Xəbər Lenti

    Rauf Əliyev düyünündə son akkord: Gedə bilməz!

    FutbolTarix: 2017-08-13 15:18:00
    ...

    Rauf Əliyev düyünü cari mövsümün qəribəlikləri sırasında birinci yerdədi. Futbolçu deyir “Kukesi” ilə müqavilə bağlayacam, “İnter” rəhbərliyi təkid edir ki, mümkün deyil. Futbolçu deyir ki, azad agentəm, “İnter” rəhbərliyi deyir ki, müqaviləmiz var. Bəs, məsələ nə yerdədi? Həqiqət, hüquq kimin tərəfindədi? Uzun sürən araşdırmamıza nəhayət, son nöqtəni qoyduq.

    Məsələ burasındadı ki, Raufun “İnter”lə müqaviləsi həm var, həm də yoxdu. Gülməlidi, deyilmi? Ancaq bu sistemi Azərbaycan futboluna Sport24.az gətirməyib və gülüş obyekti də biz deyilik, ikili müqavilə imzalayanlardı. Futbolçuyla 2018-ci ilin may ayınadək müqavilə bağlanıb. Həmin müqavilə hüquqi şəxs – “İnter” Peşəkar İdman Klubu ilə fiziki şəxs – Rauf Əliyev arasında imzalanıb. Futbolçunu kimsə arxayın edib ki, notarial qaydada təsdiqlənməyən müqavilə hüquqi qüvvəyə malik deyil.

    Ancaq məsələ burasındadı ki, ölkə daxilində qanun fərqlidi. Notarial təsdiqə hansısa alqı-satqı, borc verilmə/alınma baş verdikdə ehtiyac duyulur. Bu isə sıradan bir əmək müqaviləsidi və notarial təsdiqə ehtiyac yoxdu. “İnter”in də əsas kozırı məhz bu amildi və Əliyevin “Kukesi” ilə müqavilə imzalamaq şansının üstündən qalın bir xətt çəkir.

    Nəzərə almaq lazımdı ki, FİFA ümumiyyətlə, notarial qayda tanımır. Dünyanın ali futbol qurumu üçün iki tərəfin imza atdığı sənəd kifayət edir. Eyni zamanda, Albaniya təmsilçisinin də  Raufun keçidinə görə “İnter”ə kompensasiya ödəmək fikri yoxdu. Elə futbolçu özü də azad agent statusu ilə “Kukesi”yə keçmək niyyətində idi. Deməli, Raufun iki yolu var: ya “İnter”ə qayıtmaq, ya da müqaviləylə bağlı olduğu kluba kompensasiyanı cibindən ödəmək. Daha real görünən forvardın Azərbaycana dönməsidi.

    Mənəvi dəyərlərə gəldikdə, hər iki tərəfi anlamaq olar. Futbolçu daha cəlbedici və stabil təklifə razılıq vermək istəyir. Eyni zamanda, legioner həyatı yaşaması Azərbaycan üçün də faydalıdı. Lakin “İnter” indi elə bir vəziyyətdədi ki, hətta 17-18 yaşlı gənclərin getməsinə razı ola bilməz. Necə deyərlər “yuxarı baxıram – bığdı, aşağı baxıram – saqqal”.

    Məsələnin digər tərəflərinə də toxunmaq istərdik. Topaz Premyer Liqasını keçirən Peşəkar Futbol Liqasının rəsmi saytında komandaların iştirak ərizələri yer alıb. “İnter”in təqdim etdiyi siyahıda Rauf Əliyevin adı yoxdu. Niyə? Bu sualın cavabı da üzdədi. “İnter” futbolçuyla notarial qaydada təsdiqlənmiş müqaviləni imzaladıqdan sonra PFL-ə təqdim etmək istəyirmiş. Lakin gündəmə gələn “Kukesi” məsələsi  hər şeyi alt-üst edib.

    Transfer pəncərəsi hələ ki, açıqdı. Bəs, “İnter” bu müddət kəsiyində Əliyevin adını siyahıya əlavə edəcəkmi? Bu sualı klubun icraçı direktoru Rəmiş Malıyevə ünvanladıq: “Artıq sabah bu məsələni yoluna qoyacağıq və Rauf Əliyevin adı komandamızın iştirak ərizəsinə əlavə ediləcək”.

    Ancaq qəribəliklərlə zəngin Azərbaycan futboluna dair bir sual ətrafında nə qədər baş sındırsaq da, cavab tapa bilmədik. PFL-ə təqdim edilən müqavilələrin hamısı notarial qaydada təsdiq olunur. Bir halda ki, buna heç bir ehtiyac yoxdu, aparıb bir ətək pulu notariuslara yedirtmək nəyə/kimə lazımdı?

    Göründüyü kimi "Bermud üçbucağı" "İnter"-"Kukesi"-Rauf Əliyev üçbucağının yanında toya getməlidi. Məsələ mütləq həllini tapacaq. Ancaq indidən bir şeyi əminliklə söyləyə bilərik: necə həll olunmasından asılı olmayaraq, bu məsələdə hər üç tərəf uduzacaq.

     

    CEYHUN ƏLİYEV
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Zirə 2 2 0 0 5-1 6
Qarabağ 2 2 0 0 4-1 6
Qəbələ 2 2 0 0 3-1 6
Səbail 2 1 0 1 2-2 3
Sumqayıt 2 1 0 1 2-2 3
İnter 2 0 0 2 1-3 0
Neftçi 2 0 0 2 1-4 0
Kəpəz 2 0 0 2 1-5 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10