Xəbər Lenti

    “Çağırılmamış qonaq”: Corat qutabı, övlad arzusu, “CBC Sport” mətbəxi, adaxlıbazlıq – Volkan Üstlə üst-üstə 1 saat

    LayihəTarix: 2017-04-30 14:36:00
    ...

    “Çağırılmamış qonaq”. İfadə fərqli istiqamətdə işlənilsə də, yeni rubrikamıza məhz bu adı seçdik. Məğzi də hərfi məna danışıyır. Bizi heç kim qonaq çağırmır, sadəcə, rubrikaya uyğun olaraq, seçdiyimiz respondentlə evində görüşmək istəyimizi bildiririk. Hədəflər çox olsa da, rəhbəri olduğu qurum daim idman camiəsinin ağzında olan bir kəs var idi ki, yaxından onu heç kəs tanımır. Debüt üçün də məhz onun personası üzərində dayandıq. Beləliklə, Sport24.az-ın “Çağırılmamış qonağ”ının ilk qonağı Volkan Üst və xanımı Özge Uzun.

     

    Uzun yolçulğun növbəti dayanacağı: Şəki ləhcəsi ABŞ-dan Bakıya gətirdi

    - Volkan bəy, Siz Azərbaycana, biz isə sizə xoş gəlmişik. Hələlik işi bir kənara qoyaq. Azərbaycanda, Bakıda yaşamaq Sizin üçün nə deməkdi?

    - Neçə-neçə ölkədə olduq, amma Azərbaycan yeganə ölkədir ki, özümüzü yad yerdə hiss etmirik. Necə ki, İstanbulda, Ankarada, eləcə də Bakıda. Burda yaşamaqdan zövq alıram. Paytaxtınızda müxtəlif zamanlarda olmuşam. Hələ uzaq 90-cı illərdə Bakıda olmuşdum. İndi tam başqa bir mənzərədi. Hə, bir məqamı da qeyd edim: Bakıda tıxac yoxdu. Bunu İstanbul tıxacları ilə heç müqayisə edə bilmərəm. Yüz dəfə burdakından betərdi. İstanbulda işə getmək üçün 2,5 saat vaxtımız gedirdi. Təsəvvür edirsiz 5 saat yollarda olmaq nə deməkdi?!

    - Volkan Üst kimdi? Xeyli müddətdi “CBC Sport”a başçılıq etsəniz də, Sizi yaxından tanıyan yoxdu...

    - Ailənin tək övladı olmuşam. 1973-cü ildə Ankarada dünyaya göz açmışam. Həyat yoldaşım da əslən Ankaradandı. Ancaq onunla tanışlığımız paytaxtda baş tutmayıb...

    - Tələsməyin, Volkan bəy, o məsələyə də gəlib çatacağıq...

    - Televiziya sahəsində TRT-dən başladım. Məmur kimi fəaliyyət göstərdim. Addım-addım irəlilədim. Daha sonra “SHOW TV” yeni açılırdı və oradan dəvət aldım. Orda xeyli layihələri həyata keçirdim. Həyatımın növbəti hissəsi əsgərlik illəri ilə bağlı oldu. Nə az, nə çox, düz 3,5 il! Buna səbəb müəyyən müddət dövlət məmuru kimi çaışmağım idi. Xüsusi qoşunlarda xidmət edirdim və Türkiyənin ən problemli bölgələrində Vətənə qulluq etdim. Daha sonra NTV kanalından dəvət aldım və uzun müddət – 7,5 il orda fəaliyyət göstərdim. Növbəti lövbər saldığım yer Kanada oldu. Yenə də televiziya sahəsində çalışdım. Vətənə qayıtdıqda, “Kanal D”-də proqramlar qurdum, bir neçə film çəkdim. Bunlar arasında “Mən bilməm, eşim bilər” layihəsini qeyd edərdim. Hər halda, Azərbaycan tamaşaçısı bu layihəni məmnuniyyətlə izləyir. Sonra yenidən ölkə xaricinə üz tutdum, bir daha Türkiyəyə döndüm və 2 il əvvəl qərara aldıq ki, ABŞ-a yollanaq. Yeni bir ab-hava axtarırdıq. Eyni zamanda övladlarımızın təhsili üçün münasib variant axtarırdıq. Və həmin bir vaxtda bəzi dostlarım dedilər ki, Azərbaycanda bir kanalda maraqlı iş var. Bir kiçicik çanta götürüb, Bakıya gəldim ki, sadəcə, maraqlanım. Dedim 1 həftəyə geri dönəcəm. Hələ də burdayam. Bakıda Olimpiya Stadionunun direktoru Cavid Hüseynovla və AFFA-nın baş katibi Elxan Məmmədovla görüşdüm. Məmmədov o şirin Şəki ləhcəsi ilə məni özünə bağladı.

     

    “Hadisələrin episentrində olmağı sevirəm”

    - Qeyd etdiniz ki, 90-cı illərdə Bakıda olmusunuz...

    - O zaman gənc bir müxbir idim. TRT-də çalışırdım. Bu, 92-93-cü illərə təsadüf etmişdi.

    - O dövrlər Bakı çox təlaşlı idi. Gənc jurnalist Volkan bu cür şəhərdə olmaqdan qorxmurdu?

    - Qətiyyən. Vəzifə borcumu yerinə yetirərkən, qorxu anlayışı ümumiyyətlə, itir. Daim hadisələrin episentrində olmağı sevirəm. Dəfələrlə özünüz də şahidi olmusunuz ki, stadiona gələrkən, hansısa xüsusi lojaya can atmıram, siz – jurnalistlərlə eyni tribunada yer alıram.

    - Jurnalistikanın hansı özəlliyi Sizi bu sahəyə çəkib? Fikrinizi bir cümləylə nə cür ifadə edərdiniz?

    - İnsanların görmədiklərini onlara göstərmək bu peşəyə sevgimi şərtləndirən başlıca məqamdı.

    - “CBC Sport”a qayıdaq. Qeyd etdiniz ki, bir tərəfdən stadionun direktoru şirin dilinə güc verdi, digər yandan da Şəki ləhcəsi könlünüzü oxşadı. Kollektivlə tanışlığınızı xatırlayırsınız?

    - Əvvəlcə telekanalın sabiq direktoru İlham Rüstəmovla tanış oldum. Brilyant kimi bir insandı. Bir qədər söhbətdən sonra eyni qənaətə gəldik: kaş ki, çiyin-çiyinə çalışmaq bizə nəsib olaydı. İlk cümləsindən burdakı kollektivin sağlamlığından bəhs etdi, onları qorumağı tövsiyə etdi. Sevindiricidi ki, həmin heyətin 90 faizini qorumağı bacardıq. Gedənlər də bizim tələbimizlə yox, öz istəkləri ilə bizdən ayrılıb. İzah edirdim ki, sıxıntılar istənilən sahədə yaşana bilər, səbrli olun. Ancaq bütün hallarda hər birinə də demişik ki, qapılarımız üzünüzə açıqdı.

    - Yaşadığınız sıxıntılar haqda yayılan söz-söhbətlər sizi üzmür?

    - Qış fasiləsinədək 2 STS-imiz var idi, sonra birini qaytardıq. Bunu fərqli şəkildə qələmə verdilər. Müxtəlif şayiələr gəzməyə başladı. Olanların, yaşananların üstünə beşini qoyub, qələmə alanlar oldu. Bir az bu, xoş olmur. Maliyyə sıxıntıları bütün Azərbaycanda yaşandı. Yəni, bu, tək bizim başımıza gələn hadisə deyildi. Ancaq “Topaz” şirkəti ilə müqaviləmiz var idi. Sonradan onlarda daxili dəyişikliklər baş verdi. Müqavilə donduruldu, biz təkrarən SOCAR-a müraciət etdik. Bu məsələlər həllini tapınca müəyyən zaman keçdi.

     

    “CBC Sport”un “daxili mətbəxi”: “Şəmsəddin mənimlə gündə 6 dəfə dava edir”

    - “CBC Sport”da Sizi ən çox əsəbiləşdirən hansı hadisə olub?

    - (Bir qədər fikrə gedir) Promoları yubadırlar hərdən, bax, onda özümdən çıxıram. Çünki yaratdığımız işi anlatmasaq, bunu yerimizə heç kim etməyəcək. Hə, bir də Şəmsəddin (baş redaktor Şəmsəddin Abbasovu nəzərdə tutur-müəlliflər) yamanca əsəbiləşdirir. Bu adam gündə 6 dəfə yanıma gəlib, əməkdaşlarımızın maaşını qaldırmaq davası edir (gülür).

    - Bəs, yaxşı mənada təccübləndirən məqamlar?

    - Hansısa bir proqramı müzakirə edirik, layihə ətrafında düşünür və 1 həftə sonra onu ekrana daşıyırlar. Bax, bu məqamlar məni həm xoşbəxt edir, həm də bir daha əmin oluram ki, bu uşaqlar əsl peşəkarlardı! İstək, niyyət, inadkarlıq, əzmkarlıq – bu uşaqların markasıdı! Azərbaycanda olduqca savadlı və istedadlı insanlar var. Bəzən həmkarlarımız “Türkiyə başqa aləmdi” deyərək, azərbaycanlı jurnalistləri kiçildir. Yanlışdır! Əməkdaşlarımıza da deyirəm ki, gəlin biz ən yaxşısını edək, qoy digərləri bizə bənzəməyə çalışsınlar. Əlbəttə, iş olan yerdə qüsurlar da olur.

     

    Volkan Üstün gizli ulduzu kimdi? 

    Картинки по запросу Firuz Abdulla

    - Stadiona gedirsinizsə də, bütün oyunları tribunadan izləmirsiniz. Deməli, ekran qarşısından da həmkarlarımızın şərhlərini dinləyirsiniz. Ən sevimli şərhçiniz kimdi?

    - İstəyirsiniz ki, ad çəkim, kanaldaxili müharibəmiz başlasın? (ürəkdən gülür)... Başqa cür cavab verim. Mənim gizli bir ulduzum var. Söhbət AFFA-da çalışan Firuz Abdulladan gedir. Onun şərhçiliklə heç bir əlaqəsi yoxdu, amma yavaş-yavaş, heç kim hiss etmədən bu yola gətiririk. Hə, bu, bir növ bizim legionerimizdi, İtaliya çempionatını şərh edir. O ki qaldı daxili resurslarımıza, qalmaqallı oyunlarda iki tələb olunan məqam var: təcrübə və həyəcan. “Təcrübə” dedikdə Rövşən Binnətli yada düşür, “həyəcan” isə Gündüz Abbaszadədi. Emin Abbasovu da xüsusi qeyd edərdim, ancaq Rövşən müəllimin tarixlə müasir zamanın sintezini yaratmaq bacarığı olduqca gözəl mənzərə yaradır.

    - Türk şərhçilərin özəlliyi dinamika yaratmaq bacarığı, emosiyaları zirvə həddinə çatdırmaqdı. Azərbaycanda bu üsluba yaxın hansı şərhçini hesab edirsiniz?

    - Rüstəm Əfsərli. Ancaq bir məqama toxunum. Şərhçinin yüksək temp tutması üçün, azarkeşin həmin dinamikanı yaratması vacibdi. Azərbaycanda isə bu sarıdan problem var. Tribunalara 1000 azarkeş toplaşanda bu, böyük bir hadisə sayılır. Əlbəttə ki, millinin oyunları xaric. Boş tribunalar qarşısında oyun şərh etmək olduqca çətindi. Tribunalarda gözəl ab-hava olduqda isə, şərhçi də həmin emosiyalardan gələn siqnalı qəbul edir.

    - “CBC Sport”da müxtəlif ölkələrin çempionatları yayımlanır, müəllif verlişlərini izləyirik, amma bir çatışmazlıq hiss edirik. Söhbət intellektual yarışmaların keçirilməməsindən gedir. Zənnimcə, bu tip proqramlar azarkeş kütləsinə də müsbət təsirini göstərər...

    - Tamamilə razıyam. Bu boşluğu biz də görürük. Sadəcə, yarışma proqramının bəlli bir strukturu olmalıdı. Bunun riyazi düsturunu düzgün qurmalısan. Əks halda verliş olduqca ürəksıxıcı alına bilər. Bu formatı tapmaq olduqca müşkül məsələdi. Ancaq bu fikrinizi birmənalı şəkildə dəstəkləyirəm və növbəti mövsüm bir belə proqram yaratmağa cəhd edəcəyik.

     

    “Torbadakı pişik” və inadkar Volkan

    - Gəlin bir qədər abstraksionizmə yönələk. Təsəvvür edin, avtobillə hava limanına gedirsiniz. Xanımınızla birlikdə hansısa Avropa ölkəsinə yollanırsınız. Yolda xanımızın diqqətini bir gözəl meşə cəlb edir və deyir ki, adam burda dincələ. Nə edərsiniz?

    - Onun xətrinə hər şey edərəm. Bileti cırıb ataram və meşəyə dönərəm.

    - Elə isə gəlin bizdə eyni döngədən istifadə edib, “CBC Sport”dan aralanıb, bir qədər də ailə həyatınız barədə danışaq...

    - Ooo, çox gözəl döngə seçdiniz, möhtəşəm!

    - Özge xanım, Volkan bəy nə etdi ki, onunla ailə qurmağa razı oldunuz?

    - İlk növbədə inandırmağı bacardı. NTV kanalında tanış olduq. O vaxt mən orda “Xəbərlər”in aparıcısı idim. Volkan da orda çalışırdı və ara-sıra qarşılaşırdıq. Hiss edirdim ki, mənimlə üz-üzə gəlməyə meyllidi. Onunla salamlaşmamaq üçün üz-üzə gələndə ani üzümü kənara çevirirdim. Bir müddət sonra Volkan radioda çalışmağa başladı. Təsəvvür edin, iş günləri televiziyada aparıcılıq edirəm, həftə sonunda mütamadi olaraq radiodan dəvətlər almağa başladım. Gün ərzində 8-9 saat televiziyada xəbər oxuyuram, indi də radioya get. Sən demə, “torbada pişik var” imiş. Sonra başladı məni qəhvə içməyə dəvət etməyə, söhbət edirdik... Əvvəlki işim radioda aparıcılıq olduğundan, belə bir təklif verdi ki, həftədə bir dəfə “Kənd işıqları” proqramı aparım. Həmin verliş daha çox eşq, məhəbbət mövzularını əhatə edirdi. Daha sonra işçilərindən mənə CD diskləri yollamağa başladı. Həmin disklərdə seçmə parçalar idi. Sanki hər biri nələrisə anladırdı. Daha dəqiq desəm, mahnılar vasitəsi ilə məktub yazırdı. Ancaq mənə eşq elan etdikdən sonra ondan qaçdım. İzmirə getdim. Qorxurdum ki, seçimdə yanılaram. Antalyaya getmişdim, gördüm Volkan burdadı. Gəlib atamla tanış olub. Mersinə getdim bağ evimizə, orda da peyda oldu. Nənəmlə tanış olmağa gəlib, oturub onunla qəhvə içib, söhbət edir. Bir gün anam Ankaradan zəng vurub hal-əhval tutur və sonda deyir ki, Volkan burdadı, qəhvə içirik. Ancaq münasibətlərimiz yarandıqdan cəmi 6 ay sonra ailə qurduq.

    - Volkan bəy yorğun şəkildə evə gəlir. Siz də televizorda hansısa filmə baxırsınız. Belə bir şey ola bilərmi ki, yumruğunu yerə çırpıb, “dəyiş kanalı, futbola baxacam” desin?

    - Əsla! Heç vaxt belə bir şey etməz. Ümumiyyətlə, eyni sahədə çalışdığımızdan, işin necə çətin və yorucu olduğuna bələdik. Hansımızınsa əsəbi olduğunu hiss etmək çətin deyil və belədə, həmin adamdan müəyyən zaman kəsiyində uzaq olmaq daha məqbuldu. Görəndə ki, əsəbidi, sakit şəkildə ac olub-olmadığını soruşuram, qəhvə təklif edirəm və sonra mətbəxə keçirəm. Onsuz da bu cür vəziyyət uzun sürmür və az sonra özü məni səsləyir.

    - Yəqin ki, seriallara baxmağı sevirsiz?

    - Bir neçəsini izləyirəm. “Həyat mahnısı”na baxıram. Doğrudu, ailəyə diqqət ayırdığım üçün, televiziyadan nadir hallarda baxa bilirəm. Adətən sonradan internetlə izləyirəm. Hə, bir də “Vətənim sənsən”. Bax, bu yeganə serialdı ki, birlikdə izləyirik.

    “Azacıq da olsa, qısqan!”

    - Bakıda darıxmırsınız işsiz?

    - Ayda ən azından iki dəfə Türkiyəyə gedirəm. Kitab yazıram və mayda işıq üzü görəcəyini düşünürəm. Eyni zamanda, sosial medaiada xeyli sayda izləyicim var. Onlarla da mütamadi ünsiyyətdə oluram. Elə Azərbaycanda da xeyli sayda izləyicim var. Çoxlu sayda mesajlar alıram.

    - Volkan bəy bu mesajlara Sizi qısqanmır?

    - Yox, axı, bu, mənim işimdi.

    - Onun da işi qısqanmaqdı axı...

    - (Üzünü Volkan bəyə tutaraq) Niyə qısqanmırsan? Azacıq da olsa, qısqan...

    - “CBC Sport”da xeyli sayda xanım çalışır. Onların arasında simpatiya bəslədiyiniz varmı?

    - Səmranı çox bəyənirəm. O, sadəcə aparıcılıqla kifayətlənmir. Öyrənir, oxuyur, yazır-pozur. Əsl aparıcı belə olmalıdı. Leyla Abdullayevanı çox bəyənirəm. İnanıram ki, bu tərzdə xanım aparıcıların sayı artacaq. “İmza”nın aparıcısı Əminə yeniliklərlə sevindirir. Nərmini də qeyd edərdim. O, sanki televiziyada aparıcı olmaq üçün anadan olub. Ekrana çox yaraşır.

    - Volkan bəy, televiziyada aparıcı olmaq üçün zahiri görünüş həlledicidi?

    - Erman Toroğlu – dünyanın ən çirkin adamıdı. Amma şərhi, təhlili o qədər yüksək səviyyədədi ki, zahiri görünüşü ümumiyyətlə, yaddan çıxır. Ahmet Çakar da eyni. Xarizma və enerji daha önəmlidi.

     

    “Heç kimin gözləmədiyi anda elə tutarlı söz deyə bilər ki...”

    - Ölkəmizdə iki idman kanalı var. Rəqabətə münasibətiniz? Qısqanmırsınız?

    - Qətiyyən! Orda da bizim həmkarlarımız çalışır və bu sahədən evlərinə çörək aparırlar. “İdman Azərbaycan” dövlət kanalıdı, biz isə özəl. Bu kanallar arasında böyük bir fərq var. Onlar dövlətin strategiyasına uyğun missiyanı həyata keçirir. Onların vəzifəsi dünyaya lazımlı mesajları çatdırmaqdı. Bizim isə missiyamız beynəlxalq standartlara cavab verən proqrmalar hazırlamaqdı. Biz fərqli meydanlarda çalışırıq. Rəqabət isə mütləq lazımdı. Çünki belədə, hər kəs yeni bir layihə hazırlamağa can atır.

    - Rəhbəri olduğunuz kanal ölkə çempionatının oyunlarını ən keyfiyyətli şəkildə təqdim edir. Ancaq yəqin ki, narazı qaldığınız məqamlar da var...

    - Əlbəttə, var. Hər turdan sonra bizim toplantımız olur və çatışmazlıqlar müzakirəyə çıxarılır. Eyni zamanda planlarımız da hələ genişdi. Hələ görüləsi çox işlərimiz var.

    - “CBC Sport”un şərhçilərindən biri – Elnur Məmmədli ötən il “ilin şərhçisi” nöminasiyasının qalibi oldu. Əməkdaşınızın belə bir mükafat alması, Sizin üçün nə dərəcədə önəmlidi?

    - Olduqca önəmlidi və xoşdu. Elnur özünəməxsus xasiyyətə sahibdi. Təbitcə sakit olsa da, heç kimin gözləmədiyi anda elə tutarlı söz deyə bilər ki... Bəlkə də siz də eşitmiş olarsız...

    - Ola bilər, cəmi 16 ildi onunla bir-birimizi tanıyırıq...

    - (Gülür) Onda lap yaxşı bilirsiniz. Hər bir əməkdaşımızın tək vəzifə başında deyil, işdən kənardakı həyatı ilə də maraqlanırıq. Elnurun mükafatı bizim hamımız üçün motivasiya oldu. Bundan sonra başqa mükafatlar da qazandıq. Ancaq o, bizim mükafat alan “ilk qaranquş”umuz oldu.

     

    “Hər kəsə sağlam övlad valideyni olmağı arzulayıram”

    - Özge xanım, övladlarınızın yolunuzu davam etdirməsini istərdinizmi?

    - İlk kitabım oğluma həsr olunub. Dağaxan bizim üçün həm böyük bir xoşbəxtlikdi, həm də bəzən üzüntü. Qızımız Siva dünyaya gəldikdən sonra bunu daha çox anladıq. Allah heç kimi övladla sınamasın. Hər kəsə sağlam övlad valideyni olmağı arzulayıram. Dağaxanla bizim hələ uzun yolçuluğumuz var. Cəmi 9 yaşı olsa da, 7 dəfə əməliyyat olunub. Onu qəhrəman kimi görürəm. Hələ qarşıda da xeyli mübarizəmiz var. Dağaxan sağlam olsaydı, bəlkə də fərqli düşünərdüm. Nə qədər ki, bizim kölgəmiz onun üzərindədi, narahat deyiləm. Ən böyük arzum odu ki, Dağaxan biz olmayanda, heç kimə möhtac qalmasın.

    Sivayla bağlı isə “vəkil, həkim, şahmatçı, bəstəkar” olsun fikrimiz yoxdu. Biz müstəqil övladlar yetişdiririk. Bəli, bu evdə müəyyən qaydalar var. Amma bu ev tək mənim və Volkanın deyil, bu, dördümüzün evidi. Uşaqlarımın xoşbəxt olması hər şeydən vacibdi.

     

    “İlahi, o nə təam idi!”

    - Özge xanım, mətbəxlə münasibətiniz necədi?

    - Müəyyən yeməkləri təbii ki, hazırlaya bilirəm. Ancaq işim həddən artıq çoxdu və boş vaxtımı da övladlarıma həsr etdiyimdən, mətbəxdə iş görməyə çox vaxtım qalmır.

    - Ancaq Volkan bəyə baxdıqda, heç deməzdik ki, mətbəxlə dostluq etmirsiniz...

    - (Gülür) Mən burda olmayanda çəki yığıb. Bunda mənim əl işim yoxdu. Ancaq Bakıda mətbəxə daha çox diqqət yetirə bilirəm. Dietik yeməklər hazırlayıram ki, bir az özünü daha rahat hiss etsin.

    Hər kişinin ürəyinə yol onun mədəsindən keçir...

    - Vallah, Volkan məndən daha yaxşı yemək bişirir. Çox gözəl əl qabiliyyəti var. Çin və italyan yeməklərini əla hazırlayır.

    - Özge xanım, Azərbaycan mətbəxindən hansı yeməkləri daha çox bəyəndiniz?

    - Yarpaq dolması və düşbərəni çox bəyənirəm. Bir də... Novxanıda yemişdik. İlahi, o nə təam idi!

    - (Volkan bəy müdaxilə edir) Corat qutabını deyir.

    Azərbaycanın bölgələrini yəqin ki, gəzməmisiniz. Haralarda olmaq istəyərdiniz?

    - Şahdağı görmək istəyərdim. Ancaq qışda, bolluca qar olarkən. Bir də eşitdiyimə görə, Gəncə olduqca gözəldi. İnşallah, oranı görərəm. Havalar qızdıqdan sonra Türkan və Hövsana da getmək istərdim.

    CEYHUN ƏLİYEV, MEHMAN SÜLEYMANOV

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 8 6 1 1 14-4 19
Qəbələ 9 6 1 2 12-8 19
Zirə 9 5 3 1 16-7 18
Sumqayıt 9 4 1 4 10-12 13
Neftçi 9 3 1 5 10-9 10
Səbail 8 3 0 5 5-12 9
İnter 9 2 2 5 7-12 8
Kəpəz 9 1 1 7 5-15 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 4 3 1 0 7-3 10
Sabah 4 2 1 1 7-2 7
Binə 4 2 1 1 5-1 7
MOİK 4 2 1 1 5-3 7
Turan T. 4 2 1 1 5-7 7
Xəzər 4 1 2 1 6-3 5
Şüvəlan 4 1 1 2 2-3 4
Mil-Muğan 4 1 1 2 4-7 4
Ağsu 4 1 1 2 4-7 4
Zaqatala 4 0 0 4 1-12 0