Xəbər Lenti

    Açılış oyununda status-kvo

    FutbolTarix: 2017-08-12 15:00:00
    ...

    Fasilə bitdi. Topaz Premyer Liqası yenidən Azərbaycan futbolunun “xəstələri”ni bir araya gətirdi. Püşk də maraqlı start oyunu seçmişdi: “Neftçi” – “Qarabağ”. Bu matç ətrafında o qədər suallar var idi ki...

    Məsələn, “Neftçi” yeni mövsümə necə start götürəcək? Elxan Abdullayevin komandası çempiona “əlcək ata” biləcəkmi? “Ağ-qaralar” hansı taktikadan istifadə edəcək? Qonaqların baş məşqçisi Qurban Qurbanov ÇL-in pley-offu öncəsi əsas silahlarını qoruyacaq, yoxsa mövsümün əvvəli olduğunu nəzərə alıb, onlara oyun praktikası qazandırmağı üstün tutacaq? Çempion start turuna ciddi yanaşacaq, yoxsa “ölü temp” sifariş verəcək?..

    Matça bir saat qalmışdan azarkeşlər  “Bakcell Arena”nın ərazisində yerləşən “Neftçi” fan-şopu və səyyar satış masasını mühasirəyə almışdılar. Elə hansısa səbəbdən oyuna ac gələnlər də unudulmamışdı: klub qəlyənaltı etmək istəyənlər üçün də belə bir şərait yaratmışdı... 

    Oyunun startına təqribən 40-45 dəqiqə qalmışdan hər iki tərəfin fanat ordusu aktivlik göstərməyə başladı. Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası meydana çıxarkən isə “Neftçi”nin irihəcmli 5 bayrağı perimetr boyu azyaşlı futbolçuların əlində dalğalanırdı. Ardınca dövlət himnimiz səsləndi, daha sonra isə stadionun diktorunun ifasında geriyə sayım başladı: 10, 9, 8... Nəhayət, Əliyar Ağayev XXVI Topaz Premyer Liqasının ilk oyununun start fitini səsləndirdi. 

    Meydan sahiblərin 5 müdafiəçiylə oynaması mümkün variantlardan biri idi. Ancaq bu sistemdə cinahların hansı funksiyanı yerinə yetirəcəyi, komandanın əks-hücumlara hansı sürətlə çıxacağı və bu reydlərin sayı önəmli məqamlardan idi. Çünki “Qarabağ” ölkənin topla davranmağı sevən və bacaran “mayak”ıdı. Ölkə daxilində elə bir komanda yoxdu ki, Ağdam təmsilçisinə mərkəzi və topu verib 90 dəqiqə müdafiə oluna bilsin... 

    Qurban Qurbanovun döyüşə atdığı start heyəti isə olduqca təhlükəli idi. Avrokuboklarda az şans qazanana istənilən rəsmi matç yeni bir çağırış, yeni bir ümiddi. Belədə, matçsonrası mətbuat konfransında Elxan Abdullayevin “kaş “Qarabağ”ın əsas heyət oyunçuları oynayaydı” deməsini anlamaq çətin olmur.

    “Neftçi” sıx müdafiə xətti qurmaqla qonaqların hücum həmlələrinin qarşısını almağa düşünsə də, hər ötən dəqiqə “avtobusun qapıları”nın açılacağından xəbər verirdi. “Ağ-qaralar”ın sıralarında ilk 45 dəqiqədə ən fəal Elnur Cəfərov bir neçə epizodda oyunu üzərinə götürməklə yadda qalsa da, Anton Konibolotskinin qapısı qarşısında nə o, nə də komanda yoldaşları ciddi heç nə ilə yadda qalmırdılar...

    “Süvarilər” isə bacarıqlı hörümçək kimi hiyləgər torlarlarını qurmaqda davam edirdilər. Xüsusilə, Mahir Mədətovun fəallığı göz oxşayırdı. Sol vinger mövqeyində qərarlaşan futbolçu oyunu üzərinə götürməkdən çəkinmirdi. Artıq 7-ci dəqiqədə onun cərimə meydançasına sərt ötürməsi yaddaqalan oldu. Doğrudu, komanda yoldaşları bu ötürməyə yetişmədi. Amma ilk həyəcan siqnalı səslənmişdi. Bundan cəmi 8 dəqiqə sonra isə siqnal qola çevrildi. Doğrudu, təhlükə yox idi və qolu de-fakto, “Neftçi” özü gətirdi. Əfran İsmayılovun cərimə zərbəsindən cinahla hava ötürməsindən sonra təhlükə nəzərə çarpmırdı. Lakin Ruslan Abışov Mahir Mədətovla dueldə topa tullanmadı. Niyə? Bunun bircə məntiqi izahı var: qapıçının “mən” (imanımı yandıra bilmərəm, bəlkə də “ya”) deməsi. Hər şey də bundan xəbər verir. Çünki Səlahət Ağayev irəli sıçradı və bir göz qırpımında seyrici mövqeyinə düşdü. Topa çatmayan kiper ötən mövsümün ilk yarısında “İnter”də çiyin-çiyinə oynadığı Ruslanı da müdaxilə etməməyə çağırmaqla çaşdırdı və nəticədə heç bir maneə görməyən Mədətov zəif baş zərbəsi ilə çempionatın ilk qolunu boş qalmış qapıya göndərdi.

    Matçın 18-ci dəqiqəsi “Qarabağ”ın total üstünlüyünü şərtləndirən məqamla yadda qaldı. Yazının əvvəlində qeyd etdiyimiz “topla davranmağı sevir və bacarır” diaqnozunun bariz nümunəsi qonaqların ardıcıl 20 ötürmədə səhvə yol verməməsi ilə yadda qaldı. Yalnız 21-ci ötürmə zamanı bakılılar topu yan xətdən çıxara bildilər. 

    Maraqlıdır ki, Qurban Qurbanovun yetirmələri fasiləyədək fərqlənməyi bacardıqları ikinci qol epizodunu əks-hücumda yaratdılar. Tərzin Cahangirovun Dino Ndlovudan sıyrılmaq istəyi cənubi afrikalının boş zonayla 40 metr irəliləməsini şərtləndirdi. Forvardın qarşısındakı Derlis Meza Kolli isə 4-5 metrlik qandikapa sahib olsa da, yekinda bu sprinter yürüşünü afrikalıya uduzdu. Nəticədə Mahirə edilən ideal ötürmə və tabloda 0:2 mənzərəsi öz əksini tapdı.  Bu qol Tərzinə əvəzetmə bahasına başa gəldisə, paraqvaylı yarımmüdafiəçi 90 dəqiqəni əvəzlənmədən keçirdi. 

    Fasilədən dərhal sonra Əfranın cərimə meydançasına ötürmə etmək istəyi az qala 3-cü qolla nəticələnəcəkdi. Lakin Səlahət bu dəfə topun traektoriyasını düzgün müəyyənləşdirdi və barmaqlarının ucuyla “mərmi”ni qapı xəttindən çıxarmağı bacardı. 

    Tərzini əvəzləyən İqnasio Herrera daha xoş təsir bağışlamaqla yanaşı, oyundakı taktiki dəyişiklik də diqqət çəkdi. “Ağ-qaralar” yüksək pressinqə keçdilər. Belədə, qonaqların total üstünlüyü itdi. İndi “Neftçi” daha döyüşkən görünürdü. Doğrudu, “süvarilər” daha bir qola imza atdılar: Mahir Mədətovun ideal ötürməsindən sonra Ndlovu da qol hesabını açdı. Lakin oyun baxımından “Neftçi” daha məzmunlu futbol sərgiləməyə başlamışdı. Bu əzmkarlıq son dəqiqədə qismən də olsa bəhrəsini verdi və Rahid Əmirquliyev komandasının böyük hesablı qələbəsinin qarşısını alan avtoqola imza atdı.

    İndi də ilk oyunun mənzərəsi barədə. “Qarabağ” cari mövsümdə artıq 4 rəsmi oyun keçirdiyi halda, “Neftçi” debüt matçına çıxmışdı. Təbii ki, bu, qonaqların daha hazırlıqlı olmasından xəbər verir. Diqqət çəkən ikinci məqam meydan sahiblərinin 2-ci nömrəni seçmələridi. Fasilədən sonrakı dəqiqələr göstərdi ki, çempiona qarşı məhz yüksək pressinq tətbiq etməklə, uğura bel bağlamaq olar. Doğrudu, “ağ-qaralar”ın 90 dəqiqə ərzində bu tempdə oynaya biləcəyi real görünmür. Ancaq komanda hətta bir hissə bu cür oynamağa qadirdisə, bunu ilk yarıda etmək lazım idi ki, fasilədən sonra “avtobus” quraşdırmaqla məşğul olasan. Belədə, ağdamlılar da ilk 45 dəqiqədə xeyli yorulacaqdı və fasilədən sonra sürətli hücumlar qurmaqda çətinlik çəkəcəkdilər.

    Oyunun nəticəsinə gəlincə, çempionun ədalətli qələbə qazandığı heç kimdə şübhə doğurmur. “Qarabağ”ın oyundan-oyuna artan qrafik cızması hər kəsi sevindirir. “Kopenhagen”lə oyun öncəsi bu, olduqca xoş məqamdı. 

    “Neftçi”yə gəlincə, komandanın sınaqçısı son 4 mövsümün əvəzsiz çempionu idi və hansısa planlaşdırılmayan xal itkisindən söhbət gedə bilməz. Komandanın sıralarında ən zəif bənd olan Derlis Meza Kolliyə gəlincə, yəqin ki, turlar ötdükcə futbolçu yediyi çörəyin qarşılığını verəcək. Hər halda, ləngliyi, oyuna kritik müdaxilə etməməsi / üzərinə götürməməsi, ikinci qolda “müstəsna pay sahibi” olması – bütün bunlar Derlisi ilk oyunun antiqəhrəmanı kimi göstərməyimiz üçün yetərincə əsasdı. 

    Yekunlaşdıraq. Matçda staus-kvo qorundu və favorit layiq olduğu qələbəni bayram etdi. Cari mövsümdə “Neftçi”nin bürünc medallar uğrunda mübarizə aparmaq məqsədinə çatmaq arzusuna gəlincə, bunu əsas rəqibləri ilə oyunlar göstərəcək. 

    CEYHUN ƏLİYEV
     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Zirə 5 4 1 0 11-4 13
Qarabağ 4 4 0 0 8-2 12
Qəbələ 5 3 1 1 8-5 10
Inter 5 2 1 2 6-6 7
Sumqayıt 5 2 1 2 5-6 7
Səbail 4 1 0 3 3-6 3
Neftçi 5 0 1 4 2-7 1
Kəpəz 5 0 1 4 3-10 1
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10