Xəbər Lenti

    Sponsorlardan asılılıq mərəzindən xilas olma mexanizmləri: Premyer Liqa klublarının rəsmilərinin mövqeləri - LAYİHƏ

    LayihəTarix: 2017-06-28 23:52:00
    ...

    Sport24.az saytı AFFA yanında Media Komitəsinin qaliblərindən olan "İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması” istiqaməti üzrə "Futbol – biznesə aparan yol, böhran iqtisadiyyatında idarəedicilərin peşə biliyi, marketinq və hüquqi müstəvidə həlledici qərarlar” layihəsində silsilə yazılarına davam edir. Növbəti yazı "Sponsorlardan asılılıq mərəzindən xilas olma mexanizmləri: Premyer Liqa klublarının rəsmilərinin mövqeləri" mövzusundadı. 

    Topaz Premyer Liqası klublarının hamısı yalnız baş sponsordan asılı vəziyyətdədi. Doğrudu, müəyyən istisnalar var. Ancaq bu, “dəryada damla”dı. Bəs, bu mərəzdən qurtulmaq, heç olmasa müəyyən məsrəfləri azaltmaq, əlavə gəlir mənbələrini cəlb etmək Azərbaycan reallıqlarında mümkündürmü? Sport24.az bu sualla bütün Premyer Liqa klublarının nümayəndələrinə müraciət etdi. Beləliklə, biz susaq, onlar danışsın...

    Asif Əsgərov (“Qarabağ” klubunun baş meneceri): “O qədər ideyalar var ki, reallaşdırmaq üçün. Sədəcə, hər şeyin başında futbola yanaşmamız durur. Avrokuboklardakı ajiotajı yerli çempionata gətirənə qədər dediyiniz cüzi də olsa, gəlir məsələsinin həlli olmayacaq. O zamana qədər ki, “biz” yox, “mən” deyib fikirləşəcəyik, “biz” olmaq üçün hər kəs “mən” dediyimin düz oldugunu sübut etməyə çalışacaq, dediyiniz məsələlər də elə son 10 ildə olduğu kimi davam edəcək. Azarkeş əsas faktordu. Biz - futbol klubları, futbolçular, sponsorlar, media ve sair öz sahəmizdə azarkeşi stadiona cəlb etmək yolunda işlər görməliyik. Azarkeş stadiona gəldikcə bilet satışı, stadion ətrafinda keyterinq / VİP üçün özəl xidmət, “fan shop”, klub məhsularının satışı və bu kimi oyun günü gəliri adlanan, Avropa ölkələrində büdcəsi hiss olunacaq qədər faizini təşkil edən gəliri təmin edə bilərik. Azarkeşin stadiona cəlb olunması getdikcə pullu yayıma keçidi təmin edə bilər ki, bu da dolayı yolla klubun gəlir götürməsinə gətirə bilər. Bu, Avropada çox dəyərli sayılan teleyayımdan gəlir məsələsinə səbəb ola bilər. Heyif ki, hələ də biz milli çempionatımızı istədiyimiz səviyyəəd təbliğ edə bilmirik ki, çox dəyərli azarkeşlərimiz stadiona gəlməkdə maraqlı olsun, matça günlər qalmış qarşılaşmanı müzakirə etsin, oyuna saatlar qalmış o həyəcanla yaşasın”.

    Ceyhun Sultanov (“Sumqayıt”ın baş meneceri): “Qaldırdığınız məsələ dünya, Avropa və Azərbaycan reallıqlarında fərqlidi. Hazırda ölkəmizdə klubun bir nəfərdən asılılıq problemindən qurtulması üçün ən real variant digər sponsorların cəlb edilməsidi. Misal kimi titul sponsorluğunu göstərə bilərəm. Yəni, baş sponsorla yanaşı, digər şirkətlər də kluba sərmayə qoyur və bunun qarşılığında reklam olunurlar. Aydın məsələdi ki, yardımçı sərmayəçilər baş sponsordan daha az vəsait xərcləyir. Lakin bunun başlıca müsbət tərəfi budur ki, klubun yaşaması və normal fəaliyyət göstərməsi üçün pul xərcləyən sponsorlardan hansısa müəyyən maliyyə sıxıntısı yaşadıqda, digərləri bu yöndə yardımçı olur və klub faəliyyətini davam etdirə bilir. Bir nəfərdən asılı durumda olmaq isə kifayət qədər təhlükəlidi.

    Bəli, klub oyunçu satışından da gəlir əldə etmək kimi kozıra sahib ola bilər. Lakin burda süni və təbii əngəllər var. Məsələ burasındadı ki, Azərbaycan üçün Avropa klublarının qapıları açıq deyil. Məlum olduğu kimi, bizim çox az sayda futbolçumuz ölkə xaricində çıxış edir. Bu da Azərbaycanın dünya futbol xəritəsindəki reytinqi ilə bağlıdı. Məsələn, Seneqala nə vaxt maraq artdı? Dünya çempionatının final mərhələsinə çıxdıqdan sonra. Qonşu Gürcüstanı misal göstərə bilərsiniz. Ancaq burda da subyektiv məqam üzə çıxır. Söhbət bundan gedir ki, gürcü futbolçular bütün əziyyətlərə qatlaşmağa hazırdılar, təki legioner həyatı yaşasınlar. Bizimkilər isə xaricə çatmamış, geri qayıtmaq istəyir. Bu səbəbdən də futbolçu yetişdirdikdə, yalnız daxili bazarda hansısa gəlir əldə etmək mümkün olur. Yetirmələrini ölkə xaricinə satmaq üçünsə, düşünürəm, 10 il vaxta ehtiyac var”.

    Elman Himayətoğlu (“Zirə” klubunun mətbuat xidmətinin rəhbəri): Əslində, mövzunu belə qoyardım ki, klublarda bir təsisçi sponsor olur, klub ancaq bir nəfərdən asılı olur. Bu, reallıqdır, problemin kökündə bu məsələ durur. Nəticədə, əlavə maliyyə vəsaiti, əlavə sponsorların cəlb olunması sayəsində işlər gedir. Bu, artıq bəzi klublarda görünür. Yeni sponsorlar cəlb olunur. Konkret “Zirə”ni götürsək, bu klub yarananda əsas məqsəd bu olub ki, bir neçə sponsor yardım etsin, klub bir yerdən asılı olmasın. Sizlər də stadionda kənarda olan rekrlam lövhələrindən şirkətlərin adlarını görürsünüz. Bunlar da hansısa sahədə “Zirə”nin sponsorlarıdı. Onlar hansısa şərtlərlə əməkdaşlıq etdiyimiz şirkətlərdi. Nəticədə, klub bir yox, bir neçə sponsor tərəfindən maliyyələşdirilir. “Zirə” yaranan gündən bu sahədə indinin özündə də iş gedir. Məqsəd klubun bir yerdən deyil, bir neçə sponsorunun olmasıdı. Eyni zamanda, əməkdaşlıq üçün hansısa xərcləri azaltmaq, yaxa qurtarmaq üçün o sahə üzrə şirkətlərlə əməkdaşlıq edirik. Dünya praktikasından da görünür ki, klublar daha çox gəliri spnsorlardan əldə edir. Misal üçün, formada olan və ya stadionuna verilən ad. Bu zaman sponsorlardan daha çox gəlir əldə olunur. Məsələn, “Mançester Yunayted”ın formasına “Chevrolet”in yazılması onlara nə qədər xeyir gətirdi. Bu klubun “Adidas”la böyük səs-küy qoparan müqaviləsi oldu ki, bunlar sırf sponsor gəlirləridi. Komandanın əsas gəlirlərini məhz bunlar təşkil edir. 

    Digər gəlirlər var ki, bunlardan biri teleyayımdı. Hansı ki, Azərbaycanda bu gün bu, real görünmür. Teleyayımdan gəlir götürmək çətin məsələdi. Ancaq bir neçə sahələr var ki, gəlir götürmək olar. Məsələn, real olan “Fan-shop”ların yaradılmasıdı ki, onlardan gəlir əldə etmək olar.  Bir neçə klubumuzda, habelə, AFFA-da belə mağaza var. Milli komandamızın formaları orda satışdadı. Orda klubun adının üzərində əks olunduğu qələm, bloknot kimi şeylər də satışda olur. Təbii ki, klub inkişaf etdikcə bu kimi şeyləri də inkişaf etdirmək lazımdı. 

    Klublar bundan daha çox gəlir götürə biləcəyi bir sahə də var. Bu da futbolçuların satışındandı. Həmin futbolçuları ya klub özü yetişdirir, ya da hansısa seleksiya işi nəticəsində bunun bəhrəsini görür. Onları müəyyən yaşda öz akademiyasına cəlb edir, yetişdirir və sonra satır, yaxud xidmətindən özü istifadə edir. Satmasa belə, bu, özü bir gəlirdi. Futbolçunu yetişdirir və öz heyətinə cəlb eləməklə vəsaitə qənaət edir. Çünki həmin futbolçuya hər hansı transfer xərci çəkməyəcək, sonda öz yetirməsi olacaq. Təbii ki, bunun özü də bir gəlirdi. Əlbəttə, “Zirə” də qarşısına belə məqsəd qoyub. Hamıya məlumdur ki, 3 ilin klubuyuq və bu müddətdə futbolçu yetişdirib satmaq qeyri-realdı. Biz yaxşı seleksiyanın nəticəsində yaxın illərdə bundan gəlir götürə bilərik. Məsələn, belə bir praktika əvəzedici heyətdə olub. Yaxud əsas komandaya hansısa futboçunu cəlb edəndə fikirləşirsən ki, sabah bu futbolçudan gəlir götürə bilərsən. Təbii ki, komandaya bu gün verə biləcəyi gücü nəzərə alırsan. Ancaq eyni zamanda, eyni səviyəli futbolçular arasında seçim edəndə daha gənc, sabah satıb gəlir götürə biləcəyin futbolçuya üstünlük verirsən. Bizdə bu sahədə də ilk addımımız olub. Düzdür, bu deyilənlər söz olaraq çox asan görünür. İşləri bir neçə cümlədə toplamaq mümkündü və yaxşı səslənir. Ancaq bunları həyata keçirmək, zaman, gərgin iş və yaxşı şərait tələb edir. Futbolçu gərək yaxşı şəraitdə məşq etsin, inkişaf etsin ki, sonra sən onları satıb gəlir götürə biləsən”.

    Azad Mustafayev (“Kəpəz” klubunun mətbuat xidmətinin rəhbəri): “Biz bölgəni təmsil etdiyimizdən, əlavə gəlir mənbələri mövzusu da spesifikdi. Hesab edirəm ki, bu, ağrılı mövzudu və birmənalı şəkildə sponsor vəsaitindən imtina etməyimiz mümkünsüzdü. Ancaq qismən hansısa xərcləri qarşılamaq yönündə müəyyən işlər aparmaq olar.

    Gəncədə hər kəs futbolla nəfəs alır. Elə bunun bariz nümunəsidi ki, stadionumuza toplaşan azarkeşlər rekordlar qırır. Ancaq dəfələrlə özünüz də şahidi olmusunuz ki, “Kəpəz”in ev oyunlarına ən çox azarkeş kütləsi 2 matçda təşrif buyurur. Söhbət “Qarabağ” və “Qəbələ”dən gedir. Bu matçlar azarkeşlərimiz üçün daha prinsipial xarakter daşıyır və onlar da məhz ölkə futbolunun liderləri ilə görüşlərinə daha böyük maraq göstərirlər. Belədə, 20, 25 min insan toplaşmasına şahidlik edirik. Doğrudu, orta statistik göstəricilərimiz də Azərbaycan ölçüləri ilə heyrətamizdi. Bütün dediklərimə söykənərək, abonemet satışının təşkilini əlavə gəlir mənbəyimizə çevrilmə ehtimalı kimi göstərə bilərəm. Demirəm ki, dərhal 20 min insan illik abonement alacaq. Ancaq bu rəqəm 3-5 mini əhatə etsə də, bizim üçün nəzərəçarpacaq gəlir təşkil edər. Üstəlik, “Qarabağ” və “Qəbələ” kimi komandaların sayı artsa, bu, bizim də abonement satışımıza müsbət təsirini göstərər. Daha bir məqam “Kəpəz”in özünün göstərdiyi nəticələrə bağlıdı. Təbii ki, biz çempionluq uğrunda mübarizə aparsaq, 25 min də abonement satarıq.

    Digər gəlir mənbəyimiz vaxtilə istifadəyə verdiyimiz stadioətrafı ərazidi. Həmin ərazidə yarmarka yerləşirdi və buna görə, klub xəzinəsi müəyyən vəsait ödənilirdi. Təəssüf ki, indi bunu həyata keçirmək olmaz. Çünki şəhərimizdə iki böyük bazar mövcuddu və əhali həmin ticarət mərkəzlərinə öyrəşiblər. Yeni yarmarka rentabelli olmayacaq.

    Nəhayət, daha bir gəlir mənbəyi futbolçu satışından əldə oluna bilər. Sirr deyil ki, Gəncə  torpağı istedadlar məkanıdı. Ancaq meyvə dərmək üçün ağaca qullu lazımdı. Bir neçə il ərzində Gəncə futbolunda durğunluq yaşanıb. Elə bunun da nəticəsidi ki, 19 yaşlılardan ibarət komandamız zəif nəticələrə imza atır. Ancaq 13 yaşlı futbolçularımız Azərbaycan çempionu oldular. Futbolçunun yetişməsi üçün münbit şərait lazımdı. Hazırda əsas meydanın yanında yardımçı meydançanın salınması yönündə işlər gedir. Bu da aşağı yaş qruplarımızın uşaqlarının yetişməsi üçün əla təkan olar. Belədə, 5-8 ildən sonra bu futbolçuları ən azı ölkə daxilində satmaqla, əlavə gəlir mənbələri əldə edərik”.

    Rəmiş Malıyev: (“İnter” klubunun icraçı direktoru): “Azərbaycanda beynəlxalq təcrübədən yararlanmaq müşkül məsələdi. Aşağı yaş qrupları üzrə komandalara diqqət ayırmaqla, gələcəyin təməlini qurmaq lazımdı. Həmin futbolçulardan müəyyən qismi yetirməsi olduğu komandaya, bəziləri isə satışa çıxarılmaqla gəlir mənbəyinə çevrilə bilər”.

    Firuz Abdulla (“Səbail” klubunun mətbuat xidmətinin rəhbəri): “Reallıq belədi ki, ana sponsorsuz keçinmək mümkün deyil. Ancaq hesab edirəm ki, əlavə donorların cəlb edilməsi variantı ana sponsora da kömək olar, klubların özlərinə də. Dünya praktikasında rast gəldiyimiz ənənəvi marketinq gedişlərinin Azərbaycanda tətbiqi mənə görə, effektiv alınmayacaq. Ancaq əlavə sponsorların cəlb edilməsi kimi addımların klub üçün faydalı olacağını və bunun müsbət effekt verəcəyini düşünürəm”.

    Səməd Nəsibov (“Qəbələ” klubunun Media və Marketinq Departamentinin rəhbəri): “Azərbaycan futbolunda klubların pul qazanması əlçatmaz məsələ deyil. Ancaq bunun üçün müəyyən strategiya formalaşmalıdı. Bütün dünyada futbol kommersiyalaşıb. Klublar var ki, büdcəsi ölkələrin büdcəsindən çoxdu. Heç kəs deyə bilməz ki, Azərbaycanda futbola maraq azdı. İstər “böyük beşlik” olsun, istər Türkiyə və ya Rusiya çempionatları, istərsə də dünya və Avropa çempionatlarına göstərilən maraq. Burda söhbət futbolu məhsul kimi təqdim etmək və bu məhsulu müştəriyə (azarkeşə) necə satmağımızdan gedir. Ancaq real məqam var ki, tamaşaçı böyük futbol ölkələrinin çempionatlarını bir düyməni basmaqla izlədikdən sonra bizim məhsula o qədər də maraq göstərmir. Deməli, elə bir yol tapmalıyıq ki, bu cür çempionatların yanında biz rəqabətədavamlı olaq. Azarkeş sənin üstünə getmirsə, sən azarkeşin üstünə getməlisən. Başqa sözlə, təməl daşı kimi azarkeşlərlə birbaşa təmasın qurulmasını tövsiyə edərdim. Belədə, tribunalar dolacaq ki, nəticədə sənin məhsulunu brend kimi qəbul edən şirkətlər yaranacaq”.

    Rüstəm Əfsərli (“Neftçi” klubunun Media və Marketinq Departamentinin rəhbəri): “İlk növbədə saytınıza belə vacib mövzuya toxunduğunuz üçün təşəkkürümü bildirirəm. Həqiqətən də Azərbaycan futbolunun əlavə gəlir mənbələrinin axtarması vaxtı yetişib. Təəssüf ki, ölkəmizdə yaşanan futbol bumu zamanı bu sahəyə diqqət yetirilməyib. İstər təmsil etdiyim “Neftçi”də olsun, istərsə də digər klublarda. 2005-ci ildə qəbul olunan 10 illik futbolun inkişafı proqramı çərçivəsində təxmini hesablamalarıma görə, 1 milyard sərmayə yatırılıb. Futbolumuzun irəliləməməsini söyləmək ədalətsizlik olar. Son 5 mövsümün 4-də Azərbaycan klubları Avropa Liqasının qrup mərhələsinə düşüb. Son 2 ildə birdən-birə 2 Azərbaycan klubu qruplarda olub. Ölkə çempionatımız reytinq cədvəlində irəliləyir. Bütün bunlar alqışalayiqdi. Ancaq bir daha təəssüf hissi ilə vurğulayıram ki, infrastruktur, alternativ gəlir mənbələrinin axtarılması, marketoloji inkişaf proqramı çərçivəsində əməli işlər görülməyib. 

    Nə kimi gəlir mənbələri əldə etmək olar? Əvvəla, əlavə sponsorların cəlb edilməsi. Azərbaycanda baş sponsorlar həm də titul sponsoru kimi görünmək istəyir. Açığı, bunun səbəbini bilmirəm. Bəlkə də haqlıdılar. Ancaq əlavə sponsorlara məhz mayka üzərində şirkətlərinin adının yazılması kimi əməkdaşlıq təklif etmək mümkündü. Buna fyuçers xarakterli bəndlərin də əlavə edilməsi mümkündü. Oxucularınız üçün açmasını da verim. Klub avrokuboklarda iştirak edəcəyi və orada irəliləyəcəyi mərhələlərdən asılı olaraq, titul sponsorunun ödəyəcəyi məbləğ artırılır. Sponsor müqavilələri eyni zamanda ev oyunlarında reklam banerlərinin yerləşdirilməsi ilə də müşaiyət oluna bilər. Bunlar tərəflər arasında imzalanacaq müqavilə şərtlərindən asılıdı.

    Növbəti potensial gəlir mənbəyi bilet satışıdı. Burda həm maddi, həm də mənəvi tərəflər ön plana çıxır. Nə mən, nə də klub rəhbərliyi komandamıza qələbə qazandıra bilər. Məşqçi və texniki heyət, habelə futbolçular “Neftçi”nin göstəricilərini təmin edən qüvvələrdi. Tamaşaçı sayının artması da göstəriləcək nəticələrə qismən də olsa, bağlıdı. Azarkeş sayının artması üçün kifayət qədər maraqlı inkişaf planımız var. Azarkeş sayının artması isə istənilən klubun brendləşməsi yönündə önəmli rol oynayır. Deməli, bilet satışından əldə olunan gəlirlə yanaşı, brendləşmə sahəsində də mühüm addım atmaq mümkündü. İstənilən partnyor daha geniş auditoriyanın əhatə edilməsini arzulayır. Bunun üçün bütün mümkün vasitələri işə salmaq lazımdı: istər sosial şəbəkələrdəki aktivliyi artırmaq, istərsə də  müxtəlif marketoloji addımnlarla. İdealda sponsor müqaviləsi və bilet satışından 500 min manatadək gəlirin əldə edilməsinin mümkünlüyünü düşünürəm.

    Ancaq bu da son deyil. Bizim barter vasitəsi ilə də gəlir əldə etməyimiz mümkündü. Axı, “gəlir” bölümü heç də büdcəyə vəsaitin daxil olmasıyla məhdudlaşmır. Bunu əyani misalda göstərim. Deyək ki, mövsüm ərzində “Neftçi” biri 10 qəpikdən olan su alır. Mövsüm ərzində kluba 50 min manatlıq su tələb olunur. Həmin suyu təklif edən şirkətlə müqavilə imzalayırıq və bu pulun əvəzinə onların reklam banerlərini yerləşdiririk. Eyni sözləri keyterinq xidmətinə də şamil etmək olar. Jurnalistlər, fəxri qonaqlar üçün təklif edilən qəlyanaltılar üçün büdcəmizdən bütün hallarda müəyyən vəsait çıxmalıdı. Ancaq bunu barter müqaviləsi əsasında həyata keçiririksə, büdcəyə qənaət etmiş oluruq.

    Mövzunu saatlarla, günlərlə, aylarla davam etdirmək olar. Ancaq marketinq sahəsi tükənməz dəryadı və bu dəryadan klublar maksimum faydalana bilər. Əlbəttə, bir göz qırpımında baş sponsordan azad olmaq qeyri-mümkündü. Hətta deyərdim, ümumiyyətlə, mümkünsüzdü. Ancaq əlavə gəlir mənbələrin cəlb olunması kifayət qədər realdı”. 
     

    CEYHUN ƏLİYEV

    Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 5 5 0 0 12-3 15
Zirə 6 4 2 0 12-5 14
Qəbələ 6 4 1 1 10-6 13
Inter 6 2 2 2 7-7 8
Sumqayıt 6 2 1 3 6-10 7
Səbail 5 2 0 3 4-6 6
Neftçi 6 0 1 5 3-9 1
Kəpəz 6 0 1 5 3-11 1
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10