Xəbər Lenti

    İsgəndər Cavadov: "Qurban Qurbanov komandanı çətin oyunlara hazırlamağı bacarır"

    FutbolTarix: 2017-08-23 14:07:00
    ...

    Regional Futbol Federasiyasının prezidenti, veteran futbolçu İsgəndər Cavadov müsahibəsində Azərbaycan çempionu “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində Danimarka “Kopenhagen”inə qarşı keçirəcəyi cavab oyunundan danışıb. Sport24.az həmin müsahibəni təqdim edir. 

    - “Qarabağ” Azərbaycan futbolu üçün ən önəmli oyuna hazırlaşır. İlk oyundan sonra şansları necə qiymətləndirirsiniz?

    - Şanslar bərabərdi. “Qarabağ” ilk oyunda çox gözəl mübarizə sərgilədi. Layiqli oyunla qələbə qazandı. Amma futbolda 1:0 hesablı qələbələr böyük üstünlük sayılmır. İki qol vursaydıq, səfərə daha rahat yollanmaq olardı. “Qarabağ”a və Qurban Qurbanova inam böyükdü. Bununla belə oyunun çətin olacağını unutmayaq. “Kopenhagen” səfərdə tamam fərqli oyun göstərəcək.


    - Əksəriyyət Danimarka çempionuna evdə qalib gəlməyin çətin olduğunu düşünür. Bəlkə “Qarabağ”  da cavab oyununda fərqli oynasın...

    - Bizə sərfəli nəticə lazımdı. Heç-heçə ölkə çempionunu qrup mərhələsinə çıxaracaq. Buna görə biz nəticəyə oynamalıyıq. “Qarabağ” təcrübəli heyətə və məşqçiyə sahibdi. Qurban Qurbanov son illər əldə etdiyi uğurlarla özünü sübut edib. O komandanı çətin oyunlara hazırlamağı bacarır.

    - Bakıdakı matçda “Kopenhagen” sanki ehtiyatlı davranırdı. Bu fikirlə razısız?

    - Danimarka təmsilçisi “Qarabağ”dan belə oyun gözləmirdilər. Onlar komandanın müdafiəyə çəkiləcəyini düşünürdü. Belə təzyiqə və oyuna hazır deyildilər. İlk oyunda futbolçularımız çox yaxşı oynadılar. Hiss olunurdu ki, Qurban Qurbanov rəqibi yaxşı təhlil edib. Səfər matçında ilk hissədə qapımızdan qol buraxmasaq oyuna nəzarət etmək mümkündü.

    - “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə düşməsi ölkə futbolu üçün nə deməkdi?

    - Çempionlar Liqasının qrup mərhələsi Azərbaycan klublarının əsas hədəfi olub. Ölkə futbolunda böyük pulların olduğu zaman bu məqsədə çatmaq mümkün görünürdü. Təəssüf ki, bəzi klublarımız işi düzgün qurmadı. İnkişaf strategiyası hazırlanmadı. Bahalı legionerlər gətirməklə qısa zamanda uğur qazanmağa çalışdılar. Bu mənada “Qarabağ” fərqlənir. Rəhbərlik gələcəyin komandasını formalaşdırmağı bacardı. Çempionlar Liqasının qrupunda oynamaq ölkə idmanının təbliğatı, futbolumuzun yeni mərhələyə çıxması demək olacaq. Bu qələbə futbolla yanaşı idmanımıza da çox lazımdır.

    - “Qarabağ”ın hücum xəttində problemlərin olduğu söylənilir. Sizin fikrinizcə, Reynaldonun yeri görünür?

    - Qurban Qurbanov stabil heyət formalaşdırıb. Bu gün komandanı tərk edən futbolçunun yeri görünmür. Çünki təcrübəli məşqçi öz işini bacarır. Ümumiyyətlə, Qurbanov üzərində daim çalışmağıyla seçilir. Onu son illərin ən yaxşı məşqçisi hesab edirəm. Çətin zamanda rəhbərlik ona dəstək oldu və Qurban ümidləri doğrultdu. “Qarabağ”ın uğurlarını gördüyümüz zaman digər klubların vəziyyəti qənaətbəxş deyil. Biz əvvəlki maliyyə ilə çoxdan qrup mərhələsinə adlamalıydıq. Əvəzində “Xəzər Lənkəran”, “Bakı”, “Simurq” kimi komandalar fəaliyyətini dayandırdı.

    - “Kopenhagen”in oyun üslubunda xüsusilə nəyi qeyd edərdiniz...

    - Müdafiədən hücuma sürətli keçidləri var. Bu rəqiblərə problem yaradır. Ölkə çempionatında son oyunlarda qələbə qazanmağa çətinlik çəkirlər. Çünki bütün diqqətləri Çempionlar Liqasına yönəlib. “Kopenhagen” də “Qarabağ” kimi qrupda oynamaq üçün çalışır. Çempionlar Liqasının qrupunda çıxış etmək Avropa futbol ailəsinin üzvü olmaq deməkdir. Azərbaycan çempionuna uğur arzulayıram. Fikrimcə, indi hamı “Qarabağ”dan sərfəli nəticə gözləyir. Cavab görüşündə bizə baxımlı oyun deyil, nəticə lazımdı. (dsport.az).

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 12 8 1 3 19-13 25
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 12 4 1 7 14-14 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 10 8 2 0 19-7 26
MOİK 10 5 2 3 16-9 17
Mil Muğan 10 5 1 4 16-15 16
Şüvəlan 10 5 1 4 10-9 16
Binə 10 4 3 3 11-6 15
Turan Tov. 10 4 2 4 13-14 14
Xəzər 10 3 3 4 9-7 12
Sabah 10 3 2 5 12-17 11
Ağsu 10 3 2 5 12-19 11
Zaqatala 10 1 0 9 5-20 3