Xəbər Lenti

    Məmmədyarovun iddiaçı iddiası

    ŞahmatTarix: 2017-05-17 10:24:00
    ...

    Moskvada keçirilən şahmat Qran Prisi “ekvator”u arxada qoydu. Doqquz turu əhatə edəcək yarışda bu gün fasilədi. Ümumilikdə 18 dərin zəka sahibinin iştirak etdiyi turnirdə 2 azərbaycanlı qrossmeysterin mübarizə aparması özlüyündə xoş məqamdı. Üstəlik, hər ikisinin lierlər sırasında qərarlaşması bundan da xoşdu.

    Son dövrlər əla forma yığan Şəhriyar Məmmədyarov yeni-yeni zirvələri fəth etməkdə davam edir. Ötən ay 32 yaşını qeyd edən qrossmeyster bir neçə gün əvvəl Azərbaycan  tarixində 2800 reytinq xalına çatan ilk şahmatçı kimi düşüb. Doğrudu, bu, rəsmi reytinq xalı deyil. Beynəlxalq Şahmat Federasiyası ayda bir dəfə reytinq cədvəlini açıqlayır və Məmmədyarovun rekordu şərti xarakter daşıyır. Təmsilçimizin uğurlu qrafik cızmasında turnirə yanaşma üslubunda ciddi dəyişiklik etməsini xüsusi qeyd edərdik. Məmmədyarov əvvəlcədən bilir ki, bu, və ya digər partiyadakı məqsədi nədi. Elə ötən turda üz-üzə gəldiyi Dinq Lirenlə görüşdə də bu ssenarinin şahidi olduq. Dörd turdan sonra hər iki qrossmeysterin aktivində 3 xal var idi və həmvətənimiz ağlarla oynamasına rəğmən, erkən heç-heçəyə razılaşdı. İndi Liren də, Məmmədyarov da finişə 4 tur qalmış izləyicilərinə yarım addım hündürdən baxır və bu üstünlüyü qorumağın yollarını arayırlar.

    Əgər Şəhriyardan uğurlu qrafik cızacağı gözlənilən idisə, Teymur Rəcəbovun çıxışı hələ ki, sensasiya kimi dəyərləndirilə bilər. Onun sonuncu dəfə hansı turnirdə “ekvator”u yarıladıqdan sonra müsbət saldoya sahib olmasını çətin ki, kimsə xatırlaya. Doğrudu, Teymur yenə də “heç-heçə mərəzi” və süst oyun nümayiş etdirir. Ancaq şahmatda, idmanın istənilən sahəsində olduğu kimi, başlıca məqsəd uğurlu göstəricilərdi, sərgilənən oyun yox. Rəcəbovun da Qran Pridəki statistik göstəriciləri, ən azından son illərdəki nəticələrinə görə, əladı. Fransada yaşayan şahmatçı 3 xalla liderlərin ən yaxın 4 izləyicisindən biridi.

    Sabah baş tutacaq 6-cı tur azərbaycanlı şahmatsevərləri üçün ən darıxdırıcısı olacaq. Səbəb sadədi: qrossmeysterlərimiz bir-birinə rəqib olacaq. Bu partiyada hansısa tərəfin qalib gələcəyini proqnozlaşdırmaq mümkünsüzdü. Şübhə etmirik ki, tərəflər adəti üzrə erkən və sönük heç-heçəyə imza atacaqlar.

    Yarışın digər lideri Dinq Liren aktivində 3 xal olan Maksim Vaşye-Laqravı ağ fiqurlarla sınağa çəkəcək. Aktivində 3 xal olan son iki şahmatçı isə Rusiya təmsilçiləridi – Aleksandr Qrişşuk və Peter Svidler. Şimallı qonşularımız 6-cı turda üz-üzə gələcəklər.

    Sonda Qran Pri seriyasının qaydalarına da toxunaq. Digər şahmat turnirlərindən fərqli olaraq, bu yarışlarda mükafatçılar sırasında yer alan şahmatçıların xalları bərabər olduqda, əlavə göstəricilər hesablanmır. Hər mərhələnin qalibinə 140 bal verilir. Ümumilikdə, yarış 4 mərhələdən ibarətdi. Qran Pri seriyasında iştirak edən 24 şahmatçı bu yarışların 3-də çıxış edə bilər. Birləşmiş Ərəb Əmirliklərində baş tutan ilk turnirdə rusiyalı Aleksandr Qrişşuk, fransalı Maksim Vaşye-Laqrav və Şəhriyar Məmmədyarov 5,5 xalla qalib elan olunublar və hər birinə 140 bal hesablanıb. Şahmatçımız Moskvada da analoji uğuru təkrarlasa (istər vahid qalib olsun, istərsə də şərikli) onun ümumi balı 280 olacaq. 

    Qeyd edək ki, Qran Pri seriyasının yekun nəticələrinə görə, ən çox bal toplayan 2 şahmatçı iddiaçıların turnirində iştirak etmək hüququ əldə edəcək.
     

    CEYHUN ƏLİYEV

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Zirə 2 2 0 0 5-1 6
Qarabağ 2 2 0 0 4-1 6
Qəbələ 2 2 0 0 3-1 6
Səbail 2 1 0 1 2-2 3
Sumqayıt 2 1 0 1 2-2 3
İnter 2 0 0 2 1-3 0
Neftçi 2 0 0 2 1-4 0
Kəpəz 2 0 0 2 1-5 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10