəsb edir. Ələxsus da söhbət barışmaz kollektivdən gedirsə. “Sumqayıt” komandası da belələrindəndi. “Kimyaçılar” arxada qalan oyunların heç birində xal bölgüsünə razılaşmayıblar. Maraqlıdı ki, komanda evdə keçirdiyi hər 2 matçdan qalib ayrılsa da, səfərdə xal üzünə həsrət qalıb. Bəs, “Gənclik şəhəri” təmsilçisinin baş məşqçisi Samir Abasov arxada qalan turları necə dəyərləndirir? Sport24.az-a verdiyi müsahibədə mütəxəssis “səmimiyyət kozırı”nı yerə qoymadı: heyətdə görmək istədiyi futbolçunun da adını çəkdi, razı qalıb-qalmadığı məqamlardan da danışdı.

    -    Arxada qalan 4 turu necə dəyərləndirərdiniz? Tur sayı az olsa da, ilk dövrənin yarıdan çoxu arxada qalıb...
    -    Doğru qeyd etdiniz ki, 4 tur az olsa da, artıq dövrəni yarılamışıq. Arxada qalan turları heç də pis qiymətləndirməzdim. Yaxşı oyunlar keçiririk. Açığı, bu cür ssenarini hardasa əvvəlcədən proqnozlaşdırırdıq. Hətta ardıcıl bir neçə matçda məğlub olmağımız variantını gözdən keçirirdik. “Sumqayıt” komandası adına keyfiyyətli, təcrübəli futbolçuları sıralarımıza qatmışıq. Ötənilki futbolçular robot kimi ancaq dediklərimizi həyata keçirməyə çalışırdı. Ancaq indiki heyətdə Rəşad Eyyubov, Cavid Tağıyev, Cavid İmamverdiyev kimi oyunçularımız var. Onlar böyük klublarda oynayıb, fərdi keyfiyyətlərə sahibdirlər, zəngin, beynəlxalq təcrübəyə malikdirlər. Ancaq eyni zamanda, bu futbolçulara komandaya uyğunlaşmaq bir qədər çətin olacağını da başa düşürdük. Uyğunlaşdıqdan sonra isə inanıram ki, yaxşı komandamız olacaq.

    -    Komandanız plan üzrə irəliləyir? Arxada qalan 4 oyundan sonra topladığınız 6 xal planlarınıza uyğundu?
    -    Dəqiq xal planı qarşımıza qoymamışdıq. Amma ən azından evdəki oyunları udacağımızı planlaşdırırdıq.

    -    Evdəki bütün matçlardan qalib ayrılsanız, bu, 42 xal edir. Bəs, edəcək?
    -    Ötən il Avropa Liqasında oynamış komandaların nəticələrinə baxdıqda, zənnimcə, bəs etməlidi.

    -    Deməli, “stavka” ev oyunlarınadı?
    -    Əksinə, Qəbələdəki görüşdən sonra Rəşada da, hər iki Cavidə də kəskin iradlarımı bildirdim. Onlara məhz “Qəbələ” kimi rəqiblərlə səfərdə oynayanda liderlik xüsusiyyətlərini ortaya qoymağa borclu olduqlarını söylədim. Söhbət qalib gəlməkdən getmir, komandanın soyuqqanlı davranmasından gedir. Əvvəllər necə idi? Otururduq arxaya ki, qapımızın toxunulmazlığını qoruyaq. Ancaq indi bu cür ssenari məni qane etmir. Komandaya cəlb olunan təcrübəli futbolçuların işi də məhz budur ki, çətin səfər qarşılaşmalarında ustalıqlarını ortaya qoysunlar. Belə olacağı təqdirdə Qəbələdə də rahat futbol oynaya biləcəyik.

    -    Necə düşünürsünüz, cari mövsümdə “Sumqayıt”ın avrokuboklara düşmək üçün yetərincə potensialı varmı?
    -    Çempionatda iştirak edən bütün komandalar qitəmiqyaslı yarışlarda ən azından iştirak etmək istəyir. Kimisi bunu məqsəd kimi qoyur, kimisinin də ürəyindən keçirir. “Qarabağ”ı çıxmaq şərti ilə, digər komandalardan arxada qalmırıq. Kimsə maliyyə imkanlarımızı, kimsə heyət qıtlığımızı avrokuboklarda yaxşı çıxış üçün yetərli görməyə bilər. Ancaq bu, başqa mövzudu. Ölkə daxilində isə buna potensialımız var.

    -    Ötən mövsüm komandanız başdan ayağa gənclərdən, “ac” futbolçulardan qurulmuşdu. Onda hamı vahid yumruq kimi birləşirdi. İndi isə adlarını qeyd etdiyiniz təcrübəlilər də heyətdədi. Ustalıq səviyyələri daha üstün olsa da, müəyyən epizodlarda “mən ağsaqqalam” fikrini nümayiş etdirirlər və lazımi anda gərəkəni etmirlər. Bu vəhdəti – təcrübəli və gənclərin vəhdətini - vahid mexanizm şəklinə necə salacaqsınız?
    -    Buna əmin olun ki, yaradacağıq! “Neftçi”ylə oyunun ikinci hissəsi də bizim üçün bir dərsdi. Nə gizlədim, oyundan sonra futbolçulara kəskin şəkildə 2-ci hissədəki oyuna görə iradlarımı bildirdim. Ancaq doğru qeyd edirsiniz, hələ ki təcrübəlilərimiz əvvəlki komandalarının oyunçularıdı, “Sumqayıt”ın yox. Əlbəttə ki, şərti olaraq bunu deyirəm. Bəli, ustalıq səviyyələri bəzi oyunlar üçün bəlkə də yetərlidi, amma birinci məqsədim onları “Sumqayıt”ın oyunçularına çevirməkdi.

    -    Dediyiniz, istədiyiniz komandanı görmək üçün nə qədər vaxta ehtiyac var?
    -    Çox bir zaman lazım deyil. Buna illər tələb olunmur. Tezliklə buna nail olacam. Cavid İmamverdiyevi götürək. Uzun illər futbolçu olmuşam, məşqçi kimi də əlimin altından 40-50 futbolçu keçib. Bu illər ərzində İmamverdiyevdə olan istedadı heç kəsdə görməmişəm. Qarşıma belə bir məqsəd qoymuşam ki, bu uşaqlarda olan istedadı tam açım və milli səviyyəsinədək qalxsınlar.

    -    İmamverdiyevdən söz düşmüşkən, belə bir məqama da aydınlıq gətirməyinizi istəyərdik. Onunla işləmiş bir çox mütəxəssis qeyd edir ki, olduqca istedadlı yarımmüdafiəçidi, ancaq rejimə riayət etmir, məşqlərdə canını qoymur, bu da nəticədə sərgilədiyi futbola öz təsirini göstərir...
    -    Eyni sözlər mənə də deyilmişdi. Ancaq indi gördüyüm Cavid bütün eşitdiklərimin əksidi. Məşqlərdə elə bir fədakarlıq göstərir ki, gəl görəsən! Oyun zamanı da ən düzgün gedişi etməyə çalışır. Ancaq ona da qısa bir vaxt lazımdı ki, heyətə tam adaptasiya olsun.

    -    Əlinizdə sehrli çubuq olsa, hansı mövqeyə futbolçu istəyərsiniz?
    -    Sehrli çubuğum olsaydı Rəhman Hacıyevi komandamda görmək istəyərdim.

    -    Dirijor?
    -    Xeyr, vinger kimi oynadardım onu. Bəri başdan deyim ki, Rəhmanla bu barədə heç bir söhbətimiz olmayıb. Heç inanmıram da ki, yarımmüdafiəçi “Neftçi”ni qoyub bizim komandaya gəlməyə razılıq versin. Ancaq gizlətmirəm ki, Hacıyevin komandama gəlişinə çox sevinərdim.

    -    “Sumqayıt”ın bütün ev oyunlarına xeyli sayda azarkeş gəlir. Bəzi hallarda isə, oturacaq çatmadığı üçün hasarın o tayından komandalarını dəstəkləyirlər. Onlara təşəkkür etmək istəyirsiniz, yoxsa daha artığını gözləyirsiniz?
    -    Daha çox azarkeşin gəlməsi bizdən asılıdı. Daha yaxşı oynamalıyıq ki, onları da tribunalara daşıya bilək. Bir qədər təvazökarlıqdan uzaq olsa da, onu deyim ki, ötən ildən bəri komandamızın məzmunlu futbol oynamasıdı ki, azarkeşlərimiz stadiona bu sayda gəlməyə başlayıb. Azarkeşlərə komandaya sahib çıxdıqları üçün təşəkkürümü bildirirəm, daha çox fanat görmək istəyirəm. Sumqayıt fəhlə şəhəridi. Fəhlələri sevindirmək bizə xoşdu və hər zaman onlar üçün oyndığımızı bilmələrini istəyirəm.

    -    Sonda bir qədər acı qatım. “Neftçi”ylə oyunda hesab 1:0 olarkən və sona 5 dəqiqə qalmış azarkeşləriniz tribunaları tərk etməyə başlayır. Qalib gələn komandanın azarkeşi niyə belə edir?
    -    Bu, təkcə bizdə deyil. Bir misal çəkim. “Qarabağ”ın heyətində “Visla”yla qarşılaşırdıq. Səfərdə 1:0 qalib gəldiyimiz cavab qarşılaşmasında da öndəydik – 3:2. Oyunun 75-ci dəqiqəsi gedirdi, ani gözüm tribunalara sataşdı. Azarkeş sayı durmadan seyrəlməkdə idi. Ardınca isə millinin düşərgəsinə yollandıq. İlk məşqimiz idi. Bir azarkeş yaxınlaşıb deyir: “O nədi, “Visla”dan 2 qol buraxırsınız”? Beləyik də. Hələ ki, azarkeşlərimiz də “bişməyib”. Kimisi çayxanaya tələsir, kimisi başqa yerə. Bunun üzərində tək Samir Abasov, yaxud “Sumqayıt” çalışmalı deyil. Hamımız əl-ələ verməliyik, istər fan-klublar olsun, istər digər komandalarımız. Yavaş-yavaş bu da düzələcək.

    CEYHUN ƏLİYEV
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Zirə 5 4 1 0 11-4 13
Qarabağ 4 4 0 0 8-2 12
Qəbələ 5 3 1 1 8-5 10
Inter 5 2 1 2 6-6 7
Sumqayıt 5 2 1 2 5-6 7
Səbail 4 1 0 3 3-6 3
Neftçi 5 0 1 4 2-7 1
Kəpəz 5 0 1 4 3-10 1
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10