Xəbər Lenti

    “Neftçi” üçün “seytnot”: Seçim kimin üzərində dayanacaq?

    FutbolTarix: 2017-08-22 11:00:00
    ...

    Elxan Abdullayev getdi. Gedənin arxasınca daş atmaq, tənqid etmək çox asandı. Ancaq özünün etiraf etdiyi ilə kifayətlənməyi daha üstün tuturuq. Nədəsə, nələrdəsə səhvə yol vermişdi.

    İndi “ağ-qaralar”ı daha ağır və məsuliyyətli sınaq gözləyir. Klubun “sükanı arxası”na keçəcək şəxsi müəyyənləşdirmək lazımdı. Özü də bu, olduqca müşkül məsələdi.

    Istənilən mütəxəssis komandanı mayda-iyunda götürmək istəyir. İkinci, nisbətən pis, lakin məqbul sayılan variant dekabr-yanvar aylarıdı ki, belədə, dövrələrarası fasilədə yeni komandanı formalaşdırmaq mümkündü.

    İndi isə mövsüm üçün nəzərdə tutulan büdcə kağız üzərində paylaşdırılıb. Komandaya yeni oyunçular gətirmək üçün vəsait yoxdu. Doğrudu, təyin olunacaq mütəxəssis üçün alternativ gediş şansı var: komandanın əcnəbiləri ilə qarşılıqlı şəkildə müqaviləyə xitam vermək. Ancaq bu, heç də asan məsələ deyil. Çünki ilin-günün bu vaxtında heç bir futbolçu işsiz qalmaq istəməz. Kompensasiya ödəniləcək təqdirdə isə yeni gətiriləcək futbolçuya pul qalmayacaq. Deməli, bu cür “rokirovka”nın yaşama şansı minimaldı.

    Başqa sözlə “Neftçi”yə tort gözüylə baxan mütəxəssislər anlamalıdılar ki, 2-3 ay maaş ala bilərlər, lakin nəticə verə bilməsələr, top-tüfəngə tuş gələcəklər. “Neftçi” sözün həqiqi mənasında barıt çəlləyidi. Bu, klubun alın yazısıdı. “Neftçi”ni məğlub etmək istənilən komanda üçün şərəfdi. Lakin “Neftçi” camiəsi üçün medalsız qalmaq yolverilməzdi. Bu səbəbdən də daim üzdə baş məşqçi olacaq: uğur da olanda, “qara zolaq” da.

    Aydın məsələdir ki, yeni oyunçu transfer edə bilməyən klubun əcnəbi mütəxəssis gətirəcəyi mümkünsüzdü. Deməli, ümid yerlilərədi. İşsiz mütəxəssislər arasında Ağasəlim Mircavadovla Vaqif Sadıqovun vakant posta təyin ediləcəyi real görünmür. Birincinin xidmətindən uzun illərdi heç bir klub yararlanmır, Sadıqov isə səhhətindəki problemlərə görə bu cür ağır yükün altına girməyə razılıq verməz. Namizədlər arasında ən çox diqqətçəkən Tərlan Əhmədov, Nazim Süleymanov və Yunis Hüseynovdu. Böyük ehtimalla, seçim bu trionun üzərində aparılacaq. Adlarını çəkdiyimiz trio futbolçu kimi “Neftçi”nin şərəfini qoruyublar. Məşqçi kimi Əhmədovla, Süleymanovdan fərqli, Hüseynov belə bir şans qazanmayıb. İndi klub rəhbərliyi üçün ən önəmli məqam seçimdə yanılmamaqdı. Özü də gətiriləcək mütəxəssis əlindəki materialdan “konfet” düzəltməlidi. Bu, namizədlər arasında görünən mütəxəssislərdi.

    Ancaq siyahıdan Kamal Quliyevi də silmək olmaz. “Neftçi”yə gözlənilməz təyinat alan “Neftçala”nın sabiq baş məşqçisi də vakant qalan posta namizədlər sırasındadı. Eyni zamanda Elşad Əhmədovu müvəqqəti olaraq komandanın “sükanı arxası”na keçirən rəhbərlik “Kəpəz”lə oyunda qələbə qazanacaqları təqdirdə, “ağ-qaralar”ı 47 yaşlı mütəxəssisə də etibar edə bilər.

    Göründüyü kimi, bir posta yetərincə namizəd var. Ancaq seçimdə yanılmaq olmaz. Özü də bu seçim üçün vaxt məhduddu.

    CEYHUN ƏLİYEV

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 9 7 2 0 17-6 23
MOİK 9 5 2 2 15-7 17
Turan Tov. 9 4 2 3 13-13 14
Binə 9 4 2 3 10-5 14
Mil-Muğan 9 4 1 4 15-15 13
Şüvəlan 9 4 1 4 9-9 13
Xəzər 9 3 3 3 9-6 12
Sabah 9 3 1 5 11-16 10
Ağsu 9 2 2 5 11-19 8
Zaqatala 9 1 0 8 5-19 3