Xəbər Lenti

    Cüdoçularımızın Tokio tsiklində ilk imtahanı - Avropa çempionatına ÖNBAXIŞ

    CüdoTarix: 2017-04-13 10:30:00
    ...

    Aprelin 20-də Polşanın paytaxtı Varşavada cüdo üzrə növbəti Avropa çempionatı start götürəcək. Məsul yarışda Azərbaycanın, 9-u kişi, 5-i qadın olmaqla, 14 cüdoçusu mükafatlar uğrunda mübarizə aparacaq.

    İslam Həmrəyliyi Oyunları ərəfəsinə düşsə də, sözügedən turnirdə komandamızın uğurlu çıxışı böyük önəm kəsb edir.

    Heyətə ölkənin ən yaxşıları hesab edilən cüdoçular daxil edilib. Bu da, böyük ehtimalla, ötənilki nəticənin minimum hədəf kimi seçilməsindən irəli gəlir.

    Kimdən nə gözləyək?

    Azərbaycan cüdosu tarixində ən uğurlulardan hesab edilən 60 kiloqram çəki dərəcəsində iştirakımız sual altındadı. Mütəxəssislər burada əsas təmsilçimiz olan Orxan Səfərovun iştirak edib-etməyəcəyinə yaxın iki gün ərzində aydınlıq gələcəyini deyir.

    Son iki analoji yarışın vitse-çempionu turniri buraxacaqsa, bu, millimiz üçün kifayət qədər ciddi itki olacaq.

    Səfərov özü isə zədəsinin o qədər ciddi olmadığını, sadəcə, formaya düşməsinin çətin olacağını bildirir.

    Bu məsələlər onun haqqında nikbin danışmağa əsas verməsə də, "Dünya Turu" seriyalarının yekunlarına baxdıqda, çəkinin Avropa miqyasındakı rəqabət vəziyyətinin gərgin olmadığı görünür. Hazırda dünya reytinqinə başçılıq edən 25 yaşlı Səfərova iki, ən çoxu üç ölkə təmsilçisinin bab rəqib olduğunu demək olar.

    66 kq-da uzun müddətdi ölkənin bir nömrəsi statusuna malik Nicat Şıxəlizadənin çıxış edəcəyi müəyyənləşib. "Dünya Turu" seriyasından olan turnirlərdə dəfələrlə fərqlənən 30 yaşlı təcrübəli cüdoçu indiyədək Avropa çempionatında mükafatçılar sırasına düşə bilməyib. Belədə Nicat üçün bu turniri ikiqat önəmli hesab etmək olar. Karyerasının son illərini yaşayan Şıxəlizadənin, əminliklə, var-gücünü ortaya qoyacağını deyə bilərik.

    Turnir həm də Rüstəm Orucov Hidayət Heydərov(73 kq) duetinin tsikl ərzində əsas sınağıdı. Ümumi nəticə ilə yanaşı, Olimpiadadan sonra çıxışında bir qədər eniş müşahidə olunan Orucovun cüdomuzun vunderkindi ilə müqayisədə hansı nəticəni göstərəcəyi də maraq doğurur.

    Hər iki cüdoçumuzun medala iddialı olduğunu qeyd etmək lazımdı. Olimpiya vitse-çempionu Orucov həm də turnirin son qalibidi. Bu günə qədər də əsas rəqiblərinin hamısı ilə görüşlərdə qələbə sevinci yaşayıb. Yəni, onun barəsində danışarkən, kimdənsə xüsusi ehtiyat etməyə gərək yoxdu. Hər şey Rüstəmin və rəqiblərinin yarışa hazırlığından asılı olacaq.

    Heydərov üçün bu, böyüklər arasında ilk Avropa çempionatıdı. Ötən il gənclər arasında keçirilən əsas qitə mücadiləsinin qalibi olan 19 yaşlı cüdoçu Paris "Böyük Dəbilqə"sində qazandığı medalla xüsusilə diqqət mərkəzinə düşdü. Ardından Bakı "Böyük Dəbilqə"sində və keçən həftə Anltalya Qran Pri-sində əldə edilən yüksək yerlər onu artıq dünya reytinqinin 12-ci pilləsinədək daşıyıb.

    Texnikalı cüdoçumuzdan mütəxəssislər də uğurlu çıxış gözləyir.

    Rüfət İsmayılovun(81 kq) Bakı "Böyük Dəbilqə"sindəki sensasion qalibiyyəti, onu bir andaca diqqət mərkəzinə saldı. Artıq 81 kiloqramda da iddialı cüdoçumuz yetişib kimi fikirlər səsləndirildi.

    Varşava turniri məhz bu baxımdan da önəmlidi. Ki, Rüfət paytaxtımızdakı qələbənin təsadüfi olmadığını sübut etməyə çalışacaq.

    Amma bu, heç də asan olmayacaq. Avropa çempionatındakı rəqabətin "Böyük Dəbilqə"yə nisbətdə xeyli çətin olacağı şübhəsizdi.

    Rio Olimpiadasından sonra yaşadığı zədə sindromu ucbatından bir neçə yarışı buraxan Məmmədəli Mehdiyev(90 kq) Bakı "Böyük Dəbilqə"sində ikinci olmaqla uğurlu geridönüş etdi. Belədə 24 yaşlı cüdoçumuzun bu turnirdə də özünü göstərmək iqtidarında olduğunu qeyd etmək lazımdı.

    Texnika baxımından zəngin olmayan Mehdiyev, fiziki göstəricilərinə görə çəkidə ən yaxşılardan hesab olunur. Düzdü, rəqiblər arasında gürcüstanlı Beka Qviniaşvili, rusiyalı Kusen Kalmurzayev kimi kifayət qədər güclü cüdoçular var, amma Rioda göstərdiyi çıxış və nəticədə qazandığı yeddincilik onun potensialından və artan iddiasından xəbər verir.

    100 kq-da Varşavada artıq illərdi öyrəşdiyimiz dueti görəcəyik. Olimpiya vitse-çempionu Elmar Qasımov və dünya çempionu Elxan Məmmədov.

    Olimpiadadan sonra Rüstəm kimi, hətta ondan daha artıq Elmarda eniş müşahidə olunur. Zədə problemini də üstünə gəlsək, onun bu turnirdəki iddiasının tituluna müvafiq olmadığı görünür.

    Elxan Məmmədov son iki turnirdə fərqlənsə də, qeyd edək ki, nə Bakı "Böyük Dəbilqə"si, nə də Antalya Qran Pri-sinin rəqabət səviyyəsi sözügedən turnirlə müqayisə edilə bilməz. İlkin siyahıya nəzər saldıqda Sirill Mare(Fransa), Kiril Denisov(Rusiya), Toma Nikiforov(Belçika), Martin Paçek(İsveç), Xorxe Fonseka(Portuqaliya) kimi cüdoçuların adları bu baxımdan hər şeyə aydınlıq gətirir.

    Həm də etiraf edək ki, Elxanın son vaxtlarkı çıxışı Rio tsiklindəkindən xeyli zəif təsir bağışlayır.

    Beləliklə, nə Qasımovun, nə də Məmmədovun şanslarını yüksək dəyərləndirmək olmaz.

    Uşanqi Kokauri(+100 kq) isə, nəhayət ki, medal hesabını açmaq haqqında düşünür. Amma bu günə qədər heç cür stabillik əldə etməyən gürcü legionerin Barna Bor(Macarıstan), Daniel Natea(Rumıniya), Yakiv Kammo(Ukrayna), Roy Meyer(Hollandiya) və həmyerlisi Adam Okruaşvili kimi rəqiblərlə mübarizədə buna nail olacağı, açığı, xeyli çətin görünür.

    Qızlarımıza gəldikdə isə, hər birinin önbaxışını eyni çatı altında birləşdirsək, yaxşıdı: Təcrübəsizlikləri - cüdo kimi dinamik idman növündə əsas rəqiblərə bələd olmamaqları onlar haqda nikbin danışmağa heç cür əsas vermir.

    SAHİB ƏSƏDBƏYLİ

Topaz Premyer Liqası
Komanda O Q H M T/F X
Qarabağ 7 6 1 0 14-3 19
Zirə 8 5 3 0 15-5 18
Qəbələ 8 5 1 2 11-8 16
Sumqayıt 8 3 1 4 8-11 10
İnter 8 2 2 4 7-11 8
Neftçi 8 2 1 4 9-9 7
Səbail 7 2 0 5 4-12 6
Kəpəz 8 1 1 6 5-14 4
I Divizion
Komanda O Q H M T/F X
Qaradağ L. 2 2 0 0 3-1 6
Xəzər 2 1 0 1 4-1 3
Şüvəlan 2 1 0 1 3-1 3
MOİK 2 1 0 1 3-2 3
Binə 2 1 0 1 2-1 3
Sabah 2 1 0 1 2-2 3
Mil-Muğan 2 1 0 1 1-2 3
Ağsu 2 1 0 1 1-3 3
Turan Tov. 2 1 0 1 1-4 3
Zaqatala 2 0 0 2 1-4 0