Xəbər Lenti

    PFL niyə susur, Və ya "açın sinənizi"

    FutbolTarix: 2017-08-15 09:09:00
    ...

    “Açın sinənizi” – Afaq Bəşirqızının falçı obrazında müştəri xanıma dediyi və zərb məsəlinə çevrilmiş ifadə; “Bəri bax, bəri bax, qızın iki adaxlısı var” – adını əksəriyyətin bilmədiyi Əhməd Rumınskinin Məşədi İbadın hanbalı obrazını ifa edərkən, səsləndirdiyi və dillər əzbərinə çevrilmiş sözlər... “Nə əlaqəsi var” sualını verən oxucunu anlamamaq olmur. Axı, doğrudan da, nə əlaqəsi? 

    “İnter” Rauf Əliyevlə bağlanan müqavilənin daha bir nüsxəsini üzə çıxardıqdan sonra da Əliyev Albaniya “Kukesi”si ilə münasibətlərini rəsmiləşdirməkdən çəkinmədi. Məsələnin mənəvi tərəflərinə baxdıqda, hər iki tərəfi günahlandırmaq olar. Məsələn, Rauf bir mövsüm zədəli olduğu müddətdə “İnter”in çörəyini yedi. “Bu, həmin “İnter” deyil” deməyə tələsməyək. Hər halda futbolçu klub rəhbərliyi və sponsor dəyişəndə “gedirəm” demədi. Yalnız indi, daha cəlbedici təklif aldıqdan sonra getməyə qərar verdi. Heç kəs də özünü aldatmasın ki, futbolçu səvəyyəsini artırmaq üçün ölkə hüdudlarını tərk etdi. Əsla! Hazırda aldığı məvacibin ikiqatını əldə etmək üçün bu riskli layihəyə qol qoydu...

    “İnter”? Nə Zaur Axundov, nə Rəmiş Malıyev, nə də digər klub funksioneri deyə bilməz ki, “Rauf məsələsi”ndə “aydan arı, sudan durudu”. Əvvəla, üzə çıxarılan müqavilədə imzası gedən Rəşad Qasımovun vəzifədən getməsindən 1 ildən artıq vaxt ötür. Deməli, hazırki rəhbərliyin futbolçunun ikili müqaviləyə imza atmasından bixəbər olmadıqlarına dair əlavə şərhə ehtiyac yoxdu. Deməli, hansısa iddianı sürmək üçün PFL-ə təqdim olunan müqavilə bünövrədəcə ləğv edilməli, notarial qaydada təsdiq olunmayan sövdələşmə təqdim edilməli idi. Necə ki, Əliyevə bir il ərzində 120 min manat ödənilib, bunu PFL-ə təqdim edilən müqavilədə də göstərmək gərək idi.

    İndi də bir neçə kəlmə Afaq Bəşirqızı haqda... Bu gün ölkə futbolunun hansı fırıldaqlar məngənəsində cövlan etməsi çılpaqlığı ilə üzə çıxdı. Ancaq məsələ tək Raufla bitmir. Bu, bütövlükdə futbolumuzun güzgüsünü əks etdirən durumdu. Futbol təsərrüfatındakı saxtakarlıqlar bədxassəli xərçəng şişi kimidi: kəsmək işi daha da pisləşdirir. Klub rəsmilərinə sual verirsən ki, büdcəniz nə qədərdi, deyir, kommersiya sirridi. Soruşursan ki, filan oyunçunun illik məvacibi nə qədər olacaq, deyir ki, kommersiya sirridi. Deyirsən ki, təlim-məşq toplanışına nə qədər vəsait xərclədiniz, deyir ki, kommersiya sirridi.

    Problem budu ki, kommersiya sirri istehsalat, satış olan müəssisədə yaşana bilər. Klubun debet/kredit bölümündə “kommersiya sirri” ola bilməz. Deyək ki, “X” komanda Avstriya/Türkiyəyə təlim-məşq toplanışına gedib. Bu toplanışa xərclənən vəsait üzə çıxsa, kluba hansı maddi ziyanı vura bilər? Klub büdcəni açıqladıqda, hansı zərəri çəkir? Açıqlanmırsa, deməli, büdcə şəffaf deyil. Klub rəhbərliyi mütləq və mütləq “sinəsini açmalı”dı! Əks təqdirdə, “bizdə yeyinti ola bilməz” tipli ifadələrə heç bir kəs inanmayacaq.

    “Qızın iki adaxlısı var”? Günümüzdə əksər müqavilələr bu şəkildə bağlanır. Müqavilələri qəbul edən qurumun adı PFL-di. Abbreviaturasının ilk hərfinin açmasına bir baxın – PEŞƏKAR. Peşəkar qurumda hər halda peşəkar yoldaşlar işləməlidi. Necə olur ki, FİFA ikili müqavilə üzə çıxdıqda həmin PEŞƏKAR Futbol Liqasına təqdim olunan sənədi tanımır, PFL isə ildən-ilə eyni “palçığa batır”? Məgər PFL prezidenti Ramin Musayev bilmir ki, Rauf Əliyev aylıq 579 manata nəinki futbol oynamaz, heç stadionun darvazasından içəri daxil olmaz? Bəs, bunun qarşısını almırsa, hansı xidmətlərinə görə 9 ildi bu postu göz bəbəyi kimi qoruyur? Hər mövsümün əvvəlində yağlı vədlər verir ki, cərimələr, legionerlərə görə rüsumları ödəməyən klublar cəzalandırılacaq, üstündən bir ay keçməmiş “yola verəcəyik” deyir. Bəli, klublar və futbolçular fırıldaq işlədir, ikili müqavilə imzalayır. Ancaq bu sənədləri bəh-bəhlə qəbul edən qurum PFL-di, cənablar, PFL!

    Əgər bu qurum klublardan dürüst müqavilələrin imzalanmasını tələb edə bilmirsə, klub-legioner münaqişəsi yarandıqda FİFA PFL-dəki sənədi əski yerinə də qoymursa, kimə lazımdı çempionatın bu cür təşkili? 

    ...“İnter”lə Rauf Əliyev arasında dərin bir münaqişə yaşanır. Hanı PFL-in rəsmi mövqeyi? Çempionatın təşkilinə görə birbaşa məsuliyyət daşıyan qurum niyə rəsmi mövqeyini ortaya qoymur? Biz demirik ki, niyə Raufu, yaxud “İnter”i müdafiə etmir. Qətiyyən! Nəyə görə PFL ikili müqaviləyə görə əməli tədbirin görüləcəyinə dair heç bir bəyanat yaymır? Sizə çətindirsə fırıldaq və təmiz müqavilələri ayırd etmək, sadəcə, rəqəmləri açıqlayın, qalanı olduqca asan məsələdi. Necə ki, FİFA belə məsələlərdə 500 manatlıq müqavilələri zibil yeşiyinə tullayır. 

    Ola bilər ki, sabah Ramin Musayev AFFA rəhbərliyini göstərib, imkan vermədiklərini bildirsin. Təki bildirsin. Hədəfi göstərəcəkmi? Hətta bu, belədirsə də göstərməyəcək. Ancaq göstərmirsə, demək ki, vəzifəsinin öhdəsindən gələ bilmir. Gələ bilmirsə, daha cəsarətli kadrla əvəzlənməli, yaxud da bu qurum ümumiyyətlə, ləğv olunmalıdı. 

    Bu hadisənin beynəlxalq miqyasda da müzakirəyə çıxarılacağı şübhəsizdi. Deməli, ölkə imicinə ciddi zərbə dəyəcək. Özü də bu hadisə yeganə insident olmayacaq. Nə qədər ki, “qızın iki adaxlısı” olacaq, nə qədər ki, PFL “sinəsini açmayacaq” bu eybəcərliklər bitməyəcək. Ümid edirik ki, yaxın günlərdə PFL prezidenti yaşanan olayla bağlı mətbuat konfransı təşkil edib, belə eybəcərliklərin qarşısını almaq yönündə hansı adıımları atacağına dair məruzə edəcək. Bu, baş verməyəcəksə, analoji addımı AFFA rəhbərliyindən gözləyirik. Bütün hallarda, müqavilə fırıldaqları birdəfəlik yığışdırılmalı, klublar şəffaf fəaliyyət göstərməlidilər!

    CEYHUN ƏLİYEV
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 5 5 0 0 12-3 15
Zirə 6 4 2 0 12-5 14
Qəbələ 5 3 1 1 8-5 10
Inter 6 2 2 2 7-7 8
Sumqayıt 5 2 1 2 5-6 7
Səbail 5 2 0 3 4-6 6
Neftçi 5 0 1 4 2-7 1
Kəpəz 6 0 1 5 3-11 1
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10