Xəbər Lenti

    "Futzal futbola və futbol futzala nələri/kimləri bəxş etdi: bugünkü boşluğun səbəbləri" - LAYİHƏ

    LayihəTarix: 2017-08-31 23:36:00
    ...

    Sport24.az saytı AFFA yanında Media Komitəsinin qaliblərindən olan “Futzal: mövcud durum və perspektiv üfüqləri” istiqamətində “Azərbaycan futzalı: Kölgəyə çəkilən “kiçik qardaş” adlı layihəsində silsilə yazılarını davam etdirir. Növbəti yazı "Futzal futbola və futbol futzala nələri/kimləri bəxş etdi: bugünkü boşluğun səbəbləri" mövzusundadı. 

    Futbol və kiçik qardaşı olan futzal üzrə ölkə çempionatları 90-cı illərdən keçirilir. Hər iki idman növündə milli komandalarımız də ötən əsrin həmin illərindən seçmə mərhələlərdə iştirak edirlər. Hər ikisində - həm çempionatda oynamış, titul, mükafat qazanmış, həm də millimizin şərəfini qorumuş oyunçularmız az olmayıb. Bu yerdəyişmələr isə səbəbsiz olmayıb və yazıya buna aydınlıq gətirməklə başlayacağıq.

     

    Məlum olduğu kimi, AFFA Fuad Musayevin prezidenti olduğu dövrdə futbolumuzda, eləcə də futzalımızda maddi durum aşağı idi. Həmin dövrdə oyunçular dolanma məcburiyyətində “iki cəhbə”də top qovmalı olurdular. Nəticədə onları həm yaşıl ot örtüklü meydançada, həm də zalda, “parket”də oynayan görürdük. Ancaq əsas axın 2002-ci ildə oldu. Məlum olduğu kimi, 2001/02 mövsümündə milli çempionatımız AFFA-nın o vaxtkı rəhbərliyi ilə klublar arasında yaranan münaqişə üzündən yarımçıq dayandırıldı. Bu isə ölkədə böyük futbolun 13 ay olmaması ilə sonuclandı. Klublarımız UEFA-nın cəzası üzündən 2 mövsüm – 2002/03 və 2003/04-də avrokuboklardan kənarda qalmalı oldular. Məhz bu zaman futboldan futzala əməlli-başlı axın başladı.

     

    Futzal üzrə Azərbaycan çempionatı 1993-cü ildən keçirilməyə başlasa da, bu idman növünə marağın daha da artması böyük futbol dayandığı dövrdə olduğunu desək, yanılmarıq. Bir çox futbolçu karyerasını futzala bağladı, iş adamları yeni klublar təsis etdi, ölkə çempionatında iştirakçıların sayı çoxaldı. Böyük futbolda çoxsaylı mükafat sahibləri olan, avrokuboklar həyəcanını dəfələrlə yaşayan, milli komandamızın heyətində uzun illər çıxış edən Bəxtiyar Musayev, Mirbağır İsayev, Ceyhun Sultanov kimi tanınmış oyunçular karyeralarını futzala bağlamalı oldular.

     

    Yaxşı deyiblər ki, hər bir işdə xeyir var. Futbolun ölkədə 1 ildən çox olmamağı futzalı sözün əsl mənasında canlandırdı, onu ölkədə populyar idman növünə çevirdi. Yəni futzal böyük qardaşının müəyyən səbəbdən bir müddət kölgəyə çəkilməsindən yalnız qazandı. Həmin müddətdə futbolsevərlərimiz futzaldan danışır, azarkeşlər hər növbəti turun oyunlarını böyük səbirsizliklə gözləyirdilər. Futzal çempionatının keçirildiyi Bakı İdman Sarayının tribunalarının dolu olması bunun bariz göstəricisi idi. Necə deyərlər, iynə atsan, adam əlindən yerə düşməzdi. Həmin dövrdə səhnəyə gələn “Gömrükçü”, “Tribut” kimi yeni klublar böyük futboldan gələnləri ələ keçirdilər, onların sayəsində xeyli gücləndilər və çempionluq, kubok iddialarını ortaya qoydular. Həmin vaxtadək artıq öz sözünü demiş “Turan AİR”ın bu klubları oyunlarına azarkeş marağı xüsusilə böyük idi. Bunda da tanınmış futbolçuların çıxış etməsi, onların futzalçılarla rəqabəti az rol oynamırdı.

     

    Belə demək olar ki, futbolçular da futzala gəlməkdən heç nə itirmədilər, əksinə, qazandılar. Futzalın bir anda ölkədə xeyli populyarlaşmasıyla ona diqqət artır, maliyyə durumu yüksəldi. Futbolçular zalda oynamaqla həm maddi qazancdan korluq çəıkmir, həm də topsuz qalmır, özlərini formada saxlayırdılar. Düzdür, çempionat dayandığı vaxtda vəziyyətdən çıxış yollarından biri bu idisə, digəri ölkə xaricinə yollanaraq legioner həyatı yaşamaqla futbolçu karyerasını davam etdirmək idi. Bir çoxları da həmin vaxt bu yolun yolçusu oldular və əsas axın İranla, Ukraynaya idi.

    Əvvəl adını çəkdiyim üçlükdən ən gənci olan, 1979-cu il təvəllüdlü Ceyhun Sultanov da Arazın o tayına yollanaraq legioner həyatı yaşamışdı. Bu, İranın “Maşinsazi” klubu idi ki, o, Cənubi Azərbaycanın paytaxtı Təbrizi təmsil edirdi. Sultanovun futzala üz tutmasında zədə amilinin də təsiri olduğunu deməliyik. Çünki yarımmüdafiəçi Masallının “Viləş” klubunda İntertoto kubokunda ağır zədə alaraq və menisk əməliyyatı keçirdikdən sonra uzun müddətə sıradan çıxmışdı. Sonrasını hazırda "Sumqayıt" klubunun baş meneceri olan Sultanovun özünün dilindən dinləyək: “Əməliyyatdan 3 ay sonra evdə oturmuşdum ki, futzalda tanınmış həkimimiz olan Esmiralda Ələkbərova zəng elədi ki, futzal variantı var, oynamaq istəyərsənmi. Onda tam hazır deyildim, əməliyyatdan çıxmışdım. Bir müddət formaya düşdüm və futzalda yığmayadək yüksəldim, seçmə mərhələdə iştirak etdim. İspaniyada bu yığmaya rəsmi oyunda qol vurmuşam, seçmə mərhələdə Portuqaliya kimi güclü rəqibə qarşı da oynamışam. Əslində, mənim bundan öncə də futzal təcrübəm vardı. Hələ uşaq futbolunda Vaqif Paşayevin rəhbərliyi altında olduğum zamanı TNT adlı futzal klubunda top qovmuşdum. Sadəcə, oyundan oyuna gedirdim. Futbol dayanan vaxt isə ölkə daxilində başqa variant yox idi və əksərimiz futzala getməyə məcbur olduq. Nəticədə bu idman növünün səviyyəsi də qalxdı. Maraqlı çempionat keçirilirdi. Yadımdadır, “Tribut”da oynayırdım və “Gömrükçü” ilə “Turan AİR”ə qarşı oyunlarımızda zalda boş yer yox idi. Rəqabət güclü idi. İndisə əfsuslar olsun ki, güclü komandalar azdır, 1-2-si var. Ən yaxşısı “Araz”dı, ona da rəqib yoxdu. Bu halda isə inkişaf eləmək çox çətin olur. Mənə elə gəlir ki, uşaq futbolunda küçə futbolu, futzal oynamayan böyük futbolda həmişə çətinlik çəkir. Bu gün onun acı fəsadlarını görürük. Futzalı oynayan böyük futbolu yaxşı oynayır. Ancaq böyük futbolu oynayan futzalı elə də yaxşı oynaya bilmir. Çünki futzalda tez fikirləşməyə məcbursan, hər şeyə ani qərar verməli olursan. Böyük futbola gələndə meydanda nə qədər təzyiq olsa da, ondan rahat çıxa bilirsən. Çünki futzalda daim təzyiqdə olursan. Biz - azərbaycanlı futbolçular avropalılardan düşüncədə geri qalırıq, ondan 2-3 saniyə gec fikirləşirik. Futzal bu baxımından futbolçuya kömək olur. Ümumiyyətlə, futzal mənə bir çox şeyləri qazandırdı. Həm formaya düşdüm, həm də bir az da cəld olmağı öyrətdi. Əməliyyatdan sonra bir az çətinlik çəkirdim. Elə bil təkan oldu ki, futbola qayıdanda bunun müsbət nəticəsini gördüm. Meydançanın ölçüsü ilə bağlı problem yaşamırdım. Böyük futbol oynamışdım və bunu hiss edirdim. Sadəcə, futzadan ora gedəndə bir az da tez düşünməyə, hər şeyi bir az da tez etməyə başladım. Futzalda elə açılmalar var ki, cəldliyə işləyirsən. Böyük futbolda isə bu, olmur. Yəni futzalda hər şeydə bir az qabaq düşürsən”.

    M.İsayevin də futzala gəlişində zədə amilinin rolu olub. Özü də C.Sultanov kimi B.Musayev də milli çempionat bərpa olunanda futbola qayıtdılar, karyeralarını orada bitirdilər. Ancaq 1974-cü il təvəllüdlü M.İsayev böyük futbolda çıxışını başa vurandan sonra futzala üz tutur. Keçmiş yarımmüdafiəçi “Şəmkir”də çıxış etdiyi zaman artıq 27 yaşında zədə üzündən butslarını mismardan asmalı olur. Yəni futzal top qovmaq baxımından M.İsayevin son dayanacağı olur və bir daha futbola qayıtmır. 17 yaşlılardan ibarət yığmamızın baş məşqçisi olan həmsöhbətimizi dinləyək: “Zədəylə bağlı karyeramı tez bitirməli oldum. Fikirləşdim ki, həm formamı saxlamaq, həm darıxmamaq üçün özümü futzalda yoxlaym. Uşaqlıqda küçədə, məhlələlərdə, məktəbdə çox futbol oynamışıq. Ona görə də futzal oynamaq mənim üçün rahat idi. Böyük meydançaya kiçik meydançalardan çıxmışıq. Hamımız orda başlamışıq ki, bu da önəmli idi. Onda futbol oynamağa yer çox idi. Onda əyləncə futbol idi. Buna görə mənə futzala uyğunlaşmağa elə də çətinlik olmadı. Bir də ki, kiçik meydançada oynaya bilirsənsə, böyük ərazidə oynamaq sənə daha rahat olar. Sadəcə, futzalda tez fikirləşib tez qərar verməlisən, nəinki böyük futbolda. Müdafiədə oynayırdım və böyük futboldan sonra futzalda qapını yoxlamaq, zərbə vurmaq daha rahatdı. Məsafə yaxın gəlirdi. Ona görə imkan olan kimi bu zərbələrdən istifadə edirdim. Özü də böyük futboldan futzala tək mən gəlmədim, Bəxtiyar Musayevlə Ceyhun Sultanov da gəlmişdi. İlk addımlarımı “Azərneftyanacaq”da atdım. Sonra “Gömrükçü”yə dəvət aldım. Debütümdəcə Azərbaycan kubokunun sahibi oldum. Milli komandaya düşdüm, kapitan sarğısını qazandım. Bu da baş məşqçi, komanda tərəfindən mənə göstərilən etimad idi. Biz də futboldan sonra futzalda köməyimizi əsirgəmirdik. Ancaq istənilən halda, mənim üçün əsas böyük futboldu. Çünki sonra futzala gəlmişəm. Futzal mənim üçün ikinci dərəcəli idi”.

    Həm futbol, həm də futzalda özünü sınamışlardan biri də Rəcəb Fərəczadədi. Onu da çoxlarınız “zal futbolu”ndan tanıyırsınız. Uzun illər futzal klublarımızda, futzal yığmamızda oynayıb. Milli karyerasını ötən il başa vursa da, klub karyerası davam edir. 37 yaşlı R.Fərəczadə I diviziondan yüksək liqaya çıxan “İtaldizayn”ın uğurları üçün tər tökür. Ancaq XXI əsrdən indiyədək futzalda olsa da, onu da futbolun yetirməsi saymalıyıq. Ən azı ona görə ki, “Dinamo”nun yetirməsi olub, həm bu klubun, həm də MOİK-in heyətində milli çempionatımızın iştirakçısı olub. R.Fərəczadə futzala gəlişində maddi amilin az rol oynamadığını açıqlayıb: “Dinamo”dan sonra hərbi xidmətlə əlaqədar ordu klubunda çıxış etdim. Həmin vaxt maddi durum çox zəif idi. Məcbur idim ki, futzal da oynayaraq ailəmi dolandırım. Açığı, karyeramı bu idman növündə davam etdirmək fikrim yox idi. Lakin futzala gəlişim uğurlu alındı, yığmaya düşdüm. Həmin vaxtlar da futbolda milli çempionat dayandı və futzalda qalası oldum. 15 il millidə çıxış etdim. Düzdür, bir ara yenə futbola qayıtmışdım. Bu, 2007-08-ci illərdə “Standard” klubunda idi. Yunis Hüseynovun, sonra Kaxaber Tsxadadzenin baş məşqçiliyi altında oynadım. Futzaldan yaxşı tanıdığım Kamil Məmmədov həmin klubun rəhbərlərindən biri idi və onun dəvətilə getmişdim. Ancaq “Standard”da çox oynaya bilmədim. Çünki ev oyunlarımızı o vaxtkı “Şəfa” stadionunun süni örtüklü meydançasında keçirirdik. Mən isə sintetik qazonda oynaya bilmirəm, zədə problemi ilə üzləşirdim. Fikrimcə, futzal və ya futbol oynayırsansa, gərək birində sonadək mübarizə aparasın. Bunlar başqa-başqa idman növləridi. Dediyim kimi, maddi imkan zəif olduğuna görə iki cəbhədə vuruşurduq. İndisə həm futbola, həm də futzala diqqət var. Daha pul sarıdan əvvəlki kimi sıxıntı çəkmirsən. İndi bir yerdə oynamaq daha məqsədəuyğundu. Futzal adama cəldlik, tez fikirlərşmək, qərarını tez vermək qabiliyyətini verir, texnikanı artırır. Futzal oynamaq asan gəlməsin, o, futboldan da çətindi. Meydançada məsafə kiçik olduğundan tez fikirləşməlisən, driblinqi qısa bir yerdə tez etməlisən. Futzal oynamaqla futbolda artırmaq olar. Ancaq daim iki cəhbədə oynamaq düz gəlməz. Futzaldan futbola gəlmək rahatlıq verir, nəinki əksinə. Bir də dünyada o qədər ulduz futbolçu var ki, futzal oynayıb. Təkcə Ronaldinyonun adını çəksək yetər. Məncə, futboldan futzala gələn az olur. 2000-ci illərin əvvəlində gələnlər isə çempionat dayandığına görə buna məcbur idilər”.

    Futzal yığmamızın kapitanı Rizvan Fərzəliyevi gözümüzü açandan bu idman növündə görmüşük. O, hələ 90-ci illərin sonlarından futzalda fasiləsiz top qovur. Yəni uzun illər komanda yoldaşı olduğu R.Fərəczadədən fərqli olaraq, arada futbola üz tutmayıb. Ancaq 38 yaşlı R.Fərzəliyevin də ilk addımları futbolda olub. Onu da futbolun futzala bəxş etdikləri sırasına aid edə bilərik. Hərçənd, milli çempionatımızın iştirakçısı olmayıb. R.Fərzəliyevi dinləyək: “Deməzdim ki, futbolun futzala bəxş etdiyi insanam. Mən uşaq futbolunda Samir Əliyev, Samir Musayev, Fərrux İsmayılov, Zaur Ramazanovla birgə olaraq 90-cı illərdə mövcud olan “Naxçıvan” klubunda I dəstədə çıxış etmişik. Baş məşqçimiz rəhmətlik Hüseyn İsmayılov idi. 1997/98 mövsümündə əsgərlik vaxtı çatanda futzal da oynayırdım. Məni OİK-də mərhum Yadigar Rəhimov dəvət etmişdi. Onda Zaur Tağızadə, Zaur Ramazanov, Rəcəb Fərczadə əsgərlik vaxtları ilə əlaqədar bu komandada idilər. Biz I liqadan güclülər dəstəsinə vəsiqə qazandıq. Ancaq mən futbola yox, futzala qayıtdım. Buna görə milli çempionatımızın iştirakçısı olmamışam. Hərbi ximətə gedib gələndən sonra ciddi zədəm oldi. Topuqda sınıq əmələ gəlmişdi. Ona görə də böyük futbola qayıtmaq bir az çətin oldu. Futzalda tanış məşqçi vardı, sonradan beynəlxalq dərəcəli hakim olan İlham Əliyev. Mənə dedi ki, gəl futzala, formaya düşərsən, sonra hara istəsən seçimini edərsən. Bu, 1999/00 mövsümündə VAT komandası idi, İlham müəllim orada çalışırdı. Mənə zədəm sağalanadək, formaya düşənədək sərbəstlik vermişdi. Onun üçün əsas sağalmağım idi. Elə oldu ki, karyeramı futzalda davam etdirdim, bu idman növünə həvəsim artdı. Məşq etdim, bərpa oldum. 2000-ci ildən milliyə dəvət aldım. “Azərneftyanacaq”dan təklif gəldi, sonradan digər iddialı klublarımızda çıxış etdim, çempion oldum. Beləcə, uzun illərdir bu idman növündəyəm. Yəqin ki, karyeramı futzalda bitirəcəyəm. Bir çox oyunçularımız böyük futbolda maddi problemlər olduğundan, çempionat dayandığından futzala üz tutmuşdular. Sonradan böyük futbol bərpa olundu və futzalda çıxışlarını başa vurdular. Ancaq mən həyatımı “4 nömrə”yə bağladım və qaldığıma görə peşman deyiləm. İlk addımlarımı böyük futbolda atsam da, futzalda tanındım. Bunlar tam fərqli idman növləridir. Futzal futboldan sürətlidi. Meydanlanın ölçülərindən bəlli olur ki, burda oyun tamam başqadı. Parketdə topla oyun sürətlidi, ot örtüyündə isə bu, daha aşağıdı. Deməzdim ki, hər adam böyük futboldan gəlib futzalı rahat oynaya bilər və ya əksinə. Mənə elə gəlir ki, müqayisədə futzaldan gedib böyük futbolda oynamaq rahatdı. Çünki futzalda topla təmasda çox olursan. Sadəcə, meydançanın ölçüsü baxımından bir az çətinlik olur. Bunu da məşq proseylə aradan qaldırmaq olar. Ancaq topla rəftar, sürətli, tez oynamaq, texnika, oyunu oxumaq baxımından futzal inkişaf üçün daha da yaxşıdı. Ümumiyyətlə, bir şeyi seçmisənsə, sonadək onun yolunu getməlisən. Sadəcə, mənə görə futzalda məşq edib böyük futbola getmək daha rahatdı”.  

    Təbii ki, futzal və futbolda çıxış edənlərdən söz açanda, Zaur Ramazanova toxunmaya bilmərik. Bu hücumçunun böyük futbola gələndən sonra necə parladığını, ilk növbədə sürəti, cəldliyi, texnikası ilə hamını valeh etməsinə şahid olmuşuq. Z.Ramazanov həmin vaxtdadək futzalçı kimi tanınsa da, o da böyük futboldan başlayıb. Hətta SSRİ vaxtında yığma komandaya düşüb, beynəlxalq turnirlərin mükafatçısı, bombardiri olub. Ancaq 1990-cı illərdə futzala keçidiylə 7 mövsüm 5 komandanın heyətində bu idman növünə bağlı olub. 2002-ci ildə “Tribut”la ölkə çempionu, 27 qolla çempionatın bombardiri, futzal yığmamızın liderlərindən olub. 2003/04 mövsümündə futbola gəlişiylə Z.Ramazanovun potensialı tam ortaya çıxır, ilk növbədə bombardlik keyfiyyətlərini göstərir. O, “Karvan”ın debüt mövsümü olan 2004/05-də 26 oyuna 21 qol vurmaqla çempionatımızın bombardiri olub. Z.Ramazanova çempionatın ən sərrast oyunçusu olmağı 2006/07 mövsümündə “Xəzər Lənkəran”ın heyətində də bacarır – 24 oyuna 20 qol. Hücumçunun məhsuldarlıq üçün qazandığı titullar da futbolda çox olur. Bura Azərbaycan çempionluğu, kuboku ilə yanaşı, “Birlik kuboku” da aiddi. Z.Ramazanova da həm futzalda, həm də futbolda milli komandamızın şərəfini qorumaq nəsib olub. Sadəcə, fərq ondadır ki, futbol yğmamızda keçirdiyi 14 oyunda qol hesabını açmaq ona müyəssər olmayıb.  

    Təbii ki, bu 2 idman növünə bağlı olanları siyahısını uzatmaq olar. Vitali Borisov, Tofiq Mikayılov futzalda uzun illər çıxış etməklə yanaşı, böyük futbolda da özlərini sınayıblar, milli çempionatımızın iştirakçısı olublar. Ancaq onların futzalda oyunları daha yaddaqalan olub. 

    Bəli, göründüyü kimi, futzalda çıxış edənlərin demək olar hamısının böyük futbola hansısa formada bağlılığı olub. Futbolumuzun çətin vaxtında iki cəbhədə oynamağa, yerdəyişmələrə sövq edirdisə, indi belə maddi problemlər yoxdu və oyunçular diqqətini konkret bir idman növünə yönəldirlər. Futbolçular futzala gəlməklə onu populyarlaşdırmışdılarsa, futzal da öz növbəsində borclu qalmayıb, futbolçulara bir sıra fərdi oyun keyfiyyətlərini, meydanda hərəkətliliyi daha da yaxşılaşdırmağa imkan yaradıb.   

     

     CEYHUN ƏLİYEV

    Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib

    Фото AFFA yanında Media Komitəsi.

     

     

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Zirə 5 4 1 0 11-4 13
Qarabağ 4 4 0 0 8-2 12
Qəbələ 5 3 1 1 8-5 10
Inter 5 2 1 2 6-6 7
Sumqayıt 5 2 1 2 5-6 7
Səbail 4 1 0 3 3-6 3
Neftçi 5 0 1 4 2-7 1
Kəpəz 5 0 1 4 3-10 1
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10