Xəbər Lenti

    Brendlərdən istifadə mexanizmləri, paralel bizneslərin futbola gətirilməsi - LAYİHƏ

    LayihəTarix: 2017-04-30 22:42:00
    ...

    Sport24.az saytı AFFA yanında Media Komitəsinin qaliblərindən olan "İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması” istiqaməti üzrə "Futbol – biznesə aparan yol, böhran iqtisadiyyatında idarəedicilərin peşə biliyi, marketinq və hüquqi müstəvidə həlledici qərarlar” layihəsində silsilə yazılarını davam etdirir. İkinci yazı “Brendlərdən istifadə mexanizmləri, paralel bizneslərin futbola gətirilməsi" mövzusundadı.

    Futbol klublarımızın beynəlxalq təcrübədən birbaşa istifadə etməklə büdcələrinin zənginləşdirmə yollarını araşdırarkən, ortaya çıxan faktorlar müsbət tendensiyanın formalaşmasında yetərincə əngəllərin olduğunu ortaya çıxardı. Bəs nə etməli? Ənənəvi olaraq, bir cibə möhtac qalmalı və həmin himayədarın kənara çəkildiyi zaman müflislik bayrağını sancmaqla barışmaq lazımdı?

     

    Ev ver, qənaət et

    Sirr deyil ki, hazırda klublar hansısa şirkət və ya şəxs tərəfindən maliyyələşir.  Həmin şirkətlərin/şəxslərin kifayət qədər parallel fəaliyyət göstərən struktur vahidləri mövcuddu. Praktiki misallar üzərində xərclərin azaldılması mexanizmini tətbiq edək.

    Futbolçuya illik 300 min manatlıq müqavilə təklif olunur. Bunu 12 aya bölən klub ayda 25 min manat ödəməli olur. Həmin klub rəhbərinin tikinti sektorunda çoxsaylı binaları var. Evlərin qiymətləri də 65 mindən başlayaraq, 250 mində qurtarır. Futbolçuya təklif edilən müqavilədə ödənişin bir qismini daşınmaz əmlakla verilməsi bəndini əlavə etməklə, xərc bölməsi nəzərəçarpacaq dərəcədə azalır. İndi bu sətirləri oxuyan pessimist düşüncəli bir qrup insan “futbolçu buna razı olmayacaq”, “əcnəbi futbolçunun Bakıda ev nəyinə lazımdı” tipli düşüncələrə varacaq. Ancaq cavab üzdədi: mövcud iqtisadi böhranda diqtə edən tərəf klublardı, futbolçular yox. “Qızıl illər” arxadadı və təklif olunan astronomik məbləğlər çoxdan tarixin yaddaşına köçüb. İndi şərtlər fərqli şəkildə irəli sürülməlidi.

    Beləliklə, 300 minlik müqavilənin təqribən 33 faizi ev verməklə bağlandı. Bu isə futbolçuların məvaciblərininə xərclənəcək vəsaitin birbaşa ödənməsinə 33 faiz qənaət deməkdi. Eyni zamanda, həmin tikinti şirkətinin reklamını klub formalarında əks etdirməklə, müəyyən məbləğdə vəsaitin büdcəyə daxil olmasını təmin etmək mümkündü. Buna el arasında “əl əli yuyar, əl də üzü” deyilir. Beləliklə də klub həm məsrəfini azaldmış olur, həm də reklamdan əlavə gəlir götürmüş olur. Özü də az məbləğdə yox. Çünki həmin tikinti şirkəti birdən birə 5-10 ev satır ki, bu da təqribən 1 milyon manat deməkdi. Bunun qarşılığında 20 faiz məbləğində reklam müqaviləsi imzalamaq kifayət qədər sərfəlidi. Üstəlik potensial müştərilərinin də sayı artır. Sirr deyil ki, futbol sahəsində çalışanlar (istər futbolçu və məşqçi heyəti olsun, istərsə də idarəedici strukturlarda çalışanlar) ölkənin zəngin təbəqəsinə aiddi. Deməli, bir illik müqavilə potensial müştəriləri əhatə edəcək çevrəyə maraqlı məhsulun təqdim edilməsinə xidmət göstərəcək. Üstəlik nəzərə almaq lazımdı ki, Topaz Premyer Liqasının oyunları “CBC Sport”la canlı yayımlanır. Yəni, kompaniya birbaşa maykadakı reklamla yanaşı, dolayı yolla da təbliğ olunacaq. Bu sahəni klubun ev sahibliyi etdiyi stadionda reklam bannerini yerləşdirməklə də genişləndirmək mümkündü.

    Daha bir məqam bütün futbolçuların 300 minlik müqaviləyə imza atmaması ilə bağlıdı. Məsələn, kimlərsə ilinə 50-60 manat alır ki, bunun da qarşılığında hər hansısa bir mənzilə birbaşa sahib çıxmaq olmaz. Ancaq məsələ burasındadı ki, faizsiz ipotekanı heç kim ləğv etməyib. Deməli, klub 3 il və daha uzun müddətə müqavilə imzaladığı oyunçulara illik məvacibin 33 faizinə uyğun ev təklif edə bilər. Göründüyü kimi, futbolçuların illik məvacib məsrəfinin azaldılması əlavə maraqlı şirkətin cəlb olunması ilə həyata keçirilə bilər.

     

    Kiçik klublara kiçik sərmayəçilər

    Bəs zəngin olmayan, minimal büdcəylə yaşayan klublar əlavə maliyyəni hardan tapa bilərlər? Əvvəla, heç kim barter yox, birbaşa müqaviləni ləğv etməyib. Yəni, iri tikinti şirkətlərinə reklam təkliflərini irəli sürmək mümkündü. Və əlbəttə ki, tək onlara yox. Yenə də kimlərsə “heç kim razılaşmır” deyib, yaxasını kənara çəkməyə çalışacaq. Ancaq söhbət peşəkar yanaşmadan gedir. Həvəskar səviyyədə “alınmır” deyənlərlə işbirliyi qurmaq özlüyündə yanlış addımdı. Bunun üçün klublar peşəkar marketoloqları dəvət etməli, aylıq məvacib verməklə işi bitirilmiş hesab etməməlidirlər. Klub rəhbərləri bu sahəyə cəlb olunmuş insanlardan aylıq hesabat tələb etməklə yanaşı, həvəsləndirici mükafatlar da qoymalıdırlar. Məsələn, “X” məbləğində reklam müqaviləsi imzalanıbsa, bunun 12-15 faizi həmin sazişi ərsəyə gətirən əməkdaşa ödənilməlidi. Rəqəm kifayət qədər cəlbedici olacaq. Bax, onda əməkdaş da cani-dildən işləyəcək, klub da əlavə gəlir mənbələrinə sahib olacaq.

    Büdcəsi az olan klublar daha bir sərfəli yolla brendlərin cəlb olunmasına nail ola bilərlər. Taınmış restoran şəbəkələri ilə qarşılıqlı müqavilə imzalamaq. Restoran 1 il üçün 25 futbolçunun hər birinə 2 min manatlıq kupon verir. Futbolçulara təklif edilən müqavilə şərtlərində il ərzində alacaqları məbləğin 2 min manatının bu cür kuponla ödəniləcəyi şərt kimi göstərilir. Əvəzində klub həmin restoranın reklamını maykalarda əks etdirir, yaxud da bannerinin stadionunda yerləşdirilməsini təmin edir. Restoran pulun əvəzinə reklam alır, klub isə 50 min manata qənaət etmiş olur.

    Bu üslubda brend dükanlarla da işbirliyi qurmaq mümkündü. İl ərzində hətta 150 min manatlıq qənaət, büdcəsi zəif olan klublar üçün olduqca cəlbedici rəqəmdi. Özü də unutmayaq ki, pul pul gətirir, reklam isə reklam. “Qonşudan qalma geri” prinsipini heç kim ləğv etməyib.

    Bu yöndə mobil operatorlarla da müqavilələr imzalamaq olar. AFFA-nın nümunəsi göz qabağındadı. Klublara nəzər saldıqda, “Sumqayıt”ın sponsorları sırasında “Kapitalbank” və “Paşa sığorta”nı görürük ki, bu da yazımıza əlavə rəng qatır. Yəni, fakt göz qarşısındadı və çalışdıqda, məhsulunu düzgün təqdim etdikdə, praktiki nəticələr əldə etmək mümkündü.

     

    Futbolçu brendə çevrilir və...

    İndi də məsələnin əks tərəfinə toxunaq. Rəşad Sadıqov, Riçard Almeyda, Daniel Subotiç, Filip Ozobiç, Dmitri Bezotosnı və ölkə klublarında çıxış edən digər tanınmış futbolçular Azərbaycan istehsalı olan brend məhsullarının simasına çevrilə bilərlər. Məsələn, Rəşad Sadıqov “Azərçay”ın reklam çarxlarına da çəkilə bilər, şəkli bu çayın üz qabığında da əks oluna bilər. Subotiçin, Ozobiçin “Jalə” şirələrinin reklam çarxlarında peyda olması da həmin şirkətlərə müsbət dividendlər qazandırar. Bu da öz növbəsində yeni eraya start deməkdi. Bəli, “Azərçay”ın “Qarabağ”la, “Jalə”nin isə “Qəbələ”ylə bağlılığı var. Ancaq burda maraqlı məqamlar var.

    1. Həmin futbolçuların sözügedən şirkətlərin reklamlarına çəkildiklərinə görə, klublar vəsait əldə edəcək. Bunu klubla futbolçu arasında müqavilə imzalanarkən xüsusi bənd kimi qeyd etmək lazımdı.
    2. Bu cür gedişlər klublara bağlı olmayan şirkətlərə də ciddi bir siqnal rolunu oynayacaq və nəticədə, ölkədə fəaliyyət göstərən nəhəng kompaniyalar bu cür xidmətlərdən faydalanmağa başlayacaq.

    Bədbin düşüncəli insanların virtual fikirlərinə də yer verək:

    1. Axı, bu, pulun bir cibdən digərinə axması deməkdi və ortada real gəlir olmur
    2.  Kimdi ki, “Azərçay”da Rəşad Sadıqovun (şərti olaraq) şəklini gördüyünə görə, millimizin kapitanını öz məhsulunun reklamına çəkən?

    Əvvəla, “Azərçay”ın mühasibatlığı ilə “Qarabağ”ın büdcəsi tam fərqli hüquqi vahidlərdi. İkincisi, bu addımı atmaqla həmin “Azərçay” satışını artıracaqsa, deməli, bu marketoloji gediş şirkətə dividend gətirib. Klub isə Sadıqovun timsalında büdcəsinə müəyyən vəsait əlavə edəcək ki, bu da mühasibatın “debet” bölümünün zənginləşməsi deməkdi.

    Televizoru açırsan, Rəşadın “mən “Azərçay” içirəm” deməsini görürsən, marketə daxil olursan, Rəşadın simasını bu çay qutusunun üzərində görürsən. Bu üsulla futbolçu çalışdığı sahədən kənarda da brendə çevrilir, müəyyən bir məhsulun siması olur. Bu da gələcəkdə elə həmin Sadıqovun brend kostyumların, Filip Ozobiçin kişi parfümünün, Daniel Subotiçin tanınmış avtomobillərin, Səlahət Ağayevin elitar banklardan birinin reklam çarxlarında çəkilməsinə zəmin yaradacaq.

    Əməkdaşlıq sahəsi genişləndikcə, futbol klubları da ölkədə brendə çevrilməyə başlayacaq. Göstərdiyimiz cığır futbolçuların populyarlaşması baxımından olduqca faydalı addım sayılır və nəticədə həmin oyunçuların telekanalların ekranlarından düşməməsi  küçələrdə tanınmalarına və bunun nəticəsində komandalarının populyarlaşmasına səbəb olacaq.

    Növbəti yazıda teleyayım, vizual görüntülərin pula çevrilməsi, futbolçuların klub aktivi hesab edilməsi üçün tələb olunan addımları müzakirə edəcəyik.

    CEYHUN ƏLİYEV

    Yazı AFFA yanında Media Komitəsi tərəfindən maliyələşdirilib

     

     

     

     

     

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 1 1 0 0 3-1 3
Qəbələ 1 1 0 0 2-1 3
Zirə 1 1 0 0 2-1 3
Sumqayıt 1 1 0 0 2-1 3
Kəpəz 1 0 0 1 1-2 0
Səbail 1 0 0 1 1-2 0
İnter 1 0 0 1 1-2 0
Neftçi 1 0 0 1 1-3 0
I Divizion
Komanda O Q H M T/F X
Turan 26 18 7 1 62-11 61
Səbail 26 18 3 5 80-25 57
Ağsu 26 16 5 5 63- 21 53
Qaradağ L. 26 17 1 8 64-31 52
Zaqatala 26 15 4 7 69-31 49
Şəmkir 26 15 3 8 41-20 48
Mil Muğan 26 13 5 8 53-33 44
MOİK 26 10 6 10 47-31 36
Şahdağ 26 8 6 12 36-45 30
Şərurspor 26 7 4 15 36-54 25
Energetik 26 5 5 16 25-86 20
Bakılı 26 3 2 21 30-99 11
Rəvan 26 6 1 19 24-70 10
Göyəzən 26 2 4 20 20-99 10