Xəbər Lenti

    İxtisaslaşmış futzal məktəblərinin effektivliyi - LAYİHƏ

    LayihəTarix: 2017-07-31 16:00:00
    ...

    Sport24.az saytı AFFA yanında Media Komitəsinin qaliblərindən olan "Futzal: mövcud durum və perspektiv üfüqləri" istiqamətində "Azərbaycan futzalı: Kölgəyə çəkilən "kişik qardaş" adlı layihəsində silsilə yazılarını davam etdurir. İkinci yazı "İxtisaslaşmış futzal məktəblərinin effektivliyi: yeniyetmələrin futzala gətirilməsi və gələcəkdə milli komandamızda əcnəbilərin sayının minimuma endirilməsi" mövzusundadı. 

    Ölkə futzalının müasir durumuna baxdıqda, ürəkaçan mənzərəyə şahidlik etmirik. Aşağı dəstələrlə işimiz yox, elitada mübarizə aparan komandalar tez-tez dəyişir. Sponsor gəlir, 1-2 il pul buraxır, sonra da komanda tarixin yaddaşına köçür. Sponsorların idmandan uzaq insan olmaları belə acı mənzərənin başlıca səbəbidi. Nəyin qulpundan necə yapışmağın yolunu bilmədikdə isə yekun acınacaqlı olur. Ətraflarına toplaşan “mütəxəssislər” də “beş günlük dünyadı” deyib, “tort”dan bir dilim yemək istəyirlər. Bəli, həmin dilimi qoparmaq olur, amma “tort” tezliklə tükənir, bunu isə düşünən yoxdu.

    Hansı durumdadı müasir futzalımız? Bu idman növünün “güzgü”sü milli komandamızdı. 2010-cu ildə keçirilən Avropa çempionatının final mərhələsində iştirak edən yığmamız ilk oyununa meydançaya Macarıstana qarşı çıxdı. Rusiyalı şərhçi həmin qarşılaşmanın giriş sözündə futzalımızı çılpaqlığı ilə ortaya qoydu: “İndi isə Macarıstan yığması beynəlmiləl Azərbaycana qarşı meydançaya çıxır”. Həmin qitə çempionatındakı heyətimizdəki milliləşənləri xatırlayaq: Andrey Tveryankin, Felipo Ribeyro dos Santos, Biro Jade, Tyaqo Rodriges, Serjao, Alves Ediqleuson, Sergey Çuykov.

    Hə, adlarını çəkdiklərimizlə yanaşı Marat Salyanski, Rəcəb Fərəczadə, Rizvan Fərzəliyev, Namiq Məmmədkərimov və Vitali Borisov da var idi. Ancaq bir MİLLİ komandanın yarıdan çoxu əcnəbilərdən formalaşmışdı. 

    Bu tendensiya günümüzdə də davam edir. Lakin mövcud durumda bunun obyektiv səbəbləri var. Hardan çıxmalıdı futzalçı? Milli komandaya hardan cəlb edilməlidi? Bu sualların cavabı üzdə olsa da, sualtı riflər də yox deyil.

    Yuxarıda qeyd etdiyimiz kimi elita klublarında stabillik hökm sürmür: bu gün var, sabah yoxdu. Komandalara cəlb olunan oyunçular da yalnız özünü futbolda sübut edə bilməyənlərdi. Futbolda dövr edən pulların 25-30 faizi futzalda olmadığı üçün əksəriyyət hətta futbol üzrə I Divizionda oynamağa hazırdı, nəinki futzalın güclülər dəstəsində. Başqa sözlə, futzalda parlamaq ehtimalı olan yeniyetmə və gənclər özlərini futbola həsr etmək istəyirlər. Bunun da başlıca səbəbi maddiyatdır. Uğursuzların isə futzalda parlamaq ehtimalı “yox” dərəcəsindədi. Elə bu üzdən də futzal millimizdə yeni nəslin nümayəndələri görünmür.

    Doğrudu, bu gün yığmada bir sıra azərbaycanlı uşaqlar oynayır. Ancaq 10-15 il əvvəlki nəslin futzalçıları ilə müqayisə apardıqda, uçurumun həddən artıq böyük olduğunu görərik. Üfüqdə nə Nəsimi Nuriyev görünür, nə Nurəddin Eyniyev, sürətli driblinqləri ilə seçilən nə Zaur Ramazanov var, nə də Rəcəb Fərəczadə,  ağıllı oyunuyla hamını heyrətləndirən nə Mahir Eyniyev var, nə də Baba Əsgərov, gövdəsi ilə rəqiblərini topa həsrət qoyan nə İlqar Aslanov var, nə də Ağatahir Əzimov. Bəs, niyə yoxdurlar?

    20 il də, 30 il də, 40 il də əvvəl küçə futbolu Azərbaycanın şah damarı sayılırdı. Bu gün isə bütün bunlar ortadan çıxıb. İstedadlar küçələrdən tapılırdısa, indi küçə futbolu yoxdu və təbii ki, istedad tapmaq da mümkünsüzə çevrilib. Yaranmış vəziyyətdə yeganə çıxış yolu legionerləşdirmə siyasətidirmi? Bu proses çoxmu davam edəcək? Qarşısını almaq mümkün deyilmi? Əcnəbiləri millimizə gətirmək nə verir Azərbayacana? Heç nə! Heç nə! Heç nə! Ancaq və ancaq pullar göyə sovrulur və qarşılığı heç bir ölçüdə verilmir. Bəs, nə etməli? Axı, reallıq budu ki, indiki halda millimizin simasını legionerlər müəyyənləşdirməsə, komandamız fiaskodan qaça bilməyəcək. Çətin ki, AFFA / Futzal Federasiyası belə bir qənaətə qol qoya. Amma mərhələli şəkildə vəziyyətdən çıxmaq mümkündü.

    Yeganə alternativ variant ixtisaslaşmış futzal məktəblərinin yaradılmasıdı. Özü də təcili şəkildə. Bu layihəni AFFA da üzərinə götürə bilər, futzala maraq göstərən iş adamları da. Nə verəcək bu cür məktəb(lər)?

    Heç uzaq keçmişə getməyə ehtiyac yoxdu. Az adam bilər ki, hazırda “Qarabağ” və milli komandamızın şərəfini qoruyan Ağabala Ramazanov ilk addımlarını Futzal Akademiyasında atıb. Özü də Azərbaycanda. Bəli-bəli, Azərbaycanda belə bir akademiya fəaliyyət göstərib. 2001-2002-ci illərdə “Turan AİR” Futzal Klubunun nəzdində ixtisaslaşmış futzal məktəbi var idi. Məktəbin direktoru vaxtilə “Turan AİR” və milli komandamızı da çalışdırmış Elman Ələkbərov idi. Ələkbərovla mövzu ilə bağlı geniş müsahibəni növbəti yazılarımızda təqdim edəcəyik. Hələliksə, 15 il əvvəl izlədiyim məşqlərin birindən sonra olduqca nadinc cocuğu göstərib dediyi sözləri xatırlatmaq istəyirəm: “Çox nadincdi. Bu cür xasiyyət yaxşı heç nə vəd etmir. Ancaq istedad! Xatırlayarsan sözlərimi, bu uşaq yığmamızın şərəfini qoruyacaq”. İllər ötdü, Ağabala Ramazanov ölkəmizin ən güclü futbol komandasının formasını geyinir, milliyə cəlb olunur. Təəssüf ki, indi nə “Turan AİR” klubu var, nə də eyniadlı akademiya.

    “Təyyarəçilər”dən götürüləsi əsas ibrət həmin layihənin bünövrəsidi. Bu, bir sosial layihə idi. Yəni, “Turan AİR” həmin akademiyadan böyük pullar qazanmaq niyyəti güdmürdü.  Lakin müəyyən dövrdən sonra akademiya özünü maliyyələşdirə bilərdi. Bunun üçün 7-10 illik zamana ehtiyac var. İlk baxışdan uzun zaman kəsiyidi. Lakin il ərzində xərclənəcək vəsait elə də böyük deyil. Niyə? Azərbaycan Futzal Federasiyasının baş katibi Mahmud Sadıqovun potensial futzal akademiyası ilə bağlı fikirlərini öyrəndikdə,  hər şey aydın olur:

    “Əla olardı. Biz buna ikiəlli razılaşardıq. Təki belə bir istəklə kimsə çıxış etsin. Federasiyamızın prezidenti Zaur Axundov gecə-gündüz bu arzudadı ki, millimizə yerli uşaqlar cəlb olunsun. Son Avropa çempionatının seçmə mərhələsində 14 futzalçıdan 8-i yerli uşaqlar idi. Bəli, etiraf edim ki, əvvəlki nəsillərlə müqayisədə, indiki gənclərimiz daha zəifdi. Bunlar arasında bir Rövşən Hüseynli seçilir, bir də son zamanlar Xətai Bağırov üzərində səylə çalışmağa başlayıb. Bilavasitə mövzuya qayıtdıqda qeyd edim ki, ümumi inkişaf üçün Futzal Akademiyasının faydası bizə çox dəyər. Federasiya prezidentimiz də belə bir təşəbbüs olsa, hərtərəfli köməklik göstərər. Həm forma və top sarıdan, həm zal baxımından. Eyni zamanda, hansı istedadlı məşqçilərin həmin akademiyada işləməsinə dair də məsləhətlərimizi verərdik. Təki belə ideya ilə kimsə çıxış etsin. Müəyyən dövrdən sonra həmin akademiyanın uşaqlarını klublarımız da almaq istəyər, ən yaxşılarını isə milli komandaya cəlb edərik. Bu cür təşəbbüs irəli sürülsə, Zaur Axundovla məsələ ətrafında fikir mübadiləsi aparmaq, daha sonra isə AFFA-nın baş katibi Elxan Məmmədova təklif paketində irəli sürmək mümkündü”.

    Federasiya rəsmisi klubların tez-tez dağılmasının da milliyə təsir etdiyini qabartdı: “Biz də istəməzdik ki, bu cür hallar yaşansın. Klubu yaradarkən işi daha peşəkar səviyyədə qurmaq lazımdı. Futzalçılar da üzərlərinə düşəni ən yaxşı səviyyədə görməlidilər. Bir misal çəkim. Yığmamızı əcnəbi mütəxəssislər çalışdırır. Onlar dəqiqliyi çox sevirlər. Milliləşmiş oyunçulardan fərqli, yerli uşaqlarımızda bir qədər tənbəllik var. Məşqçi eyni təmrini 10-15 dəfə təkrarladır. Bizimkilər isə 2-3 dəfə etdikdən sonra tapşırığı həvəssiz yerinə yetirirlər. Məşqçi isə hər şeyi görür. Məşqdə canını qoymayan oyunçu qarşılaşma zamanı yalnız hesab arasındakı fərq 5-6 topa çatdıqdan sonra meydançaya çıxmaq şansı əldə edir. Bəziləri bundan inciyir ki, məşqçi mənə şans tanımır. Biz də izah edirik ki, bunun səbəbkarı özünsən, məşqçinin səninlə heç bir ədavəti yoxdu”.

    Göründüyü kimi Futzal Federasiyası da bu layihənin effektiviliyini qəbul edir. Özü də Sadıqov tək mənəvi dəstəklə kifayətlənmir, maddi cəhətdən də nəzərəçarpacaq yardım etməyə hazır olduqlarını dilə gətirir. Deməli, kimsə “pioner”lik etməli, işə qol qoymalıdı.

    Təbii ki, startdan çox şey asılıdı. Ancaq bu, bir futbol layihəsi deyil ki, indiki iqtisadi böhran zamanını önə çəkib, “pul yoxdu” deyəsən. Layihənin effektivliyi və qloballığını nəzərə alsaq, xərclənəcək vəsait “dənizdə damla”dı. Çünki zal pulsuz başa gəldikdə, əsas xərc məşqçi və inzibati heyətin məvaciblərinə yönələcək ki, bu da olduqca xırda bir məbləğ edəcək. Ay ərzində 3-4 min manatla nəhəng bir layihəyə start vermək mümkündü.

    Bir neçə ildən sonra isə “əkdiyin ağac”ın ilk “barlar”ını dərmək mümkün olacaq. Bundan sonra isə heç bir şərhçi millimiz barədə “beynəlmiləl Azərbaycan yığması” sözünü işlədə bilməyəcək.   

     

    CEYHUN ƏLİYEV

    Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Zirə 5 4 1 0 11-4 13
Qarabağ 4 4 0 0 8-2 12
Qəbələ 5 3 1 1 8-5 10
Inter 5 2 1 2 6-6 7
Sumqayıt 5 2 1 2 5-6 7
Səbail 4 1 0 3 3-6 3
Neftçi 5 0 1 4 2-7 1
Kəpəz 5 0 1 4 3-10 1
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10