Xəbər Lenti

    Novruz Novruz haqda: "Keçəlsiz və kosasız bayramın dadı olmaz"

    FutbolTarix: 2017-03-20 19:00:00
    ...

    Bu gün “Kəpəz”in futbolçusu Novruz Məmmədovun doğum günüdür. Futbolçunun 27 yaşı tamam olur. "Kəpəz"in rəsmi saytı bu münasibətlə müdafiəçidən müsahibə götürüb. Sport24.az həmin müsahibəni təqdim edir. 

    - Novruz, səni həm doğum günün, həm də adınla bağlı bayram münasibəti ilə təbrik edirik...

    Təbrikə və diqqətinizə görə çox sağ olun, var olun. Mən də fürsətdən istifadə edib hamını Novruz bayramı münasibəti ilə təbrik edirəm, xoş günlər arzulayıram. Xalqımız neçə belə bayramlar yaşasın.

    - Bu bayramın sənin üçün iki qat sevinci var....

    Bəli, həm doğum günümü qeyd edirəm, həm də bayramı. Xoş günlər bir-birinə qarışıb. Bu gün mənim kimi ayın 20-də doğulanlar var, demək bizim doğum günümüzü hamı qeyd edir (gülümsəyir).

    - Bu iki əlamətdar günü necə qeyd edəcəksən?

    Bu vaxta kimi təntənəli şəkildə ad günü keçirməmişəm, bayram əhval-ruhiyyəsi ilə evdə yaxınlarımla birgə olmuşam. Böyük şənlik olmayıb, sadəcə, bayramı yaşamışıq. Əlavə bir şey bayram ilə yanaşı, doğum günümü qeyd etməyimdir. Deməzdim ki, Novruz bayramı doğum günümü kölgədə qoyur. Təmtəraqlı doğum günü partisi təşkil edənlər bəlkə də belə düşünə bilər, amma mən yox. Əksinə, bayram xüsusi ab-hava yaradır, məni kölgədə qoymur. Həm bayramın, həm də ad gününün öz yeri var. Əsas odur ki, həmişə bayram olsun.

    - Bayramın öz adət-ənənələri var. Sonuncu dəfə nə vaxt papaq atmısan, qapı pusmusan?

    - Yadımdan çıxıb (fikirləşir), çoxdandır ki, belə şeylər etmirəm. 4-5 il olar ki, papaq atmıram, qapı pusmuram. Vaxtında çox eləmişəm, əsasən də papaq atmışam (gülür). Papağımın içinə şirniyyat, qoz-fındıq, meyvə qoyulub. Düzdür, indi şəkərbura və paxlava tez-tez qoyulmur, bu da yəqin ki, baha və əziyyətli başa gəlir ona görədi.

    - Yeni ilin simvolları Şaxta baba və Qar qızdırsa, Novruzda bu, keçəl və kosadır. Hansı yaş dövrünə kimi onların varlığına inanmısan?

    - Uşaq vaxtı necə ki, Şaxta baba və Qar qıza, eləcə də kosa və keçəlin  varlığına inanırdıq. Adət-ənənələrimizi öyrəndikcə, əslində bunu bayramın bir hissəsi kimi başa düşməyə başladıq. Keçəlsiz və kosasız bayramın dadı olmaz. 

    - Sonuncu dəfə nə vaxt yumurta döyüşdürmüsən?

    - Komandamızın Gəncədəki Novruz şənliyində. Düz 2 il idi ki, yumurta döyüşdürmürdüm. Sonuncu dəfə uduzmuşam. Bunun da taktikası var, elə yerdən vurmalısan ki, rəqibin əlindəkini qıra biləsən. Təbii ki, öz yumurtan da möhkəm olmalıdır.   

    - Bəs xoruz döyüşdürmüsən?

    - Yox, amma döyüşlərinə maraqla baxmışam. Bəzən mərcləşib də döyüşdürürlər. Belə şeylər bayrama rəng qatır.     

    - Komanda yoldaşlarından keçəl və kosa rolunu kimə yaraşdırarsan?

    Xarakterə və oxşarlığa görə bunu müəyyənləşdirmək lazımdır. Nicat Qurbanov kosaya oxşayır (gülümsəyir). Keçəli qoy fikirləşim...Yox, onu tapa bilmədim.

    - “Kəpəz”də legionerlər də çıxış edir. Necə düşünürsən, milli bayramımızı onlara da tanıtdırmalıyıq?

    Əlbəttə, Gəncədəki şənlikdə bəzi şeyləri görüb tanış oldular, onlar üçün maraqlı idi. Bəziləri artıq iki ildir ki, ölkəmizdə yaşayırlar, müəyyən şeyləri bilirlər. Biz də bu işdə onlara kömək edirik. Düzdür, yumurta döyüşdürmək, ocağın üstündən tullanmaq onlara qəribə gələ və bunun mahiyyətini başa düşməyə bilərlər. Amma insan yaşadığı yerin adət-ənənəsini öyrənsə, yaxşı olar.   

    -  Novruz, müsəlman aləmində yeni il kimi qəbul olunur. Yeni il isə yeni arzular, istəklər deməkdir. Sənin nə arzuların var?

    -  İlk növbədə əsas olan can sağlığıdır. İnsanlarımız bəladan, xətadan, xəstəlikdən uzaq olsunlar. Bunlar olmasa, həyat daha yaxşı keçər. 

     

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 28 18 6 4 46-14 62
Qəbələ 28 14 10 4 48-21 52
İnter 28 11 10 7 39-33 43
Zirə 28 10 9 9 29-26 39
Kəpəz 28 9 9 10 24-27 36
Sumqayıt 28 9 8 11 28-35 35
Neftçi 28 9 2 17 24-45 29
AZAL 27 1 7 20 13-50 10
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10