Xəbər Lenti

    KPR-in gətirdiyi dividendlər - LAYİHƏ

    LayihəTarix: 2017-06-11 23:59:00
    ...

    Sport24.az saytı AFFA yanında Media Komitəsinin qaliblərindən olan "İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması” istiqaməti üzrə "Futbol – biznesə aparan yol, böhran iqtisadiyyatında idarəedicilərin peşə biliyi, marketinq və hüquqi müstəvidə həlledici qərarlar” layihəsində silsilə yazılarını davam etdirir. Yeddinci yazı KPR-nin gətirdiyi dividendlərlə bağlıdı. 

    Azərbaycan klubları donorsuz yaşaya bilmir. Heç bir klubumuz xərc/gəlir bölümünü sıfırlamaq iqtidarında deyil. Bu aksiomdu və dediklərimizin heç bir sübuta ehtiyacı yoxdu.  Futbolumuzun mövcud vəziyyəti yalnız məsrəfi azaltmağa yönələ bilər ki, layihənin 7-ci yazısını da məhz bu mövzuya həsr edirik. Əlbəttə ki, yenə də dünya praktikasına söykənərək.

     

    Klub “club” yaradır

    Avropada da, dünyada da futbol klubları brendlərindən istifadə edərək “pub”lar, restoranlar açır. Hər birinin də məqsədi, məramı təbii ki, əlavə gəlir əldə etməkdi. Bu cür biznes vahidlərinin yaradılması ancaq birbaşa mənfəət əldə etmək üçün deyil. Dolayı gəlir maddəsində də bu, öz əksini tapacaq. Ancaq gəlin addımların ardıcıllığını pozmayaq.

    İlk olaraq, ondan başlayaq ki, ölkəmizdə yüzlərlə pub fəaliyyət göstərir. Demək ki, biznesin bu sahəsi gəlirlidi. Əks təqdirdə heç kim bu yöndə pul yatırımı etməz. Klublar isə bunu daha maraqlı formatda təqdim edə bilərlər. Ümumiyyətlə, yaradılan biznes-struktur “klub” adı altında fəaliyyət göstərsə daha yaxşı olar. Klubu da iki hissəyə bölmək olar: spirtli içki verilən zal, və spirtsiz içki verilən zal. Bu da müştəri kütləsinin bütün təbəqələrinin axınını təmin etmək baxımından olduqca vacib amildi. Müstəqillik qazandıqdan sonra dinə bağlanan böyük bir kütləni unutmaq, maraqlarını nəzərə almamaq, nə biznes-plana uyğun gəlmir, nə də insanlığa.

    Mömin insanların zalında çay, şirniyyat, qəhvə, sərinləşdirici içkilərin satışını qurmaq olar ki, bu da  gəlir əldə etmək üçün faydalı olacaq.

    Klubun digər zalında çeşid bir qədər geniş olacaq. Ancaq hər iki zala girişi pullu etməklə, insanları hansısa xidmətə görə, vəsait ödəməyə öyrəşdirmək olar.

     

    Qiymətlərə diqqət!

    Bəs, qarşılığında nə təqdim olunmalıdı? Bax, ən önəmli məqam da burdadı. Misal kimi, “Qarabağ”, “Qəbələ” və “Neftçi” klublarını götürək. Hər üç komandanın tarixi uğurları var. Bu trioda “Qəbələ” bir qədər geri qalır. Ancaq bunun da çarəsi alternativ variantlardadı. İndi isə praktiki elan və reklam formasına diqqət yetirək. “Qarabağ-club” elan verir: “Bu axşam böyük ekranda “Qarabağ”ın “Rusenborq”la tarixi qələbəsini bizimlə izləyin”. Yüzlərlə insan həmin qələbəni yenidən seyr etmək üçün “Qarabağ-klub”a baş çəkməyəcək? Bu, bir misaldı və analoji matçların sayı-hesabı yoxdu. Girişin biletlə, ödənişli olmasına gəlincə, ilkin versiyada zilə çıxmaq olmaz, rəqəm simvolik olmalıdı – 1 manat. Gün ərzində böyük ekrandan futbol əskik olmamalıdı. Həftənin hansısa xüsusi bir günündə tanınmış futbol veteranlarının dəvəti də müştəri auditoriyasının genişlənməsinə təkan verər. Daha bir önəmli məqam menyuda təklif olunan məhsulların qiymətlərini göylərə qaldırmamaqdı.

     

    Müştəri fanata çevrlirir

    İnşa edilən “club”ın interyerinin də xüsusi önəmi var. Hər bir ştrix, hər bir detal sözügedən məskənin hansı komandaya məxsus olduğunu göstərməlidi. Bax, bu faktorlar azarkeş kütləsinin formalaşması yolunda olduqca önəmli rol oynayacaq. Əvvəla, azarkeş kütləsini stadiona aparmaq üçün qapı-qapı düşməyə ehtiyac qalmayacaq. Sənin təklif etdiyin “club”da əsl futbol fanatları toplaşacaq. Özü də mütləq deyil ki, həmin insanlar məhz sənin komandanın azarkeşi olsun. Onlar fanatdı, azarkeş etmək isə yaradılan mühitdən asılı olacaq.

    Çoxsaylı PR aksiyalar, endirim təklifləri, sosial şəbəkələrdə minimal xərcli reklamlar müştəri sayını nəzərəçarpacaq dərəcədə artıracaq. Bu da öz növbəsində stadiona azarkeş axınının bünövrə sütunu rolunu oynayacaq.

    Kabinetlərə çəkilib “alınan iş deyil”, “azarkeşlər ancaq böləgələrdədi” düşüncələri ilə elə ancaq sponsorun səxavət kisəsinə bel bağlamaq mümkündü. Sponsor da əlini çəkən kimi, ofisin qapısını qıfıllayıb, başqa işin dalınca getmək. Ancaq real və konkret biznes-plana söykənən iş əla bir layihəyə start verər. Sabah komanda iflasa uğrasa belə, inşa edilən “club” gəlir gətirən biznes vahidi kimi fəaliyyətini davam etdirə biləcək.  Sadəcə, beynəlxalq praktikanın ən düzgün metodologiyasından  istifadə etmək lazımdı.

    Restoran biznesi də bu sahəyə yaxın bir xəttə söykənir. Ancaq burda psixolji məqamlar ön plana çıxır. İnsanlar restorana ailəvi də gələ bilərlər, dostları ilə də, rəfiqələri ilə də. Bu həssas məqama uyğun iş sistemi tətbiq edilməlidi. Ailəvi gələn insanlar adətən səs-küydən uzaq olmaq istəyirlər. Deməli, zalla yanaşı, akustikaya qarşı keyfiyyətli izolyasiyalı otaqların da olması klub restoranının ərazisinə daxil edilməlidi.

     

    Alternativ gəlir mənbəyi - KPR

    Yuxarıda qeyd etdiyimiz kimi, club/pub/restoran (KPR) biznesinin qurulması dolayı gəlir məbəyi kimi də göstərilməlidi. Klub atributikası, çempionat və beynəlxalq oyunlara bilet satışı və ən əsası hazır fanat kütləsinin formalaşması bu sahənin inkişaf etdirilməsinin zəruriliyinin əyani sübutudu. KPR biznes vahidinə çevrildikdən sonra mütləq və mütləq filiallarının açılması gündəmə gətirilməlidi.

    Qələm, dəftərçə, fincan, bokal, boşqab, salfet belə klubun atributunu özündə əks etdirməlidi. Bütün sadaladıqlarımız ilk baxışdan xırda bir şeydi və qeyri-peşəkarların gözündə əhəmiyyətsiz xərc kimi görünə bilər. Ancaq psixoloqlar da sübut edir ki, bilavasitə təsir şüuraltı təsirdən daha zəif qüvvədi. İnsanın beyninə həkk olan varlıqlar daha uzunömürlü olur. Elə bu səbəbdəndir ki, uşaqlıq illərində izlənilən qarşılaşmalar insan yaddaşında daha dolğun qalır.

    KPR biznesinin daha bir inkişaf modeli səyyar reklamdan keçir. Ali təhsil ocaqları, iri və orta müəssisələrə baş çəkməklə müxtəlif viktorinalar təşkil etmək və qalib gələn şəxslərə hansısa məbləğ dəyərində abonement təklif etmək kimi PR addımları olduqca faydalıdı. Müştəri sayının artması potensial fanat ordusunun çoxalmasına hesablanan addımdı ki, bu da dolayı yolla klubun bilet, atributika, digər məhsullarının satışından əldə olunacaq gəlirin artmasına xidmət göstərəcək.

    Ümid edirik yazdıqlarımız kağız parçası olaraq, arxivdə pas atmayacaq və ölkə klublarından heç olmasa biri bu layhənin həyata keçirilməsi üçün geniş biznes-planın təqdimatı üçn saytımıza müraciət edəcək.

    Növbəti yazıda uşaq məşqçilərinin reyestrinin hazırlanması, futbolçuların ilk peşəkar müqaviləsində bununla bağlı xüsusi bəndin salınmasının effektivliyi mövzusuna toxunacağıq, növbəti təklif paketimizi təqdim edəcəyik.

    CEYHUN ƏLİYEV

    Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilib

     

     

     

     

     

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 8 6 1 1 14-4 19
Qəbələ 9 6 1 2 12-8 19
Zirə 9 5 3 1 16-7 18
Sumqayıt 9 4 1 4 10-12 13
Neftçi 9 3 1 5 10-9 10
Səbail 8 3 0 5 5-12 9
İnter 9 2 2 5 7-12 8
Kəpəz 9 1 1 7 5-15 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 4 3 1 0 7-3 10
Sabah 4 2 1 1 7-2 7
Binə 4 2 1 1 5-1 7
MOİK 4 2 1 1 5-3 7
Turan T. 4 2 1 1 5-7 7
Xəzər 4 1 2 1 6-3 5
Şüvəlan 4 1 1 2 2-3 4
Mil-Muğan 4 1 1 2 4-7 4
Ağsu 4 1 1 2 4-7 4
Zaqatala 4 0 0 4 1-12 0