Xəbər Lenti

    Stimullaşdır ki, qazanasan! - LAYİHƏ

    LayihəTarix: 2017-06-24 15:59:00
    ...

    Sport24.az saytı AFFA yanında Media Komitəsinin qaliblərindən olan "İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması” istiqaməti üzrə "Futbol – biznesə aparan yol, böhran iqtisadiyyatında idarəedicilərin peşə biliyi, marketinq və hüquqi müstəvidə həlledici qərarlar” layihəsində silsilə yazılarına start verir. Səkkizinci yazı “Futbolçuların ilk peşəkar müqaviləsində uşaq məşqçilərinə xüsusi bonusların tətbiqinin effektivliyi” mövzusundadı.

     

    Mövsümü müsbət saldo ilə başa vura bilməyən klublarımız

    Klub – çoxşaxəli bir istehsalat makinasıdı. Klub – biznes üçün işlək vahiddi. Klub – çoxbaşlı əjdahanı xatırladan, sahibinin büdcəsini dağıdan insaların toplumudu. Klub – sponsorun vəsaiti qurtaranadək pulsoran hüquqi varlıqdı. İlk iki cümlə beynəlxalq, növbəti iki cümlə isə Azərbaycan futboluna aiddir.

    İndiyədək elə bir Azərbaycan klubu olmayıb ki, hansısa mövsümü müsbət saldo ilə başa vursun. Dünya futbol bazarında gəlir nöqtələri məlum olsa da, ölkəmizdə futbolun heç bir qolundan gəlir götürülmür. Bu cür sahələrdən biri də futbolçuların transferidir.

    İlk dəfə valideyninin əlindən tutub məşqə gətirilən körpənin gələcək karyerasının nə cür alınacağını heç Vanqa da müəyyən edə bilməz. Kimisi erkən zədə alır, kimisi məşqlərdən bezir və peşəkar karyerası başlamamış futboldan gedir, kimisi tez-tez xəstələndiyi üçün valideynləri tərəfindən idman yasaqlanır, kimisi ana-atasının istəyinə uyğun özünü təhsilə həsr edir... Və bu cür yüzlərlə, minlərlə misal gətirmək mümkündü. Ancaq bu, aysberqin görünən tərəfidi. Çünki əks tərəfdə uşaq məşqçisi dayanır.

    Hər gün, hər həftə, hər ay, hər il uşaq məşqçisinin yanına onlarla, yüzlərlə azyaşlı gətirilir və məşqçi biliklərini yetirmələri ilə bölüşür. Məşqlərdə sərf etdiyi enerjinin qarşılığı olaraq uşaq məşqçisi aylıq məvacib alır. Hansı məbləği? 200-300, bəxti gətirəndə 400-500 manat. Bu, həmin mütəxəssisin sərf etdiyi enerjinin zəhmət haqqı kimi qəbul olunur. Ancaq məşq keçən mütəxəssis ən sadə təmrini öyrətmək üçün hansı əzab-əziyyətlər çəkdiyini hara yazaq? Bəs, uşaq psixologiyasının həssas olması səbəbindən onlarla dil tapmaq üçün nə qədər əsəb sərf etdiyini hara yazaq? Bunun qarşılığını kim və nə cür verir?

     

    Bütün əsas yük uşaq məşqçisinin üzərinə düşür

    İl ərzində müxtəlif turnirlər, çempionatlar, uğurlu çıxış etdikdə pley-offlar. Çox yox, həyatında bircə dəfə uşaq komandalarının oyunlarına baxan adam bu cür qarşılaşmalarda məşqçilərin hansı əsəb gərginliyini, stress keçirdiyini görür. “Əhməd, sola qaç, sola!”, “Vidadi, oyunçunu qoyub hara getdin?”, “tez ver ötürməni!”, “boş zonaya gir!”, “top istə!” və s. və i. – tanış ifadələrdi, deyilmi? Azyaşlı uşaqlarla işləyən məşqçi ibtidai sinif müəllimindən də ağır sənətlə məşğul olur. Niyə? Çünki orta məktəbdə verilən dərslərə evdə valideyn də kömək edir və bununla da müəyyən mənada ibtidai sinif müəlliməsinin funksiyasını yerinə yetirir, övladının bilik dünyasına baş vurması üçün atdığı ilk addımlara şərik olur.

    Futbol isə spesifik elmdi. Burada valideyn bilavasitə məşqçi obrazına girə bilmir. O, maksimum övladının düzgün qidalanması, rejimə riayət etməsi, məşqlərə vaxtında gəlməsi məsələsində faydalı ola bilər. Bütün əsas yük isə uşaq məşqçisinin üzərinə düşür...

    Yuxarıdakı qeydlər təbii ki, ideal məşqçi obrazına şamil olunur. Və vaxt gəlib, vədə yetişəndə həmin ideal məşqçi yenidən hər şeyi sıfırdan başlamalı olur. Yüzlərlə yetirməsindən isə bir neçəsi Topaz Premyer Liqasına qədər irəliləməyi bacarır. Bununla da məşqçi-futbolçu bağlantısı sona yetir və hərəsi öz yolunu gedir.

    Azərbaycanda fərqli yanaşma metodu da var. Bu, sirr deyil. Top, səfər xərci, təmir və sair istiqamətlərə əl atan “mütəxəssislər” gündəlik tələbatlarını tələbələrinin valideynlərinin hesabına qarşılayırlar. Ancaq həmin məşqçilərə nə yetirməsinin gələcəyi maraqlı deyil, nə də evinə apardığı çörəyin haram yolla qazanılması.

    Ən acınacaqlısı budu ki, hətta bu yola əl atmayan məşqçilər də yetirmələrinin gələcəyinə dair heç bir stimul sahibi deyillər. Bax, problemin kökü də bundadı. Deməli, menecerlər hansısa perspektivli oyunçunu “X” klubuna satır və istedadı imkan versə, həm oyunçudan, həm də klubdan pul qazanır. Ən pis halda ya klubdan, ya futbolçudan gəlir əldə edir. Doğrudu, son zamanlar AFFA bu məsələyə müdaxilə etdi və indi futbolçunun yetirməsi olduğu kluba müəyyən məbləğdə kompensasiya ödənilir. Ancaq yenə də kluba, məşqçi isə...

    Doğrudu, bu yerdə kimlərsə məşqçi-klub münasibətlərinin peşəkar səviyyədə qurulmadığını iddia edə bilər. Ancaq məsələ burasındadı ki, biz günahkarı axtarmırıq. Məqsəd daha düzgün yolu tapmaq və bunun hesabına keyfiyyəti artırmaqdı.

     

    Real təkliflər toplumu

    İndi də gəlin real təkliflər toplumuna keçək. AFFA hər il bir neçə futbol veteranına təqaüd ayırır və əslində bu, təqdirəlayiq haldı. Ali qurum daha bir sahəyə donorluq edə bilər. Söhbət yetirməsi əsas milli komandaya cəlb edilən mütəxəssislərdən gedir. Məsələn, milli komandanın heyətində hər 10 və daha çox oyun keçirmiş futbolçuya görə, AFFA ilk məşqçisinə 100 manat təqaüd versin.

    Təbii ki, bunun üçün futbolçunun kimin yetirməsi olmasına dair rəsmi sənədə ehtiyac var. Hansısa andı sübut kimi irəli sürmək olmaz. Uşaq məşqçisi üçün stimul yaranacaq?  Uzun illər bu sahəyə can qoyan uşaq məşqçisinin 5, 6, 7... 10 yetirməsinin əsas milliyə dəvət alması bir yana, 10 oyun keçirməsi üçün 20, 25, 30 il tələb olunur. O da ən istedadlı məşqçilərin. Ancaq həyatını bu sahəyə həsr etmiş mütəxəssis təqaüd yaşına çatanda rahat qocalıq yaşaması haqqına layiq deyilmi?

    Buna bənzər addımı klublar da edə bilər / etməlidi. Bununla yanaşı, klublar uşaq məşqçilərinə daha bir bonus sistemi yarada bilər / yaratmalıdı. Söhbət futbolçunun ilk peşəkar müqaviləsindən müəyyən faizin ilk mşqçisinə çatmasıdı. Doğrudu, hər yaş qrupu üzrə fərqli məşqçilər olur. Belədə, 10, 12, 14, 16 yaşlıların arasında kimin zəhmətinin daha böyük olduğunu müəyyənləşdirmək müşkül məsələdi. Ancaq bütün dividendlərin ilk məşqçiyə çatması da ədaltsizlik olardı. Bu sistemdə də çıxış yolu var. Klub futbolçunun ilk peşəkar müqaviləsindən ayrılacaq faizi bu mütəxəssislərin arasında bölməklə “Solomon müdrikliyi” nümayiş etdirə bilər.

     

    Nail Kərimov: "Akademiyamızın məşqçilərini stimullaşdırmaqla bağlı klub rəhbərliyi ilə fikir mübadiləsi aparmağa dəyər"

    Ölkəmizdə ən elitar uşaq futbol akademiyasına sahib olan “Qəbələ” bu dediklərimizi etməyə ən real namizəddi. Hər halda yetirmələrinin məşqdən sonra da akademiyada yaşaması üçün hər cür şəraiti olan yeganə klubdu. Bəs, “qırmızı-qaralar”da vəziyyət necədi? Uşaq məşqçiləri, ümumiyyətlə, aşağı yaş qruplarında çalışan insanlara elitar futbolçu yetişdirəcəkləri təqdirdə hansısa bonus sistemi tətbiq olunurmu? Olunmursa, niyə və tətbiq etmək ehtimalı varmı? Bu suallarla “Qəbələ” klubunun akademiyasının direktor müavini Nail Kərimova müraciət etdik.

    - Hər mövsümün tamamında müxtəlif yaş qruplarında çalışan baş məşqçilərin rotasiyası keçirilir. Məsələn, ötən mövsümkü komandalara baxdıqda, gələn çempionatda cəmi iki məşqçi eyni yaş qrupunda çalışacaq. Ancaq bu yerdəyişmə heç bir fəsad verməyəcək. Çünki məşqçi korpusumuz eyni plan üzrə çalışır.

    - Aşağı yaş qrupları üzrə məşqçilərə Premyer Liqa və ya xarici klublara satılacağı təqdirdə, yetirmələrinə görə, hər hansısa bir mükafat şərti varmı?

    - Bizdə aşağı yaş qrupları üzrə futbolçuların yetişməsində yalnız məşqçilər korpusunun zəhməti yoxdu. Bura həkimləri də aid etməliyik, akademiyanın rəhbərliyini də, digər xətlər üzrə yetişmələrində pay sahibi olanları da. Ancaq hansısa oyunçuya görə yox, komanda konkret nəticə verdikdə, adlarını çəkdiyim hər kəsə müəyyən bonuslar verilir.

    - Dediyiniz bonus sistemi müqavilələrdə əksini tapıbmı?

    - Xeyr, bunu klub rəhbərliyi şəxsi təşəbbüsü ilə verir.

    - Bəs, futbolçunun yetişməsində pay sahibi olanlara, qoy bu, lap 20, 30 insan olsun, ilk peşəkar müqavilə imzaladıqda, həmin sövdələşmənin müəyyən faizini vermək necə?

    - Bir neçə məqama diqqət yetirilməlidi. Hüquqi cəhətdən, azyaşlı uşaqları akademiyaya götürəndə, onların Premyer Liqadakı ilk müqavilədən dediyiniz şəxslərə müəyyən faiz ödəməsi mümkündü, ya yox? Əvvəlcə, bu suala cavab tapmalıyıq. İkinci məqam bundan ibarətdir ki, xarici klublara hələ indiyənədək bir futbolçu belə satmamışıq ki, həmin məsələni müzakirə edək.

    - Bəlkə satmamağınınızın sirri elə bundadı ki, məşqçiləri stimullaşdırmısınız?

    - Bildiyiniz kimi, akademiyamız yarandığı vaxtdan dəfələrlə müəyyən uşaq məşqçiləri ilə yollarımızı ayırmışıq. Bizdə çalışanların hər biri işini vicdanla görməlidi. Kimsə, vaxt keçirməyə çalışsa, bu, 2-3 məşq davam edə bilər. Çünki kameralar vasitəsi ilə bütün xırdalıqlar izlənilir. Ancaq qeyd etdiyiniz məqam olduqca cəlbedici görünür. Gələcəkdə klub rəhbərliyi ilə bu barədə fikir mübadiləsi aparmağa dəyər.

    futbolçuların ilk peşəkar müqaviləsində uşaq məşqçilərinə xüsusi bonusların tətbiqinin effektivliyi

    futbolçuların ilk peşəkar müqaviləsində uşaq məşqçilərinə xüsusi bonusların tətbiqinin effektivliyi

    Söhbət ölkədə ən yaxşı şəraitə sahib “Qəbələ”nin akademiyasından gedirsə, digər klublarda bu cür stimullaşma gələcəyin ulduzlarının yetişməsi üçün həlledici rol oynaya bilər. Məşqçi, uşağın yetişməsində digər pay sahibləri ulduz yetişdirməkdə maraqlı olmalıdılar. Məhz bu cür yanaşma klublarımıza gələcəkdə futbolçu konveyeri düzəltməkdə müstəsna xidmət göstərəcək.

     

    CEYHUN ƏLİYEV

    Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib

     

     

     

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 11 9 1 1 19-4 28
Zirə 12 8 3 1 20-8 27
Qəbələ 11 7 1 3 16-11 22
Sumqayıt 12 5 1 6 14-17 16
Neftçi 11 4 1 6 12-11 13
Səbail 11 4 0 7 9-18 12
Keşlə 12 2 2 8 8-18 8
Kəpəz 12 2 1 9 9-20 7
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 9 7 2 0 17-6 23
MOİK 9 5 2 2 15-7 17
Turan Tov. 9 4 2 3 13-13 14
Binə 9 4 2 3 10-5 14
Mil-Muğan 9 4 1 4 15-15 13
Şüvəlan 9 4 1 4 9-9 13
Xəzər 9 3 3 3 9-6 12
Sabah 9 3 1 5 11-16 10
Ağsu 9 2 2 5 11-19 8
Zaqatala 9 1 0 8 5-19 3